Məhkəmə qərarları › İş №2(103)-4802/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4802/2021

03.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4802/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər 2 Saylı Bakı "ASAN Xidmət" Mərkəzinin notariat ofisi və Cavabdeh1 qarşı (üçüncü şəxs qismində AR Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsi olmaqla) "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2(004)-829/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər 2 saylı Bakı Cavabdeh2 notariat ofisi və Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 06.11.2020-ci il tarixdə məhkəməyə müraciət edərək 06.08.2018-ci il tarixli 2 saylı Bakı Cavabdeh2ndə fəaliyyət göstərən notariat kontorunda Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış “təsis payının bağışlanma” müqaviləsinin ləğv edilməsi və tərəflərin ilkin vəziyyətinə qaytarılması, İddiaçı direktor vəzifəsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili X2 09.03.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 06.08.2018-ci il tarixli, 3M-358 reyestr nömrəli Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış “Təsis payının bağışlanması” müqaviləsinin etibarsız sayılması, onun hüquqi nəticələrinin ləğv edilməsi və tərəflərin ilkin vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 06 avqust 2018-ci il tarixli təsis payını bağışlama müqaviləsinə əsasən, iddiaçının keçmiş həyat yoldaşı “X4" MMC-nin özünə məxsus 10 təsis payını ona bağışlamışdır. Buna səbəb isə onun tərəfindən dövlət işinə keçməsi qeyd edilmişdir. Lakin 2020-ci ilin oktyabr ayında iddiaçıya məlum olmuşdur ki, keçmiş həyat yoldaşı 2017-ci ildə həmin MMC vasitəsilə AR Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əlavə tədris keçirilməsinə dair 3 tərəfli müqavilələr bağlamış və qeyd olunan təhsil ocaqları tərəfindən 2017-ci ilin müxtəlif aylarında ümumillikdə MMC-nin hesabına 7435 manat pul vəsaiti köçürülmüşdür. Qeyd edir ki, məlum müqavilələr onun tərəfindən imzalanmamış və həmin pul vəsaitləri onun təsisçi və direktor olmağından qabaq əldə olunmuşdur. Cavabdehin məqsədi həmin pul vəsaitlərinin gələçəkdə ondan tutulması olmuşdur. Cavabdeh1 bilərəkdən qabaqçadan planlaşdırılmış şəkildə Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri ilə müqavilə bağlayaraq onlardan öz hesabına pul vəsaiti köçürülməsinə nail olmuş və həmin pul vəsaitilərini mənimsəmişdir. 2018-ci ilin avqust ayında təsis payını ona bağışlayan zaman ona və notariat kontoruna yalandan məlumat verərək bildirmişdir ki, MMC-nin heç bir dövlət və qeyri-dövlət təşkilatlarına heç bir borcu mövcud deyildir. Həmçinin qeyd edir ki, o zaman bağlanmış müqavilələrdə imzalar ona məxsus deyildir, həmçinin əldə olunmuş pul vəsaiti ona çatmamışdır. Belə olan halda, cavabdeh onun etibarından sui-istifadə edərək, onu aldadaraq həmin müqaviləyə imza etdirmiş və təsisçi və direktor vəzifələrini ona ötürmüşdür. İddiaçı 1-ci və 2-ci cavabdehə pretenziya qaydasında müraciət etmiş və məlum müqavilənin ləğv olunmasını xahiş etmişdir. Cavabdehlər tərəfindən imtina olunduğundan yeganə yol məlum müqaviləni məhkəmə qaydasında ləğv edilməsi və tərəflərin ilkin vəziyyətə qayıtmasıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2(004)-829/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2(004)-829/2021 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağışlama müqaviləsi bağlanarkən qanunvericiliyin heç bir formada pozuntusuna yol verilməmişdir, belə ki o əmlakının bir hissəsini iddiaçıya bağışlamış və o da bunu öz iradə ifadəsi ilə qəbul etmiş, eyni zamanda notarial qaydada da təsdiqlənmişdir. Eyni zamanda qeyd etmişdir ki, notarial kontorunda olarkən notariat əməliyyatı aparılarkən notarius tərəfindən həmin əməliyyatın hüquqi nəticələri onlara izah edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, 2 Saylı Bakı "Asan Xidmət" Mərkəzinin notariat ofisi və üçüncü şəxs AR Təhsil Nazirliyinin Bakı şəhəri Təhsil İdarəsi nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında Bakı 2 saylı Cavabdeh2 notariat kontorunda bağlanmış 06.08.2018-ci il tarixli “təsis payının bağışlanması” müqaviləsinin surətindən görünür ki, bağışlayan «X4» MMC-nin Cavabdeh1 məxsus olan nizamnamə üzrə 10 (on) pay təşkil edən təsis payını arvadı – hədiyyə alan İddiaçı bağışlamağı, həmin MMC-nin payın təsisçilik hüquqlarını hədiyyə alan tərəfə verməyi və girov qoyulmamış, həbs altında olmayan, barəsində məhkəmə mübahisəsi olmayan payı bağışlamağı öhdəsinə götürmüşdür, hədiyyə alan isə həmin payları qəbul etmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-208/2020 saylı, 18.03.2020-ci il tarixli qətnaməsindən görünür ki, “X4” MMC-dən 7435,47 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunur ki, «X4» MMC ilə Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsi arasında 2017-ci il tarixdə birgə fəaliyyət haqqında müqavilələr bağlanmışdır. Həmin müqavilələr üzrə «X4» MMC-nin öhdəliklərini yerinə yetirməməsinə görə 7435,47 manat borcu yaranmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6519/2019 saylı, 22.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında Bakı Nikah Evində 3795 № ilə bağlanmış 16.11.2008-ci il tarixli nikah pozulmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyasının müəyyənləşdirdiyi mübahisəsiz hallar ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 nikahlarını 16.11.2008-ci il tarixdə qeyd etdirməklə evlənmişlər. Ərarvad arasındakı nikah 22.08.2019-cu il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Məhkəmə kollegiyasının müəyyənləşdirdiyi hallardan görünür ki, Cavabdeh1 nizamnamə kapitalı 10 paydan ibarət olan «X4» MMC-nin tək təsisçisi olmuşdur. O, 06.08.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən bu payını iddiaçıya bağışlamışdır. Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-2(113)-208/2020 saylı, 18.03.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, «X4» MMC ilə Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsi arasında 2017-ci ildə bağlanmış birgə fəaliyyət haqqında müqavilələr üzrə «X4» MMC-nin öhdəliklərini yerinə yetirməməsinə görə 7435,47 manat borcu yaranmışdır. Həmçinin, müəyyən edilir ki, qeyd edilən borc məbləği MMC-nin təsis payının iddiaçıya bağışlanmasından əvvəlki müddətdə fəaliyyət göstərdiyi zaman əmələ gəlmişdir. Cavabdeh1 apellyasiya şikayətini notariat əməliyyatı aparılarkən notarius tərəfindən həmin əməliyyatın hüquqi nəticələrinin müqavilə tərəflərinə izah edilməsi ilə əsaslandırsa da, «X4» MMC ilə Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsi arasında 2017-ci ildə bağlanmış birgə fəaliyyət haqqında müqavilələr üzrə «X4» MMC-nin öhdəliklərini yerinə yetirməməsinə görə 7435,47 manat borc barədə sənədi notariat orqanına təqdim etməsi barədə sübutu təqdim etməmişdir. Məhkəmə kollegiyası bu barədə sübut olmadığı halda notariusun «X4» MMC-nin Təhsil Nazirliyi Bakı şəhəri Təhsil İdarəsinə olan mövcud borcun əməliyyatdan sonra hüquqi nəticələrinin müqavilə tərəflərinə izah etdiyinə dair apellyasiya şikayətinin dəlillərini inandırıcı saymır və müqavilənin Cavabdeh1 mövcud borc barəsində susması nəticəsində bağlandığına dair iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, mübahisəli müqavilə Cavabdeh1 «X4» MMC-nin Təhsil Nazirliyi Bakı şəhəri Təhsil İdarəsinə olan mövcud borcu barəsində susması nəticəsində bağlanmışdır. Bununla da, Cavabdeh1 iddiaçını zənginləşdirməmiş, əksinə «X4» MMC-nin fəaliyyəti ilə bağlı zərər üçün nizamnamə kapitalındakı payının dəyəri həddində öhdəliyini iddiaçıya ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. AR Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2(004)-829/2021 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar