Məhkəmə qərarları › İş №2(103)-4813/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4813/2020

20.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4813/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MMMC-nin nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı xxxxxxxx ASC və Cavabdeh1 MMMC-yə qarşı “ziyanın ödənilməsi” barədə ilkin, Cavabdeh1 MMMC-nin İddiaçı qarşı “kommunal borcun ödənilməsi” haqqında qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh1 MMMC tərəfındən Bakı şəhəri, Qurban Xəlilov küçəsi, 5 ünvanında yerləşən binanın 33 saylı mənzilinə dair qeyri-qanuni hesablanmış kommunal borcun silinməsi, elektrik enerjisinin verilməsinin qanunsuz dayandırılmasına görə 12.000 manat maddi və 10.000 manat mənəvi zərərin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun MMMC-dən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MMMC, qarşılıqlı iddia (sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə) verərək, İddiaçı xx.xx.2020-ci il tarixə kimi MMMC-yə olan 6476 manat kommunal borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Cavabdeh1 MMMC qanunvericiliyin tələblərinə riayət etmədən kommunal xidmətlərin göstərilməsinə görə müqavilə bağlamadan mülkiyyətçilərdən əsassız ödənişlər tələb edir. İddiaçı ilə kommunal xidmətlərin göstərilməsinə görə müqavilə bağlanmamışdır, bu isə xidmət haqlarının tələb edilməsinin əsassız və qanunsuz olduğunu göstərir. Cavabdehin qarşılıqlı iddia tələbində qeyd edilən borcun hansı əsaslarla yaranması, məhkəməyə təqdim edilən sənədlərlə təsdiq olunmur. Birinci instansiya məhkəməsi isə qeyd edilən kommunal borcun hansı qanunvericilik normalarına əsasən yaranmasını, onun binanın mülkiyyətçiləri arasında bölüşdürülməsi qaydasını araşdırmadan qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən dəfələrlə məhkəmə iclasında cavabdehdən kommunal xidmətlərlə bağlı müvafiq təşkilatlarla bağladığı müqavilələri məhkəməyə təqdim etməsi tələb olunsa da, cavabdeh həmin müqavilələri təqdim etməmişdir. Bununla bağlı sübutların təmin edilməsi məhkəmədən xahiş olunmasına baxmayaraq, məhkəmə həmin sübutların iş materiallarına əlavə edilməsində maraqlı olmamışdır. Bundan əlavə, Cavabdeh1 MMMC tərəfindən elektrik enerjsinin verilməsinin dayandırılması barədə iddiaçıya heç bir xəbərdarlıq verilməmiş, o, bununla bağlı hər hansı yazılı bildiriş almamışdır. Halbuki, istifadə edilən enerjiyə görə ödənilməli olan pul məbləğinin əks olunduğu müvafiq bildirişi aldıqdan sonra istehlakçı həmin məbləği bir ay müddətində tam ödəmədikdə, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandırmaq hüququna malikdir. Məlumdur ki, komunal xərclərə zibillərin yığılması və daşınması, lift xidmət haqqı, blokların işıqlandırılmasına sərf olunan elektrik enerjisi və cari təmir ilə bağlı xərclər təşkil edir. Mənzildə istifadə edilən elektrik enerjisinə görə yaranan borc kommunal borclara aid deyil. Lakin cavabdeh təşkilat elektrik enerjisinə görə 319,95 manat borcu kommunal borc kimi göstərmiş və həmin borc ilə bağlı hər hansı qəbz məhkəməyə təqdim olunmamışdır. Cavabdeh əsassız olaraq kommunal borclara istinad edərək, 2019-cu ilin yanvar ayından iddiaçının mülkiyyətində olan mənzilə elektrik enerjisinin verilməsini dayandırmışdır. Həmçinin, “xxxxxxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasında iddiaçının mənzildə istifadə edilən elektrik enerjisinə görə ümumiyyətlə borcunun olmadığını bildirmişdir. Bundan başqa, Cavabdeh1 MMMC tərəfindən məhkəməyə təqdim olunan protokollardan görünür ki, kommunal xidmətlərin göstərilməsinə görə iddiaçının hər ay ödəməli olduğu məbləğ 250 manat təşkil edir. Həmin məbləğ real qiymətlərə uyğun olmamaqla, hansı işlərə və xidmətlərə uyğun hesablanılması məlum deyil. Eyni zamanda, məhkəmə baxışı zamanı sədrlik edən tərəfindən vəsatətlərin olub-olmaması araşdırılarkən iddiaçının nümayəndəsi iş üçün əhəmiyyətli məlumatların əldə edilməsi məqsədilə Pərviz Mahmudovun şahid qismində dindirilməsini xahiş etmiş, cavabdeh buna etiraz etmiş və vəsatət təmin olunmamışdır. Lakin bu barədə xx.xx.2019-cu il taixli iclas protokolunda heç bir qeyd aparılmamış, həmin qeydlərin aparılması barədə iddiaçının ərizəsi də məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh1 MMMC-nin nümayəndələri isə, şikayətə etiraz edərək, həmçinin bildirmişlər ki, İddiaçı xx.xx.2015-ci il tarixdən sözügedən mənzilin mülkiyyətçisi olmaqla, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi kimi həmin tarixdən ümumi əmlakın saxlanılması üçün kommunal haqları ödəmək öhdəliyi yaranmışdır. Lakin, o, bu öhdəliyini pozmaqla, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç vaxt mənzildə yaşamadığını, MMMC ilə arasında yazılı müavilə bağlanmadığını və aylıq kommunal haqqının çox olduğunu bildirərək, yaranmış borcunu ödəməkdən yayınır. Halbuki, müqavilənin olmaması onu ümumi kommunal xidmətlərin haqqını ödəməkdən azad etmir. Eyni zamanda, Cəmiyyət tərəfindən dəfərlərlə müqavilə bağlanılması təklif edilsə də, İddiaçı imtina etmişdir. Odur ki, şikayətin rədd olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, xxxxxxxx ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iclas iştirakçılarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 5 ünvanında yerləşən binanın 33 saylı, beş otaqlı mənzil xx.xx.2015-ci il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixli bildirişdən görünür ki, V.Mustefayevə mənzilə göstərilən kommunal xidmətlər haqqında binanın idarəçisi “xxxxxxx” MMC ilə müqavilə bağlanılması təklif edilmişdir. Cavabdeh1 MMMC-nin xx.xx.2017-ci il tarixdə 1117-MM4-0056 nömrə ilə qeydiyyata alınmış Nizamnaməsindən görünür ki, Cəmiyyət, ünvan 3 ünvanında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır. MMMC-nin xx.xx.2017-ci il tarixli ümumi yığıncağının protokoluna əsasən, Cəmiyyət xx.xx.2017-ci il tarixdən fəaliyyətə başlayır, həmin tarixə binanın 33 saylı mənzilinin mülkiyyətçisi İddiaçı 3400 manat borcu vardır və xx.xx.2017-ci il tarixdən kommunal ödəmələr birdəfəlik 25% artırılaraq, 4 otaqlı mənzillərə ayda 125 manat, 5 otaqlı mənzillərə isə ayda 250 manata çatdırılmışdır. Nizamnamənin 4.1-ci bəndinə əsasən, Cəmiyyət onun üzvü olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr bağlamalıdır. İddiaçı ilə Cavabdeh1 MMMC arasında tərtiblənmiş xx.xx.2018-ci il tarixli kommunal xidmətlərin götərilməsi haqqında müqavilənin 1-ci bəndinə əsasən, cəmiyyət kommunal xidmətlər göstərməyi, mənzilin sahibi isə təqdim edilmiş hesab üzrə göstərilmiş xidmətlərin qiymətini ödəməyi öz öhdəsinə götürür. Qiymətlər, kommunal xidmətlərin göstərilməsi zamanı faktiki olaraq çəkilən xərclər nəzərə alınaraq, Cəmiyyət tərəfindən müəyyən edilir və mənzil sahibinin ödəməli olduğu məbləğ hər dəfə ayrıca olaraq mənzil sahibinə təqdim edilən hesabda göstərilir. Müqavilənin 2.2-ci bəndinə əsasən, mənzil sahibi, kommunal xidmətlər üzrə haqqı xx.xx.2017-ci il tarixə kimi 200 manat, xx.xx.2017-ci il tarixdən 250 manat olmaqla və elektrik enerjisi məsrəfinə əsasən hər ay təqdim edilmiş hesab üzrə Cəmiyyətə ödəyir. Müqavilə, MMMC tərəfindən imzalansa da, mənzilin sahibi İddiaçı tərəfindən imzalanmamışdır. Cavabdeh1 MMMC tərəfindən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 5 ünvanında yerləşən binanın 33 saylı mənzil üzrə borc xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, xx.xx.2015-ci il- xx.xx.2019-cu il tarixlərə: 2015-ci il üçün 1200 manat (6 ay x 200 manat), 2016-cı il üçün 2400 manat (12 ay x 200 manat), 2019-cu ilin 1-9-cu ayları üçün 1950 manat (3 qış ayı x 250 manat + 6 ay x 200 manat), işığa görə 319,95 manat olmaqla, cəmi 5519,95 manat; xx.xx.2020-ci il tarixə isə ümumilikdə 6476 manat hesablanmışdır. Hazırda ilk iddia üzrə İddiaçı, Cavabdeh1 MMMC ilə aralarında xidmət göstərilməyə dair yazılı müqavilə olmadığını, sözügedən mənzildə yaşamadığını, kommunal xərclərin yaranma əsaslarının müəyyən olmadığını, həmçinin, elektrik enerjisindən istifadəyə görə borcun kommunal borclara aid olmadığını bildirərək, ona əsassız hesablanmış borcun silinməsini və elektrik enerjisinin qanunsuz dayandırılması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Qarşılıqlı iddia üzrə Cavabdeh1 MMMC isə, İddiaçı tərəfindən kommunal xidmətlərdən istifadəyə görə ödənilməmiş borcu tələb edir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh1 MMMC, kommunal xidmət haqqı borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Mənzil Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən, cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. Həmin Məcəllənin 45.5-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrasıhəmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilərüçün məcburidir. MM-in 122.3-cü maddəsinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 135.2.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. MM-in 137.1-ci və 137.4-cü maddələrinə görə, çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. MM-in 137.8–137.10-cu maddələrinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Baxılan işdə mübahisəli dövr üzrə (xx.xx.2015-xx.xx.2020-ci illər) tərəflər arasında kommunal xidmətlərlə bağlı müqavilə bağlanması faktı mövcud olmasa da, İddiaçı binanı idarə edən təşkilat olaraq Cavabdeh1 MMMC ilə belə bir müqavilə bağlamasının zəruriliyi yuxarıda qeyd olunan normaların tələblərindən irəli gəlir. İşdən görünür ki, həm əvvəlki idarəçi təşkilat, həm də Cavabdeh1 MMMC İddiaçı bildiriş ünvanlamaqla müqavilə bağlamağı təklif etsə də, İddiaçı bundan imtina etmişdir. Buna baxmayaraq, o, həmin dövrlər üzrə ayrı-ayrı vaxtlarda kommunal xidmətlərdən istifadəyə görə MMMC-yə müxtəlif ödənişlər etmiş və hazırda da etməkdə davam edir. Kollegiya, qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 5 ünvanında yerləşən binanın 33 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2015-ci il tarixdən qeydə alındığından, həmin tarixdən etibarən binanı idarə edən Cavabdeh1 MMMC-yə binanın saxlanılması xərclərini ödəmək öhdəliyi vardır və İddiaçı mənzildən istifadə etməməsi onu bu öhdəlikdən azad etmir. Kollegiya onu da qeyd edir ki, İddiaçı kommunal xidmət haqqının miqdarının hansı kommunal xərclər əsasında müəyyən olunmasının, MMMC-nin binaya xidmət göstərilməsi ilə əlaqədar hansı müqavilələr bağlamasının qeyri-müəyyən olmasını və elektrik enerjisindən istifadə haqqının kommunal haqlara aid olmadığını bildirsə də, işdə olan Cavabdeh1 MMMC-nin 2015-2019-cu il tarixlərə olan xərclər smetasından görünür ki, kommunal xərclərə elektrik, əmək haqqı, mühafizə xidməti, su, qaz, zibil, sadələşdirilmiş vergi, bank xidməti, generator akkumlyator təmiri, qidrafon təmiri, DSMF ödəmələri, qazpeç-qazanxana, dezinfeksiya xidməti, lift təmiri, kamera xidməti aid olmaqla, həmin dövrlər üzrə cəmi 428.199,31 manat ödənilmişdir. Qeyd edilən xidmətlərin göstəriləməsi isə, MMMC tərəfindən məhkəməyə təqdim olunmuş xidmət müqavilələri, üzləşmə aktları, ödəniş tapşırıqları və s. maliyyə sənədləri ilə təsdiqlənir. Eyni zamanda, “xxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli məktubunda Cavabdeh1 MMMC-nin sakinlərindən heç birinin, o cümlədən, İddiaçı sözügedən ünvan üzrə fərdi qaydada abonent olaraq qeydiyyatdan keçmədiyi, yekun hesablaşmanın “xxxxxxxx” ASC ilə MMMC arasında baş sayğac vasitəsilə aparıldığı; “Azəriqaz” İB-nin xx.xx.2020-ci il tarixli məktubunda Cavabdeh1 MMMC ilə “Azəriqaz” İB arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alıq-satqısı barədə xx.xx.2017-ci il tarixli, 2731-08-17 nömrəli müqavilə bağlandığı, sözügedən çoxmərtəbəli yaşayış binasında ümumi qazanxana mövcud olduğu və həmin binada heç bir mənzilin qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmadığı; “xxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli məktubunda isə Cavabdeh1 MMMC ilə STKM arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanaraq 077705 nömrəli abonent kodu açıldığı, həmin tarixdən etibarən MMMC-nin su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün ALFASU markalı, 49754303 nömrəli smart kart tipli su sayğacı vasitəsilə əhali tarifi (0,5 AZN) ilə ödəniş etdiyi, eyni zamanda, sözügedən ünvanda yaşayan sakinlərlə fərdi şəkildə müqavilə bağlanmadığından İddiaçı barədə “xxxxxx” ASCnin elektron bazasında heç bir məlumat olmadığı qeyd edilmişdir. Odur ki, Kollegiya, qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən borcun silinməsi hissəsində ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın isə təmin edilərək, kommunal xidmət haqlarına görə yaranmış qətnamədə göstərilən məbləğdə borcun İddiaçı Cavabdeh1 MMMC-nin xeyrinə tutulması əsaslı olmuşdur. Kollegiya, ilkin iddianın maddi və mənəvi zərərin ödənilməsi tələbinin təmin edilməməsi hissəsində də rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, qeyd edir ki, İddiaçı, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbini kifayət qədər əsaslandırmamış və istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasmal Rayon Məhkəməsinin2(004)-202/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar