Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4819/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Abbasova Esmira Vahid qızının, onun nümayəndəsi (əri) Abbasov Nüdrət Xudam oğlunun iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Abbasova Esmira Vahid qızına qarşı “torpağın geri qaytarılması, tikilinin sökülməsi” barədə ilkin, iddiaçı Abbasova Esmira Vahid qızının cavabdeh “xxxx” MMC-yə qarşı “pul tələbi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-388/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsindən “xxxx” MMC-nin nümayəndəsi və cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdeh Abbasova Esmira Vahid qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 29.12.2014-cü il və 16.01.2017-ci il tarixli 646, 11 saylı sərəncamı ilə, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə 2018-ci il tarixdə, 18/46 nömrəli Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə 1,3250 hektar ərazidə yaşayış binalarının tikintisi üçün ayrılmış ərazidən cavabdeh Esmira Abbasovaya məxsus, 8-10 kv metirlik "laminat" materialdan tikilmiş qanunsuz tikilinin sökülərək, həmin ərazinin boşaldılıb abadlaşdırma işləri aparılmasından ötrü ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin 29.12.2014-cü il tarixli, 646 nömrəli, yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında sərəncamına əsasən, Bakı şəhəri İcra Hakimiyyətinin başçısı H.Abutalıbov "xxxx" MMC-nin 08.08.2014-cü il tarixli, 05 saylı müraciətini və Mənzil Kommunal Təsərrüfat Departamentinin 24.12.2014-cü il tarixli, 1055 saylı razılıq məktubunu nəzərə alaraq, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə mövcud tikililərin sökülərək, yerində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə vermişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 29.12.2014-cü il və 16.01.2017-ci il tarixli 646,11 saylı sərəncamı ilə, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə 2018-ci il tarixdə, 18/46 nömrəli Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllə 1,3250 hektar ərazidə yaşayış binalarının tikintisi üçün (dəqiqləşdirilmiş Ayric Aktı) verilmişdir. Hazırda qeyd olunan torpaq sahəsinin bir hissəsi cavabdeh Abbasova Esmira Vahid qızı tərəfindən zəbt edilmiş, orada köhnə "laminat” materialdan 8-10 kv. metrlik bir tikili tikmişdir. Nəticədə verilmiş Sərəncam və Ayrıc Aktına əsasən həmin ərazidə abadlaşdırma işləri aparılmasına həmin tikili maneçilik törədir. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qanunsuz hərəkətlərinə son qoymur, həmin tikili müqabilində əsassız olaraq onlardan müxtəlif məbləğlərdə reallığa uymayan kompensasiyalar istəyir, iddiaçıya məxsus torpaq sahəsini həmin tikilini sökərək geri qaytarmır. Səbəb kimi ona bildirir ki, həmin ərazini Nizami rayon Bələdiyyəsindən icarə müqaviləsi əsasında abadlaşdırmaq məqsədi ilə almışdır. İddiaçı Abbasova Esmira Vahid qızı cavabdeh “xxxx” MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunması və onun cavabdehdən tələb etdiyi 59.800 manat kompensasiyanın, vəkilə ödədiyi 110 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ona qarşı ilk iddia ilə məhkəməyə müraciət edərək istifadəsində olan torpağın qeri qaytarılması və tikilinin sökülməsini tələb etmişdir.Aşağıdakı səbəblərdən hesab edir ki, ilk iddia rədd edilib qarşılıqlı iddia təmin edilməlidir. Yaşadığı Fizuli rayonu, 1993-cü ildə işğal olunduqda, o, həyat yoldaşı Abbasov Nüdrət Xudam oğlu, dörd övladı ilə birlikdə Bakı şəhəri Babək prospekti 87 ünvanda yerləşən yataqxananın 62 saylı mənzilində məskunlaşmışdır. Onların hər-hansı digər yaşayış evləri yoxdur. O birinci qrup əlildir, kənar şəxsin köməyi olmasa, özü özünü idarə etməyə imkanı yoxdur, daimi olaraq müalicə qəbul edir. Yaşadığı yataqxana «xxxx» MMC tikinti şirkəti tərəfindən sökülmüşdür, lakin min-bir əsassız, qanunsuz bəhanələr gətirərək, onun ailəsinə ev və ya kompensasiya vermədilər. İki ildir ki, onlar müxtəlif qohumların evində, və ya kirayədə yaşayırlar. Eyni zamanda evin qarşısında olan, sənədləşdirilmiş balaca, 12 kv.m sahəsi olan, qeyri yaşayış tikilisinin əvəzinə belə heç bir təklif yoxdur. Həmin sahədən ailə bərbərxana və ya mağaza kimi istifadə edərək gündəlik dolanışıq üçün yüngül çörək pulu qazanırdı. Qadın Gözəllik salonu kimi istifadə etdiyi ərazi, yəni 12 kvm sahə, 2007-ci ildə inşa edilmişdir və onun istifadəsindədir. Daha sonra Bakı şəhər Nizami rayon Bələdiyyəsinin 21 noyabr 2013-cü il tarixli 74 saylı qərarı əsasında ona rəsmi ayrılmışdır və həmin tarixdən ailənin rəsmi istifadəsində olmuşdur, 2016-ci ildə əsaslı təmir olunmuşdur. Daimi olaraq həmin istifadə etdiyi sahəyə görə bələdiyyə, kommunal, vergi ödənişlərin həyata keçirmişdir. Cavabdeh tərəf, 2017-ci ilin fevral ayında yaşadığı yataqxananı sökdüyü zaman onun ailəsi ilə razılaşmışdır ki, gözəllik salonunun fəaliyyəti dayandırılsın, əvəzində bütün tikinti müddətində onlara hər ay 300 manat kompensasiya veriləcək və tikinti başa çatdıqda həmin sahə çərçivəsində tikdikləri binada sahə verəcəklər. Bundan əlavə əgər tikilən binada qeyri yaşayış sahə almasa onlara hər kvm. sahəyə görə 2500 manat dəyərində kompensasiya veriləcəkdir. Ailəsi həmin tarixdən, yəni 2017-ci ilin fevral ayından gözəllik salonunun fəaliyyətin dayandıraraq, qeyd etdiyi ünvanda məskunlaşdı. Daha sonra cavabdeh şirkət bələdiyyə orqanına müraciət edərək, ailəyə başqa ərazi ayırılmasını və öz hesablarına daha geniş qeyri-yaşayış sahəsi tikib əvəzinə verilməsini xahiş etmişdir.Lakin Bələdiyyənin razılığına baxmayaraq cavabdeh şirkət bundan yayınmışdır. Bu günə qədər tikilini sökmürdülər, yalandan vədlər verirdilər ki, pulu, kompensasiyaları razılaşdığı qaydada ödəyəcəklər.Faktiki olaraq yenə də ailəni ermənilər qovduğu kimi qovurlar. Bu günə qədər heç bir ödəniş aparılmamışdır, qeyri yaşayış sahəsinin saxlanılması üçün münaqişələr apararaq söküntüsünə icazə vermir, çünki kompensasiya ödəmirlər. Onun və ailə üzvlərinin, heç bir zaman, digər yaşayış evi olmayıb və hal-hazırdada yoxdur. Onların bu ünvanda daimi, 25 beş il yaşamaları, qeyriyaşayış sahədən istifadə etmələri barədə onun kifayət qədər sənəd, və digər sübutları var. Tikinti şirkəti tikdiyi mənzilləri 1 kvm. sahəsini 2500 manata satdığı halda, hansısa kompensasiya veriləcək və onların evi olacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə müvafiq olaraq onların istifadə və sahiblik hüququ yaranmışdır. Hesab edir ki, cavabdeh şirkət, üç ilə yaxındır ki, onların fəaliyyətini dayandırdığına görə hər ay 300 manat dəyərində, qeyri-yaşayış sahəsinin söküntüsünə, yəni 12 kvm. sahənin hər kvm-nə görə 2500 manat, əldən buraxılmış fayda və mənəvi zərərə görə 10000 manat dəyərində kompensasiya ödəməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-388/2020 saylı, 11 sentyabr 2020ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilərək, Bakı şəhəri Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə 1,3250 hektar ərazidə yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-yə ayrılmış ərazidə Esmira Abbasovanın istifadəsində olan tikilinin sökülməsi, həmin ərazinin boşaldılması, abadlaşdırma işləri aparılması üçün "xxxx" MMC-yə təhvil verilməsi, qarşılıqlı iddia qismən təmin edilərək, “xxxx” MMC-dən 5000 manat kompensasiyanın, hüquqi yardıma görə vəkilə ödənilmiş 110 manat məbləğində məhkəmə xərcinin və 30 manat dövlət rüsumunun Abbasova Esmira Vahid qızının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən “xxxx” MMC-nin apellyasiya şikayəti verərək onun qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi qarşılıqlı iddiaçının xüsui mülkiyyətində deyil və faktiki olaraq ondan hal-hazırda istifadə olunmur. Həmin qeyriyaşayış sahəsinin qiyməti mütəxəssis rəyinə görə 1345 manat təşkil edir, birinci instansiya məhkəməsi əsassız olaraq 5000 manat məbləğində kompensasiyanı MMC-dən tutmuşdur. Qətnamədən, həmçinin, Abbasova Esmira Vahid qızı da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı və onun nümayəndəsi özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış iddiaçı (nümayəndəsi və ya vəkili) məhkəmə iclasına gəlməmişdir. İşin halları və şikayətə işdə toplanmış sübutlar əsasında baxılmasının mümkün olması nəzərə alınaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qarşılıqlı iddia ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiaçı MMC yalnız həmin hissədə qətnaməni mübahisələndirmişdir; cavabdehin şikayətinin məzmunundan da onun qətnaməni məhz həmin hissədə mübahisələndirdiyi aydın olur. Bu səbəblə ilkin iddia tələbinin təmin olunan hissəsi apellyasiya baxışının predmeti deyildir. Kollegiya, həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd olunan kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin 29.12.2014-cü il tarixli, 646 nömrəli, yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında sərəncamına əsasən, Bakı şəhəri İcra Hakimiyyətinin başçısı "xxxx" MMC-nin 08.08.2014-cü il tarixli, 05 saylı müraciətini və Mənzil Kommunal Təsərrüfat Departamentinin 24.12.2014-cü il tarixli, 1055 saylı razılıq məktubunu nəzərə alaraq, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədə mövcud tikililərin sökülərək, yerində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə vermişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 29.12.2014-cü il və 16.01.2017-ci il tarixli 646,11 saylı sərəncamı ilə, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə 2018-ci il tarixdə, 18/46 nömrəli Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllə 1,3250 hektar ərazidə yaşayış binalarının tikintisi üçün (dəqiqləşdirilmiş Ayric Aktı) verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Bələdiyyəsinin 21.11.2013-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Nizami Bələdiyyəsi ərazisi olan Babək prospekti 87 saylı binanın həyətində yerləşən anbar Abbasova Esmira Vahid qızının adına qeydiyyata alınmaqla bələdiyyə ödənişinə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan “xxxx” MMC-nin 27 iyul 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390-cı məhəllə yerləşən qeyriyaşayış sahəsi müvəqqəti tikilisi taxta və lambir üzlük materialı ilə inşa edilmişdir. Həmin müvəqqəti tikilisinə sərf olunan materialların real bazar qiymətlərinə uyğun dəyəri təqribən 860 manat məbləğində müəyyən edilir. Tikinti işlərinin aparılması üçün təqribən 486 manat məbləği müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. İşin müəyyən edilmiş hallarına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin 29.12.2014cü il tarixli, 646 nömrəli, yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında sərəncamına əsasən, Nizami rayonu, Babək prospektindəki 2390-cı məhəllədəki torpaq sahəsi mövcud tikililərin sökülərək, yerində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdeh mübahisəli qeyri-yaşayış sahəsi ilə əlaqədar, onun dəyərindən dəfələrlə artıq məbləğ, yəni 59.800 manat kompensasiya tələb edir. Halbuki, həmin qeyriyaşayış sahəsi onun xüsusi mülkiyyətində deyil və faktiki olaraq ondan hal-hazırda istifadə olunmur. "xxxx" MMC-dən ümumi dəyəri təqribən 1346 manat olan (mütəxəssi rəyinə əsasən) qeyri yaşayış sahəsinə görə əsassız olaraq real olmayan qiymət, 59.800 manat tələb edir. Kollegiya hesab edir ki, Elmira Abbasovanın davranışı hüquqdan sui-istifadə olmaqla iddiaçının qanunla qorunan mənafeyinə xələl gətirməkdədir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Buna görə də onun apellyasiya şikayətlərinin dəlillərini kollegiya əsassız hesab edir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın "xxxx" MMC tərəfindən 5000 manat hissədə qəbul edildiyini nəzərə alaraq qarşılıqlı iddianı həmin hissədə təmin etmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin də dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında (protokol, i.v.72) qarşılıqlı iddia tələbini qismən qəbul etmiş məhz bu səbəbdən birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin məhkəmə iclas protokoluna verilmiş qeydlər təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məcəllənin 220.4-cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-388/2020 saylı, 11 sentyabr 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4819/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4819/2021
19.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver