Məhkəmə qərarları › İş №2(103)-4832/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4832/2023

25.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4832/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı mülki iş (Açar sözlər: «hesablanmış borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-792/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ilə Cavabdeh ASC-nin Səbail rayon Sukanal İdarəsi arasında xx.xx.1997-ci il tarixdə su təchizatı sistemindən lazımi miqdarda, tərkib və keyfiyyətinə görə dövlət standartlarının tələblərinə uyğun, məişət-içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması xidmətlərinin göstərilməsi ilə əlaqədar müqavilə bağlanılmışdır.

2. xx.xx.2023-cü il tarixli akt tərtib edilməklə ünvan 1 ünvanında yerləşən mənzilə quraşdırılmış 37 smart-kart tipli su sayğacının elektron hissəsi işləmədiyi üçün mexanikiyə çevrilmişdi.

3. Abonentin kodu **********300 olan Fuad Fətəlizadəyə məxsus Puşkin küçəsi ev 5 mənzil 30 ünvanında yerləşən mənzilin su xəttinə xx.xx.2016-cı ildə 61976 nömrəli Smart CSS markalı su sayğacı quraşdırılmışdır, 2022-ci ildə sayğacın batareyasında zəifləmə olduğundan mexaniki hissə ilə elektron hissə arasında əlaqə itmiş və bunun əsasında mexaniki hissənin qeydə aldığı su sərfiyyatını elektron hissə qeydə almadığından, sayğac su sərfiyyatını minusa yazmışdır. Fakturalama qrupunun nəzarətçisi Yusifov Vilayət xx.xx.2022-ci il tarixində bu halı sistemə daxil etmişdir. Metrologiya qrupunun əməkdaşı xx.xx.2023-cü ildə sayğacı 02630 göstərici ilə mexaniki kimi qeydə almışdır. Abonent xx.xx.2022-ci il tarixində 20 (iyirmi) manat ödənişlə 02406 göstəriciyə qədər ödənişi təmin etmişdir. xx.xx.2023-cü il tarixində növbəti oxuma zamanı sayğacın göstəricisi 02654 olmuş və 248 manat borc yaranmışdır. Abonent 2020-ci ildə 438m3 , 2021-ci ildə 325m3 su sərfiyyatı işlətmişsə, 2022-ci ildə sərfiyyat 160m3 olmuşdur. Bu da sayğacın elektron hissəsinin işləməməsini göstərir, onun təqsirli hərəkət(lər)i nəticəsində meydana gəldiyi sübuta yetirilmir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşməsi ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanında yerləşən mənzildə təbii sudan istifadəyə görə verilmiş **********300 saylı abunə koduna hesablanmış 247.72 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiada göstərilir ki, Səbail rayonu, Puşkin küçəsi, ev 5, mənzil 30 ünvanda yerləşən mənzil İddiaçı (iddiaçı) mülkiyyətindədir, iddiaçının adına Cavabdeh ASC-nin abonent bazası proqramında abonent kodu: **********300 müəyyən olunmuşdur. Bu mənzildə iddiaçının adına olan sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Nəticədə iddiaçının iştirakı və məlumatı olmadan, müvafiq protokola, akta imza atmadan cavabdeh tərəfindən birtərəfli qaydada əvvəlki smart tipli sayğac mexaniki sayğacla əvəz edilmişdir. Əvəzləmə zamanı cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023 tarixli aktdan görünür ki, sayğacda iddiaçının adına hesablanmış istifadə olunan 263 m3 su sərfiyyatının mövcud olduğu qeyd olunmuş və bir gün sonra onlara təqdim edilmiş hesab fakturada borcun məbləği 247,72 AZN qeyd olunmuşdur. Əvvəlki sayğaca 54 manat ödəniş tərəfindən həyata keçirilmiş və istifadə edilməmişdir. Cavabdeh göstərilən borcun yaranma mənbəyi kimi özünün birtərəfli qaydada tərtib etdiyi akta əsaslanır. Akt cavabdehin əməkdaşlarının sayğacı yenisi ilə əvəzləməsinə görə tərtib edilmiş və onun tərəfindən birtərəfli qaydada formalaşdırılaraq təsdiq edilmişdir. Aktda sayğacın yenisi ilə əvəz edilməsi üçün əsas kimi onun düzgün işləmədiyi göstərilmişdir. Bu mənada cavabdehin birtərəfli qaydada tərtib etdiyi sözügedən sənədin iddiaçı üçün hər hansı öhdəlik yaratması mümkün deyildir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-792/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsi (hakim Şəhla Süleymanova) ilə iddia tələbinin təmin edilərək cavabdeh ünvan 1 ünvanı üzrə İddiaçı Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 247.72 (iki yüz qırx yeddi manat, yetmiş iki qəpik) manat borc iddiaçının abunə hesabından (abunə kodu **********300) silinməsi; Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, nə qədər ki, 247.72 manat məbləğində borc formal müəyyən edilib və İddiaçı təqsirli hərəkət(lər)i nəticəsində meydana gəldiyi sübuta yetirilmir həmin borcun hesablanması Cavabdeh ASC-nin əsassız varlanmasına səbəb olur. Beləliklə, cavabdeh tərəfindən əsassız hesablanmış borca görə istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi suya görə haqq tələb edilə bilməz. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 18-ci maddələrinə; “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30, “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli Qərarının 6.4, 6.10, 6.15-ci bəndlərinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh ASC apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib göstərir ki, smart-kart tipli elektron sayğaclarda batareyanın zəifləməsi elektron hissənin nazas olması, həmçinin həmin sayğaclarda mexaniki hissənin hesabatının düzgün aparmaması qənaətinə gəlməsi üçün əsas deyildir. Smart kart tipli sayğaclarada elektron hissə dayandığı təqdirdə hesabat mexaniki hissənin göstəricisinə uyğun olaraq aparılır və ona uyğun olaraq xidmət haqqı hesablanır. İddiaçıya məxsus smart sayğacın elektron hissəsinin dayanması sudan istifadə etdiyi yaranmış borcun ödənilməməsi üçün əsas deyildir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcələdə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları halları istisna olmaqla, öhdəliyin mələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Azərbaycan Respublikasının Su Məcəlləsi: Maddə 97. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir.

12. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Maddə 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

13. Nazirlər Kabinetin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərari ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın:

2.1.5. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək); 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; 6.4.-cü bəndinə əsasən, yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına su təchizatı və kanalizasiya müəssisəsi ( STKM), mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. 6.10-cu bəndinə əsasən, zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. Zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir. 6.15-ci bəndinə əsasən, suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən müəyyənləşdirir və hesablaşma aparır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Əvvəla, cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü onun üzərinə düşür. Lakin cavabdeh tərəf bu halları sübut edə bilmir. Bu barədə onun nümayəndəsinin izahatı mövcuddur. Nümayəndənin izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə onun istinad etdiyi halları təsdiq edən başqa sübutlar yoxdur.

23. Cavabdeh Cəmiyyətin əməkdaşları həqiqətən də sayğacda nasazlıq aşkar edilmişdirsə bunu mütləq qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının iştirakı ilə rəsmiləşdirməli idilər. Bundan başqa, həmin sayğacın iddiaçıya məxsus mənzildən kənarda quraşdırıldığı halda istər-istəməz həmin sayğaca hansısa formada müdaxilə istisna olunmur. Lakin bu halda da məhz iddiaçının sayğaca cavabdehə ziyan vurmaq məqsədilə müdaxilə etməsi təsdiq edilməlidir. 24.Əlbətdə ki, cavabdeh qurum sudan qanunsuz istifadənin qarşısının almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada bütün mümkün vasitələrdən istifadə etməlidir. Lakin bu heç də istehlakçıların hüquqlarını pozmaqla həyata keçirilməməlidir. Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 6.15-ci bəndinə əsasən cavabdeh qurum suölçən cihaza müdaxilə halları aşkar etdikdə, sərf edilmiş suyun həcmini istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq müəyyənləşdirməli və hesablaşma aparmalıdır. Göründüyü kimi, Qaydalar da müdaxilənin məhz istehlakçı tərəfindən edildiyi təsdiq olunduğu halda əlavə sərfiyyatın hesablanmasını nəzərdə tutur. Ona görə də törətmədiyi mülki hüquq pozuntusuna görə istehlakçı olan iddiaçı heç bir halda mülki hüquqi məsuliyyətə cəlb edilə bilməz.

25. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 792/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-792/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar