Məhkəmə qərarları › İş №2(103)-4794/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4794/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4794/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X1 qarşı iddia tələbi üzrə (Açar sözlər: bağ evinin alınmasına və təmirinə çəkilmiş xərclər, tapşırıq, əsassız varlanma, sübutetmə, preyudisiya) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil3 Vəliyəddin oğlunun, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 avqust 2022 il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır, X2 isə onun əvvəllər qeyrirəsmi nikah münasibətlərində olduğu X6 anasıdır. Moskva şəhəri, Brateyevo rayonu üzrə DİN şöbəsi tərəfindən Elnarə Osmanovaya ünvanlanmış məktubda göstərilmişdir ki, onun və İddiaçı 2000-ci ildən etibarən Moskva şəhəri, Brateyevskaya küçəsi ev 21, mənzil 167 ünvanında daimi yaşaması faktı təsdiqlənmişdir.

2. Mübahisəli əmlak Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan bağ evidir.

3. 04 mart 2004-cü il tarixdə notarial qaydada təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X16 Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən sözügedən 0,12 ha torpaq sahəsini Cavabdeh 245 000 000 manata (AZM) satmış, alqısatqı müqaviləsi bağlanarkən alıcını İddiaçı təmsil etmiş və müqavilə onun tərəfindən imzalanmışdır.

4. Həmin torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2004-cü il tarixli JN-1160H kod 00300016 saylı şəhadətnamə əsasında Cavabdeh adına qeydiyyata alınmışdır.

5. Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 m2 yaşayış, 131,42 m2 köməkçi sahədən ibarət 1209 nömrəli bağ evi “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2004-cü il tarixli JN-1160H kod 00300016 saylı şəhadətnamə və Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 619 nömrəli xx.xx.2007-ci il tarixli sərəncamı əsasında 30 dekabr 2008-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır.

6. İddiaçı bağ evinin xüsusi mülkiyyət kimi cavabdehin adına qeydə alınmasına dair verilmiş çıxarışı mübahisələndirmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamə dəyişdirilmədən saxlanılmışdır.

7. Həmin qətnaməsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vurğulamışdır ki, şahid qismində dindirilmiş şəxslərin vermiş olduğu ifadələrlə mübahisəli bağ evinin tikintisi və təmiri ilə bağlı xərclərin İddiaçı tərəfindən çəkilmiş olduğu müəyyən edilsə də, bu, bağ evinə dair çıxarışın ləğv edilməklə İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas deyildir.

8. "xxxx" MTK və İddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixli “Mənzil tikintisi haqqında” müqaviləyə görə, kooperativ ünvan 2 ünvanda yerləşmiş MTK-nın tikilməkdə olan binasında olan mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş, mənzilin ümumi dəyəri 25 500 (iyirmi beş min beş yüz) ABŞ dolları məbləğində müəyyən edilmişdir.

9. "xxxx" MTK-nın xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı satılmış sözügedən mənzilin dəyəri 2002-2003-cü illər ərzində onun tərəfindən MTK-nın xəzinəsinə tam ödənilmiş, sonralar - 2004-cü ildə İddiaçı MTK-ya yazılı müraciət edərək öz pay haqqından imtina etdiyini və mənzilin X9 adına sənədləşdirilməsinə razı olduğunu bildirmişdir.

10. Bakı şəhəri, Mərdəkan qəsəbəsindəki 0,12 ha torpaq sahəsində yerləşən 1209 nömrəli bağ evində hazırda İddiaçı yaşayır, 2021-ci il üçün bələdiyyəyə əmlak və torpaq vergisini X9 adından o ödəmişdir.

11. Bağ evinin elektrik enerjisi ilə təchizatı, telefon və internet xidməti Cavabdeh adına qeydə alınmış, həmin xidmətlərə görə, habelə 2013-cü, 2014-cü, 2016-cı illər üçün bələdiyyəyə torpaq və əmlak vergisi onun adından ödənilmişdir.

12. Mərdəkən Bələdiyyəsinin vergi agenti olduğunu bildirən X4 imzaladığı qəbzdə (ərizədə) göstərmişdir ki, 1209 nömrəli bağ evindən 2004-cü ildən 2021-ci ilə qədər vergini İddiaçı ödəyib, Xeysa xanım adlı vətəndaşı heç vaxt görməyib.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı (iddiaçı) Cavabdeh qarşı (cavabdeh) iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1209 saylı bağ evinin alınmasına və həmin evin təmirinə tərəfindən çəkilmiş 410 000 (dörd yüz on min) manat xərcin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehin qızı ilə faktiki nikahından 2001-ci ildə oğulları İddiaçı Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur və Rusiya Federasiyasının vətəndaşıdır. O, özü də Rusiya Federasiyasının vətəndaşı olduğu üçün vətəni Azərbaycanda olarkən yaşamaq və istirahət etmək məqsədilə özünə ev almaq qərarına gəlmiş, xx.xx.2008-ci il tarixdə mübahisəli bağ evini notarial qaydada rəsmiləşdirməklə alqı-satqı müqaviləsi əsasında almış, evin pulunu da özü ödəmişdir. Evi qohumluq əlaqəsinə görə etibar etdiyi qeyri-rəsmi həyat yoldaşının anasının, yəni qaynanası olan cavabdehin adına rəsmiləşdirmişdir. Ev alındığı gündən hal-hazıra qədər faktiki olaraq özünün istifadə və sahibliyindədir. Evi alandan sonra onu əsaslı təmir etdirməklə evin bütün əşyalarını almış, evin həyətində əlavə tikililər, geniş hovuz inşa etdirmiş, evin əsaslı təmiri, həyətində inşa edilmiş bütün tikililər, abadlıq işləri də həmçinin tərəfindən aparılmışdır. Evin həyətində inşa edilmiş bütün tikililər və abadlaşdırma işləri tərəfindən aparılmaqla həmin xərclər, eləcə də evin bütün vergi və kommunal xərcləri də evin alındığı gündən bu günədək tərəfindən ödənilmişdir və hazırda da tərəfindən ödənilməkdədir. Evin vergiləri də tərəfindən tam məbləğdə hal-hazırki vaxtadək ödənilmişdir (ödəniş qəbzlərini əlavə edir). Bağ evini cavabdehin adına rəsmiləşdirərkən belə razılaşmışlar ki, istədiyi vaxt ev onun (və ya göstərdiyi şəxsin) adına rəsmiləşdiriləcəkdir. Lakin sonradan qeyri-rəsmi həyat yoldaşı X12 və onun anası, yəni qayınanası Cavabdeh ilə münasibətləri onların qeyri-səmimi davranışları və hərəkətləri nəticəsində soyumuş, qeyri-rəsmi həyat yoldaşı X12 və anası Cavabdeh onda olan məlumata görə ABŞ-a getmişlər. Sonradan isə cavabdeh geri qayıtmışdır. Oğlu İddiaçı Qamlet oğlu onunla yaşayır və hazırda da yanındadır. Cavabdeh xx.xx.2008-ci ildə bağ evinin həqiqətdə (öz aralarında) onun olmasını etiraf etsə də, evin onun adına rəsmiləşdirilməsindən (və ya onun istədiyi adamın adına rəsmiləşdirilməsindən) yayınır. Onun həmin evin alınması üçün kifayət qədər vəsaiti olmuşdur, lakin həm özü, həm də arvadı Rusiya Fedarasiyasının vətəndaşı olduğu üçün özünə yaxın bildiyi şəxsin, arvadının anasının adına almışdır. Qeyd etdiyi bütün xüsusatları təsdiq edə biləcək ümumi tanışları olan kifayət qədər mötəbər şahidləri vardır. Həmin şahidlər məhkəmədə həqiqətən də sözügedən evin ona məxsus olduğunu, sadəcə formal olaraq cavabdehin adına rəsmiləşdirildiyini təsdiq edə bilərlər. Eyni zamanda evi aldığı X17 da (mübahisəli evin əvvəlki sahibi) bunu təsdiq edə bilər. Belə ki, o, mübahisəli evi aldığı Rəna Axundovaya bunun müqabilində ünvan 3 ünvanında yerləşən mənzilini vermişdir. Bunlar da həm müvafiq sənədlərlə və şahid ifadələri ilə öz təsdiqini tapır. Həmçinin, mübahisəli əmlakın alqı-satqısı zamanı da özü iştirak etmişdir. Bu sözügedən alqı-satqı müqaviləsində də öz əksini tapır. Ümumiyyətlə, cavabdeh əmlakın alınmasında, təmirində iştirak etməmiş və bu günədək evin faktiki sahibi olmamışdır. Bu səbəbdən də, ev faktiki onun istifadəsində və sahibliyindədir. Bu faktı onları tanıyan bütün insanlar bilir, bu səbəbdən də evin bütün kommunal ödənişləri də onun tərəfindən aparılır. Evi aldıqdan sonra öz vəsaiti hesabına həmin evin 2-ci mansard mərtəbəsini artırmış və həyətində təsərrüfat otaqları tikdirmişdir. Əlavə olaraq müvafiq səlahiyyətli təşkilat (ekspertiza) tərəfindən sözügedən əmlak qiymətləndirilmiş və əmlakın dəyəri 410 000 (dörd yüz on min) manat məbləğində müəyyən olunmuşdur. Hesab edir ki, əgər Cavabdeh formal olaraq adına rəsmiləşdirilən əmlakına onun etibarından sui-istifadə edərək sahiblənmək niyyətindədirsə, o halda onun həmin evə, evin yenidən qurulmasına və həyətindəki apardığı təmir işlərinə çəkdiyi xərcləri geri qaytarmalıdır.

15. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz ərizəsi vermiş, etirazında göstərmişdir ki, bağ evi və torpaq sahəsi cavabdehin adına rəsmiləşdirilərkən iddiaçının istədiyi vaxt evi onun (və ya göstərdiyinin) adına rəsmiləşdiriləcəyinə dair razılaşdıqları barədə qeyd edilənlərin heç bir əsası yoxdur. Belə ki, cavabdehin öz adına almış olduğu bağ evi və torpaq sahəsinin daha sonradan iddiaçının və ya onun göstərdiyi hər hansı bir üçüncü şəxsin adına rəsmiləşdirməsi düşünülə bilməzdi. Çünki qeyd edilən bağ evi və torpaq sahəsi bilavasitə cavabdeh tərəfindən öz vəsaiti hesabına öz adına alınmış, cavabdeh tərəfindən iddiaçının adına verilmiş olan etibarnamə əsasında cavabdehin nümayəndəsi kimi daşınmaz əmlakın alqı-satqı müqaviləsini iddiaçı imzalamışdır. Çünki həmin ərəfədə cavabdehin qızının Moskva şəhərində yaşaması, xəstəliyi ilə əlaqədar cavabdehin öz qızının yanında olması səbəbindən iddiaçıya etibarnamə verilməklə qeyd edilən əqdlərin imzalanması səlahiyyətləri iddiaçıya verilmişdir ki, iddiaçının işi sadəcə qeyd edilən alqı-satqı müqaviləsinin imzalanması zamanı cavabdehi notariat orqanlarında təmsil edib, lazımi sənədləri imzalamaqdan ibarət olmuşdur. İddiaçının oğlu İddiaçı onun özü ilə birlikdə qalması ilə bağlı qeyd etdikləri ilə əlaqədar olaraq bildirmək istəyirlər ki, uşaq hal-hazırda cavabdehin qızı X7, yəni anasının yanında qalmaqda, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaşamaqdadır. Bununla bağlı müvafiq arayış məhkəməyə təqdim ediləcəkdir. Yəni iddiaçının oğlunun onunla birlikdə qalması ilə bağlı da qeyd edilənlərin heç bir əsası yoxdur. Bu gün əmlakın qiymətləndirilərək real bazar qiymətinin 410 000 manat olaraq müəyyən edilməsi onun üçün çəkilən təmir bərpa xərclərinin, o cümlədən tikinti xərclərinin o məbləğdə sərf edilməsi mənasına gəlməməkdədir. Həmçinin, iddiaçının tanıdığı şəxsləri və yaxın adamlarını bu evin onun tərəfindən alındığına və təmir xərclərinin onun tərəfindən çəkildiyini məhkəmədə də təsdiq edə biləcək şahidlərin olmasına dair qeyd edilənlərin də heç bir əsası yoxdur. Belə ki, qeyd edilən və şahid qismində dinlənilməsi istənilən şəxslərin digər məhkəmə araşdırması zamanı bildirdikləri ifadələrə də mötəbər sübut kimi qiymət verilməmiş, həmin şəxslərin bildirdikləri qeyd edilən məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Maraqlı olan haldır ki, iddiaçı cavabdehə mülkiyyət hüququ ilə məxsus olan bağ evinə və torpaq sahəsinə müvafiq xərcləri çəkdiyini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı, 1091-ci və 1092-ci maddələrinə istinad edilməsi də anlaşılan deyildir. İşdə olan sübutlardan və daha əvvəlcədən qəbul edilmiş məhkəmə qətnamələrindən də göründüyü kimi Cavabdeh qeyd edilən bağ evini və topraq sahəsini daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında əldə etmiş, həmin əmlak daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmışdır və bunun hüquqi əsası da həmin müqavilədir. Həmçinin, qeyd edilən əmlakı da öz vəsaiti hesabına almışdır. Maraqlı olan haldır ki, iddiaçı öz iddia ərizəsində 1091.1-ci maddəyə istinad etdiyi halda, həmin maddənin 2-ci bəndini nəzərə almamışdır. Həmin bəndin tələblərinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin, o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İşdə olan materiallardan da göründüyü kimi cavabdehin bu əmlaka mülkiyyət hüququnu əldə etməsi üçün notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və onun tərəfindən bu alqı-satqıya görə ödənilmiş pul vəsaiti mövcuddur.

16. Məhkəmə iclasında verdiyi izahatında iddiaçı göstərmişdir ki, cavabdehin qızı 1995-ci ildə Moskva şəhərinə, onun yanına gəlmiş, sonradan isə cavabdeh və onun həyat yoldaşı da Moskvaya gəlmişlər. Cavabdehin qızı ilə aralarında münasibət yaranmış, Moskva şəhərində ona mənzil də almışdır. Mübahisəli bağ sahəsini öz adına ala bilmədiyi üçün alqı-satqı müqaviləsini cavabdehin adına bağlamışdır. Cavabdehin özü, qızı və həyat yoldaşı onun yanında işləmişlər. Onların bağ sahəsi alacaq pulu yox idi. Cavabdeh bağ sahəsinin təmirinə pul xərcləməmişdir.

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 göstərmişdir ki, iddiaçı bağ evi ilə şəhərdəki evini dəyişdirmə etmiş və əlavə pul da vermişdir. Bağ evinin sahəsi 12 sot olmuşdur. İddiaçı Rusiya vəntəndaşı olduğu üçün torpaq sahəsini öz adına ala bilməmiş və bağ sahəsini keçmiş qayınanası olan cavabdehin adına almışdır. İddiaçı cavabdehin ona verdiyi etibarnamə üzrə bütün sənədləşmə işlərini özü həll etmişdir. Bağ evinin sənədləşdirilməsindən cavabdehin məlumatı olmamışdır. Cavabdehin heç evin kimdən alınmasından belə məlumatı yoxdur. Torpaq alındığı zaman ev yarımtikili vəziyyətdə olmuş, iddiaçı həmin evi böyütmüş, təmir etdirmişdir. Evə 410 000 manat pul xərclənmişdir. İddiaçı ilə cavabdehin qızı arasında münasibətlər pisləşdikdən sonra cavabdeh evi iddiaçıya verməkdən imtina etmişdir. Hazırda iddiaçı evə çəkilən xərcləri tələb edir. Tərəflər arasında əvəllər baxılmış iş üzrə Xəzər Rayon Məhkəməsinin qətnaməsində də şahid ifadələrində qeyd edilmişdir ki, evə iddiaçı tərəfindən xərc çəkilmişdir, evin təmirini iddiaçı özü etmişdir. Torpaq dəyişdirmə ilə alınmış, iddiaçı öz evini satıcı ilə dəyişib, əlavə də pul vermişdir. İddiaçı tərəfindən cavabdehə heç bir hədə-qorxu edilməmişdir. Xəzər Rayon Məhkəməsində də təsdiq edilmişdir ki, evi iddiaçı təmir etdirmişdir. Həmin qətnamə də qanuni qüvvəyə minmişdir. Bundan başqa, iddiaçı cavabdehin qızı üçün Rusiya Federasiyasında 200 000 dollara ev almışdır və həmin evi tələb etmir. İddiaçı ilə cavabdehin qızı arasında 18 il yaş fərqi var.

18. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı iki ildir onu təhdid və hədə-qorxu edir. Bununla bağlı Rusiya Federasiyasında hüquq mühafizə orqanlarına müraciət etmişdir, həmçinin onda səs yazıları da var. Ev alındığı zaman dəyəri 30 000 manat olmuşdur. Qızı ilə iddiaçı evli olmuşlar, mübahisəli bağ evi onun mülkiyyətindədir. O və həyat yoldaşı həmişə işləmişlər. Həyat yoldaşı Rusiya Federasiyasında işləmişdir. O, pul vermişdir ki, qızı üçün ev tiksinlər. İddiaçı qızına xəyanət etdiyi üçün qızı iddiaçıdan boşandıqdan sonra iddiaçı qızına hədə-qorxu gəlmiş, bundan sonra münasibətləri pozulmuş, iddiaçı hazırkı əsassız iddianı qaldırmışdır.

19. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 göstərmişdir ki, bağ sahəsinin əcnəbi vətəndaşlar tərəfindən alqı-satqısına, əcnəbi vətəndaşın evi öz adına keçirməsinə dair qanunvericilikdə qadağa yoxdur. Bağ sahəsinə çıxarış alındıqdan sonra iddiaçı evi öz adına keçirə bilərdi. İş materiallarına əlavə edilmiş şəkillərin olması, evin təmirinə çəkilmiş xərcləri təsdiq etmir. İddiaçının övladı cavabdehin qızı, yəni anası ilə qalır. Qiymətləndirmə rəyində 410 000 manat qeyd edilə bilər, lakin bu evə iddiaçı tərəfindən çəkilmiş xərci təsdiq etmir. İddiaçı tərəf evin tikinti xərclər smetasını, ustalarla bağlanan podrat müqaviləsini məhkəməyə təqdim etməli idi. Hazırda həmin evdə cavabdeh yaşamır. Elnarə və iddiaçının övladı faktiki olaraq qız dostu ilə birlikdə yaşayır. İddiaçının şirkətinin 2020-ci il tarixinə olan xalis mənfəəti 34 560 ABŞ dolları olmuşdur, Şirkətin 4 payçısı var, Şirkət pandemiya dövründə belə mənfəətlə işləmişdir. Cavabdeh evin mülkiyyətçisi kimi öz evini təmir etdirmişdir. Qarşı tərəf sübut etməlidir ki, ev iddiaçı tərəfindən təmir edilmişdir.

20. Məhkəmənin şahid qismində dindirdiyi X13 ifadəsində göstərmişdir ki, iddiaçını tanıyır, iddiaçı onun yerlisidir, iddiaçı ilə münasibətləri yaxşıdır. Mübahisə predmeti olan bağ sahəsində təmir-tikinti işlərinin aparılmasında iştirak etmiş, işləyən ustalara rəhbərlik etmiş, ustaların pulunu İddiaçı almış, ustalara pulu o təqdim etmişdir. Təmir-tikinti işlərinin nə vaxt aparıldığı yadında deyil. Politexnik universitetini bitirmişdir. İddiaçı ilə aralarında podrat müqaviləsi bağlanmamışdır. Təmir-tikinti işlərinin aparılmasına dair qaimələr var. Həmin qaimələr də məhkəməyə təqdim edilmişdir. Alqısatqı müqaviləsi 2006-cı ildə Mərdəkanda bağlanmışdır. Hansı notariat orqanında bağlanması isə yadında deyil. Torpaq sahəsinin alınmasında iştirak etmişdir. Torpaq sahəsi Rəna adlı xanımdan alınmışdır. İddiaçı Azərbaycan vətəndaşı olmadığı üçün alqısatqı müqaviləsi cavabdehin adına bağlanmışdır. Xeysəxanım bağ sahəsinə yay aylarında dincəlmək üçün gəlmişdir. Cavabdeh bağ sahəsinin təmir-tikinti işlərinin aparılmasına pul xərcləməmişdir. Təmir-tikinti işləri 2010-2011-ci ilə qədər davam etmişdir. İddiaçı bağ sahəsində təmir getdiyi zaman dəfələrlə gəlib-getmişdir. İddiaçının ailəsi isə bağ sahəsinə dincəlmək üçün gəlib-getmişdir.

21. Məhkəmənin şahid qismində dindirdiyi X14 ifadəsində göstərmişdir ki, iddiaçını tanıyır, onunla münasibətləri yaxşıdır. İddiaçının bağ sahəsində 17 ildir ki, fasiləsiz mühafizəçi vəzifəsində işləyir. Əmək haqqısı 600 manatdır, bir il zərgərlik sənətini öyrənmək üçün getdiyi üçün mühafizəçi işləyə bilməmişdir. Bağ evində santexnik işlərinin aparılmasında iştirak etmişdir. Evdə kosmetik təmir işləri aparılmışdır. İddiaçı olmayanda əmək haqqını Elçin müəllim vermişdir.

22. Məhkəmənin şahid qismində dindirdiyi X12 göstərmişdir ki, tərəfləri tanıyır, cavabdeh onun anasıdır, iddiaçı keçmiş həyat yoldaşıdır. Ev anasının mülkiyyətindədir. Anası iddiaçıya evin təmir edilməsi ilə bağlı etibarnamə vermişdir. O, Moskvadakı şirkətdə 1994-cü ildən payçıdır. Bağ alınarkən mərhum atası Nazim 44 000 ABŞ dolları pul vermişdir. Bağın alınmasında iştirak etmişdir. Moskvadakı şirkət zərərlə işləməmiş, o, şirkətdən divident almışdır. Həmin divindent pulları bağ sahəsinin tikintisinə xərclənmişdir. Cavabdeh, yəni anası Moskvada iddiaçıya etibarnamə vermişdir. Pandemiya dövründə şirkətdən gələn gəliri 9000 ABŞ dolları olmuşdur. Pandemiyadan öncə isə şirkətin gəlirləri daha çox idi. İddiaçı ilə rəsmi nikahları 1999-cu il tarixində bağlanmışdır. İddiaçı ilə 7-8 ildir ki, ayrı yaşayırlar, əlaqələri 2 ildir ki, yoxdur. Şirkətdə 2003-cü ildən payçıdır, şirkətdə payçı olması üçün şirkətə 250 000 rubl pul ödəmişdir. 1994-cü ildən şirkətdə işləyir, onu işə iddiaçı qəbul etmişdir. Evi 2004-cü ildə anasının adına almışlar. Əgər iddiaçı evi alsa idi, öz atasının adına alardı. Aldıqları evin torpaq sahəsi 15 sot olmuş, evin sağ tərəfində artırma etmişlər. Öz qazancından 30 000 manat pul vermişdir. Anası ilə iddiaçı arasında razılıq olmamışdır. O, özü 49 000 ABŞ dolları pul vermişdir. Onda evin əvvəlki şəkilləri yoxdur. Ev alındıqdan sonra evdə 10 ildən çox təmir işləri aparılmışdır. Ustaların zəhmət haqqının nə qədər olduğunu bilmir. Onun payı olan 25 faiz bağa xərclənirdi. Moskvada yaşdığı üçün manatın dəyərinin nə qədər olduğunu bilməmişdir. Ev hər təmir edildiyi zaman minumum 10 000 ABŞ dolları xərclənirdi. Hazırda iddiaçı bağ evində yaşayır. Oğlu atasının bağda qalmasını istəyir, deyir ki, “atamın bizə qarşı etdiyini biz etməyək”. Evi ərarvad olduqları zaman almışlar. Bağ evini özü almışdır. İddiaçının ailələri çoxdur. Bağda işləyən Vüsalı və Sevdanı işə özü götürmüşdür. Evin kommunal xərclərini o da ödəmişdir. Bağda hazırda iddiaçı yaşadığı üçün kommunal xərcləri o da ödəməlidir.

23. İddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli “Qiymətləndirmə hesabatı”nda göstərilmişdir ki, mübahisəli bağ sahəsinin müqayisəli yanaşma ilə 24 dekabr 2021-ci il üçün hesablanmış bazar dəyəri cəmi 410 000 manat təşkil edir.

24. Birinci instansiya məhkəməsinin 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

25. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

25.1. Tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuşdur və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. 25.2. Hazırda iddiaçı bağ evinin alınmasına və təmirinə çəkilmiş xərcləri tələb etsə də, daha əvvəlki məhkəmə mübahisəsi zamanı məhkəmə tərəfindən bağ evinə dair cavabdehin mülkiyyət hüquqları yoxlanılmış və tanınmışdır. İş materialları ilə müəyyən edilir ki, X17 ilə Cavabdeh arasında 04 mart 2004-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair müqaviləyə əsasən X16 Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsini Cavabdeh sataraq onun mülkiyyətinə vermişdir. Cavabdeh isə bunun müqabilində satıcıya 245 000 000 manat (köhnə Azərbaycan manatı) ödəniş etmişdir. Həmin əmlakın cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən alınması və qeyd edilən məbləğin iddiaçı tərəfindən ödənilməsi iş materialları və əvvəlki məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. 25.3. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsinə aşağıdakı məzmunda abzas göstərilmişdir: “Şahid qismində dindirilmiş şəxslərin vermiş olduğu ifadələrində mübahisəli bağ evinin tikintisi və təmiri ilə bağlı xərclərin hazırkı mülki iş üzrə İddiaçı tərəfindən çəkilmiş olduğu müəyyən edilsə də, bu mübahisəli bağ evinə dair çıxarışın ləğv edilməklə, İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas deyildir.” 25.4. İddiaçı tərəf qeyd edilənlərə istinad edərək, qanuni qüvvəyə məhkəmə qətnaməsi ilə bağ evinin tikintisi və təmiri ilə bağlı xərclərin iddiaçı tərəfindən çəkilməsi halının təsdiq edildiyini bildirmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, həmin iş üzrə iddia tələbi “Cavabdeh adına olan çıxarışın ləğv olunması, evə iddiaçının mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair iddiaçının adına çıxarışın verilməsi” ilə bağlı olmuş və məhkəmə məhz həmin iddia tələbi ilə əlaqədar araşdırma aparmışdır. Həmin iş üzrə mübahisə predmeti bağ evinin tikintisi və təmiri ilə bağlı xərclər ilə bağlı olmamış və məhkəmə yalnız şahid ifadələrinə əsaslanaraq mövqeyini ifadə etmişdir. 25.5. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi konkret olmamaqla qeyrimüəyyəndir. Belə ki, iddiaçı mübahisə predmeti olan bağ sahəsinin daha əvvəl X9 mülkiyyətində olduğunu və X16 ilə mülkiyyətində olmuş "xxxx" MTK tərəfindən tikilmiş əmlakının əvəzləşdirdiyini, həmçinin X11 əlavə pul ödədiyini bildirsə də, məhkəməyə xx.xx.2021-ci il tarixli “Qiymətləndirmə hesabatı”nı təqdim edərək, əmlakın 24 dekabr 2021-ci il üçün hesablanmış bazar dəyərlərin cəmi 410 000 manat təşkil etdiyini göstərmişdir. Göründüyü kimi, həmin hesabatda əmlakın ümumilikdə dəyəri göstərilmişdir. İddiaçı tələb olunan məbləğin hansı hissəsinin evin alınması, hansı hissəsinin evin təmiri üçün çəkilməsinə, usta, fəhlə və digər xərclərə dair məhkəməyə sübut təqdim edə bilməmişdir və məhkəmənin bu istiqamətdə vermiş olduğu sualları qiymətləndirmə hesabatına əsaslanaraq cavablandırmışdır. Lakin həmin qiymətləndirmə hesabında əmlakın xx.xx.2021-ci il tarixə olan dəyəri göstərilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh mübahisələndirilən əmlakı 245 000 000 manat (köhnə Azərbaycan manatı) ödəniş etməklə almışdır. İddiaçı tərəf isə həmin əmlakı 25 500 (iyirmi beş min beş yüz) ABŞ dolları dəyərindəki əmlakının əvəzləşdirilməsi və satıcıya əlavə ödəniş etməklə əldə edildiyini bildirsə də, əmlakın əldə edilməsi üçün ümumilikdə edilmiş ödənişin, daha sonra həmin əmlakda təmiri və tikinti işləri üçün konkret nə qədər xərc çəkməsinə dair məhkəmənin vermiş olduğu suallar cavabsız qoyulmuş və buna dair təsdiqedici sübutlar təqdim edilməmişdir. 25.6. Eyni zamanda, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)- 2894/2021 saylı iş üzrə araşdırma aparılan zaman X16 şahid kimi dindirilmişdir. Belə ki, o ifadəsində bağın satılması ilə bağlı bütün işlərin Qamlet tərəfindən görüldüyünü bildirmişdir. Lakin qeyd edilməlidir ki, X16 ilə Cavabdeh arasında müqavilə bağlanan zaman alıcı kimi Cavabdeh birbaşa iştirak etməmiş və sənədləşdirmə işlərini alıcının nümayəndəsi kimi iddiaçı həyata keçirmişdir. Nəticədə, sənədləşdirmə işlərinin iddiaçı tərəfindən həyata keçirilməsi və bu faktın şahid tərəfindən etiraf edilməsi əmlakın dəyərinin iddiaçı tərəfindən ödənilməsi kimi qiymətləndirilə bilməz. 25.7. Əvvəlki məhkəmə araşdırması zamanı cavabdehin mülkiyyət hüququ tanınmış və qanuni hesab edilmişdir. Hazırda cavabdeh tərəfindən hüquqdan sui-istifadə edilməsi halları, tərəflər arasında əmlakla bağlı hər hansı bir razılaşmanın olması müəyyən edilməmiş, bağ evinin iddiaçının vəsaiti hesabına alınması halı öz təsdiqini tapmamışdır.

26. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-560.3-cü, 1091.1-ci və 1091.2-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci, 78.1-ci və 82.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

27. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçı bağ evini özünə almasını təsdiq edən şahid ifadələrini də sübut kimi təqdim etmiş, buna baxmayaraq, məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam tədqiq etməmiş, onlara (işdəki sübutlara) tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Bağ evinə dair alqı-satqı müqaviləsinin bağlanması zamanı alıcı tərəfindən nümayəndə qismində iddiaçının çıxış etdiyi mübahisə doğurmamış, işin qeyd edilən halı birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən də etiraf edilmişdir. Belə ki, o, məhkəməyə təqdim etdiyi yazılı etirazında mübahisəli əmlakın təmsil etdiyi şəxsin vəsaiti hesabına öz adına alındığını, iddiaçının isə etibarnamə əsasında onu (cavabdehi) nümayəndə kimi təmsil edərək sadəcə daşınmaz əmlakın alqısatqı müqaviləsini imzaladığını irəli sürmüş, cavabdehin fiziki olaraq bilavasitə həmin işdə iştirak etməməsini onun Moskva şəhərində yaşaması, xəstəliyi ilə əlaqədar qızının yanında olması ilə əsaslandırmışdır. Cavabdeh tərəf Bakı şəhərində bağlanan müqavilə üzrə bağın dəyərini məhz özü ödəmiş olduğunu bildirirsə də, oradan pulu iddiaçıya hansı qaydada göndərdiyinə dair sübutları (pulun göndərildiyini təsdiq edən bank sənədləri və s.) məhkəməyə təqdim etməli idi. Birinci instansiya məhkəməsi isə sübutetmə yükünün bölüşdürülməsində kobud səhvə yol verərək iddiaçının irəli sürdüyü halları sübuta yetirmədiyinə əsaslanmaqla iddia tələbini təmin etməmişdir. Cavabdehin nümayəndəsinin yazılı etirazından da göründüyü kimi, cavabdeh tərəf bağda iddiaçı tərəfindən bağ evinin yenidən qurulmasını və əlavə işlərin aparılmasını mübahisələndirməmiş, onun etirazı həmin işlərə görə çəkilən xərclərin məbləği ilə əlaqədar olmuşdur, halbuki tərəflər arasında həmin bağa dair qüvvədə olan başqa qətnamədə də mübahisəli əmlakın həqiqətən də iddiaçı tərəfindən alınması və sonradan əmlaka dair təmirlə bağlı olan xərclərin onun tərəfindən çəkilməsi öz təsdiqini tapmışdır. Belə olan halda, bağ evində aparılan tikinti-bərpa işlərinin nələrdən ibarət olduğu araşdırılmalı, həmin işlərin dəyəri müəyyənləşdirilməli və qeyd edilən məbləğ iddiaçının xeyrinə tutulmalı idi. Həmin hissədə iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

29. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə qiymətləndirmə rəyi təqdim edərək göstərmişdir ki, onlar bağ evinin hazırkı dəyəri ilə bağlı məhkəmələrə iki rəy vermişlər, birinci rəydə bağın dəyərinin 410 000 manat, ikinci rəydə isə 574 000 manat olduğu müəyyən olunmuşdur, əslində cavabdeh iddiaçıya ikinci rəyə görə pul ödəməlidir. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Qiymətləndirmə hesabatı”ndan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbli 3 otaqlı 49,82 kv metr yaşayış, 131,42 kv metr köməkçi sahədən ibarət 1209 saylı bağ evinin 02 noyabr 2022-ci il tarixinə hesablanmış bazar dəyəri 574 000 manat müəyyən edilmişdir.

30. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, etirazda aşağıdakılar göstərilmişdir: “1. Apellyasiya şikayətində şikayət verən şəxs tərəfindən birinci instansiyası məhkəməsinin sözügedən qətnaməsində “İddiaçı Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu) Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 m2 yaşayış, 131,42 m2 köməkçi sahədən ibarət 1209 saylı bağ evinin alınması üçün formalaşdırılan vəsaitin ona məxsus olmasına, evin onun tərəfindən təmir edilməsinə, evin alınması və təmiri üçün ayrı-ayrılıqda nə qədər vəsait sərf etməsinə dair iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etmədiyi, iddiasını həmin hallara uyğun əsaslandırmadığı qeyd olunmuşdur. Bildirmək istəyirik ki, apellyasya şikayətində qeyd edilən bu xüsusatın heç bir hüquqi əsası yoxdur. Belə ki, istər iddia ərzəsinə verilən etirazda, istərsə də birinci instansiya məhkəməsinin qətnaməsində X8 Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu) Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 m2 yaşayış, 131,42 m2 köməkçi sahədən ibarət 1209 saylı bağ evinin alınması üçün formalaşdırılan vəsaitin ona məxsus olmasına, evin onun tərəfindən təmir edilməsinə, evin alınması və təmiri üçün ayrı-ayrılıqda nə qədər vəsait sərf etməsinə dair iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir, həmçinin iddiasının həmin hallara uyğun əsaslandırmadığı, iddia ərizəsində qeyd olunan xüsusatların məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığı birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur. 2. Həmçinin, iddiaçı tərəfindən verilən apellyasiya şikayətində mübahisə mövzusu bağ evinə dair alqısatqı müqaviləsinin bağlanması zamanı alıcı tərəfindən nümayəndə qismində iddiaçının çıxış etməsi və müqavilə bağlanarkən bağın dəyərinin ödənilməsi ilə bağlı işin faktiki hallarının iddiaçının iddiasında göstərdiyi dəlillərin əsaslı olduğu qənaətə gəlməyə əsas verdiyini, hər nə qədər ki, cavabdeh əksinə sübut təqdim etmirsə, qeyd edilənlərin əmlakın dəyərinin iddia ərizəsində də göstərildiyi kimi məhz iddiaçı tərəfindən ödənilmiş olduğunu, alqı-satqı müqaviləsi bağlanarkən cavabdehin Moskva şəhərində olduğunu, (bunu cavabdehin vəkili də özünün yazılı etirazında etiraf edir) və əgər Bakı şəhərində bağlanan müqavilə üzrə bağın dəyərini məhz özünün ödəmiş olduğunu bildirdiyi təqdirdə oradan pulun iddiaçıya hansı qaydada göndərdiyinə dair sübutları (pulun göndərildiyini təsdiq edən bank sənədləri və s.) məhkəməyə təqdim etməli olduğunu, belə olan halda iddiaçının ən azından bağın dəyəri qismində ödəmiş olduğu pulun əvəzini cavabdehdən tələb etməkdə haqlı olduğunu və bunun birinci instansiya məhkəməsi tərəfindən nəzərə almadığını, cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi yazılı etirazında alğı-satqı müqaviləsi bağlanarkən iddiaçının etibarnamə əsasında cavabdehin nümayəndəsi kimi onu təmsil edərək sadəcə daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzaladığını irəli sürməklə dolaylı şəkildə tərəflər arasında “Tapşırıq müqaviləsi”nin bağlandığını etiraf etdiyini və belə olan halda iddiaçının vəkalət alan kimi bağ evinə görə ödədiyi pulu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 783-ci maddəsinə əsasən tələb edə biləcəyini qeyd etmişdir. 3. Belə ki, Mülki Məcəllənin 783.1-ci maddəsinə görə, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Hesab edirik ki, iddiaçı tərəfin apellyasiya şikayətində qeyd etdiklərinin hüquqi əsaslandırması kimi Mülki Məcəllənin tapşırıq müqaviləsinə dair müddəaların qeyd edildiyi 783-cü maddəsinin tələblərinə istinad etməsi isabətli deyildir. Belə ki, cavabdehin qeyd etdikləri əsasında o zaman etibarnamə ilə səlahiyyət verilən hər bir şəxsin etibarnamə verənə qarşı istənilən növ mülki hüquqdan irəli gələn tələbləri irəli sürə bilməsi mümkün olacaqdır. O zaman etibarnamə əsasında nümayəndə qismində iştirak edən şəxs etibarnamə verən şəxsin adından əqdləri bağlamaq əvəzinə özü müstəqil subyekt olma imkanı əldə edəcəkdir ki, onda nümayəndəlik institutunun heç bir hüquqi əhəmiyyəti qalmayacaq, etibarnamə verən şəxsi etibarnamə verilən şəxsin qarşısında qorumaq mümkün olmayacaqdır. İddiaçı öz iddia tələbində Cavabdeh nümayəndəsi qismində iştirak edən İddiaçı mübahisə predmeti olan daşınmaz əmlakı özünün pulu ilə aldığını, pulu şəxsən İddiaçı ödədəyini və bunun tərəflər arasında mövcud olan tapşırıq müqaviləsi əsasında tövsif edilməli olduğunu bildirməkdədir. Halbuki, işdə olan materiallardan da göründüyü kimi İddiaçı cavabdeh tərəfindən verilmiş olan etibarnamə əsasında çıxış etmişdir və tərəflər arasında hər hansı bir tapşırıq müqaviləsinin bağlanmasından söhbət belə gedə bilməz. Belə ki, Mülki Məcəllənin 777-ci maddəsinin mənasından da göründüyü kimi, vəkalət alan vəkalət verənin tapşırığını yerinə yetirməli və bunu edərkən də tapşırılan əqdləri, işləri və digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən etməlidir. Halbuki, Cavabdeh İddiaçı sadəcə daşınmaz əmlakın alqı-satqısı və bu əməliyyatdan irəli gələn digər hərəkətləri etməyi həvalə etmişdir ki, etibarnamə verilən şəxsin etibanamə verən şəxsə hər hansı bir konkret təminat verməsindən söhbət belə gedə bilməzdi. 4. İddiaçı tərəfindən verilmiş olan apellyasiya şikayətində bağ evinin əldə edilməsindən sonra orada yaxşılaşdırma işlərinin aparıldığı və bunun nəticəsində oranın dəyərinin əhəmiyyətli dərəcədə artmış olduğunun mübahisə mövzusunun olmadığı, belə ki, cavabdehin nümayəndəsinin yazılı etirazından da göründüyü kimi, cavabdeh tərəf orada iddiaçı tərəfindən əlavə işlərin aparılmış olduğu mübahisələndirmədiyi, onun etirazı həmin işlərə görə çəkilən xərclərin dəyəri ilə əlaqədar olduğu qeyd olunmuşdur. Əvvəla bildirmək istəyirik ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilən etirazda daşınmaz əmlkada aparılan təmir və tikinti işlərinin daşınmaz əmlakın dəyərini artırması ilə bağlı məsələyə ümimiyyətlə toxunulmamışdır. İddia ərizəsinə edilən etirazda daşınmaz əmlak üçün aparılan qiymətləndirmə nəticəsində iddia tələbi üçün müəyyən edilmiş olan 410.000 (dörd yüz on min) manat məbləğin hazırki daşınmaz əmlakın real bazar dəyərini təşkil etdiyi bildirilmişdir. Ancaq bu dəyərin artmasının aparılan təmir tikinti işləri ilə əlaqədar olması ilə bağlı məsələyə heç toxunulmamışdır. Hal-hazırda da iddiaçı tərəf yenidən qiymətləndirmə apararaq əmlakın dəyərinin 02 noyabr 2022-ci il tarixinə 574.000 (beş yüz yetmiş dörd min) manat təşkil etdiyi qeyd olunmuşdur. İddia tələbinin irəli sürüldüyü vaxtadan 6 aydan artıq bir vaxt keçməyinə baxmayaraq heç bir təmir tikinti işləri aparılmadan əmlakın dəyərinin 164.000 (bir yüz altmış dörd min) həddində artmış olmasına dair rəyin tərtib edilməsi özü birbaşa onu deməyə əsas verir ki, daşınmaz əmlakın və onun yerləşdiyi torpaq sahəsinin dəyəri daşınmaz əmlak bazarında alqı-satqı qiymətlərinin dəyərinin dəyişməsi ilə birbaşa əlaqəlidir. Bunun özü isə iddiaçı tərəfindən həmin əmlaka müvafiq xərclərin çəkilməsi, bağ evini tikintisi üçün təmir tikinti işlərinin iddiçı tərəfindən aparılması kimi tövsif edilməməlidir. 5. Apellyasiya şikayətində Mülki Məcəllənin 560, 1091 və 1092-ci maddələrinə də istinad edilməsi əsaslı deyildir. Belə ki, işdə olan sübutlardan və daha əvvəlcədən qəbul edilmiş məhkəmə qətnamələrindən də göründüyü kimi Cavabdeh qeyd edilən bağ evini və topraq sahəsini daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında əldə etmiş, həmin əmlak daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmışdır və bunun hüquqi əsası da həmin müqavilədir. Həmçinin qeyd edilən əmlakı da öz vəsaiti hesabına almışdır. Maraqlı olan haldır ki, iddiaçı Mülki Məcəllənin 1091.1-ci maddəsinə istinad etdiyi halda həmin maddənin 2-ci bəndini nəzərə almamışdır. Belə ki, həmin maddənin tələblərindən də göründüyü kimi əsassız varlanma o halda baş verə bilər ki, bu cür varlanmaya səbəb olan qanuni əsas və ya müqavilə mövcud olmasın. Halbuki işdə olan materiallardan da göründüyü kimi cavabdehin bu əmlaka mülkiyyət hüququnu əldə etməsi üçün notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və onun tərəfindən bu alqı-satqıya görə ödənilmiş pul vəsaiti mövcuddur. Bununla bağlı hesab edirik ki, birinci instansiya məhkəməsi öz qətnaməsini qəbul edərkən haqlı olaraq Mülki Məcəllənin 560, 1091 və 1092-ci maddələrinin hazırki işə tətbiq edilməsinin mümkün olmadığını bildirmişdir. Belə ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş şəxs əssassız varlanan şəxsdir. Hazırda isə cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın alqısatqısı müqaviləsi bağlayaraq X9 mülkiyyətində olan əmlakı əldə etmişdir. Alqı-satqı müqaviləsinin bağlanmasından sonra həmin əmlaka cavabdehin mülkiyyət hüququ tanınmış və əmlak üzərində bu mülkiyyət hüququ 30 dekabr 2008-ci il tarixdə qediyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmə araşdırması zamanı da Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu) Mərdəkan qəsəbəsində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49,82 m2 yaşayış, 131,42 m2 köməkçi sahəsindən ibarət 1209 saylı bağ evinin iddiaçının vəsaiti hesabına alınması halı öz təsdiqini tapmamışdır. Hesab edirik ki, barəsində apellyasiya şikayəti verilmiş birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianın rədd edilməsinin hüquqi əsaslandırılması düzgün aparılmışdır”.

31. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq göstərmişdir, qızı Elnarə 1994-cü ildən Moskva şəhərində iddiaçıya məxsus şirkətdə işləməyə başlamış, sonradan Elnarə iddiaçı ilə rəsmi nikah bağlamadan 1999-cu ildən ailə quraraq yaşamış, 2001-ci ildə onların bir uşağı olmuşdur. Bağ evi alınarkən o Moskva şəhərində olmuş, bağın sahibi Rəna xanımı heç vaxt görməmiş və onunla hər hansı ünsiyyətdə olmamış, iddiaçıya etibarnamə vermişdir ki, bağ evinin alınmasına və orada aparılmış təmir-tikinti işlərinə rəhbərlik etsin. Mübahisəli bağ evinin yanında başqa bir evi kiraləyib orada yaşamışlar, sonra Qamlet demişdir ki, mübahisəli evi satırlar. Evin alınması ilə bağlı danışıqları Qamlet aparmış, qızı da gəlib evə baxmış, həyat yoldaşı ilə birlikdə Qamletə 63 000 ABŞ dolları vermişlər. Evin əvvəlki vəziyyəti ilə hazırkı vəziyyəti arasında xeyli fərq var, təmir xərclərinə həyat yoldaşı köməklik edib. Qızının şirkətdə 25 faizlik payı olmuş, onu satıb evin təmirinə xərcləmişlər. Ola bilsin ki, iddiaçı da evin təmirinə xərc çəkib, lakin “evi tam olaraq mən təmir etdirmişəm” demək doğru deyil. Hazırda bağ evində iddiaçı yaşayır, bağa dair kommunal xərcləri iddiaçı ödəyir, iddiaçı ilə qızının münasibətləri pozulmuş, onların ailəsi məhz iddiaçının ucbatından dağılmışdır.

32. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq göstərmişdir ki, bağ evinin alınması üçün pul cavabdeh və onun əri tərəfindən verilmişdir, bağ evi alınarkən iddiaçı alqı-satqıda yalnız nümayəndə kimi cavabdehi təmsil etmişdir. Tikinti-təmirdə iddiaçı müəyyən xərclər çəkmiş olsa belə, buna dair sübutları yoxdur, iddiaçı bağın təmiri ilə bağlı smeta sənədlərini və ustalarla bağladığı podrat müqaviləsini təqdim edə bilməmişdir. Bağ evinin dəyərinin 410 000 manat olması hələ o demək deyil ki, iddiaçı həmin məbləğdə xərci çəkmişdir. Digər qətnamənin də bu işə təsiri ola bilməz, çünki həmin işdə tərəflər eyni olsa da, orada tələb başqa olmuşdur, rayon məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir.

33. İşə apelyasiya qaydasında baxılarkən X16 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş və izahatında göstərmişdir ki, həmin bağ order əsasında ona məxsus olmuş, bağını yay aylarında kirayəyə vermiş, eyni zamanda da bağ evini satmaq istədiyini bağ qonşularına demişdir. İddiaçı Qamlet onun bağını kirayələmiş, sonradan Qamlet ona bağı almaq istədiyini demiş, onlar görüşüb bu məsələni müzakirə etmişlər. Müzakirə zamanı Qamlet ona bağın əvəzində yeni tikilmiş binadakı mənzilini təklif etmiş, o da əri ilə birlikdə gedib həmin mənzilə baxmış, bundan sonra bağ evi ilə Qamletin mənzilini barter etmək barədə razılığa gəlmişlər. Bağla mənzili başabaş dəyişmişlər, biri-birinə əlavə pul ödəməmişlər. Cavabdehi tanımır, onunla hər hansı formada ünsiyyətdə olmamış, bağı Qamletə satmış, bildiyi qədər də Qamlet bağı özü üçün almışdır. Bağın başqa şəxs üçün alınmasını eşitməmişdir, aradan 20 ilə yaxın vaxt keçdiyindən sənədləşməni dəqiq xatırlamır, ancaq yadında qalan odur ki, o, Qamletə etibarnamə vermişdir ki, özü sənədləşməni aparsın. Notariatda hansısa sənədlərə qol çəkmişdir, bağa dair alqı-satqı və orada hansısa məbləğin göstərilməsi tam formal olmuşdur, çünki onlar əslində barter etmişlər, bağa görə Qamlet ona hər hansı pul ödəməli deyildir və ödəməmişdir.

34. Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunmuşdur.

35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

35.1. İddiaçının iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. 35.2. Hazırkı işin hallarından görünür ki, iddiaçının bildirdiyi işin faktiki halları əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların dispozitiv şərtlərinin təsiri altına düşür. İddiaçının təqdim etdiyi sübutlar, eləcə də üçüncü şəxsin izahatı ilə aşkar müəyyən olunur ki, bağ evinin əldə edilməsi üçün pul vəsaiti ödənilməmiş, üçüncü şəxslə iddiaçı arasında əldə olunmuş razılığa əsasən iddiaçı özünə məxsus yeni tikilidəki mənzilini Rəna Axundovanın adına keçirmiş, bunun əvəzində də Rəna Axundova özünə məxsus bağ evini iddiaçıya vermişdir. Bununla da cavabdehin həmin halla bağlı, yəni bağ evinin onun verdiyi pul vəsaiti hesabına əldə olunmasına dair bildirdiklərinin əsassız olduğu müəyyən olunur. Baxmayaraq ki, cavabdehin bu halla, eləcə də bağ evinin təmirtikintisinə çəkilən xərclərlə bağlı bildirdikləri öz-özlüyündə qeyri-müəyyən, olduqca ümumi, ziddiyyətli və qarmaqarışıq olmaqla yanaşı, həm də ağlabatan və inandırıcı da deyildir. 35.3. Cavabdehin tədim etdiyi şahid ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, həmin şahidin - Elnarə Osmanovanın - cavabdehin qızı, iddiaçının isə keçmiş arvadı olması nəzərə alınmalıdır. Belə ki, bu mülki işin araşdırılan hallarından hazırkı mübahisənin tərəflərinin əslində İddiaçıla onun keçmiş arvadı E.Osmanova olduğu bəlli olur. Bu baxımdan da şahid E.Osmanova ilə onun anası olan cavabdehin maraqlarının üst-üstə düşməsi, başqa sözlə desək, şahid E.Osmanovanın bu işin nəticəsində, yəni işin anasının xeyrinə həll olunmasında bilavasitə maraqlı olması onun ifadələrinə qiymət verilərkən mütləq nəzərə alınmalıdır. Bununla belə, cavabdehin təqdim etdiyi şahid E.Osmanovanın anasına “kömək” yönlü ifadələri də olduqca ümumi, aşkar zidiyyətli, mücərrəd və qeyri-ardıcıl olmaqla bərabər, həm də cavabdeh olan anasının bildirdikləri ilə də ziddiyyətli olmuşdur. 35.4. Beləliklə də, bağ evinin iddiaçı tərəfindən onun öz vəsaiti (özünə məxsus mənzilin bağ evi ilə əvəzləşdirməsi qaydasında) əldə olunduğu (alındığı) və bağ evinin yenidən qurulmasının da onun tərəfindən həyata keçirildiyi müəyyən olunur. 35.5. Apellyasiya məhkəməsi bu qənaətə gələrkən həm də mülki iş materiallarında olan, iddiaçının cavabdehə qarşı “çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi” barədə tələbi üzrə Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli və hazırda qüvvədə olan qətnaməsini də nəzərə alır. Belə ki, həmin qətnamədə bağ sahəsinin alınması və orada aparılmış tikililərlə bağlı xərclərin kimə aid olması barədə qeyd edilmişdir ki, “məhkəmə iclasında verilmiş izahatlardan müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsi və həmin sahədə tikilinin tikintisi ilə bağlı xərclər İddiaçı tərəfindən çəkilmişdir”. 35.6. Rayon məhkəməsi hazırkı mülki iş üzrə eyni tərəflər arasında həmin bağ evi ilə bağlı başqa bir işə dair qüvvədə olan məhkəmə qətnaməsinin preyudisiallığını nəzərə almamaqla prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. 35.7. Rayon məhkəməsinin iddiaçının tələb etdiyi məbləğlə bağlı (məbləğə münasibətdə) gəldiyi qənaət də əsaslı olmamışdır. Belə ki, rayon məhkəməsi iddia tələbini rədd edərkən həm də qeyd etmişdir ki, iddiaçı tələb etdiyi məbləğin hansı hissəsinin bağ sahəsinin alınmasına, hansı hissəsinin isə bağda aparılmış təmir-tikinti işlərinə xərcləməsinə dair məhkəməyə dəqiq məlumat - sübut verə bilməmişdir. Rayon məhkəməsinin bu qənaəti dogru deyildir. Çünki iddiaçı iddiasında cavadehdən əsassız varlanmaya istinadən bütünlüklə vahid əmlak kimi bağ evinin tam dəyərini tələb edir ki, belə olan halda, yəni bağ evinin əldə olunması və təmir-tikinti işlərinin də iddiaçı tərəfindən və məhz onun vəsaiti hesabına həyata keçirildiyi müəyyən olundugundan, həmin bağ evinin əldə olunmasına, onun sənədləşdirilməsinə, bağın təmirində istfadə olunan təmirtikinti materiallarına çəkilən xərclərin, ustalara verilən zəhmət haqqının, eləcə də mümkün olan digər məsrəflərin ayrı-ayrılıqda göstərilməsi, başqa sözlə, onların hər birinin ayrılıqda sübut olunmasına zərurət qalmır. 35.8. Əvvəla, bununla bağlı cavabdeh tərəf də bağ evinin hazırda real qiymətinin iddiada istənilən məbləğini mübahisələndirməmişdir, cavabdehin nümayəndəsi davamlı olaraq izahat və mülahizələrində yalnız iddiaçının məhz həmin məbləği xərcləməsini sübut etməli olduğunu qeyd etmişdir. 35.9. Xüsusi olaraq qeyd edilməlidir ki, hazırkı halda iddia tələbinin qanuni əsası baxımından iddiaçının bağ evinə görə ayrı-ayrılıqda nə qədər vəsait xərcləməsinin əhəmiyyəti ola bilməz, çünki iddiaçı MM-in 1092.1-ci maddəsinə əsasən məhrum olduğunu əldə edəndən tələb edir. Bu baxımdan iddiaçının tələbi zamanı onun məhrum olduğu əşyaya nə qədər vəsait xərcləməsi, onu hansı qiymətə alması, təmiri və s. deyil, məhz məhrum olduğunun real dəyəri əhəmiyyətlidir. Hər hansı əks yanaşma anlaşılmaz və hüququn ümumi prinsiplərinə zidd olardı. Məsələn, belə yanaşmaya əsaslansaq, onda belə çıxır ki, şəxs vərəsəlik, bağışlama və s. əvəzsiz əqdlər, eləcə də dəyişdirmə müqaviləsi əsasında sahib olduğu əmlaklardan məhrum olduqda, onları tələb edə bilməz. Bunun isə doğru olmadığı aşkardır. 35.10.Bu baxımdan, iddiaçı məhrum olduğunun dəyəri barədə məhkəməyə iki mütəxəssis rəyləri təqdim etmişdir. İddiaçının rayon məhkəməsinə təqdim etdiyi mütəxəssis hesabatında həmin bağ evinin (torpaq sahəsi ilə birlikdə) bazar dəyərinin 410 000 manat olduğu göstərilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh tərəf bağ evinin bügünkü bazar dəyərinin həmin məbləğə uyğun olmasını mübahisələndirməmişdir, bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, bağ evinin dəyəri ilə bağlı mütəxəssis hesabatında göstərilən məbləğ ağlabatan və inandırıcıdır. 35.11. İkinci hesabatla bağlı (həmin mütəxəssis hesabatında bağ evinin torpaq sahəsi ilə birlikdə bazar dəyərinin 574 000 manat olduğu göstərilmişdir) qeyd eilməlidir ki, o, nəzərə alına bilməz, çünki iddiaçının iddia ərizəsindəki tələbi 410 000 manatdır.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci, 157.2-ci, 157.5-ci, 386.1-ci, 425.1ci, 560.1-ci, 560.3-cü, 560.3.1-560.3.4-cü, 1091.1-ci, 1091.2-ci və 1092.1-ci, Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 may 2023-cü il tarixli qərarı ilə cavabdehin nümayəndəsinin (vəkilinin) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apelyasiya baxışına qaytarılmışdır.

38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iddianın təmin olunması qənaətinə gələrkən tərəflərin təqdim etdikləri sübutlara tam, hərtərəfli və obyektiv baxmadığını, işin hallarının müəyyən olunmasında mühüm əhəmiyyət kəsb edən sübutlara düzgün hüquqi qiymət vermədiyini, qətnamənin qəbulu zamanı maddi və prosessual hüqq normalarının tətbiqində səhvə yol verdiyini vurğulamaqla mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarına görə bağ evinin əldə edilməsi üçün cavabdeh tərəfindən pul vəsaiti ödənilməmiş, üçüncü şəxs Rəna Axundova ilə iddiaçı arasında əldə olunmuş razılığa əsasən iddiaçı özünə məxsus yeni tikilidəki mənzilini Rəna Axundovanın adına keçirmiş, bunun əvəzində də Rəna Axundova özünə məxsus bağ evini iddiaçıya vermişdir. Bağ evi İddiaçı tərəfindən onun öz vəsaiti (özünə məxsus mənzilin bağ evi ilə əvəzləşdirməsi qaydasında) hesabına əldə olunmuş, bağ evinin yenidən qurulması, orada əsaslı təmir tikinti işlərinin aparılması da iddiaçının vəsaiti hesabına həyata keçirilmişdir. İşin qeyd olunan faktiki halları əsassız varlanmaya dair münasibətləri tənzimləyən Mülki Məcəllənin birlikdə götürülmüş 1091-ci və 1092-ci maddələrinin dispozitiv şərtlərinin təsiri altına düşür. Apellyasiya məhkəməsi bu qənaətə gələrkən iddiaçının izahatına, iddiaçı tərəfindən təqdim olunmuş sübutlara, həm də iddiaçının cavabdehə qarşı “çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi” tələbi üzrə Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli və hazırda qüvvədə olan qətnaməsinə istinad etmiş, cavabdehin izahatına, onun tərəfindən təqdim olunmuş şahid ifadələrində göstərilən hallara tənqidi yanaşmışdır. ...Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsində göstərdiyi işin hallarından Cavabdeh İddiaçı hesabına varlanmasının nədə ifadə olunması, yəni bağ evini və bağ evinə aid 0,12 ha torpaq sahəsini, yaxud həmin bağ evinin dəyəri olan 410 000 manat pul vəsaitini əldə etməsi, cavabdehin isə əmlakdan, yaxud pul vəsaitindən məhrum olması müəyyən deyildir. İş materiallarına görə cavabdeh iddiaçıdan pul vəsaiti almamışdır, bu faktı iddiaçı da təsdiq etmişdir. İddiaçı həm də göstərmişdir ki, xarici dövlətin vətəndaşı olduğuna görə torpaq sahəsinin alqı-satqısının onun adına sənədləşdirilməsi mümkün olmamış, ona görə də torpaq sahəsi 04 mart 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh qaynanasının adına alınmış, sonradan həmin torpaq sahəsində inşa olunmuş bağ evi də 30 dekabr 2008-ci il tarixdə cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. Bağ evinin inşası da bilavasitə onun tərəfindən həyata keçirilmiş, bütün xərclər onun tərəfindən çəkilmişdir. Göründüyü kimi iddiaçının özü hesab etmişdir ki, cavabdeh onun hesabına pul vəsaiti deyil, bağ evi və evin 0,12 ha torpaq sahəsindən ibarət əmlak əldə etmişdir. Buna baxmayaraq iddiaçı bağ evi və 0,12 ha torpaq sahəsindən ibarət əmlakın deyil, həmin əmlakın dəyəri olan pul vəsaitinin alınması barədə iddia qaldırmış, apellyasiya məhkəməsi də nəzərə almamışdır ki, qanunvericiliyin yuxarıda göstərilən normalarına görə məhrum olan ilk növbədə varlanmış şəxsin əldə etdiklərini tələb edə bilər, varlanan şəxs tərəfindən əldə edilənlərin qaytarılması mümkün olmadıqda onların dəyəri ödənilir (Mülki Məcəllənin 1092.1 və 1092.2-ci maddələri). Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəyə minmiş Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə “bağ evinə dair cavabdehin adına verilmiş çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi” barədə iddiaçının tələbləri o əsasla rədd edilmişdir ki, həmin iddia bağ evinə dair cavabdehin mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olmuş sənədlər (alqı-satqı müqaviləsi, müvafiq icra hakimiyyəti orqanının qərarı və sair) mübahisələndirilmədən qaldırılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Xəzər Rayon Məhkəməsində baxılmış iddiası əsassız varlanma nəticəsində cavabdehin əldə etdiyi əmlak tələbinə dair tələb kimi qiymətləndirilə bilməz. İşdən daha sonra görünür ki, iddiaçı bağ sahəsinin cavabdehin adına sənədləşdirilməməsinin səbəbi kimi özü xarici dövlətin vətəndaşı olduğuna görə torpaq sahəsinin alqı-satqısının onun adına sənədləşdirilməsi qanunla yol verilməməsi ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsi iddiaçının bu dəlilini tam və hərtərəfli araşdırmamış, işin mübahisə olunmayan halları ilə müqayisə etməklə dəyərləndirməmişdir. İş materiallarına görə bağ sahəsinin alqı-satqısı 04 mart 2004-cü il tarixdə həyata keçirilmiş, bundan sonra həmin sahədə bağ evi inşa olunmuş və 30 dekabr 2008-ci il tarixdə cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. Xarici ölkənin vətəndaşı olduğuna görə torpaq sahəsinə mülkiyyət hüququnun adına qeydiyyata alınmasına məhdudiyyətlər olsa da, iddiaçının bağ sahəsində olan yaşayış evinin öz adına dövlət qeydiyyatına alınmasına heç bir maneə olmamış, buna baxmayaraq həmin məsələnin həlli ilə bağlı təşəbbüs göstərməmiş, uzun müddət keçməsinə baxmayaraq bu məsələni nə cavabdeh qarşısında qaldırmamış, nə də məhkəmədə mübahisələndirməmişdir. Göstərilən hallar və iddiaçının cavabdehin varlanması üçün xərcləri könüllü olaraq çəkməsi də nəzərə alınmaqla bağ sahəsinin və bağ evinin iddiaçı tərəfindən cavabdehə bağışlanması istisna olunmur. İşə baxan apellyasiya məhkəməsi isə iddia tələbinin əsaslılığını ümumiyyətlə bu baxımdan qiymətləndirməmişdir. Hər hansı mülki iş üzrə şəxsin öz əmlakının bir hissəsini könüllü şəkildə başqa şəxsə verməsi müəyyən edilirsə və cavabdeh tərəfindən bunun bağışlama niyyəti olmadan verildiyi etiraf edilmirsə, əmlakın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər hansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükü də iddia edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyasının qənaətinə görə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma qaydaları o halda tətbiq edilə bilər ki, iddiaçı cavabdehi könüllü şəkildə zənginləşdirdiyi əmlakı ona hədiyyə şəklində vermədiyini sübuta yetirmiş olsun və tərəflər arasında hər hansı digər əqdin bağlandığı və ya varlanmaya haqq qazandıran qanuni əsas olduğu müəyyən edilməsin. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir”.

d) Təkrar apellyasiya baxışı, izahatlar

39. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil3 Vəliyəddin oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və Ali Məhkəmənin 15 may 2023-cü il tarixli qərarının ziddiyətli olduğunu bildirərək aşağıdakı məzmunda izahat vermişdir: “Hər nə qədər kassasiya instansiyası məhkəməsi apellyasiya intansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını pozduğunu bildirsə də, konkret hansı maddi və prosessual hüquq normalarının pozulduğuna dair bir cümlə də olsun əsaslandırma verməmişdir. Sadəcə olaraq maddi hüquq normaları baxımından MM-in 1092.1 və 1092.2-ci maddələrinə apellyasiya məhkəməsinin qətnaməsində olduğu kimi istinad edilmiş, ancaq bununla bağlı səhvin və ya normanın düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna aydınlıq gətirməmiş və ya gətirə bilməmişdir. Həmçinin qərarda hansı prosessual hüquq normasının pozulmasına dair də heç bir istinad qeyd edilməmişdir ki, bu da apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə dair kassasiya məhkəməsinin mövqeyinin ümumiyyətlə hüquqi dayanağının olmamasından qaynaqlanır. Qərarın 77-ci bəndində qeyd edilmişdir ki, “Cavabdeh İddiaçı hesabına varlanmasının nədə ifadə olunması.... müəyyən deyildir”. Ümumiyyətlə Ali Məhkəmənin bu qərarında mübahisə ilə bağlı bir çox məqamlarda bir-birinə ziddiyyət təşkil edən hallar mövcud olsa da zənnimizcə bu mövqe ziddiyyətli hallarla bağlı ən bariz nümunə sayıla bilər. Belə ki, 77ci bənddə cavabdehin iddiaçı hesabına varlanmasının nədə ifadə olunmasının müəyyən edilmədiyi qeyd edilsə də, qərar mətninin 79-cu bəndində cavabdehin iddiaçının hesabına bağ evi və 0,12 ha torpaq sahəsindən ibarət əmlak əldə etdiyi göstərilmişdir. Göründüyü kimi cavabdehin iddiaçı hesabına nə əldə etməsinin müəyyən olmadığını bildirən məhkəmə kollegiyası növbəti bənddə naməlum olduğunu iddia etdiyi hala elə özü aydınlıq gətirmişdir. Dolayısıyla da öz təsdiqini tapır ki, iddia tələbində bununla bağlı müəyyən edilməyən heç bir məqam mövcud deyildir. Qərarın 78-ci bəndində qeyd edilmişdir ki, “cavabdeh iddiaçıdan pul vəsaiti almamışdır və bu faktı iddiaçı da təsdiq etmişdir.” Olduqca qəribədir ki, Ali Məhkəmənin qərarında yer alan bu ifadə və mövqeyin mövcud iddia icraatının mahiyyət və predmeti ilə ümumiyyətlə heç bir aidiyyəti yoxdur. Məsələ ondan ibarətdir ki, mövcud iddia icraatının heç bir mərhələsində tərəflər arasında cavabdehin iddiaçıdan pul vəsaiti alması ilə bağlı iddia, etiraz və ya hal hər hansı bir şəkildə irəli sürülməmişdir və bunun labüd məntiqi nəticəsi olaraq da bu məsələ ümumiyyətlə mövcud iddia icraatının müzakirə predmeti olmamışdır. Göründüyü kimi Ali Məhkəmə qərarında yer verilən bu mövqenin mövcud iddia icratında baxılan hüquqi mübahisəyə ümumiyyətlə heç bir aidiyyəti yoxdur. Mülki Prosessual Məcəllənin (MPM) 9.3-cü maddəsində məcburi göstəriş olaraq bildirilir ki, məhkəmə “... öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır”. Həmçinin mülki iddia icraatının aparılması prinsiplərini müəyyən edən MPM-in 14-cü maddəsində göstərilir ki, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Qərarın 79-cu bəndində qeyd edilmişdir ki, “qanunvericiliyin normalarına görə məhrum olan ilk növbədə varlanmış şəxsin əldə etdiklərini tələb edə bilər, varlanan şəxs tərəfindən əldə edilənlərin qaytarılması mümkün olmadıqda onların dəyəri ödənilir”. Maraqlısı odur ki, nə apellyasiya məhkəməsi, nə də iddiaçı kassasiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyinə zidd heç bir fikir bildirməmişdir. Kassasiya məhkəməsi bu məsələni da sanki hüquq normasının tətbiqi ilə bağlı nöqsana yol verilibmiş kimi qeyd etsə də, tam əksinə apellyasiya məhkəməsinin mövqeyi də işin halları da yuxarıda qeyd edilən normanın tələbinə uyğundur. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı, onun hesabına maddi dəyər əldə etmiş cavabdehin mülkiyyətində görünən əmlakın əslində ona aid olmasına və mülkiyyət hüququnun yaranması dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, (dolayısıyla da cavabdehin hüquqazidd əldə etdiklərini fiziki olaraq ondan almaq istəmiş) iddia ərizəsi təmin edilmədiyi üçün (yəni əmlakın cavabdehdən alınması mümkün olmadığı üçün) həmin əmlakın dəyərini cavabdehdən istəmişdir. Beləliklə də iddiaçı mübahisəli əmlaka mülkiyyət hüququnu tanıtdıra bilmədiyi üçün həmin əmlakın qiyməti olan pul məbləğini tələb etməkdədir. Göründüyü kimi iddiaçının tələbi məhz elə kassasiya məhkəməsinin qeyd etdiyi hüquq normasının tələbi ilə bu baxımdan tam uzlaşır. Qərarın 80-ci bəndində qeyd edilmişdir ki, “qanuni qüvvəyə minmiş Xəzər Rayon Məhkəməsinin 2(003)-2894/2021 saylı qətnaməsi ilə “çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi” barədə iddiaçının tələbləri o əsasla rədd edilmişdir ki, həmin iddia bağ evinə dair cavabdehin mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olmuş sənədlər (alqı-satqı müqaviləsi, müvafiq icra hakimiyyəti orqanının qərarı və sairə) mabahisələndirilmədən qaldırılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Xəzər Rayon Məhkəməsində baxılmış iddiası əsassız varlanma nəticəsində cavabdehin əldə etdiyin əmlak tələbinə dair tələb kimi qiymətləndirilə bilməz”. Əvvəla qeyd edilməlidir ki, Ali Məhkəmənin qərarında irəli sürülən bu mövqe də həqiqətə və faktlara tamamilə ziddir. Belə ki, Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsində iddiaçının iddia tələbinin bağ evinə dair cavabdehin mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olmuş sənədlərin (alqı-satqı müqaviləsi, müvafiq icra hakimiyyəti orqanının qərarı və sairə) mabahisələndirilməməsi səbəbi ilə rədd edilməsi fikrinə qətiyyən yer verilməmişdir. Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsinin 5-ci səhifəsinin 4-cü abzasında qeyd edilmişdir ki, “mübahisəli torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinin qanuniliyini şübhə altına alan hər hansı bir əsas və sübut iş materiallarında olmadığı kimi, iddiaçı tərəfindən də təqdim edilməklə reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməmişdir”. Göründüyü kimi kassasiya məhkəməsinin mövqeyinin əksinə olaraq Xəzər Rayon Məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar mübahisələndirilmədiklərinə görə deyil, tələb sübuta yetirilmədiyi üçün təmin edilməmişdir. Beləliklə də Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsində vurğulanmamış bir halın kassasiya instansiyası məhkəməsinin qərarında sanki yazılıbmış kimi qeyd edilməsinə hüquqi məna vermək mümkün deyildir. Qərarın 81-ci bəndində qeyd edilmişdir ki, “iddiaçı bağ sahəsinin cavabdehin adına sənədləşdirilməsinin səbəbi kimi özü xarici dövlətin vətəndaşı olduğuna görə torpaq sahəsinin alqı-satqısının onun adına sənədləşdirilməsi qanunla yol verilməməsi ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsi iddiaçının bu dəlilini tam və hər tərəfli araşdırmamış, işin mübahisə olunmayan halları ilə müqayisə etməklə dəyərləndirməmişdir”. Məsələ ondan ibarətdir ki, iddiaçının xarici ölkə vətəndaşı olması səbəbi ilə torpaq sahəsini öz adına rəsmiləşdirə bilməməsi faktının hazırkı iddia icraatı baxımından işin mahiyyətinə və ədalətli həllinə heç bir təsiri yoxdur. Belə ki, iddiaçının qeyd edilən bağ evini nəyə görə öz adına deyil, faktiki qaynanasının adına alması ilə bağlı dəlil qanuni qüvvəyə minmiş Xəzər Rayon Məhkəməsinin 2(003)- 2894/2021 saylı 23 dekabr 2021-ci il tarixli qətnaməsi çərçivəsində baxılan iş üzrə əhəmiyyət kəsb edirdi. Çünki o iş üzrə mülkiyyət məsələsi mübahisələndirilirdi və təbii olaraq bağ evinin niyə cavabdehin adına rəsmiləşdirilməsi məsələsi həmin iş baxımından əhəmiyyət kəsb edirdi. İndiki mübahisə ilə bağlı isə, bağ evinin nə səbəblə faktiki qaynanasının adına rəsmiləşdirməsi deyil, bağ evinin alınması və təmirinin kimin vəsaiti hesabına həyata keçirilməsi mübahisəsinin araşdırılması aparılmaqdadır. Buna görə də bağ evi yuxarıda qeyd edilən səbəbə görə deyil də, fərqli bir səbəbə görə cavabdehin adına rəsmiləşdirilmiş olsaydı belə, bağ evinin alınması və təmiri üçün çəkilmiş xərclərin tələb edilməsi ilə bağlı nə dəyişəcəkdi ki? Belə olan halda mübahisənin mahiyyətinə aidiyyəti olmayan məsələnin apellyasiya məhkəməsi tərəfindən araşdırılmamasının kassasiya kollegiyası tərəfindən nöqsan olaraq qeyd edilməsini heç bir şəkildə hüquqi baxımdan anlamaq mümkün deyildir. Qərarın 82-ci səhifəsində qeyd edilmişdir ki, “... iddiaçı xarici ölkənin vətəndaşı olduğuna görə torpaq sahəsinə mülkiyyət hüququnun adına qeydiyyata alınmasına məhdudiyyətlər olsa da, iddiaçı bağ sahəsinə olan yaşayış evinin öz adına dövlət qeydiyyatına alınmasına heç bir maneə olmamış, buna baxmayaraq həmin məsələnin həlli ilə bağlı təşəbbüs göstərməmiş, uzun müddət keçməsinə baxmayaraq bu məsələni nə cavabdeh qarşısında qaldırmamış, nə də məhkəmədə mübahisələndirməmişdir”. Bununla bağlı nəzərə alınmalıdır ki, hazırki nümunədə ev və onun yerləşdiyi torpaq sahəsi ayrı-ayrı iqtisadi maraqlara deyil, tam əksinə, adından da məlum olduğu kimi bir-biriylə ayrılmaz şəkildə bağlı olan vahid bir “bağ evi” qayəsini və ehtiyacını qarşılayır. Başqa sözlə, torpaq və ya ev olmadan “bağ evi” anlayışıdan istifadə etmək məna və məntiq baxımından mümkün deyildir. Faktiki reallıq belə olduğu halda kassasiya məhkəməsinin bağ evi anlayışını parçalayaraq evin mülkiyyətinin bir şəxsin, onun yerləşdiyi torpağın mülkiyyətinin isə fərqli şəxsin adına rəsmiləşdirilə bilməsinin mümkün ola biləcəyini düşünməsi belə qəribə və məntiqdən kənardır. Qaldı ki, belə bir yanaşma açıqca mülki qanunvericiliyə ziddir. Çünki belə olan halda həm ev torpağın tərkib hissəsi olmaqla torpağın mülkiyyətçisinə aid hesab olunur (Mülki Məcəllə m. 135.10, 152.9, 190), həm də ev üzərindəki mülkiyyət haqqının həyata keçirilməsi üçün evin yerləşdiyi torpaq sahəsindən istifadə qaçılmaz bir zərurət olur. Həmçinin qərarın 82-ci bəndində qeyd edilmişdir ki, “göstərilən hallar və iddiaçının cavabdehin varlanması üçün xərcləri könüllü olaraq çəkməsi də nəzərə alınmaqla bağ sahəsinin və bağ evinin iddiaçı tərəfindən cavabdehə bağışlanması istisna olunmur. İşə baxan apellyasiya məhkəməsi ilə iddia tələbinin əsaslılığını ümumiyyətlə bu baxımdan qiymətləndirməmişdir”. Qəribədir ki, sözügedən bağ evinin cavabdehə bağışlanması ilə bağlı nə iddiaçının iddia tələbində, nə bu tələblə bağlı izahatlarında hər hansı bir şəkildə irəli sürülməmiş, nə cavabdeh tərəf və onun vəkili tərəfindən belə bir etiraz dilləndirilməmiş, nə də ki, iş materiallarında belə bir halın mövcud ola bilməsinə ehtimal yarada biləcək heç bir əsas olmamışdır. Belə olan halda iddiaçının vurğulamadığı və cavabdehin də istinad etmədiyi və məhkəməyə tərəflərcə təqdim olunmayan və bu səbəblə də məhkəmə tərəfindən araşdırılmamış bir halın kassasiya instansiya məhkəməsi tərəfindən qeyd edilməsi - iddia tələbindən kənara çıxmaqdan tutmuş mülki işlərdə hakimlərin baxdıqları mübahisəni iş materialları çərçivəsində araşdırmaq və iş materiallarında kənara çıxmağın qadağan olması öhdəliyinə qədər bir çox prosessual tələb və prinsipin pozulmasıdır. Üstəlik hazırki situasiyada necə bir bağışlamadan söz gedə bilər ki, qeyd edilən bağ evi 2004-cü ildən bəri fasiləsiz olaraq iddiaçının sahiblik və istifadəsindədir. Əgər iddiaçının bağışlamaq deyə bir niyyəti olsaydı bu 19 illik müddət çərçivəsində həmin bağ evində çoxdan cavabdeh tərəf məskunlaşmalı deyildimi? Məgər kassasiya kollegiyasına məlum deyilmi ki, daşınmaz əşyaya dair bağışlama müqaviləsi yazılı qaydada tərtib edilməli və notarial qaydada təsdiqlənməlidir?. Hansı ki, iş materiallarında belə bir müqavilə mövcud deyildir. Çünki heç bir zaman belə bir müqavilə və niyyət də olmamışdır. Məgər iş materiallarından görünmürmü ki, cavabdeh tərəf və vəkili bütün məhkəmə instansiyaları çərçivəsində təkidlə vurğulamaqdadırlar ki, guya bağ evi və təmiri onların maliyyə vəsaitləri hesabına həyata keçirilmişdir?. Belə olan halda bağ evi üçün çəkilmiş xərclərin iddiaçı tərəfindən həyata keçirilməsinə dair məqamın cavabdeh tərəfindən qəbul edilmədiyi vəziyyətdə hansı bağışlamadan söhbət gedə bilər ki? Üstəlik də heç bir tərəfin vurğulamadığı hala məhkəmənin toxunması da prosessual pozuntudur. Qərarın 83-cü bəndində qeyd edilmişdir ki, “hər hansı mülki iş üzrə şəxsin öz əmlakının bir hissəsini könüllü şəkildə başqa şəxsə verməsi müəyyən edilirsə və cavabdeh tərəfindən bunun bağışlama niyyəti olmadan verildiyi etiraf edilmirsə, əmlakın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər hansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükü də iddia edən tərəfin üzərinə düşür”. Zənnimizcə kassasiya məhkəməsinin təkidlə bağışlama məsələsini vurğulaması əslində iddiaçı tərəfin mövqeyinin haqlı olduğunun birbaşa təsbitidir. Belə ki, əslində birbaşa olaraq məhkəmə kollegiyası etiraf etmişdir ki, bağ evinin alınması və təmir işlərinin həyata keçirilməsi iddiaçı tərəfindən həyata keçirilmişdir. Çünki ümumiyyətlə 85 bənddən ibarət məhkəmə qərarının heç bir bəndində bağ evinin alınmasının və təmir işlərinin cavabdeh tərəfindən həyata keçirilməsinin mümkün ola biləcəyinə dair ehtimal belə qeyd edilməmişdir (əslində bu da çox təbii haldır, çünki işin bütün halları və işdə bununla bağlı olan sübutlar bağ evi ilə bağlı bütün xərclərin iddiaçı tərəfindən çəkilməsini bariz şəkildə göstərir). Sadəcə kassasiya kollegiyası bağ evinin alınması və təmir xərclərinin iddiaçı tərəfindən həyata keçirilməsi halında belə iddia tələbinin təmin edilməməsi ilə razılaşmamasının tək əsası olaraq iddiaçı tərəfindən çəkilmiş xərclərin cavabdeh tərəfə bağışlama niyyəti ilə edilmiş olmasını ehtimal etməsindən qaynaqlanmaqdadır. Bu səbəblə də kassasiya instansiyası məhz bu bağışlama faktının olub-olmamasının araşdırılmalı olmasına dair apellyasiya instansiya məhkəməsinə göstəriş vermişdir. Bir daha qeyd edilməlidir ki, kassasiya instansiyası tərəfindən apellyasiya instansiyası üçün iş üzrə əhəmiyyətli məcburi xarakterli araşdırılma göstərişi yalnız və yalnız bağışlama niyyətinin olub-olmamasının araşdırılması yönündədir. Burada mövcud hüquqi mübahisənin düzgün hüquqi həlli baxımından həlledici olan bir digər məqam da odur ki, cavab iddia edir ki, güya torpağın və evin tikinti xərclərini o özü qarşılayıb. Ancaq cavabdeh bununla bağlı nəinki heç bir sübut təqdim edə bilməyib, hətta bununla bağlı iddiası da ziddiyyətli və olduqca tutarsızdır. Çünki həqiqətdə bu qeyd olunan xərclərin heç bir qəpiyi də onun tərəfindən qarşılanmayıb. Əlavə olaraq qeyd edilməlidir ki, hazırki mübahisə ilə bağlı tətbiq edilməli olan hüquq münasibəti tapşırıq müqaviləsidir. Madam ki, iddiaçı mübahisəli bağ evinə mülkiyyət hüququnu təsdiqlətdirə bilməmiş və hazırda qüvvədə olan məhkəmə qətnaməsinə görə bağ evinin mülkiyyətçisi kimi cavabdeh qəbul edilmişdir, o zaman da iddia tələbi ilə bağlı hüquqi tənzimləmə həmin bağ evinin alınması (əslində barter edilməsi) və habelə təmiri üçün çəkilmiş xərclər də vəkalət alanın vəkalət verən üçün işlərin görülməsi kimi qiymətləndirilməlidir. Belə ki, MM-nin 777-ci maddəsində qeyd edilmişdir ki, “tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür”. Cavabdeh tərəfin vermiş olduğu izahatlar ziddiyyət doludur. Belə ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 2894/2021 saylı 23 dekabr 2021-ci il tarixli qətnaməsinin 3-cü səhifəsinin 2-ci abzasında Cavabdeh izahatına yer verilmişdir. Həmin izahatda Cavabdeh bildirmişdir ki, mübahisəli evi 2001-ci ildə almışlar. Həmçinin eyni abzasda qeyd edilmişdir ki, guya ki, həmin vaxt nəvəsi dünyaya gəldiyi üçün o, Moskvaya getmiş və İddiaçı etibarnamə vermişdir ki, evin tikinti işlərini həll etsin. Bu izaahat tamamilə başdan sona yalandır. Birincisi, ev 2001-ci ildə deyil, 2004-cü ildə alınmışdır. Cavabdeh iddiaçıya etibarnaməni tikinti işləri ilə məşğul olsun deyə deyil, ev alınsın deyə vermişdir. Ümumiyyətlə tikinti işləri ilə məşğul olmasının bir kimsəyə tapşırılması üçün etibarnamə verilməsinə ehtiyac yoxdur. Hətta cavabdehin bu izahatının düzgün olduğunu qəbul etsək belə, o zaman iddiaçının cavabdeh üçün tapşırıq müqaviləsini icra etməsi bir daha öz təsdiqini tapmış olacaqdır. İddiaçı tərəf o qədər haqlı, cavabdeh tərəf isə o qədər haqsızdır ki, cavabdehin izahatının doğru qəbul edilməsi də, səhv qəbul edilməsi də iddiaçı üçün hüquqi baxımdan arzuolunan nəticəyə gətirib çıxarır. Bununla yanaşı qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsinin 7-ci bəndində cavabdehin yazılı izahatına yer verilmiş və cavabdeh bu səfər bildirmişdir ki, iddiaçı alqı-satqı müqaviləsində sadəcə nümayəndə kimi iştirak etmiş və o, xəstəliyi ilə əlaqədar qızının yanında Moskva şəhərində olduğu üçün iddiaçıya etibanamə vermişdir. Göründüyü kimi bu iki izahat fərqli mahiyyətli və ziddiyyətlidir. Habelə cavabdeh qeyd edilən yazılı izahatında guya ki, bağ evinin onun pulu hesabına alınması və təmir edilməsini qeyd etmişdir. Belə olan halda cavabdeh bununla bağlı sübutlarını məhkəməyə təqdim etməli idi. Ancaq heç bir sübutun təqdim edilməməsi, daha doğrusu tədqim edilə bilinməməsi birbaşa olaraq bu izahatın yalan olduğuna işarədir. Eyni zamanda burada başqa bir maraqlı bir məqam yaranır ki, əgər cavabdeh özü Moskva şəhərində olduğu üçün İddiaçı etibarnamə vermək ehtiyacı duymuşdusa, bəs nəyə görə həmin etibarnaməni bütünlüklə Azərbaycan Respublikasında yaşayan öz həyat yoldaşına deyil, ilin uzun dövrünü Rusiya Federasiyasında keçirən İddiaçı vermişdir? Habelə cavabdeh tərəf müqavilənin imzalandığı dövrdə də ölkədə deyil, Moskva şəhərində olmasına və həmçinin bu qədər dəyərli bir evi ala və təmir edə biləəck qədər maddi imkana sahib olmalarına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsinin 12-ci bəndindən də göründüyü kimi cavabdeh bağ evinin alınması və təmir tikinti işlərinə çəkilən xərclərlə dair vahid fikir irəli sürə bilməmişdir. Belə ki, cavabdeh əvvəlcə bağ evinin alınması üçün pulu iddiaçıya şəxsən özünün verdiyini, sonra bağ evinin alınması üçün pulu iddiaçıya əri Nazimin verdiyini, daha sonra isə qızı Elnarənin vəsaiti hesabına alındığını, daha sonra isə təmir tikinti üçün xərclərin Moskvada iddiaçıya məxsus olan şirkətin 25% payçısı olduğu üçün ordan gələn gəlirlər və qızı Elnarənin köməkliyi hesabına həyata keçirdiyini bildirmişdir. Fərqli sitausiyalarda cavabdehin fərqli izahatlar verməsi deyilənlərin həqiqəti əks etdirmədiyinə və qurama ssenari məhsulu olduğuna birbaşa dəlalət etməkdədir. Cavabdehlə qızı arasındakı fikir ayrılığı azmış kimi bir də apellyasiya məhkəməsinin qətnaməsinin 13-cü bəndində cavabdehin vəkilinin etirafının cavabdeh tərəfin mövqeyi ilə ziddiyyət təşkil etməsi də iddiaçının haqlılığına növbəti sübutdur. Belə ki, həmin bənddən görünür ki, cavabdehin vəkili iddiaçının müəyyən xərclər çəkdiyini bildirmişdir. Birbaşa etiraf mahiyyətli bu izahatın mütləq şəkildə məhkəmə kollegiyası tərəfindən nəzərə alınmalı olduğu qənaətindəyik. İş materiallarından açıq şəkildə görünür ki, bağ evi iddiaçıya məxsus MTK-dakı evlə əvəzləşdirmə əsasında əldə edilmişdir. Habelə dindirilmiş şahid ifadələri və cavabdeh tərəfin etirafı ilə bağ evinin istisnasız şəkildə 2004-cü ildən etibarən iddiaçı tərəfindən istifadə edilməsi, dindirilmiş şahid ifadələri ilə evin təmir tikinti işlərinin iddiaçı tərəfindən həyata keçirilməsi işin mübahisəsiz halıdır. Məhz bütün bu halların məntiqi sonluğu olaraq qanuni qüvvəyə minmiş Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsinin 6-cı səhifəsində də qəbul edilmişdir ki, bağ evinin tikintisi (habelə alınması) və təmir işləri ilə bağlı xərclər məhz iddiaçı tərəfindən həyata keçirilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi də qanuni qüvvəyə mindiyi üçün həmin halların yenidən araşdırılmasına və sübuta ehtiyac olmadığı da prosessual tələbdir.”

40. Cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 Ali Məhkəmənin qərarında göstərilənlərə istinadla əvvəlki apellyasiya baxışı zamanı verdiyi izahatla və əvvəlki apellyasiya baxışı zamanı təqdim etdiyi yazılı etirazın məzmunu ilə eyni məzmunda izahatlar verərək şikayətin əsassız olduğunu bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

41. İşə baxılmasının vaxtı (yeri) barədə məlumatlandırılmasına baxmayaraq, əvvəlki apellyasiya baxışı zamanı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi prosesə cəlb edilmiş X16 məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

43. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

44. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

45. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

46. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

47. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır.

48. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

49. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

50. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

51. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

52. Maddə 782.3. Əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir.

53. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

54. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

55. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır.

56. Maddə 786.5. Əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər.

57. Maddə 786.6. Əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun.

58. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

59. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

60. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

61. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

62. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

63. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz

64. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

67. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

70. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

71. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

72. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

73. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

74. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

75. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

76. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

77. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

79. Kollegiya həmçinin qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

80. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

81. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Başqa sözlə, hakim iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir.

82. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

83. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin tapşırıq müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, mübahisəsi gedən torpaq sahəsi və bağ evi hazırda cavabdehin mülkiyyətindədir və o, həmin əmlakları iddiaçıya etibarnamə vermək surəti ilə əldə etdiyini bildirir, iddiaçı isə sözügedən əmlakın əldə olunması, təmiri və bununla bağlı müvafiq sənədləşdirmə işləri üçün çəkmiş olduğu xərclərin ödənilməsini tələb edir. Başqa sözlə iddiaçı, cavabdeh üçün işlər gördüyünü və bu işlərin görülməsi səbəbi ilə 410 000 (dörd yüz on min) manat xərclədiyini, cavabdeh isə işlərin iddiaçı tərəfindən görüldüyünü qəbul etməklə yanaşı, çəkilən xərcləri özünün ödədiyini bildirməkdədirlər. Belə olan halda, tərəflər arasında tapşırıq müqavilə münasibətinin mövcudluğunu qəbul etmək lazım gəlir (§ 48,49).

84. Beləliklə, cavabdehin əmlakın əldə olunması ilə bağlı iddiaçıya tapşırıq verdiyi, iddiaçının isə, tapşırığın icrası məqsədilə ona verilən etibarnamə əsasında əmlakın əldə olunması, təmiri və sənədləşdirmə işlərini icra etdiyi müəyyən edilir. Yəni həm cavabdehin tapşırıq verməsi, həm də iddiaçının da bu tapşırığı qəbul etməsi işin mübahisəsiz halıdır.

85. Bu baxımdan aydınlaşdırılmalı olan məsələ, iddiaçının (tapşırıq alanın) tapşırığı icra edib-etmədiyi və bu zaman xərclər çəkib-çəkmədiyi, əgər çəkmişdirsə həmin xərclərin cavabdeh (tapşırıq verən) tərəfindən ödənilib-ödənilmədiyidir. Nəzərə alınmalıdır ki, bütün müqavilə öhdəliklərində olduğu kimi tapşırıq müqaviləsi üzrə də hər bir tərəf mübahisə halında öz öhdəliyini icra etdiyini sübut etməlidir. Bu baxımdan da mövcud iş üzrə vəkalət alan olaraq iddiaçı, vəkalət verən cavabdehin tapşırığını icra etdiyini və buna görə xərclər çəkdiyini sübut etmək yükü daşıyır, vəkalət verən olaraq cavabdeh isə həmin xərcləri ödəmiş olduğunu sübutetmə yükü daşıyır.

86. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 65-68).

87. Mülki-prosessual qanunvericiliyin sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair müəyyənləşdirdiyi prinsip (§ 72) baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona tapşırılan işi icra etdiyi işin mübahisəsiz halını təşkil edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət yoxdur.

88. Cavabdehin tapşırığının iddiaçının vəsaiti hesabına həyata keçirildiyi isə həm mübahisəsi gedən əmlakın iddiaçıya məxsus mənzilin əmlakın satıcısı olan Rəna Axundovaya verilməsi yolu ilə əldə edildiyinin yazılı sübutla və Rəna Axundovanın izahatı ilə müəyyən olunması, həm də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qətnaməsi əsasında müəyyən edilən halla sübuta yetirilir.

89. Xüsusilə qeyd olunmalıdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi həmin qətnaməsində “mübahisəli bağ evinin tikintisi və təmiri ilə bağlı xərclərin İddiaçı tərəfindən çəkilmiş olduğunun müəyyən edildiyini” vurğulamış, cavabdeh həmin qətnamə ilə razılaşaraq ondan şikayət verməmişdir.

90. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları (§ 70,74) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

91. Beləliklə kollegiyanın qənaətinə görə, iddiaçı sübutetmə yükü ilə bağlı öz üzərinə düşən vəzifəni icra etmişdir və mübahisə üzrə gəlinəcək nəticə cavabdehin, iddiaçıya tapşırdığı işlərin icrası ilə əlaqədar onun çəkdiyi xərci ödəyib-ödəmədiyinin müəyyənləşdirilməsindən asılıdır.

92. Cavabdeh tapşırdığı işlərin (torpaq sahəsinin əldə olunması, bağ evinin təmiri və sənədləşdirilməsi) icrası ilə bağlı çəkilən xərcləri ödədiyinə dair heç bir mötəbər sübut təqdim etməmiş, həmin xərclərin 410 000 manat təşkil etdiyini isə ümumiyyətlə mübahisələndirməmişdir.

93. Onun bununla bağlı şifahi bildirdikləri olduqca ziddiyyətli olub, işin hallarına da uyğun gəlməməkdədir.

94. Belə ki, cavabdeh əvvəlcə bağ evinin alınması üçün pulu iddiaçıya şəxsən özünün, sonra əri Nazimin verdiyini, daha sonra isə qızı Elnarə tərəfindən verildiyini bildirmiş, digər tərəfdən isə, çəkilən xərclərin bir qisminin iddiaçı tərəfindən qarşılandığını etiraf etmişdir.

95. Cavabdehin sübut qismində təqdim etdiyi, qızı Elnarənin “evin təmir pullarını öz 25%-lik şirkət payı hesabına düşən mənfəət (divident) hesabına ödədiyi”ni bildirməsi isə işin halları ilə ziddiyyət təşkil edir. Belə ki, Elnarə Osmanovanın özünün də bildirdiyinə görə həmin dövrdə o, iddiaçı ilə faktiki nikah münasibətində olmuşdur. Faktiki nikah dövründə olduqları və iddiaçıya məxsus şirkətdə işlədiyi dövrdə evi sırf özünün şəxsi vəsaiti hesabına alması və sonra da bütün təmir və sənədləşdirmə işləri ilə bağlı bütün xərcləri şəxsən özünün şəxsi vəsaiti hesabına həyata keçirməsi iddiası həm gündəlik həyatın normal hallarına, həm anasının izahatına, həm də bütövlükdə işin hallarına uyğun gəlmir.

96. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, ağlabatan mühakimə əsasında mübahisəsi gedən torpaq sahəsinin cavabdehin tapşırığı əsasında məhz iddiaçı tərəfindən alındığı və bağ evinin iddiaçının vəsaiti hesabına inşa edildiyi, lakin tapşırığın icrası zamanı iddiaçının çəkdiyi xərclərin cavabdeh tərəfindən ona ödənilmədiyi, beləliklə də cavabdehin tapşırıq müqaviləsi üzrə yaranan öhdəliyini icra etmədiyi qənaətinə gəlmək mümkündür.

97. Kasassaiya instansiyası məhkəməsinin “hər hansı mülki iş üzrə şəxsin öz əmlakının bir hissəsini könüllü şəkildə başqa şəxsə verməsi müəyyən edilirsə və cavabdeh tərəfindən bunun bağışlama niyyəti olmadan verildiyi etiraf edilmirsə, əmlakın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər hansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükü də iddia edən tərəfin üzərinə düşür” mövqeyi ilə bağlı isə kollegiya qeyd edir ki, mübahisəsi gedən əmlakın cavabdehə bağışlanması ilə əlaqədar nə tərəflərcə məhkəməyə təqdim edilmiş bir hal, nə də buna dair hər hansı bir iddia və ya etiraz mövcud deyildir. Mülki prosessual qanunvericilik isə tələb edir ki, (§ 63, 65) belə olan halda mülki qanunvericiliyin bağışlama ilə bağlı müddəaları müzakirə və tətbiq oluna bilməz. Bundan başqa nəzərə almaq lazımdır ki, iş materiallarında etibarlı bağışlama müqaviləsi (§ 47) mövcud deyildir. Həmçinin işdə olan bütün sübutlar göstərir ki, bağ evindən 2004-cü ildən bəri cavabdeh deyil, məhz iddiaçının özü istifadə edir və ev onun faktiki sahibliyindədir.

98. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

99. Kollegiya həmçinin hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumlarının məbləğləri də cavabdehdən alınaraq ona ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

100. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1602/2022 saylı iş üzrə 18 avqust 2022-ci il tarixli qətnanməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbi təmin edilsin. Cavabdeh 410 000 manat, eləcə də iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı dövlət rüsumu qismində ödənilmiş 1053 (min əlli üç) manat alınaraq İddiaçı verilsin. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar