Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-483/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı iş üzrə (Açar sözlər: qazdan qeyri-qanuni istifadə, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), ğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2955/2024 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçıya məxsus abonent saldosuna əsasən verilən qaz xətti üzrə **********00016 sayla qeydiyyata alınmış abonent koduna aktlar üzrə 2021-ci ilin dekabr ayında 10800 m3 zərərə görə 1.296 manat, 2022-ci ilin yanvar ayında 5580 m3 zərərə görə 669,60 manat, 2022-ci ilin mart ayında 12240 m3 zərərə görə 1.468,80 manat, 2022ci ilin aprel ayında 6120 m3 zərərə görə 734,40 manat, 2024-cü ilin fevral ayında 30672 m3 zərərə görə 3.680,64 manat borc hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən əsassız hesablanmış Bakı şəhəri Xəzər rayonu Gülçülük sovxozu ünvanında yerləşən evinə (abonent kodu **********00016) hesablanmış 7.849,44 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 2-ci Yeni sahə ünvanında yerləşən evə məxsus qaz sayğacına əsassız olaraq yüksək borc hesablanmışdır. Sözügedən aktlardan heç bir xəbəri olmamışdır və akt onun iştirakı olmadan tərtib edilmişdir. Məsələni araşdırdıqdan sonradan ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında saycağda nasazlıq aşkar edilmişdir və guya bu da sayğaca müdaxilə edilməsi və qaz itkisi kimi qiymətləndirilmişdir. Sözügedən akt əsasında onun üçün 7.849,44 manat məbləğində qaz borcu hesablanmışdır. Mənim həmin qaz sayğacına müdaxilə etmək imkanım heç vaxt belə bir niyyəti olmamışdır. Buna baxmayaraq, Cavabdeh tərəfindən ona əsassız olaraq borc hesablanmışdır. Cavabdeh təşkilat qaz xəttinə bu məbləğdə müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağı sübuta yetirməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh tərəfindən ona əsassız hesablanmış ümumilikdə 7.849,44 manat borcun silinməsi barədə qətnamə qəbul edilməlidir.
4. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.2024-cü ilin ayında iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacında və qaz xətlərində yoxlama aparılmış və aşkar olmuşdur ki, iddiaçı qaz sayğacına saygacdan kənar xətt vasitəsilə etməklə Cavabdehnə 7849,44 manat həcmində ziyan vurmuşdur. Bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir. Faktla bağlı fotoşəkil çəkilmişdir. Yuxarıda sadalanan və əldə olan əsaslı sənədlər iddiaçının təbii qazdan kənar xətt vasitəsilə istifadə edərək təbii qazı taladığını təsdiq edir.
5. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)- 2955/2024 nömrəli nömrəli qətnaməsi ilə (hakim E.İ.Məmmədli) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı məxsus ünvana aid qaz sayğacına (abonent kodu: **********00016 olan) sayğaca hesablanmış 7.158,24 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə ilk öncə 2024-cü ilin fevral ayında akt əsasında iddiaçıya hesablanmış 3.680,64 manat zərərə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan həmin zərər iddiaçının abonent hesabından silinməlidir.
7. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müəyyən edilir ki, həmin akt lar tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir.
8. Məhkəmə 2021-ci ilin dekabr 2022-ci ilin aprel aylarında aktlar əsasında iddiaçıya hesablanmış 4.168,8 manat zərərə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
9. Belə ki, iddiaçı 2021-ci ilin dekabr 2022-ci ilin aprel aylarında təbii qazdan 1 ay ərzində qeyri qanuni istifadə etdiyini qeyd etsə də, məhkəmə bunu inandırıcı və ağlabatan hesab etmir. Həmçinin iş materiallarından da iddiaçını təbii qazdan istifadəyə görə ödənişlər etməsi müəyyən olunmur. Lakin məhkəmə tərəfindən təbii qazdan qeyri-qanuni istifadə etməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ziyanın hesablanması zamanı dəymiş ziyanın məhz 2021-ci ilin dekabr ayında 10800 kub.metr zərərə görə 1296 manat, 2022-ci ilin yanvar ayında 5580 kub.metr zərərə görə 669,60 manat, 2022-ci ilin mart ayında 12240 kub.metr zərərə görə 1468,80 manat olması sübut olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2021-cü il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlara əsaslanmaqla itirilmiş qazın bərpası üçün 3434,4 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin məhkəmə hesab edir ki, iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsə də, ona ziyan hesablanarkən qaz avadanlıqlarının orta günlük iş rejimi 24 saat, 90 gün götürülməklə iddiaçıya zərər hesablanmışdır.
11. Sayğacdan kənar qaz xəttindən istifadəyə görə iddiaçıya dəymiş zərərin aktlar üzrə ayrı-ayrılıqda 90 günə görə və hər qaz avadanlığı üzrə 24 saata görə hesablanmasını ağlabatan hesab etmək olmaz. İddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsə də, məhkəmə zərərin 30 günə görə hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab edir.
12. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia tələbi xx.xx.2021-cü il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar üzrə qismən təmin edilməli, iddiaçıya sayğacdan kənar qaz xəttindən istifadəyə görə hər akt üzrə 1440,0 kub metr olmaqla (1,2x8x30=288; (2x8x30=498; (1,4x16x30=672), ümumilikdə 4 akt üzrə 5760 kub.metrə görə 691,2 (5760 kub.metr x 0,12 manat) manat zərər hesablanmalı, əsassız hesablanmış 7158,24 (7849,44 – 691,20) manat borc silinməlidir.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya aktlar üzrə ziyan hesablanarkən qaz hər kub.metrinin qiymətini 0,12 manat kimi götürmüşdür.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21ci maddəsinə, Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6, 13.8, 13.8-1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 1.4, 2.5, 2.12, 3.4.1, 3.4.4, 6.5, 6.6, 6.7-ci bəndlərinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.2, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 7.849,44 məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində Cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin məhkəmə iddia tələbini təmin etmişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh İB tərəfindən abonent İddiaçı hesablanmış 5.700,24 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
26. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu isə qətnamənin ləğv edilməsi üçün əsasdır.
27. İşdən görünür ki, iddiaçı qaz xəttinə qeyri-qanuni qoşulduğunu işə birinci instansiya məhkəməsində baxılarkən etiraf etmişdir.
28. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının bu faktı etiraf etməsi artıq cavabdehi gələcəkdə həmin faktı sübut etmə vəzifəsindən azad edir.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 2024-cü ilin fevral ayında akt əsasında iddiaçıya hesablanmış 3.680,64 manat iddiaçının abonent hesabından silinməli olması barədə qənaəti səhv olmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin təqsiri iddiaçının qazın talanmasında təqsirli olmasını müvafiq orqanların və ya məhkəmənin qərarı ilə təsdiq edilməmişdir.
30. Bundan başqa, digər aktlar üzrə borc müəyyən edilərkən də birinci instansiya məhkəməsi tərəfindən səhvə yol verilmişdir.
31. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis (ekspert) rəyinin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə edilmiş, əldə olunan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, abonentlə ilə əlaqə saxlanılmış və sözügedən evdə 2021-2023-cü illərdə aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi müəyyən edilmişdir: -1 ədəd PQ-2 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 0.6 m3 -1 ədəd dəmir soba maksimal qaz sərfiyyatı 1.4 m3. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini( qaz plitəsi üçün analogiya üzrə sutkada 3 saat), istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (“Qazdan istifadə Qaydaları”-nın 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda 0.6 m3 x 3 saat x 30 gün + 1.4 m3 x 12 saat x 30 gün=558 m3. Yay ayları üçün ayda 0.6 m3 x 3 saat x 30 gün = 54 m3. İtirilmiş qazın həcmi: 2021-ci ildə tərtib edilmiş 1 akt üzrə: 3 qış ayı x 558 m3 = 1674 m3. 2022-ci ildə tərtib edilmiş 3 akt üzrə: 3 qış ayı x 554 m3 = 1674 m3. 2023-cü ildə tərtib edilmiş 1 akt üzrə: 3 qış ayı x 554 m3 = 1674 m3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” müvafiq qərarlarinı nəzərə alsaq, illər üzrə itirilmiş qazın dəyəri aşağıdakı kimi olar. Hər il üzrə: 1200 x 0.12 + 474 x 0.20 = 238,80 manat olmaqla, cəmi 238,80 x 3 = 716,40 manat təşkil edə bilər. Beləliklə, abonentin qazdan qanunsuz istifadə etməsi təsdiq edilərsə (telefon əlaqəsi zamanı abonent özü bəzi hallarda qazdan qanunsuz istifadə etdiyini bildirmişdir) iddiaçının cavabdehə olan borcu 716,40 manat təşkil edə bilər.
32. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının iddia ərizəsində silinməsi tələb edilən borcun məbləği 7.849,44 manat təşkil etdiyindən, mütəxəssis rəyinə əsasən abonentə hesablanmış borc aktlar tərtib olunan 3 il üzrə 2.149,2 manat (716,4 x 3) müəyyən edildiyindən, cavabdeh tərəfindən aktlar əsasında hesablanmış borcun 5.700,24 manatı (7.849,44 - 2.149,2 = 5.700,24 manat) silinməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2955/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu **********00016) hesablanmış 5.700,24 manat məbləğində borc silinsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: