Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4802/2025 22.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi, kredit ödənişinin və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2101/2024 nömrəli, 08 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi ilə Cavabdeh1 ASC tərəfindən İddiaçı Oktay oğluna 24 ay müddətinə illik 17,4% ödəmək şərtilə 11.878 manat məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsi əsasında İddiaçı Oktay oğlunun əmək haqqından tutulmalar olmuşdur. Bununla bağlı iddiaçı cavabdeh Banka müraciət etmiş, cavabda müqavilənin onlayn qaydada bağlanıldığı və iddiaçının özü tərəfindən təsdiq edildiyi bildirilmişdir. Hazırda iddiaçı kredit müqaviləsinin etibarsız hesab edilməsini, kredit ödənişinin tutularaq ona ödənilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında rəsmiləşdirilmiş 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, 633 manat kredit ödənişinin və məhkəməyə müraciət üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi rəsmiləşdirilmiş və müqaviləyə əlavə satış kanalları departamenti tərəfindən rəsmiləşdirilmiş ödəniş qrafikinə əsasən Cavabdeh1 ASC tərəfindən İddiaçı 24 ay müddətinə illik 17,4% ödəmək şərti ilə 11.878 manat kredit verilməsi qeyd edilmişdir. Lakin, iddiaçının aylıq əmək haqqı 750 manat olduğu halda, bank tərəfindən aylıq 589,56 manat ödəmək şərti ilə 24 ay müddətinə 11.878 manat kredit ayrılması mümkün deyildir. İddiaçı kredit müqaviləsinin bağlanması üçün banka müraciət etməmiş, bank tərəfindən kredit müqaviləsi rəsmiləşdirilərkən ona bu barədə zəng vurularaq, fikri öyrənilməmiş, onun tərəfindən müqavilə bağlamaq niyyətinin olub-olmaması aydınlaşdırılmamışdır. Lakin sonradan işlədiyi iş yerindən aylıq əmək haqqından 590 manat olmaqla, kreditin ödənilməsinə silinmə başladıqdan sonra belə müqavilə rəsmiləşdirilməsi barədə məlumatı olmuşdur. Bundan sonra, Cavabdeh1 ASC-yə müraciət edərək, kredit müqaviləsinin surətini əldə etmiş və müqavilədə nə bankın nümayəndəsinin, nə də İddiaçı imzası ilə təsdiq edilməməsini müəyyən etmişdir. Bankın əməkdaşına kredit müqaviləsinin tərəfləri tərəfindən imzalanmaması ilə bağlı iradını bildirdikdə müqavilənin onlayn müraciət əsasında bağlanması və təsdiq edilməsini bildirmişlər. Lakin onun nə onlayn, nə də şəxsi müraciəti əsasında kredit müqaviləsi bağlamaq və 11.878 manat kredit götürmək niyyəti olmamışdır. Bütün bunlar isə onu təsdiq edir ki, kredit müqaviləsi həqiqi deyil, müqavilə tərəflərin birinin iradə ifadəsi olmadan bağlanmış, onlayn qaydada tərəflərdən heç biri tərəfindən təsdiq edilməmişdir. Beləliklə, əqdə qədərki davranış və əqddən sonrakı davranış onu təsdiq edir ki, kredit müqaviləsi uydurma əqddir. Ona görə də, Mülki Məcəllənin 340.1 və 337.3-cü maddələrinin göstərişlərinə əsaslanaraq, həmin müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız sayılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2(006) 2101/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı və Cavabdeh1 ASC arasında bağlanan 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi üzrə Bank tərəfindən tutulan pul vəsaitinin məbləği icra mərhələsində müəyyən edilməklə həmin vəsait və həmçinin, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 ASC-dən İddiaçı xeyrinə tutulması, iddia tələbinin digər Cavabdeh2 münasibətdə rədd edilməsi, Cavabdeh2 11.878 manat məbləğində pul vəsaitinin restitusiya qaydasında tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə, müqavilə etibarsız hesab edilə bilər. Hazırkı iş üzrə işin mübahisəsiz hallarından göründüyü kimi 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 ASC iddiaçıya məxsus ******************** nömrəli plastik kart hesabına 11.878 manat məbləğində pulu kredit olaraq köçürmüş, daha sonra dərhal həmin məbləğ iddiaçıya məxsus hesabdan isə üçüncü tərəf olan Cavabdeh2 məxsus ******************** nömrəli plastik kart hesabına köçürülmüşdür. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının sözügedən əməliyyatlardan yalnız adına bağlanılmış kredit müqaviləsi üzrə əmək haqqından çıxılmalar zamanı məlumatı olmuşdur. Qanunvericiliyin tələbinə əsasən üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh Bank kredit verən və bunun nəticəsində də fayda götürən şəxs o olmuşdur. Belə ki, məhkəmə iddiaçının kart hesabına köçürülən məbləğin 10.000 manatdan çox olmasını, Bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı heç bir telefon zənginin olmamasını, iddiaçıya məxsus kart hesabı üzrə şübhəli əməliyyatların aparılması halında bununla bağlı məlumatı olduğu halda iddiaçını məlumatlandırmaması və s. kimi halları nəzərə alaraq hesab etmişdir ki, bu kimi hallarla bağlı Bankın özü birbaşa məsuliyyət daşıdığından Bank xəbərdar olmalı idi. Bu səbəbdən də, iddiaçı hazırki əqdi mübahisələndirməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən üçüncü şəxsin aldatması barəsində müqavilənin qarşı tərəfi xəbərdar idisə və ya xəbərdar olmalı idisə, müqavilə etibarsız hesab edilə bilər. İddiaçı həqiqətən digər xarici ölkədən gələn zənglə aldanılmış, ona müəyyən sms-lər gəlmiş və həmin sms-lər vasitəsilə özünə aid məlumatları digər üçüncü şəxsə ötürmüşdür. Lakin, həmin məbləğ isə yenidən aldadılaraq cababdeh Cavabdeh2 hesabına köçürülmüşdür. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməli və İddiaçı və Cavabdeh1 ASC arasında bağlanan 20 dekabr 2023 cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçı və Cavabdeh1 ASC arasında bağlanan 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi etibarsız hesab edildiyindən və aldadan tərəf digər cavabdeh (kredit müqaviləsi üzrə pulu alan şəxs) olduğundan həmin kredit müqaviləsi üzrə köçürülmüş 11.878 manat pul restitusiya qaydasından Cavabdeh2 tutularaq digər Cavabdeh1 ASC-yə qaytarılmalıdır. Daha sonra məhkəmə bağlanmış kredit müqaviləsi üzrə iddiaçı tərəfindən artıq ödənilmiş 633 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə də tələb əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə müəyyən etmişdir ki, iddiaçının adına rəsmiləşdirilən 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsinə əsasən iddiaçıya məxsus əmək haqqından əsassız olaraq müəyyən məbləğdə tutulmalar olmuşdur. Hazırda iddiaçı onun tərəfindən artıq ödənilmiş 633 manatın geri qaytarılmasını tələb etsə də, məhkəmə iclasında həmçinin iddiaçı tərəf bildirmişdir ki, hazırki günədək ondan 3.000 manatdan artıq pul tutulmuşdur. Odur ki, iddiaçıdan mübahisəli kredit müqaviləsi üzrə tutulan pulların iddiaçıya geri qaytarılması icra mərhələsində hesablanması daha səmərəli və ağlabatan məsələ olduğundan, gələcəkdə bu tələblə yenidən məhkəməyə müraciət etməyin qarşısını almaqdan ibarət olduğundan, həmçinin iddianın predmetini dəyişmədiyindən iddiaçıdan qeyd edilən kredit müqaviləsi üzrə Bank tərəfindən tutulan pul məbləği icra mərhələsində müəyyən edilməklə həmin vəsait Cavabdeh1 ASC-dən İddiaçı xeyrinə tutulmalı, tələb həmin hissədə digər Cavabdeh2 münasibətdə Cavabdeh2 tələbin bu hissəsi üzrə subyektiv cavabdeh olmadığından rədd edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh2 kart hesabına köçürülən 11.878 manat pul vəsaiti restitusiya qaydasında ondan Bankın xeyrinə tutulduğundan və Bank tərəfindən kredit müqaviləsi üzrə iddiaçıdan pul tutulduğundan artıq ödənilmiş pul vəsaiti Bankdan iddiaçının xeyrinə tutulmalıdır. Daha sonra, məhkəmə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə də tələb əsaslıdır və qismən təmin edilməlidir. Hazırda iddia tələbi əsas hissələrdə, yəni müqavilənin etibarsızlığı və artıq tutulmuş pul məbləğinin Cavabdeh1 ASC dən tutulması hissəsində təmin edildiyindən, iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da Cavabdeh1 ASC-dən iddiaçının xeyrinə tutumalıdır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı və cavabdeh Bank arasında bağlanan kredit müqaviləsi üzrə üçüncü tərəf olan aldadan şəxs, yəni Cavabdeh2 məxsus plastik kart hesabına köçürülən 11.878 manat pul vəsaiti ondan tutularaq Cavabdeh1 ASC-yə ödənilməlidir. Bununla bağlı məhkəmə vurğulamışdır ki, məhkəmə tərəfindən etibarsız hesab edilən kredit müqaviləsi iddiaçı ilə cavabdeh Bank arasında rəsmiləşdirilsə də, Bank tərəfindən pul əvvəlcə iddiaçının hesabına, daha sonra isə Cavabdeh2 hesabına köçürülmüşdür. Odur ki, əsassız və qanunsuz olaraq Cavabdeh2 kart hesabına köçürülən 11.878 manat məbləğində pul vəsaiti restitusiya qaydasında Bankın özünə geri qaytarılmalıdır. Belə ki, hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Həmin qətnamədən Cavabdeh1 ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının kart hesabına köçürülən məbləğin 10.000 manatdan çox olmasını, Bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı heç bir telefon zənginin olmamasını, iddiaçıya məxsus kart hesabı üzrə şübhəli əməliyyatların aparılması halında bununla bağlı məlumatı olduğu halda iddiaçını məlumatlandırmaması və s. kimi halları nəzərə alaraq hesab etmişdir ki, bu kimi hallarla bağlı Bankın özü birbaşa məsuliyyət daşıdığından Bank xəbərdar olmalı idi. Lakin bunları qeyd edərkən Bankın birbaşa məsuliyyət daşımasının əsasını göstərməmişdir. Belə ki, kreditin məbləğinin 10.000 manatdan çox olması şübhə yaradan hal deyil. Həmçinin, onlayn qaydada kredit götürülərkən müştəriyə telefon zənginin olunması ilə bağlı nə qanunvericilikdə, nə də bankdaxili qaydalarda tələb müəyyən edilməmişdir. İddiaçının kartı ilə aparılan şübhəli əməliyyatların isə nədən ibarət olması qeyri-müəyyəndir. Beləliklə, məhkəmə mövcud olmayan halları və əsasları sadalayaraq məsuliyyəti Bankın üzərinə qoymuşdur. Həmçinin, məhkəmə kredit müqaviləsinin aldatma yolu ilə bağlandığını qeyd etsə də, bunu yalnız iddiaçının deməsinə istinadən əsaslandırmışdır. İddiaçı ilə Bank arasında müqavilə bağlanmış və onun hesabına pul köçürülmüşdür. Onun hesabından daha sonra pul vəsaitinin başqa hesaba köçürülməsi müqavilənin etibarsız hesab edilməsinə səbəb olmur. İddiaçının kreditin götürülməsi ilə bağlı bütün hərəkətləri etdiyi halda əqdin aldadılma ilə bağlanmasını qeyd etmək əsassızdır. İddiaçının kartı ilə aparılan şübhəli əməliyyatların isə nədən ibarət olması qeyri-müəyyəndir. Beləliklə, məhkəmə mövcud olmayan halları və əsasları sadalayaraq məsuliyyəti Bankın üzərinə qoymuşdur Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(103)-384/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qətnaməsi qismən restitusiya qaydasında 11.878 manat pulun Cavabdeh2 tutulub Cavabdeh1 ASC-yə ödənilməsi və kredit müqaviləsi üzrə Bank tərəfindən tutulan pul vəsaitinin məbləğinin icra mərhələsində müəyyən edilməklə həmin vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilərək, İddiaçı ödəniş kartından 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi üzrə əsassız tutulmuş 3182,06 manat məbləğində pul vəsaitinin Cavabdeh1 ASC dən tutulub İddiaçı qaytarılması, qətnamənin apellyasiya qaydasında mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya Kollegiyası ilk növbədə kredit müqaviləsinin qanuniliyinə qiymət verilməsini zəruri sayaraq qeyd etmişdir ki, cavabdeh Bank kredit verən və bunun nəticəsində də fayda götürən şəxs olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının kart hesabına köçürülən məbləğin 10.000 manatdan çox olmasını, Bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı heç bir telefon zənginin olmamasını, iddiaçıya məxsus kart hesabı üzrə şübhəli əməliyyatların aparılması halında bununla bağlı məlumatı olduğu halda iddiaçını məlumatlandırmaması və s. kimi halları nəzərə alaraq hesab etmişdir ki, bu kimi hallarla bağlı Bankın özü birbaşa məsuliyyət daşıdığından Bank xəbərdar olmalı idi. Bu səbəbdən də iddiaçı hazırkı əqdi mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarına həmçinin mülki qanunvericiliyin müvafiq normalarına istinad edən Məhkəmə Kollegiyası qeyd etmişdir ki, hər hansı əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Sivilistika doktrinasında əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalı), əqdin məzmununa aid olunan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidir), əqdin formasına aid edilən şərt (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və iştirakıçıları üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Apellyasiya Kollegiyası birinci instansiya məhkəməsinin həmin hissədə, kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində gəldiyi nəticəni işin hallarına uyğun saymış və hesab etmişdir ki, qətnamənin həmin hissədə dəyişdirilməsi və ləğvi üçün əsas yoxdur. Lakin, apellyasiya məhkəməsi bununla yanaşı birinci instansiya məhkəməsinin kredit müqaviləsi üzrə Bank tərəfindən tutulan pul vəsaitinin məbləğinin icra mərhələsində müəyyən edilməklə həmin vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticəni qeyri-müəyyən olduğundan əsaslı hesab etməmişdir. Məhkəmə Kollegiyası apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının əmək haqqı kartından aparılmış silinmələr üzrə 3182,06 manat məbləğində pul Cavabdeh1 ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya Kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi restitusiya qaydasında 11.878 manat pulun Cavabdeh2 tutulub Banka ödənilməsini qət etməklə də səhvə yol vermiş və apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsaslıdır. Belə ki, iddiaçının bununla bağlı hər hansı tələbi olmamış və məhkəmənin gəldiyi bu nəticə MPM-in 218.3-cü maddəsinin tələbinə əsasən iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməlidir. Həmin maddəyə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin qətnamədən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1733/2025 nömrəli, 20 iyun 2025-ci il tarixli qərarı ilə Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(103)-384/2025 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 339.2-339.3-cü maddələri təşkil etsə də, məhkəmələr həmin normanı səhv təfsir etməklə, maddi hüquq normanı pozmuşlar. Belə ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər (Mülki Məcəllənin 399.2-ci maddəsinin birinci cümləsi). Üçüncü şəxs tərəfindən aldadılma halında isə əqd o halda etibarsız hesab oluna bilər ki, bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar olsun və ya xəbərdar olmalı olsun (Mülki Məcəllənin 339.3-cü maddəsi). Göründüyü kimi, qeyd olunan maddi hüquq normaların dispozisiya şərtlərinə görə, əqd o halda etibarsız hesab oluna bilər ki, 1. tərəf əqdin bağlanması məqsədi ilə üçüncü şəxs tərəfindən aldadılsın, 2. əqdin digər tərəfi bu əqddən fayda götürsün və 3. o, aldatmadan xəbərdar olsun və ya xəbərdar olmalı olsun”. Maddi hüquq normasının qeyd olunan dispozisiya şərtlərini hazırki mübahisəyə tətbiq etməklə, Məhkəmə Kollegiyası hesab etmişdir ki, iddiaçının üçüncü şəxs tərəfindən əqdin bağlanması məqsədi ilə aldadıldığını iddia etdiyi halda, məhkəmələrin araşdırmalı olduğu məsələlər yuxarıda qeyd edilən 2 və 3-cü şərtlərin mövcudluğu olmalı idi. Mülki Məcəllənin 743.1-ci maddəsinə görə, kredit müqaviləsi üzrə borcalan pul vəsaitinə mülkiyyət hüququnu aldığından, borcverən isə pul vəsaitinə görə faizlər və müqavilədə göstərilən digər ödənişləri almaq hüququna malik olduğundan, müqavilənin hər iki tərəfinin bu müqavilədən fayda götürmələri nəticəsinə gəlmək olar. Lakin, Mülki Məcəllənin 339.3-cü maddəsinin 3-cü şərtinin hazırki mübahisəyə tətbiq etməklə, cavabdeh bankın iddiaçının əqdin bağlanması məqsədi ilə aldadılmasından xəbərdar olması (və ya xəbərdar olmalı olması) sübut olunmalıdır. Apellyasiya məhkəməsi cavabdehin bundan xəbərdar olmasının iddiaçının kart hesabına köçürülən məbləğin 10.000 manatdan çox olması, Bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı telefon zənginin olmaması, şübhəli əməliyyatların aparılmasından iddiaçının məlumatlandırılmaması ilə əsaslandırmışdır. Halbuki, məhkəmə bu halların hər hansı birinin cavabdeh bankın aldatmadan xəbərdar olması ilə səbəbli əlaqənin olmasını və bu mövqeyini maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, cavabdeh apellyasiya şikayətində kredit məbləğinin 10.000 manatdan çox olması və onlayn qaydada kredit götürməsi zamanı müştəriyə telefon zəngi tələbinin qanunvericilikdə və bankdaxili qaydalarda olmamasını göstərmişdir. Qeyd olunmalıdır ki, elektron-informasiya texnologiyalarının inkişafı ictimai münasibətlərinin bütün sahələrinə təsir etməsi hamıya bəlli olan haldır. O cümlədən, banklarla müştərilər arasında bank xidmətləri haqqında müqavilələrin məsafədən bağlanması, internet resursları vasitəsi ilə quraşdırılmış proqramlardan istifadə edilməklə bank hesablarının idarə olunması, əməliyyatların həyata keçiriməsi hər kəs üçün gündəlik adi hərəkətlərinə çevrilmişdir. Təsadüfi deyil ki, qanunvericilik də bu istiqamətdə inkişaf etməklə, Mülki Məcəllədə istehlak kredit müqaviləsinin məsafədən, bir və ya bir neçə rabitə vasitəsindən istifadə edilməklə bağlanması nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 746 2.5, 746-2.6-cı maddələri). İş materiallarından müəyyən olunur ki, cavabdeh Bank mübahisələndirilən müqavilənin mobil tətbiqi vasitəsi ilə bağlanmasını, bu məqsədlə iddiaçının bir neçə prosedurların icra etməsini göstərməklə, dəlilinin sübutu kimi CD-diskə əks olunmuş videogörüntünü təqdim etmiş, bununla da iddiaçının aldadılmasından bankın xəbərinin olmaması və bundan xəbərdar olmalı olmamasını sübut etməyə çalışmışdır. Lakin, nə birinci, nə də ki, apellyasiya instansiyası məhkəməsi qətnamələrində bu sübuta istinad etməmiş, Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələblərini pozaraq həmin sübutda əks olunan məlumatları, işdə olan digər sübutlarla yanaşı qiymətləndirməmişdir. Məhkəmə Kollegiyası qeyd etmişdir ki, hazırki mübahisənin həlli üçün cavabdeh bankın kredit müqaviləsinin məsafədən bağlanılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə riayət edilib-edilməməsi araşdırmalı olduğu halda, məhkəmələr tərəfindən bu istiqamətdə hər hansı araşdırma aparmamışlar. Halbuki, cavabdeh bankın Mülki Məcəllənin 746-2.6-cı maddəsinə riayət edib etmədiyi araşdırılmaqla, onun iddiaçının aldadılması barədə şübhələrinin yaranmalı olması və ümumiyyətlə mübahisəli əqdin bağlanması zamanı davranışlarının vicdanlı olub-olmaması müəyyən oluna bilər. Mərkəzi Bank tərəfindən təsdiq edilən Qaydalara görə müqavilə məsafədən bağlanarkən müştərinin buna iradəsinin mövcudluğunun yoxlanılması üçün xüsusi prosedurlarının eyni zamanda bir neçəsindən: elektron imzadan, video zəngdən və (və ya) gücləndirilmiş müştəri autentifikasiyasından istifadə edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, müəyyən olunur ki, iddiaçı cavabdeh bankla bağlanmış müqavilə üzrə kredit xəttinin artırılmasına dair iradəsinin aldadılma nəticəsində zədələnməsini iddia etdiyi halda, apellyasiya instansiyası məhkəməsi tələbə Mərkəzi Bankın qeyd olunan Qaydalarına əsasən qiymətləndirməmişdir. Məhkəmə Kollegiyasının qənaətinə görə, mübahisələndirilən müqavilənin X5 Heyətinin Qərarı ilə təsdiq olunan Qaydalara uyğun olması barədə həmin Bankın mütəxəssis rəyinin alınması işin düzgün və ədalətli həlli üçün əhəmiyyətli ola bilər Odur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssislərinin işə cəlb olunması, yuxarıda qeyd olunan məsələ ilə bağlı müvafiq mütəxəssis rəyin alınması tərəflərlə müzakirlə olunmalıdır. Nəhayət, Məhkəmə Kollegiyası qeyd etmişdir ki, müqavilə etibarsız hesab olunduğu halda da, Bankdan 3182,06 manat pulun tutulması əsaslı hesab oluna bilməz. Belə ki, iş materiallarından, o cümlədən mübahisəli müqavilənin məzmunundan və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh bank arasında hazırda mübahisləndirilən kredit müqaviləsindən əvvəl başqa müqavilə üzrə kredit münasibətləri mövcud olmuşdur. O cümlədən, 20 dekabr 2023-cü il tarixli kredit müqaviləsinin 2.10.1ci bəndindən görünür ki, iddiaçının 14 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1003,59 manat qalıq borcu olmuş və həmin borc verilmiş kredit vəsaiti hesabına, müştərinin əlavə razılığı olmadan aktseptsiz qaydada silinərək ödənilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi qeyd olunan kredit borcunu nəzərə almadan, iddiaçının 12 iyul 2024-cü il tarixinədək ödədiyi bütün məbləği bankdan iddiaçının xeyrinə tutmaqla, Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsini pozmuşdur. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir". Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Təkrar apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4802/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mütəxəssis (ekspert) rəyinin alınması, rəyin verilməsinin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə olunması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının 15 oktyabr 2025-ci il tarixli, 6-1-28/2- 15746/2025 saylı məktubu ilə rəy daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsivəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdi. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin - iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746-2.5-ci madəsinə əsasən istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. 746-2.6-cı maddəsinə əsasən istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 207.1. Zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-restitusiya qaydasında 11.878 manat pulun Cavabdeh2 tutulub Cavabdeh1 ASC-yə ödənilməsi hissəsində ləğv edilməli və qətnamə apellyasiya qaydasında mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi ilə Cavabdeh1 ASC tərəfindən İddiaçı Oktay oğluna 24 ay müddətinə illik 17,4% ödəmək şərtilə 11.878 manat məbləğində kredit verilmişdir. Sonradan həmin kredit müqaviləsi əsasında İddiaçı Oktay oğlunun əmək haqqısından tutulmalar olmuşdur. Bundan sonra, iddiaçı pretenziya məktubu ilə banka müraciət edərək, onunla Bank arasında rəsmiləşdirilmiş 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsinin etibarsız hesab olunaraq ləğv edilməsi və artıq ödənilmiş 633 manat kredit ödənişinin geri qaytarılmasının 10 gün müddətində təmin edilməsini xahiş etmiş, əks halda kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Hazırda iddiaçı qeyd olunan müqavilənin aldatma nəticəsində bağlanmasını iddia etməklə, onun etibarsız hesab edilməsini xahiş etmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, cavabdeh Bank mübahisələndirilən müqavilənin mobil tətbiqi vasitəsi ilə bağlanmasını, bu məqsədlə iddiaçının bir neçə prosedurların icra etməsini göstərməklə, dəlilinin sübutu kimi “CD” diskə əks olunmuş videogörüntünü təqdim etmiş, bununla da iddiaçının aldadılmasından bankın xəbərinin olmamasını sübut etməyə çalışmışdır. Məhkəmə Kollegiyası iş üzrə yuxarı instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, hazırki mübahisənin həlli üçün cavabdeh bankın kredit müqaviləsinin məsafədən bağlanılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə riayət edilib-edilməməsi araşdırmalıdır. Тəkrar apellyasiya baxışı zamanı iddiaçı cavabdeh bankla bağlanmış müqavilə üzrə kredit xəttinin artırılmasına dair iradəsinin aldadılma nəticəsində zədələnməsini iddia etdiyindən, tələbə Mərkəzi Bankın qeyd olunan Qaydalarına əsasən qiymətləndirməsi üçün həmin Bankın mütəxəssis rəyi alınması qərara alınmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 15 oktyabr 2025-ci il tarixli təqdim edilmiş mütəxəssis rəyindən görünür ki:
1. X7 Heyətinin 21 sentyabr 2023-cü il tarixli, 46/4 nömrəli qərarı ilə təsdiq edilmiş "Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları"nın 8.5-ci bəndinə əsasən, istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası"nın (Qayda) 5-ci hissəsinin tələblərinə əməl edilməlidir. Qaydanın 5-ci hissəsinə əsasən, yeni müştəri olan rezident fiziki şəxslər üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə, bank hesabı mövcud olan rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə, gücləndirilmiş müştəri autentifikasiyası ilə aparılmalıdır. Bankdan əldə olunan məlumatların təhlili nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ******* nömrəli unikal müştəri kodu (CİF) ilə 25 avqust 2017-ci ildən etibarən Bankın müştərisidir. 20 dekabr 2023-cü il tarixli kredit müqaviləsinin bağlanması zamanı Bank İddiaçı artıq mövcud müştəri statusunu nəzərə alaraq, video çəkiliş tətbiq etməklə, gücləndirilmiş müştəri autentifikasiyasından istifadə etmişdir. Qaydanın 6 nömrəli Əlavəsi ilə "Video eyniləşdirməyə dair tələblər" (Tələblər) müəyyən edilmişdir. Tələblərin 6-cı hissəsinə əsasən video çəkiliş zamanı Bank müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərini və müştərinin video çəkilişini əldə etməlidir. Əldə olunan video çəkilişin müddəti ən azı 10 (on) saniyə olmalıdır. Lakin Bank tərəfindən təqdim edilən və məhkəmədən işçi qaydada əldə olunan video çəkiliş materiallarının qiymətləndirilməsi zamanı müəyyən edilmişdir ki, video çəkilişin müddəti normativ tələbdə nəzərdə tutulmuş minimum 10 (on) saniyədən az-9 (doqquz) saniyə olmuş və müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) görüntüləri video çəkiliş zamanı təqdim olunmamışdır. Bu səbəbdən, Bank tərəfindən İddiaçı arasında 20 dekabr 2023-cü il tarixli, GTKR**********9 saylı kredit müqaviləsinin bağlanması zamanı Qaydaların tələblərinə qismən riayət olunmuşdur.
2. İddiaçı ilə cavabdeh Bank arasında bağlanmış GTKR5466037B299 saylı kredit müqaviləsi 20 dekabr 2023-cü il tarixində rəsmiləşdirildiyindən, həmin tarixdə qüvvədə olan "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələblər"in 2.7-ci maddəsinə əsasən müəyyən edilmiş şübhəli əməliyyatların aşkarlanması meyarları və bu meyarların Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması barədə məlumatlar Bankdan sorğu edilmişdir. Sorğuya cavab olaraq, Bank tərəfindən Mərkəzi Banka ünvanlanmış 6 iyun 2023cü il tarixli KB-244/2-704/2023 nömrəli məktub və məktuba qoşma olaraq, şübhəli əməliyyatların aşkarlanması meyarlarının siyahısı təqdim edilmişdir. Məktubda Bankın "Şübhəli əməliyyatların aşkarlanması meyarlarına dair proseduru ilə təsdiqlənmiş indikatorların siyahısı 25 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması bildirilmişdir.
3. 20 dekabr 2023-cü il tarixli kredit müqaviləsi əsasında İddiaçı hesabına ayrılmış 11.300 manat məbləğində vəsaitin dərhal sonra üçüncü şəxs hesabına köçürülməsi əməliyyatı həmin dövrdə Bankda qüvvədə olan şübhəli əməliyyatların aşkarlanması meyarlarına uyğun gəlmədiyindən, Bank tərəfindən şübhəli və ya riskli əməliyyat kimi qiymətləndirilməmişdir.
4. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı hesabına köçürülmüş kredit vəsaitləri Bankın digər müştərisi Cavabdeh2 hesabına yönəldilmişdir. Cavabdeh2 hesab çıxarışı bankdan sorğu edilmiş və təhlil nəticəsində xx.xx.2023-xx.xx.2024-cü il tarixlərində müxtəlif şəxslərdən çoxlu sayda köçürmə əməliyyatları həyata keçirdiyi müəyyən olunmuşdur. Aparılmış qiymətləndirməyə əsasən, Cavabdeh2 qeyd olunan dövr ərzində həyata keçirdiyi əməliyyatlar Bank tərəfindən müəyyən edilmiş şübhəli əməliyyatların aşkarlanması indikatorlarından 3-ü ilə (1) ay ərzində müştəri tərəfindən sayı 10-a bərabər və 10-dan çox olan və toplam mədaxil məbləği 100.000 AZN və üzəri olan card to card əməliyyatları; 2) ay ərzində əməliyyatların sayı 30-a bərabər və 30-dan çox və toplam məbləği 50.000 AZN-ə (və ekvivalenti) bərabər və və bu məbləğdən çox olan əməliyyatlar - debet kartlar və 3) aylıq mədaxil 50.000 AZN dən çox) uyğunluq təşkil edir. Bu baxımdan, həmin əməliyyatlar, o cümlədən İddiaçı hesabından köçürülmüş vəsait də daxil olmaqla, Bank tərəfindən şübhəli və ya riskli əməliyyat kimi qiymətləndirilməli və əlavə təhlil üçün əsas kimi götürülməli idi.
5. Bank tərəfindən təqdim edilən məlumata əsasən vətəndaş İddiaçı gəlirləri mövcud müqavilə şərtləri ilə kreditin rəsmiləşməsinə imkan verdiyindən onunla, Bank arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi təminatsız olaraq bağlanmışdır. Beləliklə qeyd edilən rəyə əsasən müəyyən edilir ki, Bank tərəfindən təqdim edilən və məhkəmədən işçi qaydada əldə olunan video çəkiliş materiallarının qiymətləndirilməsi zamanı müəyyən edilmişdir ki, video çəkilişin müddəti normativ tələbdə nəzərdə tutulmuş minimum 10 (on) saniyədən az 9 (doqquz) saniyə olmuş və müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) görüntüləri video çəkiliş zamanı təqdim olunmamışdır. Həmçinin o cümlədən İddiaçı hesabından köçürülmüş vəsait də daxil olmaqla, Bank tərəfindən şübhəli və ya riskli əməliyyat kimi qiymətləndirilməli və əlavə təhlil üçün əsas kimi götürülməli idi. Belə ki, aparılmış qiymətləndirməyə əsasən, Cavabdeh2 qeyd olunan dövr ərzində həyata keçirdiyi əməliyyatlar Bank tərəfindən müəyyən edilmiş şübhəli əməliyyatların aşkarlanması indikatorlarından 3-ü ilə (1) ay ərzində müştəri tərəfindən sayı 10-a bərabər və 10-dan çox olan və toplam mədaxil məbləği 100.000 AZN və üzəri olan card to card əməliyyatları; 2) ay ərzində əməliyyatların sayı 30-a bərabər və 30-dan çox və toplam məbləği 50.000 AZN-ə (və ekvivalenti) bərabər və və bu məbləğdən çox olan əməliyyatlar - debet kartlar və 3) aylıq mədaxil 50.000 AZN dən çox) uyğunluq təşkil edir. Göründüyü kimi iş üzrə yuxarı instansiya məhkəməsinin göstərişlərinə əsasən iddiaçı cavabdeh bankla bağlanmış müqavilə üzrə kredit xəttinin artırılmasına dair iradəsinin aldadılma nəticəsində zədələnməsini iddia etdiyi halda, tələb Mərkəzi Bankın qeyd olunan Qaydalarına əsasən qiymətləndirilməklə müəyyən edilmişdir ki, bank tərəfindən İddiaçı arasında 20 dekabr 2023-cü il tarixli, GTKR**********9 saylı kredit müqaviləsinin bağlanması zamanı Qaydaların tələblərinə qismən riayət olunmuşdur. Belə olan halda cavabdeh bankın iddiaçının əqdin bağlanması məqsədi ilə aldadılmasından xəbərdar olması (və ya xəbərdar olmalı olması) müəyyən edilmişdir ki, apellyasiya şikayətinin dəlilləri yəni, müqavilənin etibarsızlığı hissədə əsassız olmuşdur. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının kart hesabına köçürülən məbləğin 10.000 manatdan çox olmasını, Bank tərəfindən iddiaçıya verilən kredit məbləği ilə bağlı heç bir telefon zənginin olmamasını, iddiaçıya məxsus kart hesabı üzrə şübhəli əməliyyatların aparılması halında bununla bağlı məlumatı olduğu halda iddiaçını məlumatlandırmaması və s. kimi halları nəzərə almaqla düzgün olaraq hesab etmişdir ki, bu kimi hallarla bağlı Bankın özü birbaşa məsuliyyət daşıdığından Bank xəbərdar olmalı idi. Bu səbəbdən də iddiaçı hazırkı əqdi mübahisələndirməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından, o cümlədən mübahisəli müqavilənin məzmunundan və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh bank arasında hazırda mübahisləndirilən kredit müqaviləsindən əvvəl başqa müqavilə üzrə kredit münasibətləri mövcud olmuşdur. O cümlədən, 20 dekabr 2023-cü il tarixli kredit müqaviləsinin 2.10.1-ci bəndindən görünür ki, iddiaçının 14 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1003,59 manat qalıq borcu olmuş və həmin borc verilmiş kredit vəsaiti hesabına, müştərinin əlavə razılığı olmadan aktseptsiz qaydada silinərək ödənilmişdir. Həmçinin iş materiallarından görünür ki, 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsinə əsasən 633 manat kredit ödənişi həyata keçirilmişdir. Kollegiya bu hissədə məhkəmənin mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçının adına rəsmiləşdirilən 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsinə əsasən iddiaçıya məxsus əmək haqqından əsassız olaraq müəyyən məbləğdə tutulmalar olmuşdur. İş materiallarından görünür ki, iddiaçı onun tərəfindən artıq ödənilmiş 633 manatın geri qaytarılmasını tələb etsə də, iddiaçı tərəf ondan 3000 manatdan artıq pul tutulmasını etiraf etmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 18 dekabr 2024-cü il tarixli, 9/9460 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən istifadə edilmiş kreditə görə onun ödəniş kart hesabından son ödəniş tarixinə, yəni xx.xx.2024-cü il tarixinədək cavabdeh Bank tərəfindən ümumilikdə 3182,06 manat məbləğində silinmələr aparılmışdır ki, hazırkı ekspertiza tədqiqatı ilə həmin silinmələrin 2096,09 manat məbləğinin əsas borca, 1085,97 manat məbləğinin isə faiz borcuna silinmişdir. Kredit müqaviləsi üzrə artıq ödənişlərin aparıldığı müəyyən edilmir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıdan mübahisəli kredit müqaviləsi üzrə tutulan pulların iddiaçıya geri qaytarılması icra mərhələsində hesablanması daha səmərəli və ağlabatan məsələ olduğundan, gələcəkdə bu tələblə yenidən məhkəməyə müraciət etməyin qarşısını almaqdan ibarət olduğundan, həmçinin iddianın predmetini dəyişmədiyindən iddiaçıdan qeyd edilən kredit müqaviləsi üzrə Bank tərəfindən tutulan pul məbləği icra mərhələsində müəyyən edilməklə həmin vəsait Cavabdeh1 ASC-dən İddiaçı xeyrinə tutulmasına dair hissədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası daha sonra hesab edir ki, restitusiya qaydasında isə 11.878 manat pulun Cavabdeh2 tutulub Cavabdeh1 ASC-yə ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, hazırki halda etibarsız hesab edilən əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməsinə zərurət görmür. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddənin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər; Hazırkı işin hallarından isə aydın olur ki, 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 ASC iddiaçıya məxsus ******************** nömrəli plastik kart hesabına 11.878 manat məbləğində pulu kredit olaraq köçürmüş, daha sonra dərhal həmin məbləğ iddiaçıya məxsus hesabdan isə üçüncü tərəf olan Cavabdeh2 məxsus ******************** nömrəli plastik kart hesabına köçürülmüşdür. Göründüyü kimi iddiaçıya məxsus plastik karta köçürülmüş vəsait, iddiaçının hesabından üçüncü tərəfin hesabına köçürülmüşdür ki, Məhkəmə Kollegiyasının qənaətinə görə, qeyd edilənlər 20 dekabr 2023-cü il tarixli, GTKR5466037B299 saylı kredit müqaviləsinin etibarsızlığının hüquqi nəticələrinin müəyyən edilməsini hazırkı mübahisənin məqsədləri baxımından mümkünsüz edir. Kollegiya bu qənaətə gələrkən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş mütəxəssis rəyində Cavabdeh2 qeyd olunan dövr ərzində həyata keçirdiyi əməliyyatlar şübhəli əməliyyatları və ya riskli əməliyyat kimi qiymətləndirilməli olmasının xüsusilə qeyd edilməsini də nəzərə almışdır. Başqa sözlə, kollegiyanın qənaətinə görə cavabdeh tərəf yaranmış mübahisəli vəziyyət üzrə bütün tələblərini Cavabdeh2 qarşı yönəltməli idi. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-restitusiya qaydasında 11.878 manat pulun Cavabdeh2 tutulub Cavabdeh1 ASC-yə ödənilməsi hissəsində ləğv edilməli, qətnamə apellyasiya qaydasında mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh2 11.878 manat məbləğində pul vəsaitinin restitusiya qaydasında tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.