Məhkəmə qərarları › İş №2(103)-4821/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4821/2020

08.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4821/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X20 və X15 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehlərin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Firudin qızının cavabdehlər Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatına və Cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” barədə ilkin, Cavabdeh1” QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh İddiaçı Firudin qızına qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-548/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Firudin qızı cavabdehlər Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatına və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli nömrəsiz kredit müqaviləsinin etibarsız hesab edilməsi və həmin kredit müqaviləsi üzrə hesablanmış 757.500 manat əsas, 763.988 manat manat faiz borcu olmaqla cəmi 1.515.112 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatı cavabdeh İddiaçı Firudin qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 757.500 manat, faiz borcu üzrə 763.988 manat olmaqla, cəmi 1.521.488 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2011-ci ilin mart ayının əvvəllərində yaxın münasibətdə olduqları X25 onu və həyat yoldaşı X5 “xxxx” ASC-nin Mərkəzi filialına dəvət edərək hər birinin adına 757.500 manat olmaqla kredit götürməyə razılıq vermələrini xahiş etmiş, kredit borcunu özü bağlayacağını bildirdiyindən, inanaraq razılıq vermiş, xx.xx.2011ci il və xx.xx.2011-ci il tarixdə hər biri ilə 757.500 manat məbləğində nömrəsiz kredit müqavilələri bağlanmış, kredit müqavilələrinə aid bütün sənədləri imzalasalar da, qeyd olunan məbləğ onlara ödənilməmiş, kredit müqavilələri yalnız görünüş üçün bağlanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(101)-975/16 saylı hökmü ilə həmin cinayət işi üzrə şahid qismində iştirak etmiş, adlarına yazılmış nömrəsiz kredit müqavilələri üzrə hər biri 757.500 manat məbləğində kreditin X9, X25 və digərləri tərəfındən mənimsənilərək, “xxxx”ASC-nə ziyan vurmaları öz təsdiqini tapmışdır. Adı çəkilən hökmlə təqsirli bilinən X22 ifadəsində göstərmişdir ki, “xxxx” MMC-nin baş direktoru vəzifəsində işləyərkən 17.564.283,05 manat məbləğində pul ilə əlaqədar mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinin İstintaq İdarəsində cinayət məsuliyyətinə cəlb olunmuş və vurduğu maddi ziyanın ödənilməsi ilə bağlı yaxın dostu olan “xxxx” ASC-nin idarə heyətinin sədri X2 göstərişinə əsasən 10 və xx xxxx 2011-ci il tarixlərdə mərkəzi və digər filiallardan onun yaxın qohumları və tanışlarının adlarına ümumilikdə 6.795.724 manat məbləğində pul nağd şəkildə fılialların əməkdaşları və qeyriləri vasitəsi ilə filialların kassalarından götürülmüş, qohum və tanışları filiallara gələrək adlarına rəsmiləşdirilmiş kredit müqavilələrinə, kassa məxaric orderlərinə imza etsələr də pul onlar tərəfindən götürülməmiş, Cahangir Hacıyevin göstərişi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin “xxxx” ASC-də olan depozit hesabına qoyulmuş, sonra həmin məbləğlər əvvəl törətdiyi mənimsəmə və vəzifə saxtakarlığı cinayətlərinə görə vurulmuş maddi ziyanın ödənilməsini təmin etmişdir. “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar bankın problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında Cavabdeh1 QSC BOKT-a keçmiş, bankla bağlanmış çoxlu sayda kredit müqavilələri etibarsız hesab edilmiş, hesablanmış borclar yuxarıda adı çəkilən hökmlə təqsirləndirilən şəxslərdən tutularaq banka ödənilməsi nəzərdə tutulmuşdur. “xxxx” ASC ilə Cavabdeh1 QSC BOKT arasında bağlanmış xx.xx.2017-cil tarixli S-FK-VKK təhvil-təslim aktına əsasən xx.xx.2011-ci il tarixli nömrəsiz kredit müqaviləsi üzrə ona hesablanmış 1.515.112 manat (757.500 əsas borc, 763.988 manat faiz borcu) borcun silinməsindən ötrü cavabdehlərə yazılı surətdə müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Cavabdeh1 QSC Bank Olmayan Kredit Təşkilatı qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin “Mərkəzi” filialı ilə İddiaçı Firudin qızı arasında bağlanmış xx.xx.2011-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Firudin qızına 757.500 manat məbləğində kredit verilmiş, cavabdeh İddiaçı Firudin qızı üzərinə götürdüyü kredit öhdəliyini lazımınca yerinə yetirməmiş və hazırda banka əsas borc üzrə 757.500 manat, faiz borcu üzrə 763.988 manat, cəmi 1.521.488 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcunun qaytarılması barədə İddiaçı Firudin qızına dəfələrlə şifahi və yazılı müraciət olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faiz qaytarılmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 548/2020 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmiş, ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı Firudin qızına, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Cavabdeh1 QSC BOKT-yə aid edilmişdir. Qətnamədən İddiaçı Firudin qızı və Cavabdeh1 QSC BOKT tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh1 QSC BOKT apellyasiya şikayətində qətnamənin ləğvi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. İddiaçı sözügedən cinayət işi üzrə zərərçəkmiş deyildir. Cavabdeh tərəfindən kredit borcu ödənilməmişdir. İddiaçı Firudin qızı apellyasiya şikayətində qətnamənin qismən ilkin iddiaya aid hissədə ləğv edilməsi, ilkin iddianın təmin edilməsi, qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü qanuni qüvvəsini aldığından xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə mənimsənilmiş pullar cinayət işi üzrə təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulduğundan, həmin kredit müqaviləsi ilə tərəflər əvvəlki vəziyyətə gətirildiyindən və kredit müqaviləsi formal olaraq görünüş üçün bağlandığından etibarsız hesab edilməli və hesablanmış borc silinməlidir. Hökmlə kredit müqaviləsi üzrə hesablanmış pulların banka qaytarılması müəyyən edildiyindən qarşılıqlı iddia əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili öz apellyasiya şikayətini müdafiə edərək, məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, QSC-nin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinə aid hissədə ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan X2, X16 və digərlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 və sair maddələri ilə təqsirləndirilmələri üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-ci il tarixli 1(101)-975/16 saylı hökmünün surətindən görünür ki, X25 “xxxx” MMC-nin baş direktoru vəzifəsində işlərkən rəhbərlik etdiyi müəssisənin baş mühasibi, mühasib-xəzinədarı və tədarükçüsü ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək mənimsəmə və vəzifə saxtakarlığı cinayətlərini törədib 17.564.283,05 manat məbləğində külli miqdarda özgə əmlakını talamaqla mənimsədiyi üçün barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində istintaq edilmiş cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən, cinayətlər nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın şəxsi vəsaiti ilə deyil, özgə əmlakı hesabına qanunsuz olaraq ödənilməsi, bununla da cinayət məsuliyyətinin yüngülləşdirilməsi məqsədi ilə yaxın dostu olan “xxxx” ASC-nin İdarə Heyətinin sədri X10, həmin Cəmiyyətin Mərkəzi fılialının müdiri X17, Nərimanov filialının müdiri X6 və qeyriləri ilə birlikdə Cahangir Hacıyevin qeyrisi vasitəsi ilə verdiyi göstərişə əsasən Nərimanov filialının müdiri Məmməd Cahangirovun, filialın digər əməkdaşlarının və qeyrilərinin iştirakı ilə həmin filialın kassasından filiala göndərdiyi öz arvadı X3 adına rəsmiləşdirilmiş xx xxxx 2011-ci il tarixli 11-47 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə 750.000 manat və tanışı X21 adına rəsmiləşdirilmiş xx.xx.2011-ci il tarixli 11-48 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə 780.700 manat, Suraxanı filialından həmin fılialın əməkdaşlarının və qeyrilərinin iştirakı ilə eyni məqsədlə filiala göndərdiyi tanışları X11 adına rəsmiləşdirilmiş xx.xx.2011-ci il tarixli 298/11 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə 750.000 manat və X12 adına rəsmiləşdirilmiş xx.xx.2011-ci il tarixli 299/11 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə 750.000 manat, Sahil filialından həmin fılialın əməkdaşlarının və qeyrilərinin iştirakı ilə eyni məqsədlə fıliala göndərdiyi sürücüsü X13 adına rəsmiləşdirilmiş xx.xx.2011-ci 11 tarixli 028 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə 750.024 manat, Sabunçu fılialından həmin filialın əməkdaşlarının və qeyrilərinin iştirakı ilə eyni məqsədlə filiala göndərdiyi tanışları X19 adına rəsmiləşdirilmiş xx.xx.2011-ci il tarixli 3888 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə 750.000 manat və X7 adına rəsmiləşdirilmiş xx.xx.2011-ci il tarixli 3889 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə 750.000 manat, cəmi 5.280.724 manat, təkrarən Mərkəzi filialın müdiri Yusif Ələkbərov və filialın digər əməkdaşlarının iştirakı ilə eyni məqsədlə fıliala göndərdiyi dostu X4 adına rəsmiləşdirilmiş xx.xx.2011-ci il tarixli nömrəsiz kredit müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə 757.500 manat və dostunun arvadı İddiaçı Firudin qızının adına rəsmiləşdirilmiş xx.xx.2011-ci il tarixli nömrəsiz kredit müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdə 757.500 manat, cəmi 1.515.000 manat, ümumilikdə 10 və xx xxxx 2011-ci il tarixlərdə 6.795.724 manat məbləğində pulları nağd şəkildə fılialların aidiyyəti əməkdaşları və qeyriləri vasitəsi ilə filialların kassalarından götürüb külli miqdarda özgə əmlakını mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X25 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “xxxx” MMC-nin baş direktoru vəzifəsində işləyərkən 17.564.283,05 manat məbləğində pulla əlaqədar mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə cinayət məsuliyyətinə cəlb olunmuş və vurduğu maddi ziyanın ödənilməsi ilə bağlı yaxın dostu olan “xxxx” ASC-nin İdarə Heyətinin sədri X18 ona yaxın qohumlarının, eləcə də tanışlarının adlarına kredit götürməklə mənimsədiyı pulu ödəməsini bildirmişdir. Bundan sonra Cahangir Hacıyevin verdiyi göstərişə əsasə bankın Nərimanov, Suraxanı, Sahil, Mərkəzi fıliallarında yaxın qohumları və tanışlarının adlarına ümumilikdə 10 və xx xxxx 2011-ci il tarixlərdə 6.795.724 manat məbləğində pul nağd şəkildə filialların əməkdaşları və qeyriləri vasitəsi ilə fılialların kassalarından götürülmüşdür. Qohum və tanışları filiallara gedərək adlarına rəsmiləşdirilmiş kredit müqavilələrinə, kassa məxaric orderlərinə imza etsələr də pul onlar tərəfindən götürülməmiş, Cahangir Hacıyevin göstərişi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin “xxxx”da olan depozit hesabına qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, İddiaçı Firudin qızının adından ödənilməsi rəsmiləşdirilmiş 757.500 manat məbləğində pul nağd şəklində filalin əməkdaşları və qeyriləri vasitəsilə filialların kassalarından götürülmüşdür. Bankla İddiaçı Firudin arasında “bağlanmış” kredit müqaviləsinin uydurma əqd olmağı işin mübahisəsiz halını təşkil edir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (Mülki Məcəllənin 337.1, 337.3, 340.1-ci maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Göründüyü kimi, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla hüquqi görünüş yaradaraq tamam başqa məqsəd güdürlər, özü də bu məqsəd, adətən, hüquqazidd xarakter daşıyır. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. İddiaçı Firudin qızı ilə kredit müqaviləsi formal olaraq, həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlandığından uydurma əqd olaraq əhəmiyyətsizdir və qanunvericiliyin tələbindən də belə əqdlər göründüyü kimi özlüyündə etibarsız olan əqddir. Odur ki, “xxxx” ASC ilə İddiaçı Firudin qızı arasında bağlanmış xx.xx.2011-ci il tarixli nömrəsiz kredit müqaviləsi etibarsız hesab edilməli və həmin kredit müqaviləsi üzrə hesablanmış borc silinməlidir. Kollegiya əqdin etibarsızlığı ilə bağlı hazırki iddianın qaldırılması üçün müəyyən edilmiş müddətlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. Lakin hazırki iş üzrə etibarsız (əhəmiyyətsiz) hesab edilən əqdin icrasına başlanılmamışdır, ona görə də müddətin keçməsindən söhbət gedə bilməz. İddiaçı tələbini həm Cavabdeh2 MMC, həm də Cavabdeh1 QSC-yə qarşı irəli sürmüşdür. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh qismində göstərilmiş Cavabdeh2 MMC iddia tələbinə cavab verməli olan subyekt deyildir. İddiaçının hazırki tələbinə cavab verməli olan subyekt Cavabdeh1 QSC-dir ki, o da cavabdeh qismində iştirak edir. Belə ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə Cavabdeh1 QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ Cavabdeh1 QSC-yə keçmişdir. Cavabdeh1 QSC ilə Cavabdeh2 MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “Xidmət müqaviləsi”nə əsasən, Agentlik Cavabdeh1 QSC-yə onun “xxxx” ASC-dən qəbul etdiyi problemli aktivlərlə bağlı idarəetmə və hüquq xidmətlərini göstərməyi, xidmət nəticəsində yığılan vəsaitin tam və ya razılaşdırılmış hissəsini Cavabdeh1 QSC-yə ödəməyi, Cavabdeh1 QSC isə həmin xidmətlərin həyata keçirilməsi ilə əlaqədar Agentliyin yaranmış xərclərini ödəməyi və fəaliyyəti üçün lazımi şərait yaratmağı öhdələrinə götürmüşlər.Göründüyü kimi, güzəşt edilmiş problemli aktivlərlə bağlı tələb etmə hüququ “xxxx” QSC-yə keçmiş, sonuncu isə bu işlərlə məşğul olmaq üçün (idarəetmə və hüquq xidmətlərinin göstərilməsi) Cavabdeh2 MMC ilə xidmət müqaviləsi bağlamışdır. Agentlik yalnız “xxxx” QSC-nin adından çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər (50.1-ci m). İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3-cü m). Göründüyü kimi, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab olunurlar, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. Yəni, cavabdehin nümayəndəsi iddiaçının tələblərinə cavab verməli olan şəxs ola bilməz, nümayəndə yalnız onu təmsil edə bilər. Odur ki, hazırki tələb üzrə cavab verməli olan şəxs olmadığından ilkin iddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə iddia rədd edilməlidir. Cinayət işi materialları ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 QSC-nin tələb etdiyi 7.007.423,87 manat təqsirləndirilən şəxslərin hazırki cinayət işi üzrə “xxxx” ASC-yə ümumilikdə dəymiş ziyanın həcminə daxildir. Eyni zamanda, hökmün təsviriəsaslandırıcı hissəsində şərh edilən məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2016-cı il tarixli 5912 nömrəli və xx.xx.2016-cı il tarixli 6625 nömrəli rəyləri ilə müəyyən edilmişdir ki, 211.597.334 manat pul mənimsənilərək bunun 102.538.597,61 manatı bağlanılmış, 109.058.736,39 manatı isə bağlanılmadan açıq qalmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, mülki iddialar bağlanılmadan açıq qalmış ziyan həcmində təmin edilə bilər. Odur ki, Cavabdeh1 QSC-nin 7.007.423.87 manat həcmində olan mülki iddiası tam, “xxxx” ASC-nin mülki iddiası isə qismən təmin edilməlidir. Qeyd olunan hökmlə Cavabdeh1 QSC-nin mülki iddiası təmin edilərək X1 7.007.423,87 manat pulun alınaraq Cavabdeh1 QSC BOKT-yə, X1 və X14 7.301.080 manatın müştərək qaydada alınaraq “xxxx” ASC-yə verilməsi hökm edilmişdir. Belə olan halda Kollegiya qeyd edir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın rədd edilməsi barədə qənaəti qanuni və doğrudur. QSC-nin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2875/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən – ilkin iddia tələbinə aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, ilkin iddia qismən təmin edilsin. “xxxx” ASC ilə İddiaçı Firudin qızı arasında bağlanmış xx.xx.2011-ci il tarixli nömrəsiz kredit müqaviləsi etibarsız hesab edilsin və həmin kredit müqaviləsi üzrə hesablanmış 757.500 manat əsas, 763.988 manat manat faiz borcu silinsin. İlkin iddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə rədd edilsin. Qətnamə qalan (qarşılıqlı iddia tələbinin təmin edilməməsi) hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar