Məhkəmə qərarları › İş №2(103)-4785/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4785/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4785/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı QƏTNAMƏSİ (Açar sözlər: “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 967/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 2007-ci il buraxılışlı, **-VT-*** dövlət qeydiyyat nişanlı “Toyota Land-cruiser minik” markalı avtomobil Cavabdeh mülkiyyətində olmaqla xx.xx.2021-ci il tarixindən xx.xx.2022ci ilədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta növündə sığortalanmışdır.

2. xx.xx.2021-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “Toyota Land-cruiser minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X1 və istifadəsində olan “Mercedes Benz E220D” minik markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, Cavabdeh hadisə yerindən yayınmışdır.

3. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.

4. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli akta əsasən, “Mercedes Benz E220D minik” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3.980 manat məbləğində müəyyən edilmişdir.

5. Həmin məbləğ sığorta şirkəti tərəfindən X3 bank hesabına tam olaraq köçürülmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında "ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması" tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.980 manat məbləğində pul vəsaitinin, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 59,80 manat məbləğində dövlət rüsumunun və dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş 0,40 manat xidmət haqqının, ümumilikdə 4.040,2 manat vəsaitin tutularaq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Toyota Land-cruiser minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixindən xx.xx.2022ci ilədək PDS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi əsasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (bundan sonra – Şirkət) tərəfindən sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu müddət ərzində, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Nizami rayonu ərazisində Cavabdeh tərəfindən idarə olunan “Toyota Land-cruiser minik” markalı, **-VT- *** dövlət qeydiyyat nişanlı avtomobillə X1 və istifadəsində olan “Mercedes Benz E220D” minik markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı Şəhəri Nizami Rayon DYPŞ tərəfindən tərtib olunmuş İnzibati xəta haqqında xx.xx.2021-ci il tarixli, İXP4223359 nömrəli protokola və həmin protokol əsasında qəbul olunmuş İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli, TP4659885 nömrəli qərara əsasən, “Toyota Land-cruiser minik” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş Dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli akta əsasən, “Mercedes Benz E220D minik” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3.980 manat məbləğində müəyyən edilmişdir. Bununla əlaqədar iş üzrə sığorta ödənişi ilə bağlı 20005 nömrəli akt tərtib edilməklə sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Şirkət tərəfindən 3980 manat məbləğində sığorta ödənişi faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar Şirkət tərəfindən xx.xx.2022ci il tarixində cavabdehə pretenziya məktubu göndərilsə də, bugünədək Şirkətə iş üzrə hər hansı ödəniş daxil olmamışdır.

8. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)- 967/2023 nömrəli qətnaməsi ilə (hakim Ü.B.Yusifova) iddia təmin edilmiş, Cavabdeh 3.980 manat sığorta ödənişi, 59,8 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi işdə olan sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini ödəməlidir.

10. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, iddiaçı tərəfindən ödənilmiş 59,8 manat dövlət rüsumu və 0,4 manat xiddmət haqqı cavabdehə aid edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1099.1, 1108.1, 1114.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8, 63.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 284-1, 284-5.2, 284-5.3, 284-5, 284-5.4, -cü maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində mülki işə baxılarkən onun məlumatı olmamış və məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmədə iştirak etmədiyinə görə iş üzrə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə dəymiş zərərin məbləğini müəyyən edərkən iddiaçının tərtib etdiyi akta istinad etmişdir. “Mersedes-Bens E220D”minik markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin müəyyən edilməsi ilə əlaqədar məhkəmə tərəfindən ekspertiza təyin edilməmişdir. Halbuki, mübahisənin ədalətli və obyektiv həlli məqsədilə ekspertiza keçirilərək dəqiq məbləğ müəyyən edilməlidir. Çünki hadisə Cavabdeh avtomobilini qarajdan çıxaran zaman baş vermişdir, yəni avtomobilin sürəti o qədər də olmamışdır ki, digər maşına bu qədər zərər dəysin.

14. Məhkəmə kollegiyası öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxılmasını qərara almışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, “Mercedes Benz E220D” minik markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği “Mercedes Benz” rəsmi servisi tərəfindən 4.815,29 manat məbləğində müəyyən edilmişdir.

17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 936.1.Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Maddə 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, işdə olan sübutlardan görünür ki, Cavabdeh yol-nəqliyyat hasisəsinin baş verməsində təqsirkar olmuş və o, hadisə yerindən yayınmışdır.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

26. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini rəhbər tutaraq düzgün olaraq nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində iddiaya sadələşdirilmiş icraat qaydasında, yəni məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmış və işin həllinə dair qətnamə çıxarılmışdır.

28. İşdən görünür ki, məhkəmə tərəfindən işə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı cavabdehə bildiriş göndərilmişdir.

29. Bundan başqa, cavabdeh apellyasiya şikayətində mübahisənin ədalətli və obyektiv həlli məqsədilə ekspertiza keçirilərək dəqiq məbləğ müəyyən edilməli olduğunu bildirsə də, iddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinin dəlillərinə münasibətdə təqdim etdiyi “Mercedes Benz E220D” minik markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği ilə bağlı “Mercedes Benz” rəsmi servisi tərəfindən verilmiş arayışa əsasən həmin nəqliyyat vasitəsinə 4.815,29 manat məbləğində ziyan dəymişdir.

30. Göründüyü kimi, iddiaçı tərəfindən qeyd olunan nəqliyyat vasitəsinin sahibinə ödənilmiş sığorta ödənişi rəsmi servis tərəfindən müəyyən edilmiş ziyanın məbləğindən aşağı olmuşdur.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

32. Həmçinin qeyd edilməldiir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

33. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-967/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar