Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4783/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(011)-2519/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı istehlakçı hüquqlarının pozulmasına son qoyulması, qanunsuz bağlanmış müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ona məxsus ünvan 1 ünvanında (“D” yaşayış massivi, 26-cı binanın qarşısı) yerləşən qeyri-yaşayış sahəsinə (kod: **********12) əsassız olaraq hesablanmış 1187 manat borcun silinməsi və mülkiyyətində olan obyektin istilik xətti çəkilmiş 78 kv.m sahəsinə istilik təchizatının bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli 2(011)-2519/2022 saylı qərardadı ilə mülki işə baxılması ümumi yurisdiksiyalı məhkəmənin səlahiyyətinə olmadığından iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmiş, məhkəmənin 26 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət, qərardaddan şikayət üçün müəyyən edilmiş formaya uyğun, yəni elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. İddiaçı məhkəmənin 26 aprel 2022-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, mülki işin icraata götürülərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(011)-2519/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş şikayət bu qaydaya riayət olunmadan verilmişdir. Həmçinin, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Göründüyü kimi, məhkəmə qərardadlarından verilən şikayətlər yalnız elektron qaydada (elektron kabinet vasitəsilə) və formada verildiyi halda birinci instansiya məhkəmələri tərəfindən baxıla və ya baxılması üçün apellyasiya məhkəməsinə göndərilə bilər, əks halda qanunvericiliklə müəyyən edilmiş formada verilmədiyi üçün geri qaytarılmalıdır. Buna görə də məhkəmə kollegiyası qərardaddan verilən şikayətin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və MPM-in 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 2(011)-2519/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4783/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4783/2022
28.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver