Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4821/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1240/2023 nömrəli 18 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Füzuli rayon Hərbi Komisarlığının 4-cü şöbəsi tərəfindən verilmiş 4/45 saylı, xx.xx.2007-ci il tarixli arayışı görə xx.xx.1972-ci il təvəllüdlü Əsgərxanov Seymur Şahsuvar oğlu xx.xx.1993-cü il tarixdə hərbi xidmət keçən zaman itkin düşmüş, xx.xx.2007-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2- 2019 saylı qətnaməsi ilə S.Əsgərxanov ölmüş elan edilərək, qətnamənin qanuni qüvvəyə mindiyi gün, yəni xx.xx.2007-ci il onun ölüm tarixi kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş (əlavə və dəyişiklərlə) “Şəhid adına əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında” Qərarın tələblərinə uyğun olaraq 1972-ci il təvəllüdlü Əsgərxanov Seymur Şahsuvar oğlu şəhid sayılmış və atası Əsgərxanov Şahsuvar Əsgərxan oğlu, anası İddiaçı şəhid ailəsi hesab edilmişlər.
2. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2007-ci il tarixli şəhadətnaməyə əsasən xx.xx.2007-ci ildə vəfat etmiş Əsgərxanov Seymur Şahsuvar oğlunun vərəsələri atası Əsgərxanov Şahsuvar Əsgərxan oğlu və anası İddiaçı müəyyən edilmişdir. Şəhadətnamə üzrə miras əmlakı Dövlət Sığorta Agentliyində olan sığorta pulu olduğu qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qarabağ döyüşlərində Şəhid olmuş oğlu hərbi qulluqçu Əsgərxanov Seymur Şahsuvar oğluna görə 11.000 manat məbləğində birdəfəlik sığorta ödənişinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, oğlu Əsgərxanov Seymur Şahsuvar oğlu 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və Şəhid olmuşdur. O, Füzuli Rayon Məhkəməsinin 27 iyun 1994-cü il tarixli qətnaməsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilmiş, Sumqayıt şəhər məhkəməsinin 16 aprel 2007-ci il tarixli qətnaməsi ilə ölmüş elan edilmişdir. İddiaçı və onun həyat yoldaşı xəstə olduqları üçün vərəsəliklə bağlı sənədlərin toplanılmasına görə X2 etibarnamə vermişlər və həmin şəxs onların adından etibarnamə ilə çıxış edərək xx.xx.2007-ci il tarixdə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməni alsa da, onlar şəhid ailəsinin üzvlərinə çatası 11000 manat məbləğində pulu almamışdılar. Vərəsəliklə bağlı toplanan sənədlər cavabdeh təşkilata təqdim olunmuş və həmin vaxt sığorta ödənişi ilə bağlı dövlət səviyyəsində göstərişin olmadığı bildirilmiş və bu illər ərzində heç bir vəsait ödənilməmişdir. Sığorta ödənişinin ödənilməsinin ƏƏSMN-nin üzərinə qoyulması barədə iddia ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin iş üzrə cavabdeh 3-cü şəxs qismində cəlb olunmuş və həmin vaxt guya sığorta ödənişinin xx.xx.2007-ci il tarixdə onlara ödənildiyini bildirmişdir. Lakin cavabdeh onun, həyat yoldaşının və yaxud da buna səlahiyyəti olan hər hansı bir nümayəndənin imzası olan ödəniş sənədini təqdim etməmiş və bunu həmin sənədlərin vaxtının keçməsi səbəbindən məhv edilməsi ilə izah elmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sığorta müqaviləsinə əsasən həyata keçirilir. Oğlu 1994-cü il tarixli qətnamə ilə hərbi əməliyyatlar zamanı itkin düşmüş, 2007- ci il tarixli qətnamə ilə isə ölmüş elan olunmuşdur, bu halda Şəhid ailə üzvünə hesablanan kompensasiya - 11000 manat məbləğində vəsait tələbi ilə bağlı cavabdeh təşkilata qarşı ümumi məhkəmə qaydasında iddia qaldırılmalıdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 may 2023-cü il tarixli 2(006)-1240/2023 saylı qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 11.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti sığorta ödənişinin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşıyır və hazırki mülki iş üzrə əsl cavabdehdir. İddiaçının oğlu Əsgərxanov Seymur Şahsuvar oğlu hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan müvafiq qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, Sumqayıt Şəhər Məhkəməsinin 2-2019 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən hərbi əməliyyatla əlaqədar itkin düşdüyü və bu əməliyyatların qurtardığı gündən iki ildən artıq müddətin keçdiyi üçün ölmüş elan edilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmənin qənaətinə görə sığorta hadisəsi baş verdiyindən sığorta məbləğinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin Əsgərxanov Seymur Şahsuvar oğlunun qanun üzrə vərəsəsi olan iddiaçıya müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır.
7. İş materiallarının araşdırılması nəticəsində qeyd edilən məbləğin Əsgərxanov Seymur Şahsuvar oğlunun qanun üzrə vərəsələrinə verilməsi öz təsdiqini tapmamışdır (hazırki mülki iş materiallarına əsasən).
8. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanına, Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Qanununa, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanına, Mülki Məcəlləsinin 41.3cü Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, mərhum Əsgərxanov Seymur Şahsuvar oğlu isə 1993-cü ildə hərbi xidmətə yollanmışdır. Mərhum 1993-cü ildə hərbi xidmətdə olduğu zaman “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilməmiş, hərbi qulluqçuların həyat və sağlamlığının icbari qaydada sığortalanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında icbari sığorta müqaviləsi bağlanmamış, sığorta haqqı da ödənilməmişdir. Bununla da məlum olur ki, müvafiq icra hakimiyyəti orqanın hərbi qulluqçunun həyat və sağlamlığı icbari qaydada sığortalanmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə almamışdır.
11. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək göstərmişdir ki, iddiaçının tələb etdiyi 11000 manat sığorta ödənişi 2007-ci il tarixdə Şirkət tərəfindən Əsgərxanov Seymur Şahsuvar oğlunun vərəsəsinə ödənilmişdir. Lakin qeyd olunan dövrdə sığorta ödənişləri Şirkətin müvafiq rayon filialları tərəfindən həyata keçirildiyindən sığorta ödənişini təsdiq edən sənədlər məhv olmuşdur. Mülki iş materillarına Füzuli Rayon Dövlət Notariat Ofisinin 2V-1-38 saylı xx.xx.2007-ci il tarixli “Əsgərxanov Seymur Şahsuvar oğlunun sığorta puluna dair vərəsəlik işi” əlavə olunmuşdur. Vərəsəlik işində olan vərəsələr Əsgərxanov Şahsuvar Əsgərxan oğlunun və İddiaçı Füzuli rayon Dövlət Notariat Kontoruna ünvanladıqları xx.xx.2007-ci il tarixli ərizələrindən aydın olur ki, məhz miras əmlakı olan Dövlət Sığorta Agentliyində olan sığorta pulu əsasında vərəsəlik haqqında şəhadətnamə verilməsi Kontordan xahiş olunmuşdur. Bundan əlavə olaraq, iş materiallarında olan “Qanun üzrə vərəsəlik haqqında” xx.xx.2007-ci il tarixli Şəhadətnamədə miras əmlakı qismində Dövlət Sığorta Agentliyində olan sığorta pulu göstərilmişdir. Hal-hazırda sığorta ödənişinin həyata keçirilməsini təsdiq edən sənəd mövcud olmasa da, qeyd olunan dövrdə vərəsələr tərəfindən həyata keçirilən notariat hərəkətlərindən və sığorta ödənişinin həyata keçirilməsi tarixinin (xx.xx.2007) vərəsəliyin təsdiqi tarixindən (xx.xx.2007) dərhal sonra olması sığorta ödənişinin həyata keçirilməsini təsdiq edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
14. İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
15. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır.
16. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci və 2.8-ci hissəsinə görə dövlət icbari şəxsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təstiq edən sənədlərin tarixi 2021ci ilin yanvarın 1-dən əvvələ aid dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxlərə sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən, sığorta hadisəsi hesab edilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olan dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişini almaq hüququ olan şəxlərə sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən Dövlət Sosial Müdafiə Fondu tərəfindən təmin edilir.
17. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə görə, Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər.
18. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 min manat məbləğində sığorta edilir.
19. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz...
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Göründüyü kimi iddiaçının oğlu Əsgərxanov Seymur Şahsuvar oğlu 1993-cü il tarixində Birinci Qarabağ müharibəsində aparılan hərbi əməliyyatlar zamanı itkin düşmüş, Sumqayıt Şəhər Məhkəməsinin 2-1019-2007-saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə ölmüş elan olunmuş və qətnamə qanuni qüvvəyə mindiyi gün onun ölüm günü hesab edilmişdir.
29. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının oğlu hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o, hərbi əməliyyatlar zamanı itkin düşmüş və daha sonra məhkəmə qərarı ilə ölmüş elan edilmişdir. Yəni qətnamənin qanuni qüvvəyə mindiyi gün sığorta hadisəsinin baş verdiyi tarix hesab olunur. Beləliklə də Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır.
30. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 min manat məbləğində sığorta edilir.
31. Həmin Qanunun 5-ci maddəsinin “a” bəndinin mənasına görə, sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə 100 faiz miqdarda sığorta ödənişi verilir.
32. Hazırda iddiaçı hesab edir ki, vəfat etmiş oğluna görə qanunla müəyyən edilmiş məbləğdə sığorta ödənişi səlahiyyətli olan cavabdeh Şirkət tərəfindən ona ödənilməlidir.
33. Cavabdeh iddiaçının mərhum oğluna sığorta ödənişin verildiyini, lakin sığorta ödənişini təsdiq edən sənədlər məhv olunduğuna görə təqdim edə bilmədiklərini qeyd etmişdir.
34. İddiaçı tərəf isə onlara hər hansı sığorta ödənişi edilmədiyini bildirir.
35. Cavabdeh sığorta ödənişinin ödənildiyini iddia etsə də, bu halı təsdiq edən sübutlar təqdim etməmiş, müvafiq sənədlərin məhv edildiyini bildirsə də, məhvetmə sənədlərini (müvafiq akt) də təqdim edə bilməmişdir.
36. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili əsassız hesab edilir, iddiaçının mərhum oğlu faktiki olaraq dövlət tərəfindən icbari şəxsi sığortalanmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünun müdafiəsi zamanı həlak olmuş hərbi qulluqçunun baş vermiş sığorta hadisəsindən sonra sığorta ödənişindən bu kimi səbəblərə görə məhrum olması insan hüquq və azadlıqları sahəsində müəyyən edilmiş konstitusion prinsiplərlə bir araya sığmır.
37. Bundan başqa, sığorta olunana sığorta ödənişinin verilməsindən imtinanın əsaslarını müəyyən edən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən imtinanın əsasları göstərilmişdir ki, hazırki mübahisə çərçivəsində həmin əsasların heç biri müşahidə olunmur.
38. Cavabdeh təşkilatın hazırki tələb üzrə cavab verməli olan şəxs olub-olmamasına gəldikdə isə qeyd olunmalıdır ki, iddiaçı daha əvvəl 11000 manatın birdəfəlik ödənc kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tutulması barədə iddia qaldırsa da, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(103)-2550/2022 saylı qərardadı ilə müəyyən olunmuşdur ki, sığorta hadisəsi 2007-ci ildə baş verdiyindən həmin nazirlik göstərilən tələb üzrə cavabdehlik daşıya bilməz, iddiaçının mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmək hüququ vardır.
39. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır.
40. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1240/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.