Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4813/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3305/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin abonent hesabına 2023-cü ilin mart ayında Cavabdeh İB tərəfindən quraşdırılmış Fransa istehsalı olan smart qaz sayğacına Cavabdeh İB-nın işçiləri iddiaçının iştirakı olmadan və iştirakını təmin etmədən birtərəfli qaydada baxış keçirmişlər, qaz sayğacının hesablama mexanizminə müdaxilə ehtimalının olması səbəbi ilə abonent hesabına 6220,80 manat məbləğində borc yazmış və istifadəsində olan smart qaz sayğacını başqa bir smart qaz sayğacı ilə əvəz etmişlər.İddiaçı iddia edir ki, həmin borc heç bir hüquqi akta əsaslanmadan qanunsuz və əsassız formada yazıldığından silinməlidir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – Cavabdeh İB tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanına (abonent hesab nömrəsi: **********00001) hesablanmış 6220,80 manat məbləğində borc silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin abonent hesabına 03/2023-cü il tarixində Cavabdeh İB astronomik məbləğdə heç bir normativ hüquqi akta əsaslanmadan 6220,80 manat borc yazılmışdır. Borcun yaranma əsası ilə bağlı tərəfindən maraqlandıqda iddiaçıya bildirilmişdir ki, ona məxsus fərdi yaşayış evindən bir neçə metr aralıda Cavabdeh İB-nın özü tərəfindən quraşdırılmış Fransa istehsalı olan smart qaz sayğacına Cavabdeh İB-nın işçiləri xx.xx.2023-cü il tarixində iddiaçının iştirakı olmadan və iştirakını təmin etmədən birtərəfli qaydada baxış keçirtmişlər, qaz sayğacının hesablama mexanizminə müdaxilə ehtimalının olması səbəbi ilə abonent hesabına 6220,80 manat məbləğində borc yazmışlar və istifadəsində olan smart qaz sayğacını başqa bir smart qaz sayğacı ilə əvəz etmişlər. İddiaçı bildirir ki, həmin ünvanda iki nəfər yaşayır, təbii qazdan çox istifadə edilmir və bu səbəbdən də qaz sayğacına müdaxilə etməmişdir. Abonent hesabına da yazılmış 6220,80 manat məbləğində astronomik borc isə heç bir normativ hüquqi akta əsaslanmadan qanunsuz və əsassız şəkildə yazılmışdır. İddiaçı həmçinin qeyd edir ki, onun tərəfindən qaz sayğacına müdaxilə olunmamış və qaz sayğacının texniki vəziyyətində nasazlıq aşkar edilmişdirsə bu da onun təqsiri ucbatından bas verməmişdir. Qaz sayğacına müdaxilə etmişdirsə və ya texniki vəziyyəti nasaz vəziyyətə gətirilmişdirsə, bu hal küçədən keçən istənilən şəxs tərəfindən və eləcə də qaz sayğacına birtərəfli qaydada baxış keçirən zaman səlahiyyəti təsdiq olunmayan Cavabdeh İB-nın öz işçiləri tərəfindən də törədilmiş ola bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3305/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddiaçının yaşadığı evdə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə hesablanmış 6220.80 manat məbləğində borc silinməlidir.Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş akt qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, “X4”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktın heç birində abonentin iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 4.2-ci, 4.6-cı, 4.7-ci, 4.8-ci, 4.9-cu, 6.5-ci, 6.7-ci bəndi; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacsız istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 6220,80 (altı min iki yüz iyirmi manat, səksən qəpik) məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəlləsi: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanun: 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli, qərarı ilə təsdiq edilmiş «X4»: 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhəkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsində əks edilmişdir. Həmin normaya görə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1-ci maddə), gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2-ci maddə), müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi (385.1.3-cü maddə) və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi (385.1.4-cü maddə) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixində iddiaçı Cavabdeh İBnin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə baxış keçirilərkən sayğac sərfiyyatının qeydə alınmaması və boş rejimdə işləməsi halının aşkar olunması əsası ilə akt tərtib olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 6220.80 manat məbləğində borc tələb edilmişdir. Birinci instansiya məhkəməsi həmin aktın qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməli olmaması nəticəsinə gələrkən göstərmişdir ki, itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzlüyünə, cavabdehin qeyd olunan dövrdə iddiaçının sayğac vasitəsilə hansı həcmdə qaz istehlak etdiyinə dair məhkəməyə sübut təqdim etməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının yaşadığı evdə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyərinin düzgün hesablanmamasını göstərsə də, faktiki olaraq iddiaçının abonent saldosundan onun hər ay qaz sərfiyyatına görə ödənişlər etməsinə diqqət yetirməyərək aktın tərtib edildiyi tarix üzrə orta həddə hesablanma aparılmaqla sayğac işləmədiyi dövr üçün borcun tutulmalı olmasına qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə CMİS vasitəsilə göndərillmiş abonent saldoları və aktlar əsasında müəyyən olunur ki, cavabdeh tərəfindən 6220.80 manat borcun silinməsi əsassızdır. Məhkəmə kollegiyası da öz növbəsində xx.xx.2023-cü il tarixində iddiaçı Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə baxış keçirilərkən sayğac sərfiyyatının qeydə alınmaması və boş (xalastoy) rejimdə işləməsi halının aşkar edilməsinə baxmayaraq iddiaçının qeyd olunan məbləğdə qaz istehlak etməsinin də inandırıcı və ağlabatan görünməməsi ilə razılaşır, lakin eyni zamanda hesab edir ki, sayğacın nə vaxtdan bu qaydada işləməsi müəyyən edilmədiyindən cavabdeh tərəfindən orta sərfiyyat düzgün hesablanmamışdır. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş “X4”nda istehlakçının təqsiri olmadan sayğacda yaranmış nasazlıq zamanı hansı metodla hesabat aparılmalı olduğu göstərilməsə də, kollegiyanın qənaətinə görə belə halda ən çox 1 aylıq dövr üçün qaz itkisinin hesablanması daha ağlabatandır. Çünkü adı çəkilən Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa, onu işlək sayğacla əvəz etməlidir. Başqa sözlə, əgər sayğaca müdaxilənin istehlakçı tərəfindən edildiyi sübuta yetirilmirsə, yaxud sayğac yoxdursa və ya sayğacda istehlakçının təqsiri üzündən yarandığı sübuta yetirilməyən nasazlıq varsa, bu halda sayğac quraşdırılmalıdır (yeni sayğacla dəyişdirilməlidir) və istehlakçıdan yalnız sayğaca baxış keçirilməli olan sonuncu tarixdən sonrakı 1 ay üçün ödəniş tələb oluna bilər. Bənzər münasibətləri tənzimləyən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə görə də, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İddiaçının yaşadığı evdə 4 gözlü qaz pilitələrinin və kombinin qaz işlədiciləri kimi qeydə alındığını və onların maksimal gücünü nəzərə alaraq kollegiya hesab edir ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə qaz sərfiyyatının maksimal saatlıq qaz sərfi 6 m3 orta günlük iş rejiminin 24 deyil, 12 saat götürülməsi daha ağlabatandır və belə olan halda 6 m3 qaz sərfinin 30 gün üçün 12 saatdan hesabladıqda iddiaçının bir ay üçün 2160 m3 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalı və 432 (2160*0,20) manat məbləğində borcu olması müəyyən edilməlidir. Beləliklə də məhkəmə kollegiyası dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilən hesablama ilə razılaşmır və 6 m3 qaz sərfinin 30 gün üçün 12 saatdan hesablaması baxımından hesab edir ki, 5788,80 (6222,80-432) manat borc silinməlidir. Məhkəmə kollegiyası dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilən hesablamada qaz sərfiyyatının maksimal saatlıq qaz sərfi 6 m3 orta günlük iş rejiminin 24 saat və hesabat müddətinin 360 gün qəbul edilməsini hazırki iş üzrə məqbul saymır. Belə ki, işin materiallarından görünür ki, cavabdehin əməkdaşları iddiaçının evindəki sayğac sərfiyyatının qeydə alınmaması və borc rejimdə işləməsi halını 2023-cü ilin mart ayında aşkar etdikləri halda borcu da həmin ay üçün hesablamalı idilər. Bundan əvvəlki dövrdə sayğac sərfiyyatının qeydə alınmaması və borc rejimdə işləməsi halının aşkar edilməsi halına, başqa sözlə, fiziki şəxs olan istehlakçınn qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən iddiaçının abonent saldosunda digər aylar üzrə qaz sərfiyyatı üzrə ödənişlərin həyata keçirməsi faktını nəzərə alır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi qismən təmin edilməli, iddiaçıya hesablanmış 5788,80 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3305/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanı üzrə İddiaçı (abonent kodu **********00001 olan) hesablanmış 5788,80 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, cavabdeh tərəfindən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə