Məhkəmə qərarları › İş №2(103)-4838/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4838/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4838/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı QSC BOKT-un nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-53/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 28.111 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh 60 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

2. AC 062861 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən **-SG-*** dövlət qeydiyyat nişanlı “X12 minik” markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdehdır.

3. “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh özünə məxsus “X12 minik” markalı avtomobili həmin tarixli kredit müqaviləsi üzrə götürdüyü 28.111 ABŞ dolları kredit məbləğinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir.

4. “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə əlavə olan xx.xx.2018-ci il tarixli akta əsasən “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir.

5. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, o, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur. Bildiriş həmin tarixdə DİN BDYPİ-də qeydə alınmışdır.

6. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən İddiaçı QSC-yə ötürülən məbləğ 20.220,89 ABŞ dolları olmuş (14.453 ABŞ dolları əsas, 5.767,89 ABŞ dolları faiz borcu), cavabdeh tərəfindən İddiaçı QSC-yə 6.560 ABŞ dolları ödəniş edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X6 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X4 dair sənədlər S-AVK-2217 saylı, 04 may 2018-ci il tarixli təhviltəslim aktına əsasən İddiaçı QSC-yə keçmişdir. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 01207 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% tətbiq edilməklə, 60 ay müddətinə 28.111 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-SG-*** dövlət qeydiyyat nişanlı “X12 minik” markalı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli AA seriyalı 092015 nömrəli “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün borcalana 28.111 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. “Borcalan” bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən borcalana verilən vəsaitindən istifadə müddəti 60 aydır. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 18%-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borcu 7.893 ABŞ dolları, faiz borcu üzrə 5.767,89 ABŞ dolları olmaqla, cəmi 13.660,89 ABŞ dolları təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Cavabdeh əsas borc üzrə 7.893 ABŞ dolları, faiz borcu üzrə 5.767,89 ABŞ dolları olmaqla, cəmi 13.660,89 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 159,67 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-SG-*** dövlət qeydiyyat nişanlı “X12 minik” markalı avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləğinin Cavabdeh tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

9. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh əsas borc üzrə 7693 ABŞ dolları, faiz borcu üzrə 5.767,89 ABŞ dolları olmaqla, cəmi 13.460,89 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 159,67 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bundan başqa, xx.xx.2024-cü il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh əsas borc üzrə 7.893 ABŞ dolları, faiz borcu üzrə 5.767,89 ABŞ dolları olmaqla, cəmi 13.660,89 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 159,67 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-SG-*** dövlət qeydiyyat nişanlı “X12 minik” markalı avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləğinin Cavabdeh tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 663/2023 nömrəli qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi “X5 Mərkəzi” MMC-yə həvalə edilmişdir.

12. “X5 Mərkəzi” MMC-nin xx.xx.2023-cü tarixli qiymətləndirmə hesabatından görünür ki, **-SG-*** dövlət qeydiyyat nişanlı “X12 minik” markalı avtomobilin orta bazar qiyməti 29.150 manat, likvid dəyəri 24.800 manatdır.

13. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 663/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 9/8968 nömrəli rəydən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 01207 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh İddiaçı BOKT QSC-yə müqavilənin bitmə tarixinə, yəni xx.xx.2018-ci il tarixə olan borcu 25.764,78 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 15.236,41 ABŞ dolları və faiz borcu üzrə 10.528,36 ABŞ dolları.

15. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 53/2024 nömrəli qərardadı ilə iş üzrə avtomobilin qiymətləndirilməsi “X8” MMC-yə həvalə edilmişdir.

16. “X8” MMC-nin xx.xx.2024-cü tarixli qiymətləndirmə hesabatından görünür ki, **-SG-*** dövlət qeydiyyat nişanlı “X12 minik” markalı avtomobilin orta bazar qiyməti 30000 manatdır.

17. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 53/2024 nömrəli qətnaməsi ilə (hakim R.T.Əhmədov) iddia qismən təmin edilmiş, Cavabdeh əsas borc üzrə 7.893 ABŞ dolları, faiz borcu 5.767,89 ABŞ dolları olmaqla, cəmi 13.660,89 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 159,67 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, tutmanın Cavabdeh məxsus olan və banka ipoteka qoyulmuş **-SG-*** dövlət qeydiyyat nişanlı “X12 minik” markalı avtomobilə yönəldilməsi, nəqliyyat vasitəsinin hərracda ilkin satış qiymətinin 30.000 manat məbləğində müəyyən edilməsi, avtomobil açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına olan borcun ödənilməsi, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə müəyyən etmişdir ki, borclu Cavabdeh “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağladığı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Məhkəmə hesab etmişdir ki, borcalan Cavabdeh özünə məxsus avtomobili ipoteka qoyma yolu ilə təmin etdiyi kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddəsinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin tələbləri həmin ipoteka predmetinə yönəldilməli, iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan avtomobilin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməlidir.

20. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir.

21. Məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır.

22. Məhkəmə iddia tələbininin “satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə əskik qalan borc məbləğinin Cavabdeh tutulub iddiaçının hesabına ödənilməsi”nə dair hissəsini əsassız sayaraq qeyd etmişdir ki, xx.xx.2013- cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi həmin tarixli ipoteka müqaviləsinə əsasən “X12 minik” markalı avtomobil ipoteka qoyulmuşdur. Həmin avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə əskik qalan borc məbləğinin cavabdehdən tutulması isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə olan halda məhkəmə iddia tələbini həmin hissədə əsassız sayır.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179, 295, 396.1, 385.1, 448.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, hazırki işə birinci instansiya məhkəməsində baxılan zaman, tərəfindən kredit müqaviləsi üzrə borcun xeyli bir hissəsi, ayda 200 ABŞ dolları olmaqla ödənilmişdir. İddiaçı bir dəfə məhkəmə iclasında iddia tələbinin həcminin azalması ilə əlaqədar ərizə versə də, sonradan ərizə verməmiş, məhkəmə tərəfindən iddiaçının nümayəndəsinin münasibəti öyrənilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizaların nəticəsində də avtomobilin dəyəri düzgün qiymətləndirilmişdir. Məhkəmə tərəfindən diqqət edilməmiş məqamlardan biri ondan ibarət olmuşdur. İddiaçı tərəfindən məhkəmə iddia qaldırmaq üçün, iddiaçının direktoru, iddia ərizəsini imzalayan direktor müavininə və iddiaçının hüquqlarını hazırki məhkəmə müdafiə edən nümayəndələrinə etibarnamə vermişdir. Hüquqlarını müdafiə edən vəkili və nümayəndəsi tərəfindən iş materialları ilə tanış olan zaman müəyyən etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və iş materiallarında olan Məhəmməd müəllimin imza etdiyi etibarnamə kserosurətdir. Belə ki, həmin etibarnamə rəngli printer vasitəsilə çap edilərək, məhkəməyə təqdim edilmişdir. Mülki işə birinci instansiya məhkəməsində baxılan zaman işə sədrlik edən hakim tərəfindən diqqət yetirilməmişdir. İddiaçının subyektiv hüququnun olmasını təsdiq edən hal etibarnamə olduğu halda, həmin etibarnamənin əsli və ya qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti iddiaçı tərəfindən məhkəməyə daxil olmadığına və iş materiallarına əlavə edilmədiyinə görə iddiaçının subyektiv hüquqa malik olması sübut edilməmişdir. İddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət olunsa da, birinci instansiya məhkəmə qətnamə qəbul edərkən, bu xüsusatları nəzərə almamış, qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən hər ay 200 ABŞ dolları olmaqla ödəniş olmuşdur. Cavabdeh aylıq 200 ABŞ dolları ödəməyə razıdır. Niyyəti işin yekunlaşmasından sonra borcu icra mərhələsində bağlamaqdır. Avtomobilin ilkin satış qiymətinin 30.000 manat məbləğində müəyyən edilməsi ilə bağlı hissədə qətnamə ilə razıdır.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC BOKT-un nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh tərəfindən hər ayın əvvəli ödəniş olunur. Hazırki gün üçün cavabdehin borcu 11.660,89 ABŞ dolları təşkil edir. Cavabdeh özü birinci instansiya məhkəməsi icraatı zamanı etibarnamə ilə bağlı məsələyə münasibət bildirməmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Maddə 193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.3. Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

30. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Maddə 36.3. ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırkı işdə iddia qismən təmin edildiyindən və apellyasiya şikayətinin məzmununa əsasən cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, işin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, cavabdeh xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı olaraq cavabdehin mülkiyyətində olan **-SG-*** dövlət qeydiyyat nişanlı “X12 minik” markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə ipoteka saxlayanın-iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.

36. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə kredit müqaviləsinə görə əsas və faiz borcunun müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6676 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 01207 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq, Cavabdeh İddiaçı BOKT QSC-yə müqavilənin bitmə tarixinə, yəni xx.xx.2018-ci il tarixə olan borcu - əsas borc üzrə 15.236,41 ABŞ dolları və faiz borcu üzrə 10528,36 ABŞ dolları olmaqla, ümumilikdə 25.764,78 ABŞ dolları məbləğində müəyyən edilmişdir.

37. Həmin ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcu irəli sürülmüş tələbdən artıq olsa da, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmayaraq iddianı əsas və faiz borcunun tutulması hissəsində təmin etmişdir.

38. O da qeyd edilməlidir ki, iddiaçı məhkəməyə müraciət edərkən cavabdeh tərəfindən müqavilə müddəti bitdikdən sonra və məhkəməyə müraciət edilməmişdən öncə həyata keçirilmiş ödənişi (6.560 ABŞ dolları) nəzərə almışdır.

39. Belə ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş arayışa əsasən “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən İddiaçı QSC-yə ötürülən məbləğ 20.220,89 ABŞ dolları olmuş (14.453 ABŞ dolları əsas, 5.767,89 ABŞ dolları faiz borcu), hazırda isə iddiaçı cavabdehdən 14.453 ABŞ dollarından ödənilmiş 6.560 ABŞ dollarını çıxmaqla 7.893 ABŞ dolları əsas borc, 5.767,89 ABŞ dolları faiz borcunu tələb edir.

40. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə iddia verildikdən sonra cavabdeh tərəfindən borcdan ödənişlərin edilməsi iddiaçı tərəfindən inkar edilmir. Həmin ödənişlərin nəzərə alınması icra mərhələsində həll olunan məsələdir.

41. Bundan başqa, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında ipoteka predmetinin ilkin satış qiymətinin 30.000 manat müəyyən edilməsinə etiraz etmədiyini, həmin hissədə qətnamə ilə razı olduqlarını bildirmişdir.

42. Məhkəmə kollegiyası iddiaçı tərəfindən məhkəməyə etibarnamənin əsli deyil, surətinin təqdim edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil formal mülahizə olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. İşdən görünür ki, İdarə Heyəti sədrinin müavini tərəfindən məhkmədə iştirak edən nümayəndəyə verilmiş etibarnamə imza ilə bərabər iddiaçı QSC-nin möhürü ilə də təsdiq edilmişdir. Bu isə iddiaçı QSC-nin hazırki iş üzrə iddia tələbinin irəli sürülməsinin onun iradəsinə uyğun olduğunu təsdiq edir.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-53/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar