Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4802/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Murquz qızının Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib olunmuşdur. Akt əsasında iddiaçıya 2177 manat məbləğində borc hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Murquz qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2177 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 dekabr 2021 -ci il tarixdə naməlum şəxslər tərəfindən qaz sayğacı oğurlanmışdır. Həmin vaxtlarda rayonda bir neçə hüzr yerləri düşdüyündən başları ora qarışmışdır. Evə qayıdanda görmüşlər ki, yeni sayğac quraşdırılıb və eyni zamanda cavabdeh tərəfindən cərimə yazılıb. Qaz sayğacı iddiaçının adınadır, evə gələn qaz xəttinə heç bir kənar müdaxilə olmayıb (fotolar təqdim etmişdir). Evə qaz çəkilən dövrdən qaz paylayıcısı adlandırılan qurumla onun arasında qaz alqı-satqısı barədə müqavilə bağlanaraq qaz sayğacı iddiaçının adına sənədləşdirilmişdir. Həmin ünvanda qazdan istifadə etmək üçün pul məbləğini Smart karta yükləyib qaz sayğacının mexaniki hissəsində olan hesablayıcı mexanizmə köçürülən qazdan istifadə etmişdir. Yəni, indiyə kimi heç bir problem yaşanmamışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1995/23 saylı iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Hacıyeva) iddia qismən təmin edilmiş, 2147,6 manat borcun silinməsi, cavabdehdən 41,48 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən 17 gün müddətində təbii qazdan sayğacdan kənar istifadə edilmişdir. Məhkəmə cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş qaz sərfinin 24 saata vurulmasını qanunsuz saymış, qaz işlədicilərinin orta günlük iş rejiminin 12 saata vurulmasını ədalətli hesab edərək dəymiş ziyanın həcmini 2147,6 manat müəyyən etmişdir.
6. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6-4.9cu bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sayğaca müdaxilə etdiyindən borc yaranmışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Hesabatların doğruluğunu yoxlamaq üçün iş materiallarını ekspertizaya göndərməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
11. Maddə 13, bənd 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
12. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
13. Bənd 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
14. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
15. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia qismən təmin edildiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
19. Belə ki, iddiaçı tərəfindən göstərilən ünvanda təbii qazdan qeyri-qanuni istifadə edilməsi mübahisəsizdir. Hazırkı mübahisə təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış borcun məbləği ilə bağlıdır. Belə ki, cavabdeh qanunsuz istifadə edilmiş qaz sərfini 24 saata vurmaqla hesabat aparmış, halbuki göstərilən ünvanda yalnız PQ4 (yəni 4 gözlü qaz plitəsi) istifadə edilmişdir. Aktlardan da göründüyü kimi, cavabdehin əməkdaşları evin daxilinə baxış keçirməmiş, sayğacdan kənar xəttdən evin daxilində hansı hansı qaz işlədicilərinin qidalanmasını araşdırmamışdır. Ona görə də Kollegiya hesab edir ki, qaz işlədicilərinin orta günlük iş rejimini 12 saata vurulması daha ədalətli olmuşdur.
20. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 14 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.