Məhkəmə qərarları › İş №2(103)-4805/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4805/2023

18.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4805/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsızlığı, çıxarışın ləğv edilməsi” ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X11, Yasamal rayon İcra Hakimiyəti və Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) "qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsızlığı və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-1349/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı, Cavabdeh1 və X7 babaları X8 xx.xx.1973-cü il tarixdə ölmüş, miras əmlakı Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 41 (85) nömrəli fərdi yaşayış evinin 12/24 hissəsindən ibarətdir.

2. İddiaçı, Cavabdeh1 və X7 ataları X9 xx.xx.2019-cu il tarixdə, anaları Təvəkülova Xırda xanım Əbdül Rəhman qızı xx.xx.2013-cü il tarixdə ölmüşdür.

3. xx.xx.2020-ci il tarixdə İddiaçı digər vərəsələr Cavabdeh1 və X10 barədə məlumatları göstərməklə xx.xx.2019-cu ildə vəfat etmiş atası X3 miras əmlakını qəbul etmək barədə Bakı şəhəri 13 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir.

4. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 nümayəndəsi vasitəsilə digər vərəsələri göstərməməklə babası X1 miras əmlakını qəbul etmək barədə Bakı şəhəri 7 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. X11 notariat ofisinə ərizə verərək mirası qəbul etmək niyyətində olmadığını bildirmişdir.

5. Cavabdeh1 irsi transmissiya qaydasında babası X2 miras əmlakı - Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 41 (85) nömrəli fərdi yaşayış evinin 12/24 hissəsindən ¼ hissədə pay alması barədə xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, ¾ hissədə pay açıq saxlanılmışdır.

6. Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 41 (85) nömrəli fərdi yaşayış evinin 3/24 hissəsinə Cavabdeh1 mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2022ci il tarixdə qeydiyyata alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Yasamal rayon İcra Hakimiyəti və Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) "qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 7 saylı Notaria Ofisi tərəfindən Cavabdeh1 adına tərtib edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mərhum atası X3 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ¼ hissəsindəki mirasa İddiaçı payının müəyyən edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzini Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri 7 saylı notariat ofisinin 2V-105 nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının atası X9 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. F.Ə.Təvəkgülov ünvan 2 ünvanında qeydiyyatda olmuş və həmin ünvanda da vəfat etmişdir. F.Ə.Təvəkgülovun miras əmlakına Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 41 saylı fərdi evin 1/4 hissəsi də daxil olsa da, Cavabdeh1 sözügedən miras əmlaka münasibətdə qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi almış və nəticədə iddiaçının vərəsəlik hüquqları pozulmuşdur.

10. Məhkəmə tərəfindən X11 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1349/2023 nömrəli qətnaməsi ilə (hakim F.A.Əlizadə) iddianın təmin edilməsi, Cavabdeh1 verilmiş Bakı şəhəri 7 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarış üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 3/24 hissədə Cavabdeh1 mülkiyyətdə olmasına dair xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 3/24 hissədə mərhum X3 miras əmlakı hesab edilməklə V-06/2020 nömrəli vərəsəlik işi üzrə X3 vərəsələri arasında miras paylarına müvafiq hissədə bölünməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, X2 1973-cü ildə vəfat etməsi nəzərə alınmaqla vərəsəlik hüquq münasibətinin 1973-cü ildə yaranması əsası ilə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının mübahisəyə tətbiq edilməsi zəruridir.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, X6 xx.xx.1973-cü il tarixdə, X9 isə 46 il sonra, yəni xx.xx.2019-cu il tarixdə mübahisə predmeti olan ünvan 2 ünvanında vəfat etmiş, vəfat edənə qədər həmin mənzildə yaşamışdır. Beləliklə, X9 mərhum atası X2 miras əmlakını (aktiv və passiv) öz payına müvafiq hissədə Azərbaycan SSR MM-in 552-ci maddəsinə əsasən faktiki olaraq qəbul etmişdir.

14. Məhkəmə hesab etmişdir ki, hazırki mülki iş üzrə daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat mülkiyyət mənsubluğunu müəyyən etməməklə hüququn formal qeydiyyat əsası qismində çıxış edir. Nəzərə almaq lazımdır ki, mübahisə predmeti olan daşınmaz əmlak X2 adına qeydiyyatda olsa da, X9 həmin əmlakı miras əmlak qismində qəbul etmiş və Azərbaycan SSR MM-in 528-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən X3 mülkiyyəti sayılmalıdır.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, irsi transmissiya institutuna əsasən, vərəsə mirası qəbul etmədən öldükdə miras payın ölmüş vərəsənin vərəsələrinə keçir. Lakin, hazırki iş üzrə vərəsə X9 miras predmeti olan əmlakda 46 il yaşamaqla öz payına müvafiq olaraq miras əmlakı artıq qəbul etmişdir. Beləliklə, hazırki situasiyaya irsi transmissiya hüquq institutunun tətbiq olunması yolverilməzdir. Çünki, irsi transmissiya hüquq institunun dispozitiv şərtləri ilə hazırki mülki işin faktiki və hüquqi halları uyğun deyildir. Hüquq normasının aydın, müəyyən ifadə edilmiş şərtləri hər hansı mülahizəyə yol verilməməklə hüquq münasibətinə birbaşa tətbiq edilməlidir. Daşınmaz əmlakın dövlət reyestri xidmətində hüququn qeydiyyata alınmaması mirasın qəbul edilməməsinə, mülkiyyət hüququnun yaranmamasına dəlalət edə bilməz. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlakın dövlət reyestrin olan qeydlər hüquq münasibətlərinin obyekti qismində daşınmaz əmlakların və mülkiyyətçilərin müəyyənliyini qorumaq məqsədilə tərtib edilir. Formal əsaslardan yanaşaraq sırf formal qeydiyyat əsası ilə faktiki mülkiyyət hüququ məsələlərini görməzdən gəlmək yolverilməzdir.

16. Məhkəmə hesab etmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla 3/24 hissədə X5 məxsus hesab edilməklə sözügedən 3/24 hissədə olan pay sonuncunun vərəsələri arasında bölünməlidir.

17. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan SSR MM-in 556-cı maddəsinə əsasən, mirasdan imtinanın prosedurası imperativ qaydada müəyyən edilsə də, X3 mirasdan imtina barədə iradə ifadəsi və ya müraciəti qeydə alınmamışdır. Mirasdan imtina edilməmişdirsə, miras açıldığı andan qəbul edilmiş hesab olunur.

18. Məhkəmə miras predmetinin X4 mənsub olması fikri ilə razı olmayaraq qeyd etmişdir ki, Bakı şəhəri 7 saylı Notariat Ofisinin qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinə əsasən X2 isri transmissiya üzrə vərəsələri Cavabdeh1 və X11 vərəsə kimi prosesə cəlb edilsə də, digər vərəsə İddiaçı vərəsəlik işinə cəlb edilməmiş, nəticədə sonuncunun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur.

19. Məhkəmə hesab etmişdir ki, X3 vərəsəlik işin digər notariusda açılması nəzərə alınmaqla Bakı şəhəri 7 saylı Notariat Ofisi səlahiyyət hədlərindən kənara çıxmaqla mülki qanunvericiliyin normalarını pozaraq irsi transmissiya qaydasında X2 vərəsəsi qismində Cavabdeh1 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə vermişdir. Belə ki, müvafiq miras payı mərhum X3 vərəsəlik işi üzrə sonuncunun vərəsələri arasında bölünməli və paylarına müvafiq olaraq vərəsələrə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməlidir.

20. Məhkəmə nəzərə almışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş 3 ay müddətində xx.xx.2019-cu ildə vəfat etmiş atası X3 mirasını qəbul etmək barədə Bakı şəhəri 13 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir və vicdanlı davranaraq ərizədə digər vərəsələrin adlarını da qeyd etmişdir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan SSR Mülki Məcəlləsinin (1964-cü il) 528, 530, 552, 556-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1243.2, 1252, 1253.1, 1253.2, 1255, 1256-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mirasın qəbulu müddəti 3 aydır, bu müddət mirasın açıldığı gündən başlayır. Odur ki, iddiaçının atası Fərhad Təvəkkülovun ikinci formadan 3 ayın daxilində olan müddətdə istifadə etdiyi təqdirdə, onun bu hərəkəti mirasın qəbulu kimi qiymətləndirilə bilər. İddiaçının özünün izahatından görünür ki, onun atası həmin müddətdə mənzildə yaşamayıb. İddiaçının atasının mənzilə faktiki sahiblik etməyə və ya mənzili idarə etməyə yönələn hərəkətlər etməsinin müəyyən olunmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, mirasın qəbulu müddətində iddiaçının atasının mənzildə yaşaması və ya mənzilə sahiblik etməyə və ya mənzili idarə etməyə yönələn hərəkətlər etməsi müəyyən olunmamışdır. Qanunverici hərəkətin edilməsi üçün müddət təyin etdikdə hərəkəti etmək hüququ müddətin daxilində qüvvədə olur, müddət başlayana qədər və ya müddət bitdikdən sonra edilən hərəkət hüquqi nəticə doğurmur. Göründüyü kimi, nə iddiaçı, nədəki atası Fərhad Təvəkgülov mirası qəbul etməmişdir. Vərəsənin miras mənzildə yaşaması faktı özlüyündə mirasın qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Əgər şərti olaraq belə hesab olunsa ki, iddiaçının atası mirasın qəbulu müddətində mənzildə yaşamışdır, onun bu hərəkəti mirasın qəbulu hesab olunmur. Belə ki, mənzildən təbii ki, yaşayış sahəsinə olan ehtiyacın ödənilməsi üçün istifadə edilir, lakin inkar oluna bilməz ki, vərəsə mirasın açılmasından 46 il sonra mənzildə onu miras kimi qəbul etmək niyyəti olmadan yaşaya bilər. Vərəsə əmlakı mülkiyyətinə qəbul etdiyini digər şəxslərə şəksiz nümayiş etdirməlidir, bunun üçün isə vərəsənin evdə yaşaması kifayət deyil, vərəsə evə sahiblik etməli, evi idarə etməli, evə yiyələnməlidir. Odur ki, bu kimi mübahisələrin həlli zamanı yalnız evdə yaşama faktına əsaslanmaqla mirasın qəbul edilməsi faktı müəyyən edilə bilməz, vərəsənin evi öz mülkiyyətinə qəbul etməsi barədə iradə ifadə edib-etmədiyi araşdırılmalıdır. Əmlakı idarə etməklə və ya əmlaka yiyələnməkə vərəsə əmlakı mülkiyyətinə qəbul etməsi barədə iradə ifadə edir. Bundan fərqli olaraq, əmlakda yaşama və ya əmlakdan istifadə etmə zamanı vərəsə əmlakı mülkiyyətinə qəbul etməsi barədə iradə ifadə etmir, yaşayış sahəsinə olan ehtiyacını ödəmək niyyətində olması barədə iradə ifadə edir. İddiaçının atasının davranışında “mənzilə sahiblik etmə”, “mənzili idarə etmə”, “mənzilə yiyələnmə” əlamətləri müəyyən olunmur. İddiaçının atası Fərhad Təvəkkülovun ölümünədək miras qalmış evdə yaşayış yeri üzrə qeydiyyatda olmamış, miras qalmış evdə deyil, daimi yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 269 №-li evdə ölən günə qədər həmin ev onun daimi yaşayış yeri olmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatıbirliyinin 21 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli, 52 nömrəli arayışına əsasən iddiaçı Cavadova (Təvəkkülova) Günay Farhad qızı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində xx.xx.2004-cü il tarixdə qeydiyyatda olmuş, 2014-cü il tarixdə qeydiyyatdan çıxmışdır. Mirası faktiki qəbul etməmiş, qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi üçün notariat ofisinə müraciət etməmişdir. Yəni qanunla müəyyən edilmiş mirasın qəbul edilməsi müddətini ötürmüşdür. Yalnız bundan sonra məhkəmədə hazırkı iddia tələbini qaldırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayətinə etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, məhkəmə prosessual qanunvericiliyin tələblətini pozaraq iddia tələbindən kənara çıxaraq qətnamə qəbul etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, notariat ofisinin birində vərəsəlik işi cavabdehin atasının, digərində isə babasının adına açılmışdır.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

28. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavavdehə və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

30. Azərbaycan SSR Mülki Məcəlləsi (1964-cü il) Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə 530. Qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Maddə 552. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 554. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilir. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Maddə 556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər.Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Maddə 1253.1. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Maddə 1253.2. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Bənd 83. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Hazırkı işdə iddia tələbi tam təmin edildiyindən və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – miras əmlakın vərəsələr arasında bölünməsi ilə hissədə ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. İşdən məüyyən olunur ki, iddiaçının (eyni zamanda Cavabdeh1) babası X8 xx.xx.1973-cü il tarixdə, atası X9 isə xx.xx.2019-cu il tarixdə ölmüşdür. Notariat işində olan sənədlərə əsasən sonuncunun son yaşayış yeri ünvan 2 (85) olmuşdur.

38. İddiaçı atasından qalan miras əmlak olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən bağ sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün digər vərəsələr barədə də məlumat göstərməklə qanunvericiliklə müəyyən edilmiş müddətdə Bakı şəhəri 13 saylı notariat ofisinə müraciət etmiş, bununla bağlı vərəsəlik işi açılmış, iddiaçıya mirasda digər vərəsələrin payı açıq saxlanılmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

39. Bundan sonra Cavabdeh1 babasından qalan miras əmlak olan ünvan 2-ə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün digər vərəsələr barədə məlumat göstərməməklə Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət etmiş, bununla bağlı vərəsəlik işi açılmış, iddiaçıya mirasda ¾ hissədə pay açıq saxlanılmaqla qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmiş, şəhadətnamə əsasında qeyd olunan evə 3/24 hissədə mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.

40. ünvan 2-ə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlakın ¼ hissəsində pay irsi transmissiya qaydasında Cavabdeh1 adına rəsmiləşdirilmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, həm hazırda qüvvədə olan mülki qanunvericiliyə, həm də X8 öldüyü vaxt qüvvədə olan mülki qanunvericiliyə əsasən vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü təqdirdə mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya).

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X9 mərhum atası X1 miras əmlakı olan evdə yaşamaqla həmin miras əmlakı öz payına müvafiq olaraq qəbul etmişdir. Belə ki, həmin vaxt qüvvədə olan mülki qanunvericiliyə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, o mirası qəbul etmiş hesab olunur. Eyni zamanda, X3 mirasdan imtina etməsi barədə notariat orqanına müraciəti də qeydə alınmamışdır.

43. Cavabdeh apellyasiya şikayətində Fərhad Təvəkgülovun ölümünədək miras qalmış evdə yaşayış yeri üzrə qeydiyyatda olmadığı, miras qalmış evdə deyil, daimi yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 269 №-li evdə ölən günə qədər həmin evin onun daimi yaşayış yeri olduğunu bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmiş, yuxarıda da qeyd olunduğu kimi, notariat işində olan sənədlərə əsasən sonuncunun son yaşayış yeri ünvan 2 olmuşdur.

44. Odur ki, notarius tərəfindən tərəfindən irsi transmisiyya qaydasında miras əmlakın Cavabdeh1 adına rəsmiləşdirilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur.

45. Kollegiya onu da qeyd edir ki, Cavabdeh1 babasından qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət edərkən digər vərəsələr barədə məlumatları göstərməsə də, notariat işində olan “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən olan çıxarışda Fərhad Təvəkgülovun ailə üzvü olaraq iddiaçının da barəsində məlumat göstərilmiş, lakin notarius iddiaçının da vərəsəliklə bağlı notariat orqanlarına müraciət edib-etməməsini “Elektron notariat” informasiya sistemi vasitəsilə yoxlamamış, vərəsəlik işinin açılması ilə bağlı iddiaçıya hər hansı məlumat verməmişdir.

46. Halbuki, vərəsəlik işinə digər vərəsə X7 X2 miras qalmış əmlakdan vərəsəliyi qəbul etməməsi barədə həmin notariat ofisində təsdiq edilmiş ərizəsi əlavə edilmişdir, beləliklə, digər vərəsəyə vərəsəlik işi ilə bağlı məlumat verilmişdir.

47. Göründüyü kimi, notarius tərəfindən iddiaçının vərəsəlik işinə cəlb edilməməsi nəticəsində sonuncunun konstitusion hüququ pozulmuşdur. Belə ki, iddiaçı atasından qalan miras əmlakın qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət etməklə vərəsə kimi miras əmlakın qəbul edilməsi ilə bağlı iradə ifadəsini artıq nümayiş etdirmişdir.

48. Bununla belə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək Cavabdeh1 verilmiş Bakı şəhəri 7 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 41 (işdə olan sənədlərdə evin nömrəsi 85 kimi də qeyd edilir) ünvanında yerləşən fərdi yaşayış evinin 3/24 hissədə Cavabdeh1 mülkiyyətdə olmasına dair xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini nəzərə almamış, iddiaçının tələbi olmadığı halda iddia tələbindən kənara çıxaraq miras əmlakı vərəsələr arasında bölmüşdür.

49. Belə olan halda məhkmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1349/2023 nömrəli qətnaməsi qismən – “ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 3/24 hissədə mərhum X3 miras əmlakı hesab edilməklə V-06/2020 nömrəli vərəsəlik işi üzrə X3 vərəsələri arasında miras paylarına müvafiq hissədə bölünsün” hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar