Məhkəmə qərarları › İş №2(103)-4834/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4834/2023

18.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4834/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər: X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1037/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, İddiaçı yaşadığı evə baxış zamanı qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur.

2. Cavabdehin 2020-ci ilin mart ayından 2022-ci ilin sentyabr ayı üzrə aktlar əsasında hesablanmış borcu 8670,24 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Massivsiz, Boru keçidi, fərdi yaşayış evində (abonent kodu: **********00490) quraşdırılmış qaz sayğacı ilə bağlı Cavabdeh İB tərəfindən hesablanmış 8.670,24 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Massivsiz, Boru keçidi, fərdi yaşayış evində yerləşən qaz sayğacı ona məxsusdur. Bir müddət öncə Cavabdeh İB-nin nümayəndələri onun iddiaçının evində qeyri-qanuni xəttin olmasını, yəni sayğaca kənar müdaxilə edilməsini bəhanə edərək onun hesabına cərimə yazmışlar. Halbuki iddiaçının yaşadığı evdə sayğaca kənar heç bir müdaxilə olmamışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları iddiaçının iştirakı olmadan onun yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, guya qeyri-qanuni xəttin aşkarlanmasını əsas götürərək akt tərtib etmiş və əsassız olaraq cərimə yazmışlar. Sübut olaraq da yalnız abonent saldosu və aktın surəti təqdim edilmişdir. Həmin evdə yaşadığı müddət ərzində qaz istifadəsinə görə kifayət qədər vəsait ödəmişdir. Həmin evdə təbii qazdan istifadəylə bağlı heç bir problem olmamış və qaz sayğacından kənar qeyri-qanuni istifadə edilməmişdir. Bu səbəbdən hesablanmış borcun silinməsini xahiş etmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1037/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Cavabdehnə 500 manat məbləğində borcunun olmasının müəyyən edilməsi, qalan 8.170,24 manat məbləğində borcun Cavabdeh tərəfindən iddiaçıya aid **********00490 saylı abunə kodundan silinməsi, Cavabdehndən 50 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etdiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurduğundan, cavabdeh qarşısında məsuliyyət daşıyır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehin tələb etdiyi cərimə borcuna dair hissəyə qiymət verərək hesab etmişdir ki, iddiaçıdan tələb edilən məbləğ yüksək bir məbləğdir. Belə ki, məhkəmə iş materiallarını araşdırarkən cərimənin məbləğinə münasibətdə qeyd etmişdir ki, cavabdeh təşkilat tərəfindən cərimənin hansı hesablama qaydaları ilə aparılmasına dair heç bir hesablama düsturuna rast gəlinməmiş, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Nə qədər ki, iddiaçının kənar xətti hansı müddət ərzində istifadə etməsini dəqiq müəyyən etmək mümkün deyil, Cavabdeh İB-nin əməkdaşlarının da hər ay yoxlanış həyata keçirmək, bu mümkün olmadıqda isə hər 3 aydan bir yoxlanış etmək vəzifəsidir, məhkəmə iddiaçıya məxsus ünvanda kənar xətdən istifadənin vaxtını 3 ay həddində müəyyən edərək və həmin ünvandakı qazdan istifadə cihazlarını nəzərə alaraq cərimənin 500 manat həddində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Odur ki, iddiaçının cavabdehə 500 manat borcu olması müəyyən edilməli, qalan 8.170,24 manat məbləğində borc silinməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsi, Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 6.5-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 216-220, 217.4, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1037/2023 saylı, xx.xx.2023-c ü il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

11. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdilər ki, ona Asan Komunaldan bildirdilər ki, qaz xəttini çəksin, onlar sayğacı qoyacaqlar. Sonradan onlar dedi ki, belə çəkmək olmaz, gərək ana xətdən çəkilsin. Ana xətt onlara çox uzaq olduğuna görə onlar oradan çəkmədi. Qış fəslində qazdan təxminən 1 ay istifadə edib. Sonra qonşuluqda yaşayan bacısının qaz xəttindən istifadə edib. Həmin xətt hələ də qalır. 2001ci ilin qış aylarında 30 gün qanunsuz xəttdən istifadə edib.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

14. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

15. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 3.1.3-cü bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın təmin edilən hissədə rədd edilməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

23. Belə ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, təbii qazdan sayğacdan kənar istifadəyə görə Cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında hesablanmış 8.670,24 manat borcun silinməsini xahiş etmişdir.

24. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək, iddiaçının cavabdehə qazdan sayğacdan kənar istifadə etdiyi 3 ay üçün 500 manat borcunun olması müəyyən edilərək, qalan 8.170,24 manat məbləğində borcun silinməli olması qənaətinə gəlinmişdir.

25. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilən hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının qazdan sayğacdan kənar istifadə etdiyi üçün borcunun cəmi 500 manat olmasını əsaslandırmamışdır.

27. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Massivsiz, Boru keçidi, fərdi yaşayış evinə ilkin olaraq cavabdehin əməkdaşları tərəfindən 30 mart 2020-ci il tarixdə baxış keçirilmiş, abonent tərəfindən qaz sayğacından qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 30 mart 2020-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın həcmi 6696 m3 həcmində müəyyən edilmişdir.

28. İş materiallarında olan abonent haqqında məlumatdan görünür ki, 2020-ci ilin mart ayına iddiaçının qalıq borcu 669,60 manat məbləğində olmuşdur.

29. Məhkəmə kollegiyası qeyd edir ki, 30 mart 2020-ci il tarixli, ******* nömrəli akt tərtib edildikdən sonra iddiaçı tərəfindən sonrakı tarixlərdə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edilsə də, paylayıcı tərəfindən qanunsuz qaz xətti şəbəkədən ayrılmamışdır. Əksinə cavabdeh qazın verilməsini dayandırmamış, dəymiş zərərin ödənilməsini iddiaçıdan tələb etməmişdir. Buna baxmayaraq qeyd olunan hallarla bağlı hər ay müvafiq aktlar tərtib edilərək dəymiş ziyan hesablanmışdır.

30. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən yalnız 30 mart 2020-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 669,60 manat borcun tələb edilməsi əsaslıdır. Növbəti tarixlərdə tərtib edilmiş aktlar əsasında hesablanmış (8.670,24 - 669,60 = 8000,64 manat) məbləğində pulun iddiaçıdan tələb edilməsi əsassızdır.

31. Mülki Prosesual Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

32. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1037/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdehnə 669,60 (altı yüz altmış doqquz manat altmış qəpik) manat məbləğində borcunun olması müəyyən edilməli, qalan 8000,64 (səkkiz min manat altmış dörd qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən iddiaçıya aid **********00490 saylı abunə kodundan silinməlidir.

33. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 50 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1037/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdehnə 669,60 (altı yüz altmış doqquz manat altmış qəpik) manat məbləğində borcunun olması müəyyən edilsin, qalan 8000,64 (səkkiz min manat altmış dörd qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən iddiaçıya aid **********00490 saylı abunə kodundan silinsin. Cavabdehndən 50 (əlli) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar