Məhkəmə qərarları › İş №2(103)-4801/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4801/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4801/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1071/2021 saylı, 18.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə ləğv prosesində olan İddiaçı ASC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4369,31 ABŞ dolları əsas, 2974,95 ABŞ dolları faiz, 1492,53 ABŞ dollarl cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 636,84 ABŞ dolları kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə X1 məxsus olan, “Nissan X Trail” markalı, ağ mirvari rəngli, 2005-ci il buraxılışlı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə tutmanın yönəldilməsi, həmin avtonəqliyyat vasitəsinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30.0.2014-cü il tarixli, 063 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 8.600 USD (səkkiz min altı yüz) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Sonradan müqavilənin müddəti 30.01.2018-ci il tarixə qədər uzadılmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan “Nissan X Trail” markalı, ağ mirvari rəngli, 2005-ci il buraxılışlı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi avtomobil bank qarşında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 4369,31 ABŞ dolları əsas, 2974,95 ABŞ dolları faiz, 1492,53 ABŞ dollarl cərimə və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 636,84 ABŞ dolları borcu mövcuddur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1071/2021 saylı, 18.03.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 4369,31 ABŞ dolları əsas, 2974,95 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə borcu, cəmi 7364,26 (yeddi min üç yüz altmış dörd dollar iyirmi altı sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus «Nissan X Trail» markalı, 99- GL-896 dövlət nömrə nişanlı avtomobilə (BAN NT30161597, rəngi ağ mirvari, buraxılış ili 2005) yönəldilməsi, ipoteka predmeti olan «Nissan X Trail» markalı, **-GL-*** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti 12.500 (on iki min beş yüz) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) müəyyən edilməsi, avtomobilin açıq hərracdan satılması və avtomobilin satışından əldə edilən pul vəsaiti hesabına 7364,26 (yeddi min üç yüz altmış dörd dollar iyirmi altı sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, qalan vəsaitin Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddianın qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 (iyirmi üç) manat məbləğində pulun Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 7 (yeddi) manat hissəsinin isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin özünə aid edilməsi qət edilmişdir (sədrlik edən: Təranə Mahmudova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1071/2021 saylı, 18.03.2021-ci il tarixli qətnaməsinin əsas borc, faiz borc, cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin və tutmanın ipoteka predmeti “Nissan X Trail” markalı, Tip: Universal, ağ mirvari rəngli, buraxılış ili 2005ci il olan, ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinin təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh arasında bağlanmış 30.01.2014-cü il tarixli 063 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 8600 (səkkiz min altı yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Nissan X Trail” markalı (Tip:Universal, Buraxılış ili-2005), ** GL ***dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 30.01.2014-cü il tarixli, 063 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “Nissan X Trail” markalı (Tip: Universal, Buraxılış ili-2005), ** GL *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Belə ki, Bank öz üzərinə düşən öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “Fond” adlanacaq) “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldiməsi barədə” tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cəmi 9473,63 (doqquz min dörd yüz yetmiş üç ABŞ dolları 63 sent) ABŞ dolları məbləğində kredit borcunun - bundan 4369,31 ABŞ dolları əsas, 2974,95ABŞ dollarıfaiz, 1492,53 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 636,84 ABŞ dolları faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “Nissan X Trail” markalı, Tip: Universal, ağ mirvari rəngli, buraxılış ili 2005-ci il olan, ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ilə bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrakinə uygun olaraq həyata keçirilir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikin (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 32% faizi ödəyir. Cavabdeh tərəfindən imza edilən 30.01.2014-cü il tarixli kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən isə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin iddia tələbi üzrə cərimə hissəsi 1492,53 ABŞ dolları olduğu halda, azaldılaraq məhkəmə qətnaməsi ilə yalnız 20 ABŞ dolları cərimə məbləği təmin edilmişdir. Bundan başqa ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə girov qoyulan olan “Nissan X Trail” markalı, Tip: Universal, ağ mirvari rəngli, buraxılış ili 2005-ci il olan, ** GL *** dövlət qeydiyyat nömrəli avtomobilə 12.500 ABŞ dolları ilkin hərrac satış qiyməti qoyulmuşdur. İpoteka predmeti olan olan “Nissan X Trail” markalı, Tip: Universal, ağ mirvari rəngli, buraxılış ili 2005-ci il olan, ** GL *** dövlət qeydiyyat nömrəli avtomobilə qoyulan 12.500 ABŞ dolları ilkin hərrac satış qiyməti çox yüksəkdir. Ümumiyyətlə məhkəmə tərəfindən qeyd olunan avtomobilin faktiki vəziyyətini bilmədən bu formada qiymət qoyulması məqsədəmüvafiq deyil. Çünki ipoteka predmeti olan avtomobil borclu tərəfindən istifadə edildikcə qiyməti dəyişir. Buna yürüşün artması, digər amortizasiya xərcləri və bir sıra müxtəlif faktorlar təsir edə bilər. Həmçinin həmin avtomobildən istifadə edilməsinə davam edildiyi halda qəzaya uğramaq və ya qeyrirəsmi (etibarnamə yolu ilə) digər şəxsə avtomobilin satılmaq ehtimalı yaranır. Bu əsasları nəzərə alaraq əmlakın hazırki mərhələdə qiymətləndirilməsi əsassızdır və bu hissədə qətnamə ləğv olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24.12.2014-cü il tarixli qərarında qeyd olunur ki, MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərin izahatları: İşə baxılasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30.0.2014-cü il tarixli, 063 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 8.600 USD (səkkiz min altı yüz) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Sonradan müqavilənin müddəti 30.01.2018-ci il tarixə qədər uzadılmışdır. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan “Nissan X Trail” markalı, ağ mirvari rəngli, 2005- ci il buraxılışlı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi avtomobil bank qarşında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 12.500 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. 16.12.2020-ci il tarixli bildirişdən görünür ki, kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsinə dair Cavabdeh xəbərdarlıq edilmiş və DİN BDYPİ qeydiyyat imtahan şöbəsinə məlumat verilmişdir. 14.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 4369,31 ABŞ dolları əsas, 2974,95 ABŞ dolları faiz, 1492,53 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 636,84 ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 9473,63 ABŞ dolları borcu yaranmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə kredit və hesablanmış faizləri hər ay ödəməli olduğu halda müqavilə üzrə üzərinə götürdüyü yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarına və sadalanan hüquq normalarına əsasən kollegiya hesab edir ki, cavabdehdən kredit müqaviləsi üzrə 4369,31 ABŞ dolları əsas və 2974,95 ABŞ dolları faiz borcunun tutulması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Cərimə borcunun və gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun tutulmasına dair iddia tələbləri ilə bağlı kollegiya birinci instnsiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı həmin tələbləri irəli sürmüş olsa da, həmin hissədə iddia tələbini ümumiyyətlə əsaslandırmamış və iddia ərizəsində yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1 və 445.7 və 465.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.5.-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarını sistemli təhlil edərək qeyd etməyi zəruri hesab edir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditora o halda gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur ki, sonuncu (kreditor), kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsin. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında da əks olunaraq vurğulanmışdır ki, “...öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Dəbbə pulunun növləri ilə bağlı MM-in 466.2-ci maddəsində müəyyən edilmişdir ki, qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (MM-in 466.2.1-466.2.3cü maddələri). Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində”. Həmin Qərarın izahı isə ondan ibarət olmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə ilə borclunun öhdəliyinin icra edilməməsi və ya lazımınca icra edilməməsi halı üçün məsuliyyət nəzərdə tutulmuş və iddiaçı tərəfindən bu halın baş verdiyini nəzərə alaraq cavabdehdən cərimə borcuna görə 1492,53 ABŞ dolları tutulması barədə tələb irəli sürülmüşdür. Belə olduğu halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhz digər əsaslardan çıxış edib cərimə borcunu tələb etməsi yuxarıda şərh olunan qanunvericiliyin normaları baxımından öhdəliyin vaxtında icra edilməməsinə əlavə olaraq illik 5 faiz tələbini istisna edir. Kollegiya vurğulayır ki, əks yanaşma öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi halı cavabdehin iki əsasa görə mülki-hüquqi məsuliyyətə cəlb olunmasına səbəb olur, bu isə yolverilməz hesab edilməlidir. Odur ki, "636,84 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğin tutulması" hissədə iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Digər tərəfdən qeyd olunmalıdır ki, cavabdehə qarşı iddia tələbinin irəli sürülməsi kredit müqaviləsinin müddəti bitdikdən xeyli sonra baş vermiş və bu həm cərimə borcunun artırılmasına, həm də əlavə faiz borcunun hesablanmasına səbəb olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, iddianın "1492,53 ABŞ dolları məbləğində cərimənin tutulması" tələbinə aid hissəsinin qismən təmin olunması və işin halları nəzərə alınmaqla cərimə məbləğinin azaldılaraq, cavabdehdən cəmi 20 ABŞ dolları məbləğində cərimə tutulmasından ibarət birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, Cavabdeh lazımi qaydada borcu ödəməsi haqqında xəbərdarlıq edilmiş və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. İddiaçı apellyasiya şikayətində ipoteka predmeti olan avtomobilə qoyulan 12.500 ABŞ dolları ilkin hərrac satış qiymətinin çox yüksək olması halına istinad etmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı avtomobilinə qoyulan qiymətin yüksək olmasını əsaslandırmamış və ya bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə və qanunveriliciliyin sadalanan normalarına əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iddia tələbinin qismən təmin edilərək, cavabdehdən 4369,31 ABŞ dolları əsas, 2974,95 ABŞ dolları faiz, 20 ABŞ dolları cərimə borcu, cəmi 7364,26 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə məxsus «Nissan X Trail» markalı, **-GL-*** dövlət nömrə nişanlı avtomobilə (BAN NT30161597, rəngi ağ mirvari, buraxılış ili 2005) yönəldilməsi, ipoteka predmeti olan «Nissan X Trail» markalı, **-GL-*** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin 12.500 ABŞ dolları müəyyən edilməsi, avtomobilin açıq hərracdan satılmalı və avtomobilin satışından əldə edilən pul vəsaiti hesabına 7364,26 ABŞ dolları borcun iddiaçıya ödənilməsi, qalan vəsaitin cavabdehə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1071/2021 saylı, 18.03.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar