Məhkəmə qərarları › İş №2(103)-4791/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4791/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4791/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxxxxxx (Azərbaycan)" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxxxxxx (Azərbaycan)" ASC-yə qarşı "borcun silinməsi və s.” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1344/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank “xxxxxxxx” Azərbaycan ASC-yə olan borcunun xx.xx.2018-ci il tarixdən tam ödənilərək bağlanması, həmin tarixdən borcunun xxxxxxxx-nin uçot sistemindən silinməsi və Prezidentin yuxarıda göstərilən Fərmanında restrukturizasiyanın ona tətbiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 2015-ci il tarixli, 141669-1- 14779 saylı “Nağd pul krediti” müqaviləsinə əsasən “xxxxxxxx” (Azərbaycan) ASC-nin 10 saylı Xırdalan filialından 13580 USD məbləğində pul götürmüşdür. xx xxxxxx 2016-cı il tarixdə 141669-1-14814 saylı “Kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı Razılaşma bağlanmışdır. xxxxxxxx” (Azərbaycan) ASC-də bağlanmış 141669-1- 14814 saylı 13580 ABŞ dolları məbləğində xx.xx.2015-ci il tarixli Nağd Kredit müqaviləsi və ona əlavə edilmiş 141669-1-14814/1 saylı, 13.115 USD məbləğində xx.xx.2016-cı il tarixli razılaşmaya əsasən borcunu tam ödədiyi üçün xxxxxxxx tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 1725-18 saylı arayışda da göstərilmişdir ki, borclunun, yəni onun bank qarşısında heç bir ödənilməmiş öhdəliyi qalmamışdır. Bank tərəfindən 9265 saylı, xx.xx.2018-ci il tarixli eyni məzmunlu məktub Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilərək icraata xitam verilməsi xahiş edilmişdir. “xxxxxxxx Azərbaycan” ASC-dən başqa YAPİ Kredit və “xxxxxxxxxxx”a borcu olmuşdur. Hər iki banka olan borcun ümumi məbləği 16.765 manat təşkil edir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Fərmanına əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclardır. Fərmanın 5-ci bəndində Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyyə edilmişdir ki, Fərmanın 6.1-ci hissəsində qeyd olunan bu Fərmanın 7.1ci hissəsində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif etsinlər. Fərmanın 6.2-ci bəndində göstərildiyi ki, fiziki şəxslərin vaxt keçmiş kredit borclarına restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmçinin Fərmanın 6.3-cü bəndində borcların restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərman 8.7-ci maddəsində göstərildiyi kimi restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədi ilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. xxxxxxxx ASC qarşısında olan öhdəliyinə xx.xx.2018-ci il ildə, yəni Prezidentin xx.xx.2019-cu il tarixli Fərmanından iki ay əvvəl xitam verilsə də, Azərbaycan kredit Bürosunun səhlənkarlığı ucbatından digər banklara olan borcuna restrukturizasiya tətbiq edilmir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1344/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, həmçinin izahatında göstərmişdir ki, hazırki iddiaya cavab verməli şəxs cavabdeh olan bank deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan İddiaçı (Kredit alan) ilə "xxxxxxxx (Azərbaycan)" ASC (Bank) arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 141699-1-14779 saylı “Nağd pul krediti müqaviləsi”nin surətindən görünür ki, bank borcalana 60 ay müddətinə illik 22% olmaq şərtilə 13580 ABŞ dolları məbləğində kredit vermiş, borc alan isə müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə "xxxxxxxx (Azərbaycan)" ASC arasında bağlanmış 141669-1-14814 №-li “Kredit müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı, xx xxxxxx 2016-cı il tarixli Razılaşmanın surətindən görünür ki, xx xxxxx 2015-ci il tarixli, 141699-1-14814 saylı kredit müqaviləsinə əlavə və dəyişiklik edilərək, İddiaçı yeni Ödəniş cədvəlləri tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 1725/18 №-li arayışın surətindən görünür ki, İddiaçı "xxxxxxxx (Azərbaycan)" ASC-də 141669-1-14814 saylı, xx.xx.2015-ci il tarixli Nağd kredit müqaviləsi və ona əlavə edilmiş 141669-1- 14814 №-li, xx.xx.2016-cı il tarixli razılaşmaya əsasən borcu tam ödənilmiş və borcalanın bank qarşısında heç bir ödənilməmiş öhdəliyi qalmamışdır. İş materiallarında olan X3 X1 tərəfindən İddiaçı ünvanlanan məktubun elektron çıxarışından görünür ki, iddiaçının müraciətinə X3 PalatasınınApellyasiya Komissiyasında baxılmış və cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə fiziki şəxslərə müvafiq kompensasiyalar yalnız devalvasiyaların baş verdiyi günə (xx.xx.2015-ci il tarixlərə) banklar və digər kredit təşkilatlarında əsas kredit borcları üzrə qalıq məbləğləri cəmi 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdə) olduğu təqdirdə verilir. İddiaçı kreditləri üzrə həmin tarixlərə ümumi qalıq borcu 10.000 ABŞ dollarından (və ya eyni ekvivalentdə digər xarici valyutada ifadə olunan məbləğdən) artıq olduğu üçün fərmanın əhatə dairəsinə düşməmişdir. İş materiallarında olan "xxxxxxxx (Azərbaycan)" ASC tərəfindən İddiaçı ünvanlanan məktubun surətindən görünür ki, İddiaçı ilə Bank arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 141669-CNS-15429 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən İddiaçı 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 14 000.00 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Bank hər zaman müştərilərə dəstək verməyə hazırdır və bununla bağlı Bank tərəfindən bir sıra təkliflər hazırlanaraq müştərilərə təklif olunmuşdur. Beləliklə, xx xxxxx 2015-ci il tarixində İddiaçı ilə Bank arasında 141669-1-14814 saylı “Nağd pul krediti müqaviləsi" (bundan sonra Müqavilə) imzalanmışdır və Müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşma imzalanmışdır və ona yeni ödəniş cədvəlləri tərtib edilmişdir. Bundan əlavə olaraq, Bank tərəfindən Müqavilə üzrə güzəştlə borcun tam bağlamaq təklifi olunmuşdur. Müraciətdə qeyd edilən Mərkəzləşdirilmiş kredit reyestri ilə bağlı məsələ üzrə bildirilir ki, Bank tərəfindən ümidsiz aktivlərin balansdan silinməsi İdarə Heyətinin təqdimatına əsasən Müşahidə Şurasının qərarı ilə həyata keçirilir. Ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlər və bu aktivlər üzrə ödənilməmiş faizlər müvafiq balansdankənar hesablarda (subhesabtarda) uçota alınır və azı beş il ərzində bu hesablarda uçotu aparılır. Beləliklə, bu məsələ üzrə Bank tərəfindən hər hansı bir pozuntu aşkar edilməmişdir. Müzakirə edilən mülki mübahisənin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla xx xxxx 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə xx xxxx 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanının 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməsi nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edilməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə X2 tapşırılmışdır. Göstərilən maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı cavabdeh “xxxxxxxx (Azərbaycan)” ASC-yə qarşı iddianı irəli sürməkdə haqlı deyil; bank iddiaya cavab verməli olan şəxs deyil. Lakin işə baxmış Rayon Məhkəməsi iddianı qeyd edilən əsaslar ilə deyil, iddianın sübuta yetməməsi əsası ilə təmin etməmişdir. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir. Kollegiya hesab edir ki, hazırkı icraat çərçivəsində iddiaçının iddia tələbinin təmin (tam və ya qismən) mümkün deyildir; çünkü iş materiallarında olan İddiaçı ilə "xxxxxxxx (Azərbaycan)" ASC arasında bağlanmış 141669-1-14814 №-li “Kredit müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı, xx xxxxxx 2016-cı il tarixli Razılaşmanın surətindən görünür ki, xx xxxxx 2015-ci il tarixli, 141699-1-14814 saylı kredit müqaviləsinə əlavə və dəyişiklik edilərək, İddiaçı yeni Ödəniş cədvəlləri tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 1725/18 №-li arayışın surətindən görünür ki, İddiaçı "xxxxxxxx (Azərbaycan)" ASC-də 141669-1-14814 saylı, xx.xx.2015-ci il tarixli Nağd kredit müqaviləsi və ona əlavə edilmiş 141669-1-14814 №-li, xx.xx.2016-cı il tarixli razılaşmaya əsasən borcu tam ödənilmiş və borcalanın bank qarşısında heç bir ödənilməmiş öhdəliyi qalmamışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “xxxxxxxx Azərbaycan ACS”-dən başqa YAPİ Kredit və “xxxxxxxxxxx”a borcu olmuşdur. Hər iki banka olan borcun ümumi məbləği 16.765 manat təşkil edir. Bu o deməkdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən vəiddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. İddiaçının hazırki iddiasına cavab verməli olan subyektlər iddiaçının borcu olan digər banklar “X4 Azərbaycan” QSC və “xxxxxxxxxxx” ASC-dir. Belə ki, yuxarıda qeyd olunduğu kimi İddiaçı ilə "xxxxxxxx (Azərbaycan)" ASC arasındakı öhdəlik münasibətləri başa çatmışdır. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur.Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Odur ki, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edildiyindən və apellyasiya şikayətinin dəlilləri həmçinin qətnamənin ləğv edilməsinə yönəldiyindən apellyasiya şikayəti qismən təmin edilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1344/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarilxi qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxxxxxx (Azərbaycan)" ASC-yə qarşı "borcun silinməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar