Məhkəmə qərarları › İş №2(103)-4793/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4793/2021

31.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4793/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh X13 və onun nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər X13 və X14 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş avtomobilə payın müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(003)-201/2021 saylı qətnaməsindən cavabdehlərin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər X13 və X14 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış “Mercedes Benz C” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin avtomobilin ½ hissəsinə onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh X13 onun keçmiş həyat yoldaşıdır. 08.09.2017-ci il tarixdə bağlanmış nikahları Xəzər Rayon Məhkəməsinin 13.02.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə - 30.04.2018-ci il tarixdə “Mercedes Benz C” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Ailə münasibətlərinin pozulmasından sonra cavabdeh Vüsal Haşımov avtomobili 17.10.2018-ci il tarixdə öz atası - digər cavabdeh İslam Haşımova satmışdır. Avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və birgə nikah dövründə əldə etdikləri avtomobilə payları müəyyən edilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(003)-201/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X13 ilə X15 arasında “Mercedes Benz C” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair bağlanmış 17 oktyabr 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı və X5 hər birinin “Mercedes Benz C” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə mülkiyyət hüququnun tanınması qət edilmişdir. Qətnamədən cavabdehlər apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, İslam Haşımov 30.04.2018-ci il tarixdə avtomobili etibarnamə ilə X4 8000 manata almış, notariusda bildirilmişdir ki, avtomobil barədə etibarnamə ona verildiyi üçün öz adına rəsmiləşdirə bilməz, ona görə oğlu Vüsalın adına rəsmiləşdirmişdir. 17.10.2018-ci il tarixdə Vüsal avtomobili atasına vermişdir. Həmin avtomobil yol-nəqliyyat hadisəsi zamanı yararsız vəziyyətə düşdüyü üçün etibarnamə əsasında 6000 manata satmışdır, hazırda avtomobil üçüncü şəxsin sahiblik və istifadəsindədir. Avtomobilin alınmasında iddiaçı və Vüsal Haşımov hər hansı məbləğdə pul ödəməmiş, İslam Haşımov əvəzsiz olaraq oğlunun adına rəsmiləşdirmiş, sonradan isə öz adına keçirmişdir. İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür, sonuncu avtomobilin satılmasını müqavilənin bağlandığı andan bilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Vüsal Haşımov və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlmədiyinə görə kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı ilə X13 arasında 08.09.2017-ci ildə nikah bağlanmış, həmin nikah məhkəmənin 13.02.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Baş Dövlət Yol Polisi İdarəsinin 17.02.2020-ci il tarixli məktubu və ona əlavə edilmiş kompüter çıxarışından görünür ki, “Mercedes Benz C180” minik markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil 30.04.2018-ci il tarixdə X5 adına rəsmiləşmiş, onun tərəfindən 17.10.2018-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X1, həmin tarixdə də X7 29.11.2021-ci il tarixədək etibarnamə ilə verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, mübahisəli avtomobili təxminən 10000 manata satmışdır. Alıcı beh vermiş, o da etibarnamə vermişdir. Etibarnaməni Vüsala ya İslama verməyi dəqiq yadında deyil. Alqı-satqı çətin, etibarnamə rahat yol olduğu üçün bu cür satmışdır. Maşına ata və oğlu baxmış, lakin oğul Vüsal maşına oturub sürmüşdür. Ona demişlər ki, kasıb adamdırlar, Vüsal təzə ailə qurub, ailə üçün maşın alırlar. Digər şahid X17 ifadəsində göstərmişdir ki, o, iddiaçının atası ilə ailəvi dostdur, onlar rayonda bir yerdə böyümüşlər. O, Aytənlə Vüsalın toyunda da iştirak edib. İddiaçının atası Elmar İslamın evini təmir etdirib, daha sonra onun yanında qızına 10000 manat maşın almaq üçün pul vermişdir. Elmar demişdir ki, pul verir ki, maşın alıb taksi işləyib dolansınlar. Onlar işlənmiş Mercedes almışlar. Daha sonra iddiaçı qaynanası ilə yola getməyib boşanmışlar. Onları barışdırmağa cəhd etmiş, lakin oğlan demişdir ki, anasının sözündən çıxa bilməz. Digər şahid X3 ifadəsində göstərmişdir ki, cavabdehlərlə qonşudur. O, iddiaçını tanımır. İslamın maddi vəziyyəti həmişə yaxşı olub. İslamın Prado markalı maşını olmuş, onu satıb Mercedes almışdır. Maşını etibarnamə ilə almışlar. Hal-hazırda maşın İslamın adınadır. İddiaçı hazırda 17.10.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığını və avtomobilin ½ hissəsinə onun payının müəyyən edilməsini tələb etmiş, məhkəmə isə işin müəyyən edilmiş hallarına əsasən mübahisələndirilən müqavilənin cavabdehlər (ata və oğul) arasında formal olaraq bağlandığı qənaətinə gələrək, iddiaçının həmin müqavilənin bağlanmasından xəbərinin olmamasına dair dəlilini ağlabatan hesab edərək, iddianı təmin etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. (maddə 32.2.2) Ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. ( maddəs 33.1) Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir (maddə 36.1). Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (maddə 36.3). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir (maddə 37.1). Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.2). Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir (maddə 37.3). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci madəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (maddə 213.5). Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1). Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Göründüyü kim mübahisəli avtomobil tərəflərin birgə nikah dövründə 30.04.2018-ci il tarixdə alınmışdır. 17.10.2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə Vüsal Haşımov avtomobili atası X10 adına rəsmiləşdirmişdir. Tərəflər arasında nikahın pozulması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.02.2019-cu il tarixli qətnaməsindən görünür ki, məhkəmənin 12.11.2018-ci il tarixli qərardadı ilə tərəflərə barışmaları üçün 3 ay vaxt verilmişdir. Buradan məlum olur ki, tərəflər arasında olan münasibətlər artıq 2018-ci ilin noyabr ayından əvvəlki aylarından kəskinləşmiş və iddia ərizəsi ilə Vüsal Haşımov məhkəməyə müraciət etmişdir. Alqı-satqı müqaviləsindən görünür ki, nəqliyyat vasitəsi 17.10.2018-ci il tarixdə özgəninkiləşdirilmişdir. Yəni, tərəflər arasında münasibətlər kəskinləşdiyi dövrdə V.Haşımov avtomobili atasının adına özgəninkiləşdirmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh V.Haşımov adıçəkilən nəqliyyat vasitəsini iddiaçının razılığı olmadan özgəninkiləşdirmişdir. Həmçinin kompüter çıxarışından görünür ki, alqı-satqı müqaviləsi bağlandığı gün, yəni 17.10.2018-ci il tarixdə X11 Haşımova etibarnamə vermişdir. Göstərilən hallar isə onun deməyə əsas verir ki, nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi yalnız görünüş yaratmaq məqsədilə formal olaraq bağlanmışdır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Mülki Məcəllənin 340.1-ci maddəsinin tələbinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanır. Bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla hüquqi görünüş yaradaraq tamam başqa məqsəd güdürlər, özü də bu məqsəd, adətən, hüquqazidd xarakter daşıyır. Kollegiya hesab edir ki, avtomobil birgə nikah dövründə əldə edilmiş əmlakdır və V.Haşımov onu mümkün bölgüdən yayındırmaq məqsədilə iddiaçının razılığı olmadan özgəninkiləşdirmişdir. Ona görə də məhkəmə alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, üzərində tərəflərin hər birinin ½ hissədə pay hüququnun müəyyən edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Cavabdeh tərəfin apelyasiya şikayətinin mübahisəli avtomobilin ilkin olaraq Cavabdeh1 adına qeydiyyata alınmasının formal xarakter daşıması barədə dəlili isə əsassızdır, bununla bağlı əsaslı və mötəbər sübutlar təqdim edilməmişdir, iş materiallarından isə belə bir hal müəyyən edilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş avtomobilin alındığı Nikbin Vəliyev də göstərmişdir ki, maşına ata və oğlu baxmış, lakin oğul Vüsal maşına oturub sürmüşdür. Ona demişlər ki, kasıb adamdırlar, Vüsal təzə ailə qurub, ailə üçün maşın alırlar. Bir illik kəsici müddətlə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əvvəla qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqdlərdə tələb hüququ üçün əsas əhəmiyyətsiz əqdin özü yox, onunla bağlı tərəflərin və üçüncü şəxslərin hüquqi vəziyyətində yaranmış qeyri-müəyyənlik hesab olunur. Bu qeyri-müəyyənliyin həll edilməsi isə əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi, icra edilənlərin qaytarılması yolu ilə mümkündür. Bu kateqoriya işlərdə müddətin axımının başlanma anı məhz əhəmiyyətsiz əqdin icrasına başlanması anı ilə müəyyən olunur. Bu müddətin axımı subyektiv faktorla (maraqlı şəxsin hüquqlarının pozulduğunu bildiyi vaxtla) yox, əqdin icrasına başlanmasını xarakterizə edən obyektiv hallarla bağlıdır. Belə hüquqi tənzimləmə onunla bağlıdır ki, bu əqdlər məhkəmə tərəfindən əhəmiyyətsiz sayılıb-sayılmamasından asılı olmayaraq əhəmiyyətsizdir və əqdin tərəfləri və üçüncü şəxslər üçün heç bir hüquqi nəticə doğurmur. Deməli, nə qədər ki, iddianın verilməsi hüququ əhəmiyyətsiz əqdin icrasının nəticələrinin əmələ gəlməsi ilə bağlıdır və bu nəticələrin aradan qaldırılması məqsədini güdür, deməli məhkəmə müdafiəsi üçün müddətin əvvəli də məhz belə əqdin icrasına başlandığı anla bağlıdır. Məhkəməyə müraciət edən iddiaçı özünün öhdəliklə (vədlə) yox, hərəkət, icra ilə bağlı pozulmuş hüququnu müdafiə edir. Buradan da belə aydın olur ki, iddiaçının hüququnu tərəflərin bağladıqları əqd yox, əqdin icrası pozur. Əhəmiyyətsiz əqdlərdə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 illik müddət (mübahisələndirmə müddəti) əhəmiyyətsiz əqdin etibarsız hesab olunması yox, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi barədə tələblərə aiddir. Bu müddətin axımı da müqavilənin bağlandığı (dövlət qeydiyyatına alınmalı olan əqdlərdə isə qeydə alındığı) gündən yox, onun icrasına başlandığı (təhvil-təslim aktının imzalanması, pulun ödənilməsi və s.) gündən başlanır. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətlə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarında ətraflı şərh verilmişdir. Həmin şərhdən də belə aydın olur ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Lakin əhəmiyyətsiz əqd üzrə əldə edilənlərin geri qaytarılmasına ilə bağlı müddətin tətbiqi həmin əqdin predmetindən, yəni əqdin predmetinin əvəz edilən (pul, qələm, sement və s.) və ya əvəz edilməyən (daşınmaz əmlak, qeydə alınmalı olan daşınar əşya və digər fərdi xüsusiyyətlərə malik olan əmlak) əşya olmasından asılıdır. Əvəz edilən əşyanın geri tələb edilməsinin qanuni əsasını əsassız varlanma təşkil edir və məhz həmin tələb üzrə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddət tətbiq oluna bilər. Əvəz edilməsi mümkün olmayan (o cümlədən avtomobil) əşyalarda isə məhrum olan həmin əşyaya mülkiyyət hüququnu itirmir və onun tələbi də məhz mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, bu tələbə kəsici və ya iddia müddəti tətbiq oluna bilməz. Hazırki iş üzrə isə mübahisələndirilən müqavilə əvəzedilməz əşya olan avtomobilin alğı-satqısına dair bağlanmışdır. Müddətlə bağlı cavabdehlərin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət e t d i: Cavabdehlərin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-201/2021 saylı iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar