Məhkəmə qərarları › İş №2(103)-481/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-481/2024

30.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-481/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı şirkətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: özbaşına tikili, lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması, ekspert rəyi, qətnamənin icra qaydasının müəyyən edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı şirkətinin nümayəndəsi X4, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı şirkətinin Cavabdeh qarşı “cavabdehin Şirkətin saziş hüdudları daxilində inşa etdiyi özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və ərazinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra - ARDNŞ), X18 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş imzalanmış, 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır.

2. Həmin Qanunun 4-cü maddəsinə görə, bu Qanun qüvvəyə mindikdən sonra Saziş Hökümət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstündür. Sazişin 2 və 8-ci maddələrinin və X18 Bİ. Vİ., ARDNŞ-nin Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və X17 Şirkətləri arasında imzalanmış X11 3-cü maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən Şirkətə neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir.

3. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndinə görə, Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndinə görə isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsd edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz.

4. 15 may 2005-ci il tarixdən qüvvəyə minmiş Saziş üzrə Əməliyyat şirkəti qismində İddiaçı şirkəti fəaliyyət göstərir.

5. Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin 934 saylı xx.xx.2006-cı il tarixli sərəncamı ilə, Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudları daxilində 250 kv.metr torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş X2 mülkiyyətinə ayrılması qərara alınmışdır.

6. X7 xx.xx.2018-ci il tarixdə notarial təsdiqli ərizə verərək, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən 5000 manat dəyərindəki torpaq sahəsinin X3 adına keçirilməsinə etirazının olmadığını, gələcəkdə də bununla bağlı Dövlət orqanları qarşısında heç bir iddia və tələbinin olmayacağını bildirmişdir.

7. X8 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə podrat müqaviləsi bağlanmış, müqavilənin predmetini Minayə Mənsurovanın öz materiallarından istifadə etməklə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9 ünvanında yerləşən, 125 kv.m tikinti sahəsi təşkil edən, 2,80 metr daxili hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü taxta və üzəri keramit, döşəmə taxta, daxili qapılar taxta, giriş qapı dəmir seyf qapı, pəncərələr (PVC), sanitar qovşağı kafel, metlax, ümumi sahəsi 50 kv.m. olan 2 otaqlı, 1 mətbəx, 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, Cavabdeh isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməsi təşkil etmişdir.

8. Həmin müqavilənin 2.1-ci bəndində göstərilmişdir ki, podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 23 000 manat təşkil edir, sifarişçi bu məbləğin 21 000 manatını müqavilə bağlandığı gün nəğd şəkildə ödəyir, qalan 2000 manatı xx.xx.2019-cu il tarixinədək ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 2.2.-ci bəndinə görə, sifarişçi podratçıya ödənişi notariusun depozit hesabı vasitəsilə həyata keçirilir.

10. Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixdə “Elektrik enerjisinin alqı-satqısı” müqaviləsi bağlanmış, Cavabdeh ünvan 2 ünvanı üzrə elektrik enerjisinin istehlakçısı kimi qeydiyyata alınmışdır.

11. Cavabdeh xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanı üzrə "xxxx" ASC-nin abonenti kimi qeydiyyata alınmışdır.

12. Cavabdeh ünvan 4 ünvanı üzrə xx.xx.2021-ci il tarixdə “Azəriqaz” İB-nin abonenti kimi qeydiyyata alınmışdır.

13. Cavabdeh Binəqədi qəsəbəsi, mədən 1, korpus 9 ünvanı üzrə Binəqədi bələdiyyəsinin hesabına xx.xx.2023-cü il tarixdə 4 manat əmlak vergisi, 56 manat torpaq vergisi ödəmiş, xx.xx.2023-cü il tarixdə məişət tullantılarının daşınması üçün Binəqədi rayon MKTB-nin hesabına 30 manat ödəniş həyata keçirmişdir.

14. Cavabdeh adına dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak yoxdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

15. İddiaçı şirkəti (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin 1 saylı mədənin 4-cü sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində (1. 399419.467 4479780.943; 2. 399430.764 4479782.351; 3. 399431.727 4479773.906; 4. 399420.430 4479772.535 koordinatları) inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən şirkətin saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində - 1 saylı mədənin 4-cü sahəsində şirkətin saziş ərazisi hüdudları (1. 399419.467 4479780.943; 2. 399430.764 4479782.351; 3. 399431.727 4479773.906; 4. 399420.430 4479772.535 koordinatları) daxilində lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, şirkətin qanunla qorunan hüquqları və dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("ARDNŞ”), X18 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti ("Podratçılar”) arasında Saziş ("Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 nömrəli Qanuna əsasən saziş qanun statusunu almışdır. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsd edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsini qanunsuz zəbt etməklə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra - Torpaq Məcəlləsi) 9, 11, 20, 22, 46, 48, 62, 65, 66, 67, 82-ci maddələrinin müddəalarını pozmuşdur.

17. Cavabdehə göndərilmiş bildirişlər ona çatdırılmadan geri qaytarılmış, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir.

18. Birinci instansiya məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur.

19. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, həmin tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir.

20. Məhkəmə vurğulamışdır ki, tikinti aparılmış torpaq sahəsi cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikili isə qanunvericiliyə əsasən qanunsuz tikilidir. İddianın təmin edilməsini istisna edən yeganə hal tikilinin və ya torpaq sahəsinin cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində olması və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsidir – lakin hazırkı vəziyyətdə belə bir sübutlar müəyyən edilmir.

21. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, 152.3-cü, 157.8ci, 158.1.2-ci, 180.1-ci, 180.2-ci, 180.3-cü, 180.4-cü, Torpaq Məcəlləsinin 111-ci, Mülki Prosesual Məcəllənin 119.1-ci maddələrinə istinad etmişdir.

22. Həmin qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, nəticəsinin işin hallarına uyğun gəlmədiyini irəli sürməklə şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin 07 iyul 2006-ci il tarixli 934 saylı sərəncamına əsasən X5 Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazisi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisində istifadəsində olan 250 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılması məqsədi ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin sərəncam və müqavilə əsasında X7 hazırkı mübahisədəki torpaq sahəsinə dair sahiblik, istifadə və gözlənilən mülkiyyət hüququ əldə etmişdir. Bundan sonra X7 21.04 2018-cı il tarixində ona ayrılmış torpaq sahəsinin 125 kv.m hissəsini X1, bu isə 43 saylı notariat kontorunun xüsusi notariusu Elşən Qurbanov tərəfindən təsdiqlənmiş Musayev Haxverdi tərəfindən verilən 21 aprel 2018-cıi il tarixli ərizəsi ilə öz təsdiqini tapmışdır. Bundan sonra X9 həmin torpaq sahəsini Cavabdeh qızına satmışdır, notarius tərəfindən bu, alqı-satqı müqaviləsi şəklində deyil, podrat müqaviləsi şəklində rəsmiləşdirilmişdir. Bu səbəbdən 43 saylı notariat kontoru xüsusi notariusu Elşən Qurbanov tərəfindən 20.10 2019-cu il tarixli Podrat müqaviləsi təsdiqlənmişdir. Həmin torpaq sahəsi Haxverdi Musayevin istifadəsində və sahibliyində olan dövrdə dövlət tərəfindən qaz, su və elektrik sayğacları quraşdırılmış, Haxverdi Musayev abonent olmuşdur. Bundan sonra torpaq sahəsinin mülkiyyətçiləri dəyişdikçə, ardıcıl olaraq Minayə Mənsurova və ardınca Cavabdeh qaz, su və elektirk istifadəçiləri olaraq torpaq sahəsindəki sayğaclar onların adlarına rəsmiləşdirilmişdir. Cavabdeh torpaq sahəsi satıldıqdan sonra ondan torpaq vergisi alnımış, onun tərəfindən Bələdiyyənin bank hesabına həmin vergilər köçürülmüşdür. Məhkəmə hətta hesab etsə ki, Cavabdeh torpaq sahəsini qanuni əsaslarla əldə etməmişdir, oradakı tikintiləri müvafiq razılıq və icazələr almadan tikmişdir (baxmayaraq ki, bu hal sübuta yetmir), bu zaman həmin torpaq sahəsi üzərindəki status “ÖnərYıldızın Türkiyəyə qarşı" Avropa Məhkəməsinin qərarı ilə müəyyənləşdirilməlidir. Həmin qərara görə dövlət əgər torpaq sahəsinin tikilməsinə göz yumursa və həmin tikilidə zəruri komunikasiya və kommunal tələbatları təmin edib, şəxsdən buna görə ödəniş, rusum və vergi alırsa, o zaman onun torpaq sahəsindəki hüquqları mülkiyyət hüquqlarına bərabər hüquqlardır. Bu isə apellyasiya şikayətinə əlavə edilmiş, “Azərişıq", "xxxx" ASC-lər tərəfindən verilən sənədlərdən və eləcə ödənilən bələdiyyə vergilərindən öz təsdiqini tapır. Məhkəmənin mübahisəyə hansı prizmadan baxmasından asılı olmayaraq, konstitusion norma pozulmuşdur. Belə ki məhkəmə tərəfindən torpaq sahəsinə bələdiyyə torpaq sahəsi kimi qiymət verərsə Konstitusiyanın 13-cü maddəsinin birbaşa pozuntusu, əgər torpaq sahəsinin bələdiyyə torpaq sahəsi olmaması qənaətinə gələrsə o zaman Avropa Məhkəməsinin qeyd olunan qərarının və Konstitusiyanın 13-cu maddəsinin dolayı pozuntusu baş vermiş olacaq. Məhkəmə, mübahisəsi gedən tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçıya ayrılmış sahənin hüdudları daxilində yerləşib-yerləşmədiyini də müəyyən etməmiş, bunun üçün ekspertiza təyin etməmişdir”.

Apellyasiya şikayətinə qarşı etiraz

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

24. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir.

25. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, cavabdehin istinad etdiyi mülkiyyət hüququ haqqında maddi hüquq normalarının hazırkı işə heç bir aidiyyəti yoxdur. Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikiliyə dair mülkiyyət hüququnun qeydə alınması barədə hər hansı mötəbər sənəd mövcud deyildir və bu səbəbdən də mülkiyyət hüququna dair normalara istinad edərək, guya mübahisəli özbaşına tikiliyə mülkiyyət hüququnun olmasının göstərilməsi əsassızdır. Şirkət tərəfindən cavabdehə qarşı hər hansı məhrum etmə hərəkətləri edilməmiş, Şirkət, məsələnin qanun çərçivəsində həll edilməsi üçün məhkəmədə ona qarşı iddia qaldırmış, özü cavabdehin inşa etdiyi özbaşına tikilinin sökülməsi ilə bağlı hər hansı qanunazidd hərəkət etməmişdir.

26. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi üçün tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

- 1 saylı mədənin 4-cü sahəsində inşa olunmuş və 1.399 419,467 4 479 780,943; 2.399 430,764 4 479 782,351; 3.399 431,727 4 479 773,906; 4.399 420,430 4 479 772,535 koordinatları daxilində yerləşən tikilinin yerləşdiyi torpaq sahəsinin hüquqi statusu və mənsubiyyəti (dövlət, bələdiyyə, yaxud xüsusi mülkiyyətdə olub-olmadığı) müəyyən edilsin.

- Həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş sənaye təyinatlı torpaqlara aiddirmi? - 1 saylı mədənin 4-cü sahəsində inşa olunmuş və 1.399 419,467 4 479 780,943; 2.399 430,764 4 479 782,351; 3.399 431,727 4 479 773,906; 4.399 420,430 4 479 772,535 koordinatları daxilində yerləşən tikili, Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Şianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən İddiaçı Əməliyyat Şirkətinin istifadəsində olan kontrakt sahəsinin hüdudları daxilindədirmi?

27. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2024-cü il tarixli rəyində göstərilmişdir ki, “cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olduğu, Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Şianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir”.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

28. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

31. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

32. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

33. Maddə 139-1.1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

34. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

36. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar.

37. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

38. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

39. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

40. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun

41. Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

42. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi.

43. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.

“Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X18 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanunu

44. 1-ci bənd. "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X18 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra "Saziş” adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.

45. 4-cü bənd. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

46. 5-ci bənd. Bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

51. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

52. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

55. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

57. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

59. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin (§ 28) müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1 -ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).

60. Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi (§ 31,32,41) daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur.

61. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı barədə hüquqi akt (§ 41) özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Belə ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsasları Mülki Məcəllənin 14-cü maddəsində sadalanmışdır (§ 30). Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139- 1-ci maddəsində əks olunmuşdur.

62. Qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyənləşdirmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas təşkil edir.

63. Mülki Məcəllənin 180.3-cü maddəsində (§ 39) qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir (§ 35). Bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur.

64. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman "əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X10rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar).

65. Avropa Məhkəməsi “Əhmədova Azərbaycana qarşı” iş üzrə 18 noyabr 2021ci il tarixli qərarında qeyd etmişdir ki, “...Ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o vaxt iddia edə bilərdi ki, mübahisə edilən qərarlar bu maddə ilə təmin edilən “mülkiyyət” anlayışı daxilindədir. “Mülkiyyət” anlayışı təkcə “mövcud mülkiyyət”lə məhdudlaşmır, həmçinin, ərizəçinin mülkiyyət hüququndan effektiv istifadə edə bilməyə ən azından məqbul və “qanuni gözləntisi” olduğu əmlakları, tələbləri də əhatə edə bilər. “Gözlənti” əgər, qanuni təminata və ya sözügedən əmlak maraqları ilə əlaqəsi olan qanuni hərəkətə əsaslanırsa “qanuni”dir. Hər bir işdə yoxlanılmalı olan məsələ, bütövlüklə nəzərə alındıqda, işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əsl marağı verib-verməməsidir. ...Məhkəmə diqqət yetirir ki, sözügedən evin ərizəçinin hesabına sökülməsi qərara alınmışdır. Ərizəçinin üzərinə qoyulan bu cür öhdəlik onun əmlaklarından dinc istifadə hüququna müdaxilə təşkil etmişdir. 1 saylı Protokolun 1-ci maddəsi söküntü qərarının bu hissəsinə münasibətdə tətbiq edilə bilər”.

66. Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev mülki qanunvericiliyin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.

67. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, cavabdehin inşa etdiyi tikili İddiaçı şirkətinin istifadəsinə verilmiş sahənin hüdudları daxilindədir və həmin sahəyə dair cavabdehin məqbul və “qanuni gözlənti” hüququnun mövcudluğundan bəhs etmək mümkün deyildir. Onun həmin sahəyə sahiblənməsinin heç bir qanuni əsası olmamış, bu sahiblik hər hansı qanuni təminata və ya sözügedən əmlak maraqları ilə əlaqəsi olan qanuni hərəkətə əsaslanmamışdır.

68. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

69. Bununla belə kollegiyanın qənaətinə görə, qətnamənin icra qaydası və müddəti müəyyənləşdirilməlidir.

70. Belə ki, iddiaçı şirkət hazırda müvafiq torpaq sahəsində neft-qaz hasilatı ilə bağlı işlərin həyata keçirilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Əksinə, müəyyən olunmuşdur ki, mübahisəli özbaşına tikilinin yerləşdiyi sahədə hal-hazırda neft-qaz hasilatı ilə bağlı işlər həyata keçirilmir (həmin sahədə neft quyusu və ya neftin (təbii qazın) nəqli üçün boru xətti və sair qurğular yoxdur).

71. İşin bu halını və “Əhmədova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında həmin Məhkəmənin ifadə etdiyi mövqeyi, habelə MPM-in 220.6-cı maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, özbaşına tikilinin sökülməsi həmin tikilinin yerləşdiyi ərazidə neft-qaz hasilatının həyata keçirilməsi ilə bağlı işlər başlandığı zaman həyata keçirilməlidir.

72. Avropa Məhkəməsinin həmin qərarında təsbit etdiyi hüquqi mövqeyə görə, məhkəmələr özbaşına tikilinin sökülməsi ilə bağlı işlərdə tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması ilə bağlı qətnamə qəbul edərkən cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin yaşayışını təmin edən yaşayış sahəsi olmasını nəzərə almalı və müəyyən etməlidirlər ki, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başladığı zaman icra edilməlıdır.

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3803/2023 saylı iş üzrə 04 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamənin “cavabdehin 1 saylı mədənin 4-cü sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində (1. 399419.467 4479780.943; 2. 399430.764 4479782.351; 3. 399431.727 4479773.906; 4. 399420.430 4479772.535 koordinatları) inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” hissəsi üzrə icra qaydası və müddəti müəyyən edilsin. Qətnamə həmin hissədə, özbaşına tikilinin yerləşdiyi ərazidə neft-qaz hasilatının həyata keçirilməsi ilə bağlı işlər başlandığı zaman icra edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar