Məhkəmə qərarları › İş №2(103)-4806/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4806/2024

15.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4806/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Xəzər Rayon İcra və Probasiya şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “hərracın yekunları barədə protokolun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-1073/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 ASC və Xəzər Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Lexus RX 350 Minik” markalı, ağ mirvari rəngli, buraxılış ili 2010 olan, **-LE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Cavabdeh3 ASC-yə satılması barədə xx.xx.1018-ci il tarixli, Y-16 saylı hərracın yekunları üzrə əmlakın alqı satqısı barədə müqavilənin və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-dən ona məxsus olan “Lexus RX 350” markalı minik avtomobilinin ipoteka yüklülüyü qarşılığında, avtomobili 46000 ABŞ dolları məbləğində qiymətləndirilərək, dəyərinin 50%-i nisbəti olaraq 23000 ABŞ dollarının ekvivalentində hesablayaraq həmin dövrdə mövcud olan dolların məzənnəsini 0,78 kursla götürərək, avtomobili aldığı şəxslə tam hesablaşmağı üçün bankın ona vermiş olduğu 17940 manat kreditin tam bağlanması tələbi ilə Xəzər Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət etmişdir. Avtomobilin mühərrikinin sıradan çıxması və onun hərbi xidmətə çağırılmağı səbəbindən kredit ödənişlərinin ləngiməsini əsas gətirərək Cavabdeh3 ASC onun banka etdiyi ödənişlərini belə nəzərə almadan, yalnız özünəməxsus qaydada hesablamalar aparmaqla, onun guya ümumilikdə 16374 ABŞ dollar kredit borcu qaldığıni iddia edərək, onun hərbi xidmətdə olduğu dövrdə, yəni 26 aprel 2017-ci il tarixində, hər vasitə ilə məhkəmə keçirilməsinə nail olmuş və məhkəmədən ona məxsus olan «Lexus RX 350» markalı avtomobili hərrac yolu ilə satılmasını və satışdan əldə olunan məbləği banka ödənilməsi tələbini məhkəmədən xahiş etmişdir. Əslində isə o, qrafikə uyğun, ödənişin ilk 2 ayını da 0,78 kursla ödəniş etmiş və sonra ödədiyi 9 ayın ödənişini isə, yəni 2015-ci ilin fevral ayından, manatın ardıcıl devalvasiya kursları ilə ümumilikdə əsas borcdan 9511 ABŞ dolları, faiz borcundan isə 3148 ABŞ dolları, cəm olaraq isə 12659 ABŞ dolları ekvivalentində 21520 manat olaraq ödəmişdir. "xxxx" ASC ilə aralarında əsasən ona manatla kredit verildiyi üçün, bankın ona təqdim etdiyi, aylar üzrə ödəniş qrafiki, manatla olduğundan, bütün onun ödənişləri manatla olmuşdur. Baxmayaraq ki, Turanbank ASC ilə aralarında ödənişləri dollarla ödəyəcəyinə dair əlavə heç bir razılaşma olmayıb, bank hansı əsasla ödənişləri ondan məhkəmə vasitəsilə ABŞ dolları kimi ödənilməsi tələbini irəli sürüb. Məhkəmə isə, "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi saxta, həqiqəti əks etdirməyən hesablamalara və bir sıra qeyri rəsmi yollarla əldə etdikləri dəlillərə istinadən, avtomobilin hərracda satılmasına dair xx.xx.2017 tarixli, 2(003)-908/2017 saylı qətnamə qəbul etmişdir. Çıxarılmış həmin məhkəmə qətnaməsinin nəticəsi olaraq, Xəzər rayon Məhkəməsinin İcra şöbəsi, "xxxx" MMC-yə məktub ünvanlayaraq ona məxsus “Lexus RX 350” markalı **-LE-*** nömrə nişanlı minik avtomobilinin, hərracda satılmasıni xahiş etmişdir. “Turanbank" ASC Xəzər rayon Məhkəməsinə təqdim etdiyi onunla bank arasında bağlanmış olan xx.xx.2014-cü il tarixli 798/f-14 saylı kredit müqaviləsində də qeyd edildiyi kimi, ona məxsus olan Lexus RX 350 markalı minik avtomobilini bankın öz mütəxəssislərinin 46000 ABŞ dolları məbləğində qiymətləndirdiyi halda, yalnız mühərrikinin təmirə ehtiyacı olan və qalan detallarını saz vəziyyətdə olduğu, baxımlı bir avtomobilə, "xxxx" MMC-nin hərrac komissiyası tərəfindən, "xxxx" ASC-nin maraqlarına uyğun olaraq, avtomobilin dəyərinin 7 misli qədər ucuzlaşdırıb, əmlakın sahibi olaraq ona heç bir məlumat verilmədən, hərraca çıxarılmış və Cavabdeh3 ASC tərəfindən xx.xx.2018-ci il tarixdə alınmışdır. 17 dekabr 2014-cü ildə 2010 il buraxılışı olan Lexus RX 450h markalı (sənədində isə Lexus 350 kimi yazılmışdır) avtomobilə bankın öz mütəxəssislərinin təyin etdiyi bazar qiyməti 46000 ABŞ dolları və ya 78200 manat olduğu halda, 3 ildən az müddət keçməsinə baxmayaraq, avtomobilin dəyərinin 7 misli qədər aşağı qiymətə, yəni 10200 manata (6000 ABŞ dollara) qiymətləndirilməklə hərraca çıxarılması və hazırki iş üzrə Cavabdeh3 ASC tərəfindən alınması ciddi qanun pozuntusudur. Məhkəmə proseslərinin olmasından, iş üzrə qətnamə çıxarılmasından, icra vərəqəsinin verilməsindən heç bir məlumatı olmamışdır. Hesab edir ki, lazımi qaydada xəbərdar olunmaması ilə və aşağı qiymətlə qiymətləndirilərək, maşınının aşağı qiymətlə hərracda satışa çıxarılması və alqı-satqısı barədə müqavilə, qanunsuz və etibarsız hesab edilməlidir. Belə ki, "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC saxta yollarla onu mülkiyyəti dən məhrum etmişdir. Yuxarıda qeyd edilənlərlə bağlı vaxtında məlumatı olmadığından, bu barədə aidiyyəti üzrə müraciət edib qəbul olunmuş qərarların təsdiq edilmiş surətinin verilməsini tələb etsə də, bir nəticəsi olmamışdır. Aidiyyəti üzrə məhkəməyə, icra və probasiya şöbəsinə və Cavabdeh3 ASC-yə müraciət etsə də, onlar da hərracın keçirilməsi ilə bağlı hər hansı bir qətnamə, icra vərəqəsi və ya digər bir sənədin olmadığını ona bildirmişlər.

3. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh3 ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-908/2017 saylı qətnaməsinə əsasən Cavabdeh3 ASC-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın girov əmlak olan İddiaçı məxsus “mübahisələndirilən avtomobilə yönəldilməsi və girov əmlakın hərracdan satılaraq, əldə olunmuş vəsaitdən borcun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, həmin qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Hərrac keçirilən zaman tərəflərə bildirişlər göndərilmiş, başqa alıcı olmadığına görə bank “Lexus RX350 Minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Hal-hazırda həmin avtomobil bankın mülkiyyətindədir. İddia tələbini əsassız hesab edir.

4. Səbail Rayon Məhkəməsinin 2(009)-1073/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia təmin edilmiş və "xxxx" MMC-nin iddiaçıya məxsus mübahisələndirilən avtomobilə dair hərracın nəticələri haqqında 15 yanvar 2018-ci il tarixli, Y-16 saylı protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab olunması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat:

5. Qətnamədən narazı qalan Cavabdeh3 ASC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən "xxxx" MMC tərəfindən göndərilmiş bildirişlərdə mütləq tərəflərə çatdırılmalı olan imperativ qayda yoxdur. Lakin mübahisə olunan işdə Səbail rayon məhkəməsi iş üzrə göndərilmiş bildirişləri ümumiyyətlə nəzərə almayaraq qeyd etmişdir ki, bildirişdə tərəflərin ünvanı yoxdur. Halbuki, Konstitusiya Məhkəməsi vurğulamışdır ki, bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsi tələb olunmur. Mülki Məcəllənin 415.2-ci maddəsi bildirişin hansı formada tərtib olunmasını tənzimləyir və bu maddənin dispozisiyasında tərəflərin ünvanlarının bildirişdə qeyd olunması öz əksini tapmamışdır.

7. Apellyasiya icraatında araşdırma zamanı məhkəmə sorğusu əsasında icra işi tələb edilmiş və müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixində icra məmuru tərəfindən hazırki iş üzrə iddiaçı məcburi icra tədbirləri barədə xəbərdarlıq edilmiş və iddiaçı izahatında göstərmişdir ki, “Hərbi xidmətdə olduğum vaxt 2017-ci ilin aprel ayında məhkəmə qətnamə qəbul edib, nə mənə, nə də ailə üzvlərimin heç birinə məlumat verilməyib. Nə mənim, nə də ailə üzvlərimin xəbəri olmadan Bank maşını məndən xəbərsiz hansısa bir yollarla tapıb və aparıb. Maşının harda olmağından xəbərim belə yoxdur. Bank maşını hərraca çıxarıb və satıb, nə mənim, nə də ailə üzvlərimin xəbəri olmadan. Bütün proseslər qanunsuz olduğu üçün heç bir ödəniş etməmişəm. Öz haqqımı tələb edib Bankdan şikayətimi bildirəcəm, Cavabdeh3 ASC bütün bu prosesləri qanunsuz şəkildə həyata keçirib.”

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6208/2023 saylı, 11 dekabr 2023-il tarixli qətnaməsi ilə cavabdeh bank tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1073/2023 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməsi, cavabdehlər "xxxx" MMC, Cavabdeh3 ASC və Xəzər Rayon İcra və Probasiya Şöbəsinə qarşı hərracın yekunları barədə protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddianın rədd olunması qət edilmişdir. Kassasiya instansiya məhəməsində icraat:

9. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərara qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1014/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarı ilə İddiaçı tətəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6208/2023 nömrəli iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatı:

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və şikayəti müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, hərrac keçirilən zaman tərəflərə bildirişlər göndərilmiş, başqa alıcı olmadığına görə bank “Lexus RX350 Minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Həmçinin hazırkı məsələdə bildirişin çatdırılıbçatdırılmaması önəmli deyil, belə ki, hərrac təşkil edən şirkətin qanunla belə bir öhdəliyi yoxdur. Hazırda isə iddiaçıya bildiriş göndərilmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, hərrac keçirilən zaman qanunun tələbləri pozulmuşdur, belə ki, hərrac barədə bildiriş iddiaçıya çatmamış, eyni zamanda əmlakın qiymətləndirilməsi düzgün olmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilmədən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

15. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Lexus RX350 Minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2010, ağ mirvari rəngli, ban JTJBC1BA9A2403456 olan avtomobil xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

16. "xxxx"nin hərracın nəticələri haqqında yekun Y-16 saylı, 15 yanvar 2018-ci il tarixli protokolundan görünür ki, ilkin satış qiyməti 16000 manat müəyyən edilmiş “Lexus RX350 Minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışı üzrə keçirilən iki hərrac baş tutmadığına görə ipotekasaxlayan Cavabdeh3 ASC əmlakı 10200 manata almışdır. Cavabdeh3 ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur.

17. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Lexus RX350 Minik” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2010, ağ mirvari rəngli, ban JTJBC1BA9A2403456 olan avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh3 ASC-nin adına qeydiyyata alınmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

19. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

20. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

21. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

22. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.

23. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.

24. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

25. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

26. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Qanunvericilikdə hərracın keçirilməsinin, qiymətli kağızların buraxılışının və vəsiyyətnamələrin yalnız məhkəmə qərarı ilə etibarsız hesab oluna biləcəyi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 416, 1078- 27.1.3 və 1225.3 cü maddələri). Bir sıra əqdlərin etibarsızlığının yalnız məhkəmə qərarı ilə müəyyən edilməsi həmin əqdlərin mahiyyəti ilə bağlıdır. Belə əqdlər əsasən səlahiyyətli dövlət qurumlarının iştirakı ilə və ictimai şəkildə baş verdiyindən mülki hüquq subyektlərinin həmin əqdlərin etibarlılığı ilə bağlı etimad və inamını qorumaq zərurəti yaranır. Bu səbəbdən qanunvericilikdə bəzi əqdlərin yalnız məhkəmə qərarı əsasında etibarsız hesab edilməsi ilə bağlı normalar müəyyən edilmişdir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

33. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

36. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

37. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

38. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

41. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

44. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

45. 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

46. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 ASC-nin apellyasiya şikayətinə əsasən - tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

49. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

50. Apellyasiya instansiyası məhkəməsinin bundan öncəki qətnaməsini ləğv etmiş Ali Məhkəmə 30 yanvar 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, .... Konstitusiya Məhkəməsi Plenumunun qərarında hərracın nəticələrinə dair protokol, alqı-satqı və sair barədə əqdlər əhəmiyyətsiz və ya mübahisələndirilən əqdlərə deyil, əqdlərin xüsusi növünə aid edilmişdir, maddi hüquqi mənada mübahisələndirilən əqd sayılmır. Hazırkı iş üzrə iddiaçının tələbi də ona məxsus olan və ipoteka ilə yüklü edilmiş “Lexus RX 350 Minik” markalı avtomobilinin Cavabdeh3 ASC-yə satılması barədə xx.xx.1018-ci il tarixli, Y-16 saylı hərracın yekunları barədə əmlakın alqı-satqısına dair müqavilənin və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab olunması barədədir. Həmin müqavilə, həmçinin ondan irəli gələn nəticələr Mülki Məcəllənin 354.1 və 354.2-ci maddələrində göstərilən əhəmiyyətsiz və mübahisələndirilən əqdlərə aid olunması istisna edilir. Bu baxımdan da apellyasiya instansiyası məhkəməsi mübahisənin həllində Mülki Məcəllənin 354.2-ci maddəsinin tətbiq etməkdə səhvə yol vermişdir.

51. Məhkəmə kollegiyası qeyd olunan qərarda göstərilənləri nəzərə alaraq hesab edir ki, rayon məhkəməsi – iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.

52. Belə ki, rayon məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, cavabdeh bank tərəfindən məhkəməyə təqdim edilmiş hərracın keçirilməsinə dair xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli bildirişlərdə borclu İddiaçı ünvanı qeyd edilməmişdir. Həmin bildirişlərin borclunun ünvanına göndərilməsi barədə hər hansı sübut iş materiallarında yoxdur.

53. Cavabdeh bank isə apellyasiya şikayətində bildirmişdir ki, xx.xx.2008-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən "xxxx" MMC tərəfindən göndərilmiş bildirişlərdə mütləq tərəflərə çatdırılmalı olan imperativ qayda yoxdur. Lakin mübahisə olunan işdə Səbail Rayon Məhkəməsi iş üzrə göndərilmiş bildirişləri ümumiyyətlə nəzərə almayaraq qeyd etmişdir ki, bildirişdə tərəflərin ünvanı yoxdur. Halbuki, Konstitusiya Məhkəməsi vurğulamışdır ki, bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsi tələb olunmur. Mülki Məcəllənin 415.2-ci maddəsi bildirişin hansı formada tərtib olunmasını tənzimləyir və bu maddənin dispozisiyasında tərəflərin ünvanlarının bildirişdə qeyd olunması öz əksini tapmamışdır.

54. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

55. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındə isə qeyd edilmişdir ki, ... bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

56. Göründüyü kimi təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bu zaman təşkilatçı tərəflərə bildiriş göndərir. Lakin hazırki vəziyyətdə hərrac barədə bildirişin ümumiyyətlə iddiaçıya göndərilməsi müəyyən edilmir.

57. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya hərracın keçirilməsinə dair bildiriş göndərilməmiş və onun hərracda iştirak etmək imkanı təmin olunmamışdır.

58. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, girov əmlakın açıq hərracdan satılması ilə bağlı iddiaçıya hərracların keçirilməsi barədə qanunla müəyyən olunmuş qaydada bildiriş göndərilmədiyi və onun hərracda alıcı qismində iştirak etmək imkanını təmin olunmadığı üçün "xxxx" MMC-nin iddiaçıya məxsus “Lexus RX350 Minik” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hərracın nəticələri haqqında 15 yanvar 2018-ci il tarixli, Y-16 saylı protokol və ondan irəli gələn hüquqi nəticələr etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

59. Apelyasiya şikayətində qeyd edilən dəlillər isə mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

60. Həmçinin Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsini istisna etmir. Nəticə:

61. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

62. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

63. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

64. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-1073/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar