Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4783/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ünvan 1 ünvanında yaşayır. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt əsasında iddiaçının abonent hesabına (abonent kodu **********0023) hesablanmış 8812,8 manat məbləğində borc yazılmışdır. a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında abonent hesabıma (abonent kodu **********0023) hesablanmış 8812,8 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, heç vaxt qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməmişdir. Bu barədə cavabdeh tərəfindən tərtib edilmiş akt doğru deyil və etibarlı sayıla bilməz.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1237/24 saylı iş üzrə 06 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Z.Tağıyev) iddia təmin edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, ana xətt üzərində hər hansı bir kənar xətt və qaynaq yeri aşkar adilməmişdir.
6. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8, 13.8-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.3- 4.5, 4.8, 4.9-cu bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçı isə məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13, hissə 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 13, hissə 9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
17. İşdən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya borc hesablanarkən ******* nömrəli, xx.xx.2023-cü il tarixli akt əsas götürülmüşdür. Aktda iddiaçının sayğacdan kənar qaz xəttindən istifadə etdiyi qeyd olunmuşdur.
18. İddiaçı həmin akt əsasında hesablanmış borcun qanunsuz, əsassız olduğunu bildirərək hazırkı iddianı qaldırmış və əsassız hesablanmış borcun silinməsini tələb etmişdir.
19. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, istinad olunan akt “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə yeni məzmunda 8-1-ci hissə əlavə edildikdən sonra tərtib olunmuşdur və həmin maddənin təsiri altına düşür.
20. Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
21. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Birinci instansiya məhkəməsində işə baxılarkən işə baxan məhkəmə tərəfindən Cavabdeh işçisi (mühəndis) Elman Süleymanovun iştirakı ilə mübahisəli ünvanda yerləşən qaz sayğacına və borusuna yerində baxış keçirilmiş və müayinə zamanı ana xəttə hər hansı bir kənar xəttin qoşulması, yaxud hər hansı qaynaq izi aşkar edilməmişdir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin yeni redaksiyasına görə də qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
24. Göründüyü kimi, Qanunun tələbinə əsasən istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin hazırkı işdə iddiaçının sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən Cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tələb etmiş, abonentin saldosuna həmin zərərin məbləğini daxil etmişdir.
25. Apellyasiya şikayətinin başqa bir dəlili iddiaçının qaz xəttinə qanunsuz qoşulma faktını təsdiq edən aktın işə baxan məhkəmə tərəfindən düzgün araşdırılmaması və qiymətləndirilməməsi barədədir.
26. Məhkəmə kollegiyası həmin dəlili də əsassız sayaraq qeyd edir ki, cavabdehin istinad etdiyi aktda iddiaçının iştirakı görünmür. Aktda onun aktı imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. İddiaçı isə həmin aktın tərtib olunmasından ümumiyyətlə xəbəri olmadığını bildirmişdir.
27. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisəli ünvanda qaz sayğacı fərdi yaşayış evinin daxilində, yaxud həyətyanı torpaq sahəsində deyil, küçədə divara bərkidilməklə quraşdırılmışdır və cavabdehin mütəmadi olaraq həmin sayğacın normal işləyib-işləmədiyinə nəzarət etmək, lazım gəldikdə qanunla müəyyən olunmuş tədbirləri görmək imkanı olmuşdur. Lakin cavabdeh bununla bağlı qanunda nəzərdə tutulmuş hər hansı tədbir görməmişdir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
29. Yuxarıda qeyd olunduğu kimi, baxılan iş üzrə iddiaçı fiziki şəxsdir və cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir mötəbər sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
30. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 06 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.