Məhkəmə qərarları › İş №2(103)-4797/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4797/2020

10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4797/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası X1 nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1467/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş maddi zərərin əvəzinin tam həcmdə ödənilməsi üçün 7882,12 manat məbləğin Azərbaycan Respublikası X2ndan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2015-ci ildə o, “xxxxxxxxxxxxx” QSC-yə 28000 ABŞ dolları məbləğində illik 12% şərti ilə əmanət qoymuşdur. Əmanətin həcmi 1 ABŞ dollarının həmin günə manata olan məzənnəsinə görə (1.0492 manat) 29377.6 manat ekvivalentində olduğuna görə müqavilənin 8.2-ci bəndində əmanətinin 100% həcmində sığortalanması qeyd edilmişdir. Lakin, bank iflas olandan sonra Azərbaycan Respublikası X2 kompensasiya məbləğini 1 ABŞ dollarının sığorta hadisəsinin baş verdiyi xx.xx.2016-cı il tarixinə məzənnəsi (1.6138 manat) ilə hesablayaraq, xx.xx.2016-cı ildə ona yalnız əmanətin bir qismini, yəni 18599 ABŞ dolları məbləğini kompensasiya etmiş, əmanətin qalan 12154.32 ABŞ dolları hissəsini isə ödəməkdən qanunsuz olaraq imtina etmişdir. Onun Fonda dəfələrlə etdiyi müraciətlər rədd edilərək, həmin məbləğə əmlak hüququ kobud şəkildə pozulmuşdur. Onun Fonda kompensasiyanın qalan hissəsinin ödənilməsi tələbinə dair iddiası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilmiş və ona kompensasiyanın 12154.32 ABŞ dolları məbləğində qalan hissəsinin ödənilməsi qət edilmişdir. Lakin Fond öz qanunsuz mövqeyini dəyişməmiş, qətnamədən apellyasiya şikayəti verərək, onun hüquqlarını pozmaqda davam etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli Qətnaməsi ilə Fondun apellyasiya şikayəti rədd edilmişdir. Buna baxmayaraq, Fond onun hüquqlarını pozmaqda davam edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli Qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lakin Ali Məhkəmənin Qərarından sonra da Fond öz öhdəliyini könüllüicra etməmişdir. Nəhayət, Nəsimi rayonu İcra və probasiya şöbəsinin böyük icra məmuru Azər Heydərovun xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişindən sonra xx.xx.2019-cu ildə Fond 12154.32 ABŞ dolları məbləğini mənim bank hesabına köçürmüşdür. Beləliklə, Fond 2 il 8 ay 22 qün ərzində mülki qanunları qəsdən pozaraq, onu əmlakına sahiblik, istifadə və sərəncam hüququndan məhrum etmişdir. Buna görə də, o, həmin müddət ərzində öz əmlakından bəhrələnib gəlir götürmək imkanından məhrum olmuş və bununla ona mühüm zərər vurulmuşdur. Fond tərəfindən ona vurulmuş zərərə aşağıdakılar daxildir: pozulmuş hüququnu məhkəmə vasitəsilə bərpa etmək üçün çəkdiyi xərclər (iddia vermək üçün ödədiyi dövlət rüsumu, iddia vermək üçün ödədiyi dövlət rüsumu-30 manat, Vaqif Əliyevə hüquqi nümayəndə kimi etibarnamə tərtibi üçün xx.xx.2017-ci ildə 19 N-li notariat kontorunda ödənmiş haqq-11,5 manat, cəmi 41,5 manat) və əmlakından məhrum olmasaydı adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlir (əldən çıxmış fayda). Azərbaycan Respublikasının Mərkəzi Bankının veb saytının məlumatına görə 1 ABŞ dollarının rəsmi məzənnəsi xx.xx.2017-ci iltarixinə 1.7707 manat olmuşdur. Odur ki, 12154.32 ABŞ dollarının həmin gün əmanat ekvivalentini 21521.65 manat təşkil edirdi. Mülki dövriyyədən çıxarılmış məbləğ bank depozitinə qoyulardısa, əldə ediləcək gəlirin (əldən çıxmış faydanın) məbləğini müəyyən etmək məqsədilə o, bir sıra banklara 2017-2019-cu illərdə mövcud olmuş deposit faizləri barədə sorğu ilə müraciət etmişdir. Cavablar iş materiallarındakı cədvəldə əks olunmuşdur. 21521.65 manat məbləğini o, xx.xx.2017-ci ildən başlayaraq, illik faiz məbləğini əsas əmanətə əlavə etməklə, VTB banka deposit kimi qoysaydı, xx.xx.2019-cu il tarixinə onun qazanacağı faiz gəliri (əldən çıxmış fayda) 7840.62 manat olacaqdı. Beləliklə, Fondun ona vurduğu və əvəzini ödəməli olduğu zərərin tam həcmini 7882.12 manat təşkil edir.Göstərilənlərə əsasən iddianın təmin edilməsinixahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1467/2020 saylı qətnaməsi ilə, iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1467/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, Ali Məhkəmənin Qərarı ilə təsdiq edilmiş faktların təkrarən sübut edilməsinə ehtiyac yoxdur. Çünki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsində deyilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. X2 tərəfindən 12154.32 ABŞ dollarına onun mülkiyyət hüququnun 2 il 8 ay 22 qün ərzində qəsdən pozulması faktı; həmin məbləğin mülki dövriyyədən qanunsuz çıxarılması faktı; onun həmin əmlakından qanunsuz məhrum olunmağı faktı işdə olan sübutlara aiddir. Vurulmuş ziyan məbləği- iddia vermək üçün 30AZN dövlət rüsumunun ödənişi faktını onun ƏSF-yə 2017-ci ildə iddianın Nəsimi rayon məhkəməsi tərəfindən (hakim Pərviz Hüseynov) icraata qəbul edilərək, 2(006)-3159/2018 N-li mülki iş kimi baxılması halı təsdiq edir. Şübhəsizdir ki, dövlət rüsumu ödənilməyən iddia ərizəsi icraata götürülüb məhkəmə baxışma çıxarılmır. İddia üçün dövlət rüsumunun məbləği 30AZN-dir və onun bank ödənişi qəbzi Nəsimi rayon məhkəməsində olan 2(006)-3159/2018 N-li mülki işdədir. O, həmin qəbzi mülki iş materiallarından çıxarmaq imkanında deyil. Azərbaycan Respublikası MPM-nin 79.1-ci maddəsinə görə yazılı sübutları məhkəməyə təqdim etmək çətin olduqda, məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər. Odur ki, məhkəmə ya həmin işin materiallarına baxış keçirə, ya da həmin işdən qəbzin surətini götürə bilərdi. Vurulmuş ziyan məbləği - Vaqif Əliyevə hüquqi nümayəndə kimi Etibarnamə tərtibi üçün 19 N-li notariat kontoruna 11.5 AZN haqq ödənişi faktı xx.xx.2017-ci il tarixli Etibarnamənin özü ilə sübut olunur. Etibarnamə vərəqinin aşağı hissəsində notarius Hafis Hacızadənin imzasından əvvəlki sətirdə yazılmışdır: “11.5 manat haqq tutulub”. Bu fakt notariusun imzası və möhürü ilə təsdiq olunmuşdur. Əldən çıxmış faydanın məbləği - əmlakından məhrum olmasaydı adi mülki dövriyyə şəraitində əldə edə biləcəyim gəlirin hesablanmış məbləği aşağıdakı sənədlərlə sübutdur: 1. xx.xx.2017-ci il tarixinə Mərkəzi Bankın web saytından ABŞ dollarının/manatın məzənnəsi barədə rəsmi məlumat olan çıxarış; 2.VTB bankın və digər bankların 2017-2019-cu illərdə əmanətlərə verilən depozit faizlərinə dair məktubları. Beləliklə, onun iddia tələbi iddia ərizəsinə əlavə edilmiş sadaladığı sənədlərlə tam sübut olunmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1467/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası X1 nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1467/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3159/2018 saylı qətnaməsinin surətindən görünür ki, 12154.32 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh Azərbaycan X2ndan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-2633/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3159/2018 saylı qətnaməsindən cavabdeh Azərbaycan X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3159/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-3120/2019 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 2633/2018 saylı qətnaməsindən cavabdeh Azərbaycan X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-2633/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan 2(006)-3159/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3159/2018 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 3120/2019 saylı qərarına əsasən xx xxx 2019-cu il tarixdə qanuni qüvvəsini almış, xx xxxx 2019-cu ildə icraya yönəldilmişdir. İş materiallarından Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2019cu il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3159/2018 saylı icra sənədinə əsasən icraata başlanılmışdır. İş materillarından Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, icra sənədinin könüllü icrası borcluya təklif olunmuşdur. İş materiallarından xx xxxxxx 2019-cu il tarixli məxaric orderindən görünür ki, icra sənədi üzrə pul məbləği İddiaçı ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, məhkəmə qətnaməsi ilə 12154.32 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh Azərbaycan X2ndan alınaraq İddiaçı ödənilməsi qət edilmiş, həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə icraya yönəldilmiş, həmin pul məbləği xx xxxxxx 2019-cu il tarixdə iddiaçıya ödənilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, iddiaçı ödədiyi dövlət rüsumu ilə bağlı sübut təqdim etməmişdir. Həmçinin iddiaçı Vaqif Əliyev adlı şəxsə etibarnamə verilməsi üçün notariusa dövlət rüsumu ödəməsi ilə bağlı sübut təqdim etsə də, Vaqif Əliyevin hansı hüquqi yardım göstərməsi, onun belə səlahiyyətə malik olubolmaması, həmin şəxsin məhkəmədə nümayəndəlik institutundan istifadə etməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Həmçinin, iddiaçı öz əmlakından gəlir götürmək imkanından məhrum olduğunu və bununla ona mühüm zərər vurulduğunu, əldən çıxmış faydanı tələb etsə də, bunun əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, MM-nin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Göründüyü kimi, iddiaçı icra qaydasında xx xxxxxx 2019-cu ildə pulu aldığı halda, həmin vaxta kimi əldən çıxmış fayda ilə bağlı gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri barədə sübutlar təqdim etməmişdir. Banklara isə faiz dərəcələri ilə bağlı xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixlərdə müraciətləri olmuşdur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1467/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim: imza: Hakimlər: imzalar: Əsli ilə düzdür Hakim Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar