Məhkəmə qərarları › İş №2(103)-4812/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4812/2023

04.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4812/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “borcun silinməsi tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-790/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2017-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-ın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olunur, həyətdə 2 ədad istixana mövcuddur, lakin əkin 1 istixanadadır və əkin növü reyhandır, kvadart tipli sobadan istifadə edilmir. xx.xx.2017-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-ın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni olaraq istifadə olunur,istismarda olan əkin növü reyhandır. xx.xx.2018-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-ın surətindən görünür ki, sayğacdan kənar xətt aşkarlanıb. xx.xx.2018-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-ın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni olaraq istifadə olunduğu aşkar edilib. xx.xx.2018-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-ın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni olaraq istifadə olunduğu aşkar edilib. xx.xx.2021-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-ın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni olaraq istifadə olunduğu aşkar edilib.

2. Abonent saldosundan görünür ki, iddiaçıya 2015-ci ilə 284.40 manat, 2017-ci ilə 3391.20 manat, 2018-ci ilə 2647.80 manat, 2021-ci ilə 907.20 manat, 2022-ci ildə 4942.08 manat məbləğində borc hesablanmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/492 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində bir–birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilmiş, təqdim edilən borunun üzərində hər hansı müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilmədi.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona hesablanmış 10026.39 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 iddiaçının bağ sahəsi olmuş, həmin həyətdə balaca bir ev olsa da, orada yaşamamışlar. Həmin evə dair iddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçının evi Cavabdeh tərəfindən təbii qazla təchiz olunmuşdur (abonent kodu: **********00000). İddiaçı bildirir ki, həmin evdə çox nadir hallarda qazdan istifadə etmiş, həmin həyətdə istixana əkməmişdir.Lakin cavabdehin əməkdaşları ona bildiriş verərək, iddiaçıya 10026,39 manat məbləğində borcun hesablanması bildirilmişdir. Cavabdehndən hesablanmış borcun hansı əsasla hesanlanması barədə sənəd tələb etdikdə iddiaçıya “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lər təqdim edilərək, müxtəlif aktlara əsasən dəymiş ziyanın həcminin hesablanmasını bildirmişlər. Həmin aktlardan da görünür ki, aktların bəziləri mənzildə, bəziləri isə istixanada sayğacdankənar qazdan istifadə edilməsi göstərilmişdir.İddiaçı qeyd edir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində istixana əkməmiş, ona qaz sərfiyyatı hesablanan dövrdə qazdan qanunsuz istifadə etməmişdir. Lakin Cavabdeh tərəfindən ondan əsassız olaraq 10026,39 manat məbləğində debitor borcu tələb edilir. Bu hal isə məni ;əməyə müraciət etməyə məcbur etmişdir.İddiaçı hesab edir ki, Cavabdeh tərəfindən ona hesablanmış 10026,39 manat debitor borcu silinməlidir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-790/2023 nömrəli, 06 iyun 2023cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanı üzrə İddiaçı (abonent kodu **********00000 olan) hesablanmış 10026,39 (on min iyirmi altı manat otuz doqquz qəpik ) manat məbləğində borcun silinməsi, Cavabdehndən 120,08 (yüz iyirmi manat, səkkiz qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, 65 (altmış beş) manat məbləğində ekspertiza tədqiqatının dəyərinin Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X2)

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, həm məhkəmə yerli baxışı, həm də məhkəmə-trasoloji ekspertizası təyin edilmiş və ünvan 2 ünvanında təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Təqdim edilmiş aktlarla bağlı məhkəmə qeyd edir ki, həmin aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən onlar mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə hesab etmişdir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Məhkəməyə təqdim edilmiş kağız üzərinə çap olunmuş fotogörüntülər keyfiyyətsiz olduğundan, habelə həmin görüntülərdə əks olunan boru xətlərinin cavabdehə məxsus evə aid olub-olmadığını müəyyən etmək mümkün olmadığından, ümumiyyətlə həmin görüntülərdə qanunsuz qoşulma halının nədən ibarət olduğunu müəyyən etmək mümkün olmadığından, həmin fotogörüntüləri məhkəmə mötəbər sübut kimi qiymətləndirməmişdir. Cavabdeh tərəfindən qanunsuz qaz xətti aşkar edildikdə, onun dərhal şəbəkədən ayrılmasını, qazın verilməsinin dayandırılması və dəymiş zərərin ödənilməsini dərhal cavabdehdən tələb edilməsi barədə qanunvericiliyin imperativ tələbinə riayət edilməsi iş materialları ilə müəyyən edilmir. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdeh qeyd olunan dövrdə iddiaçının sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də, iddiaçının qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı mənzildə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə hesablanmış 10026,39 manat məbləğində borc silinməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü, 448.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci və 9.4-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.6-cı, 4.7-ci, 4.8-ci, 4.9-cu, 6.5-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, İddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar nəzərə almayıb. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırmanın obyektivliyini təmin etmək məqsədilə mülki iş materiallarında mövcud olan aktlarda imza etmiş şəxslərin şahid qismində dəvət olunmasını təmin etməmişdir. Mülki iş üzrə hesabatların doğru olub olmadığını yoxlamaq üçün mühasibatlıq və trassoloji ekspertizasına göndərilməmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətaməsi ilə eyni tərəflər arasında məhkəmə mübahisəsi olmuş və həmin qətnamə ilə onların xeyrinə maddi ziyan kimi cavabdehdən pul tutulmuşdur. Həmin qətnamədə hazırki iş üzrə mübahisələndirilən aktlara münasibət bildirilmişdir. Belə olan halda hazırki iş üzrə də eyni aktlar əsasında borcun silinməsi hissəsində iddianın təmin edilməsi qanuni sayıla bilməz. Bu baxımdan qətnamənin ləğv edilərək iddianın rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

16. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

18. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir.

19. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.

24. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.

25. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu səbəbdən yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz.

26. Belə ki, iş üzrə həm məhkəmə yerli baxışı, həm də məhkəmə-trasoloji ekspertizası təyin edilmiş və ünvan 2 ünvanında təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir.

27. Cavabdeh tərəfindən qanunsuz qaz xətti aşkar edildikdə, onun dərhal şəbəkədən ayrılmasını, qazın verilməsinin dayandırılması və dəymiş zərərin ödənilməsini dərhal cavabdehdən tələb edilməsi barədə qanunvericiliyin imperativ tələbinə riayət edilməsi iş materialları ilə müəyyən edilmir.

28. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Bu da nəzərə alınmalıdır ki, baxış zamanı cavabdehin əməkdaşları tərəfindən fotoşəkillər də çəkilmişdir. Fotoşəkillərdə əks olunmuş görüntülərin keyfiyyətsiz olduğundan, habelə həmin görüntülərdə əks olunan boru xətlərinin cavabdehə məxsus evə aid olub-olmadığını müəyyən etmək mümkün olmadığından, ümumiyyətlə həmin görüntülərdə qanunsuz qoşulma halının nədən ibarət olduğunu müəyyən etmək mümkün olmur. Bu baxımdan abonenet hesabına hesablanmış borcun silinməsini əsaslı hesab etmək olar. Lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4530/2022 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə iddiaçıdan pulun tutulmasına asas olan aktlara qiymət verilmiş və hazırki işdə də iddiaçı həmin aktlarında mövcud olduğu aktlar üzrə borcun silinməsini xahiş etmişdir. Belə olan halda isə qanuni qüvvədə olan qətnamə ilə müəyyən edilən hallar üzrə hazırki qətnamədə yenidən qiymət verilə bilməz.

29. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4530/2022 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı tərtib olunmuş akt üzrə 6354,39 manat dəymiş ziyanın tutularaq Cavabdeh hesabına ödənilməsi barədə iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı Cavabdeh xeyrinə tərtib olunmuş aktlar üzrə 5868,20 manat dəymiş ziyan tutularaq Cavabdeh hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədə xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 2800,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 590,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 307,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 90,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 89,80 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 907,20 manat məbləğində dəymiş ziyanın hesablanması hazırkı iş üzrə Cavabdeh tərəfində tərtib edilmiş aktlarla üst-üstə düşür. Göründüyü kimi həmin aktlar üzrə ödənilməsi nəzərdə tutulan 6354,39 manat ziyanın dəyməsinə dair iddia tələbinə hüquqi qiymət verilmiş və hazırda həmin hissəyə dair məhkəmənin qeyd edilən qətnaməsi qanuni qüvvədədir.

30. Hazırkı işin faktiki hallarından göründüyü kimi birinci instansiya məhkəməsi İddiaçı ona hesablanmış 10026,39 manat məbləğində borcun silinməsinə dair iddia tələbini təmin edərkən həmin məbləğin artıq 6354,39 manat hissəsinə hüquqi qiymət verən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcud olduğunu nəzərə almamış, iddia tələbində irəli sürülən məbləği bütövlükdə silmişdir. Halbuki yuxarıda qeyd edilən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilmir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi ilə bağlı iddiaçıya əsassız hesablanmış borcun silinməli olan məbləği (10026,39-6354,39=3672) 3672 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qeyd edilən məbəğdə təmin edilməlidir.

31. Məhkəmə kollegiyası əsassız hesablanmış cərimənin məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və iddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

32. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-790/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, ünvan 1 (abonent kodu **********00000) üzrə Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 3672 manat məbləğində borc silinməli, qalan hissədə iddia tələbi təmin edilməməli, İddiaçı ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınmalı, iddia qalan hissədə təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-790/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. ünvan 1 (abonent kodu **********00000) üzrə Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 3672 manat məbləğində borc silinsin. İddiaçı ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar