Məhkəmə qərarları › İş №2(103)-4800/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4800/2023

13.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4800/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4800/2023 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı X2 Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2307/2023 saylı 25 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının yaşadığı ünvan 1 ünvanında təbii qazdan istifadə edilməsinə görə istehlakçıya 1823.60 manat borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı 9118 m3 həcmində itirilmiş qaz sərfıyyatına görə qanunsuz olaraq hesablanmış cari 1823.60 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixində “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən qaz sayğacının yoxlanılmasına dair baxış zamanı №6865791 saylı akt tərtib olunaraq, “İTRON” tipli “G-4” markalı, 1602AZ**********27 nömrəli qaz sayğacı çıxarılaraq, “Zenner Smart” tipli “G-4” markalı STSO**********19 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Bundan sonra, ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacının yoxlanması üçün Dövlət Neft şirkəti Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının mərhum anasına məxsus “İTRON” tipli “G-4" markalı, 1602AZ**********27 saylı qaz sayğacına baxış keçirilmiş, onlara məxsus qaz sayğacına dair borc hesablandığı bildirilmişdir. Həmin vaxtadək əvvəlki qaz sayğacının işlək vəziyyətdə olub-olmaması barədə, eyni zamanda borc barədə xəbərləri olmamışdır. Belə ki, həmin vaxta qədər onlara məxsus qaz sayğacından istifadə edilməsi zamanı bir problemlə qarşılaşmamışlar. İddiaçı həmçinin qeyd edir ki, sözü gedən qaz sayğacı həyətdə quraşdırıldığından ona müdaxilə olunub-olunmaması, texniki yararlılığa uyğunluğu ilə bağlı ümumiyyətlə məlumatı yoxdur. Həmçinin, onun texniki istismara yararlılığının nəzarətdə saxlanılması istehlakçının deyil, cavabdeh orqanın vəzifəsidir.İddiaçı daha sonra cavabdeh orqana müraciət edən zaman guya borclu olduğu bildirilmiş, və iddiaçıya Cavabdeh İB tərəfindən yalnızca xx.xx.2023-cü il tarixli ******* saylı akt təqdim olunmuşdur. Belə ki, “GASREP” sistemindən çıxarış və abonentin saldosu iddiaçının təkidli israrına rəğmən ona təqdim edilməmişdir. Təqdim olunmuş akta əsasən isə “İTRON" tipli “G-4” markalı, 1602AZ**********27 nömrəli qaz sayğacı çıxarılaraq, “Zenner Smart" tipli “G-4” markalı STSO **********19 nömrəli qaz sayğacının quraşdırılma səbəbi əvəzetmə göstərilmiş və 9118 m3 həcmində itirilmiş qaz sərfiyyatma görə 1823.60 (bir min səkkiz iyirmi üç manat altmış) manat məbləğində borc hesablandığı iddiaçıya məlum olmuşdır. Həmçinin iddiaçı bildirir ki, tərəfindən heç bir vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Uzun illərdir ki, qaz sayğacı quraşdırılmılş vaxtlıvaxtında sərf etmiş qazın dəyəri qismində pul ödənilmişdir. İddiaçının himayəsində üç azyaşlı övladı vardır. Cavabdeh orqanın qanunsuz əməlləri nəticəsindən, qazın verilməsinin dayandırılması nəticəsində onlarında hüquqları kobud surətdə pozulmuşdur. Nəzərə alsaq ki, soyuq qış aylarıdır, uşaqların və ailəsinin hal-hazırda qaz təchizatına daha çox ehtiyacı vardır. Bunun üçün qanunsuz tələb olunan pulun silinməsi üçün bir tək ədalət mühakiməsini həyata keçirən məhkəməyə ümidi qalmışdır. Azərbaycan Respublikasının vətəndaşı kimi Konstitusiya hüquqları kobud surətdə Cavabdeh tərəfindən pozulmuşdur.Bütün yuxarıda göstərilənləri əsas götürərək, iddiaçıdan qanunsuz olaraq tələb olunan 9118 m3 həcmində itirilmiş qaz sərfivyatına görə 1823.60 manat məbləğində borcun silinməsini məqsədə müvafıq hesab edir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(011)- 2307/2023 saylı qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia təmin edilməmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, Mülki Məcəllənin 448.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1-cimaddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnanmə çıxararkən maddi və prosessual hüquq normalarını pozmaqla əsasız və qanunsuz qətnamə qəbul etmişdir. Sübutlara - yəni aktlara hərtərəfli və tam baxılmayıb. Borcun yaranmasında iddiaçının təqsiri yoxdur.Qətnamə qəbul edilərkən lazımi qaydada əsaslandırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11.Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu

12. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

13. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

14. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

15. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

16. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

17. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydalar

18. Bənd 5.1 Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

25. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında“ ******* saylı aktdan görünür ki, mexaniki göstərici ilə elektron göstərici arasında 9162 m3 fərq vardır.

26. Abonent saldosundan görünür ki, X3 2010-cu ilin iyun ayından 2023-cü ilin mart ayına kimi 2262 manat məbləğində debitor borcu yaranmışdır.

27. Cavabdeh İB-nin nümayəndəsi birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında iddiaya etiraz edərək, tələb olunan borcun istehlakçının öz sərfiyyatına görə yaranmış borc olduğunu və bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir.

28. “Qazdan istifadə Qaydaları”nda təsbit olunmuş hüquq normalarının məzmunundan görünür ki, istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənilməlidir.

28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının anası X6 ilə Cavabdeh İB arasında qazın istismara verilməsi barəsində müqavilə bağlanmışdır. X1 vəfat etmişdir. Hazırda həmin mənzildə İddiaçı yaşayır. Odur ki, iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, 2023-cü ilin fevral ayında iddiaçının evində quraşdırılmış “İTRON” tipli “G-4" markalı, 1602AZ**********27 saylı mexaniki qaz sayğacı çıxarılmış, sayğac çıxarılan zaman sayğacın mexaniki göstəricisi 32066 m3 elektron göstəricisi isə 22904.2 m3 olmuşdur. Həmin göstəricilər arasında 9162 m3 fərq olduğundan köhnə qaz sayğacı çıxarılaraq, “Zenner Smart" tipli “G- 4” markalı STSO **********19 nömrəli qaz sayğacı quraşdırılmışdır. Görünüdüyü kimi, iddiaçı barəsində, ümumiyyətlə, hər hansı akt tərtib olunmamış və hər hansı borc yazılmamışdır. İddiaçının silinməsini xahiş etdiyi borc debitor borcdur.

28. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquq normaları barədə düzgün nəticəyə gəlmişdir, qətnamə qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

30. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

32. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2307/2023 saylı 25 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar