Məhkəmə qərarları › İş №2(103)-4808/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4808/2020

11.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4808/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X13 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlərin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh1 QSC Bank olmayan kredit təşkilatına, Cavabdeh2 MMC-yə və Cavabdeh3 MMC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin və Cavabdeh1 BOKT QSC-nin iddiaçı Allahverdiyev Mövsüm Vaqif oğluna qarşı “kredit müqaviləsi üzrə faiz borcunun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 BOKT QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "Cavabdeh1" QSC BOKT, "Cavabdeh2" MMC və "Cavabdeh3" MMC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxx” ASC arasında bağlanmış xx xxxxxxxx 2010cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, “xxxx” ASC-yə borclu olmağı barədə qeydin Cavabdeh3 silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "Cavabdeh2" MMC tərəfindən iddiaçıya göndərilmiş xx xxxxxx 2017-ci il tarixli, 477 saylı bildirişə əsasən iddiaçının “xxxx” ASC ilə bağlanmış xx xxxxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən 329824,44 manat borclu olduğu göstərilmişdir. Qeyd edilən kredit müqaviləsi bağlanan zaman iddiaçı “xxxx” MMC-də mühafizəçi işləmiş və Cəmiyyətin rəhbərinin göstərişinə əsasən, o, “xxxx” ASC-nin Nəqliyyat filialına gedərək şəxsiyyət vəsiqəsini verib bilmədiyi bəzi sənədlərə imza çəkmişdir. Sonradan o, istintaqa çağırılanda bilmişdir ki, imza çəkdiyi sənədlər 910000 manat məbləğində kredit müqaviləsidir. “xxxx” ASC ilə bağlanmış həmin kredit müqaviləsi də daxil olmaqla, bir çox kredit müqavilələri üzrə cinayət işi başlanılmış, bağlanılmış həmin kredit müqavilələrin saxta və qanunsuz olduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli hökmü ilə müəyyən edilmiş və təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-845/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmış və həmin tarixdən hökm qanuni qüvvəsini almışdır. Göstərilən hökmə əsasən iddiaçı ilə “xxxx” ASC-nin Nəqliyyat filialı arasında bağlanılmış xx xxxxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 910000 manat pulun “xxxx” MMC-nin rəhbəri İbrahim Hüseynov və ABB-nin rəhbəri Cahangir Hacıyev tərəfindən mənimsənildiyi müəyyən edilmişdir. Həmin hökmə əsasən “xxxx” ASC-nin mülki iddiası qismən təmin edilmiş və iddiaçı ilə formal olaraq bağlanmış xx xxxxxxxx 2010-cu il tarixli kredit müqaviləsi də daxil olmaqla, X5 və X2 9696204,52 manat alınaraq “xxxx” ASC-yə verilməsi qərara alınmışdır. Yəni, iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxxxx 2010-cu il tarixli kredit müqaviləsinə əsasən götürülmüş pulun qaytarılmasına görə qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən X5 və X6 öhdəlik daşıyırlar. Həmin məhkəmə hökmündən sonra iddiaçının adının kredit reyestrində göstərilən kredit müqaviləsinə görə borclu kimi göstərilməsi hüquqi baxımdan mümkün deyildir. “xxxx” ASC ilə Cavabdeh1 QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh1 QSC-yə keçmiş və Cavabdeh1 QSC ilə Cavabdeh2 MMC arasında xx xxxxxxxx 2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən Cavabdeh1 QSC-yə keçmiş “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsi Cavabdeh2 MMC tərəfindən həyata keçirilir. Göstərilənlərə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 BOKT QSC iddiaçı Allahverdiyev Mövsüm Vaqif oğluna qarşı kredit müqaviləsi üzrə faiz borcunun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı faiz borcu üzrə 329824,44 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub Cavabdeh1 QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında xx xxxxxxxx 2010-cu il tarixli 10687 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 910000 manat məbləğində kredit verilmişdir. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və hazırda banka onun faiz borcu üzrə 329824,44 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcunun qaytarılması barədə İddiaçı dəfələrlə şifahi və yazılı müraciət olunmasına baxmayaraq, kredit borcu və ona hesablanmış faiz qaytarılmamışdır. “xxxx” ASC ilə Cavabdeh1 QSC arasında bağlanılmış tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh1 QSC-yə keçmiş və Cavabdeh1 QSC ilə Cavabdeh2 MMC arasında xx xxxxxxxx 2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən Cavabdeh1 QSC-yə keçmiş “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsi Cavabdeh2 MMC tərəfindən həyata keçirilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 968/2020 saylı qətnaməsi ilə İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxxxx 2010cu tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, xx xxxxxxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə İddiaçı “xxxx” ASC-yə borclu olmağı barədə qeydin Cavabdeh3 silinməsi qət edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh1 QSC BOKT apelyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamənin ləğvi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə bütün faktiki halları tam araşdırmamışdır. Cavabdeh tərəfindən kredit borcu ödənilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq apellyasiya baxışının hədlərini müəyyən edərkən qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilsə də, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən hazırki apellyasiya baxışının predmetini yalnız qətnamənin iddianın təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsində toplanmış sübutlarla müəyyən olunmuşdur ki, “xxxx” ASC-nin Nəqliyyat filialı ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2010-cu il tarixli 10687 saylı kredit müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli hökmündən görünür ki, həmin müqavilə üzrə İddiaçınа ödənilməsi nəzərdə tutulmuş 910000 manat məbləğində kredit “xxxx” ASC-nin sabiq rəhbəri Cahangir Hacıyevin göstərişi əsasında nağd şəklində filialın əməkdaşları və qeyriləri vasitəsilə filialın kassasından götürülərək mənimsənilmişdir. Bankla İddiaçı arasında “bağlanmış” kredit müqaviləsinin uydurma əqd olmağı işin mübahisəsiz halını təşkil edir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, özlüyündə etibarsız olan əqddir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (Mülki Məcəllənin 337.1, 337.3, 340.1-ci maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Göründüyü kimi, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla hüquqi görünüş yaradaraq tamam başqa məqsəd güdürlər, özü də bu məqsəd, adətən, hüquqazidd xarakter daşıyır. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. İddiaçı ilə kredit müqaviləsi formal olaraq, həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlandığından uydurma əqd olaraq əhəmiyyətsizdir və qanunvericiliyin tələbindən də belə əqdlər göründüyü kimi özlüyündə etibarsız olan əqddir. Odur ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 10687 saylı kredit müqaviləsi etibarsız hesab edilməli və həmin kredit müqaviləsi üzrə hesablanmış borc silinməlidir. Kollegiya əqdin etibarsızlığı ilə bağlı hazırki iddianın qaldırılması üçün müəyyən edilmiş müddətlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. Lakin hazırki iş üzrə etibarsız (əhəmiyyətsiz) hesab edilən əqdin icrasına başlanılmamışdır, ona görə də müddətin keçməsindən söhbət gedə bilməz. İddiaçı tələbini həm Cavabdeh2 MMC, həm də Cavabdeh1 QSC-yə qarşı irəli sürmüşdür. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh qismində göstərilmiş Cavabdeh2 MMC iddia tələbinə cavab verməli olan subyekt deyildir. İddiaçının hazırki tələbinə cavab verməli olan subyekt Cavabdeh1 QSC-dir ki, o da cavabdeh qismində iştirak edir. Belə ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə Cavabdeh1 QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ Cavabdeh1 QSC-yə keçmişdir. Cavabdeh1 QSC ilə Cavabdeh2 MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “Xidmət müqaviləsi”nə əsasən, Agentlik Cavabdeh1 QSC-yə onun “xxxx” ASC-dən qəbul etdiyi problemli aktivlərlə bağlı idarəetmə və hüquq xidmətlərini göstərməyi, xidmət nəticəsində yığılan vəsaitin tam və ya razılaşdırılmış hissəsini Cavabdeh1 QSC-yə ödəməyi, Cavabdeh1 QSC isə həmin xidmətlərin həyata keçirilməsi ilə əlaqədar Agentliyin yaranmış xərclərini ödəməyi və fəaliyyəti üçün lazımi şərait yaratmağı öhdələrinə götürmüşlər.Göründüyü kimi, güzəşt edilmiş problemli aktivlərlə bağlı tələb etmə hüququ “xxxx” QSC-yə keçmiş, sonuncu isə bu işlərlə məşğul olmaq üçün (idarəetmə və hüquq xidmətlərinin göstərilməsi) Cavabdeh2 MMC ilə xidmət müqaviləsi bağlamışdır. Agentlik yalnız “xxxx” QSC-nin adından çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər (50.1-ci m). İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3-cü m). Göründüyü kimi, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab olunurlar, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. Yəni, cavabdehin nümayəndəsi iddiaçının tələblərinə cavab verməli olan şəxs ola bilməz, nümayəndə yalnız onu təmsil edə bilər. Odur ki, hazırki tələb üzrə cavab verməli olan şəxs olmadığından ilkin iddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə iddia rədd edilməlidir. Cinayət işi materialları ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 QSC-nin tələb etdiyi 7.007.423,87 manat təqsirləndirilən şəxslərin hazırki cinayət işi üzrə “xxxx” ASC-yə ümumilikdə dəymiş ziyanın həcminə daxildir. Eyni zamanda, hökmün təsviriəsaslandırıcı hissəsində şərh edilən məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2016-cı il tarixli 5912 nömrəli və xx.xx.2016-cı il tarixli 6625 nömrəli rəyləri ilə müəyyən edilmişdir ki, 211.597.334 manat pul mənimsənilərək bunun 102.538.597,61 manatı bağlanılmış, 109.058.736,39 manatı isə bağlanılmadan açıq qalmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, mülki iddialar bağlanılmadan açıq qalmış ziyan həcmində təmin edilə bilər. Odur ki, Cavabdeh1 QSC-nin 7.007.423.87 manat həcmində olan mülki iddiası tam, “xxxx” ASC-nin mülki iddiası isə qismən təmin edilməlidir. Qeyd olunan hökmlə Cavabdeh1 QSC-nin mülki iddiası təmin edilərək X3 7.007.423,87 manat pulun alınaraq Cavabdeh1 QSC BOKT-yə, X3 və X7 7.301.080 manatın müştərək qaydada alınaraq “xxxx” ASC-yə verilməsi hökm edilmişdir. Belə olan halda Kollegiya qeyd edir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslıdır. Cavabdeh1 QSC-nin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-968/2020 qətnaməsi qismən ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, ilkin iddia qismən təmin edilsin. İlkin iddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə rədd edilsin. Qətnamə qalan (qarşılıqlı iddia tələbinin təmin edilməməsi) hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar