Məhkəmə qərarları › İş №2(103)-4840/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4840/2023

12.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4840/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X9 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil3, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 Şəmsəddin oğunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin ləğv edilməsi, nəqliyyat vasitəsinin cavabdehdən alınaraq onun mülkiyyətinə və faktiki sahibliyinə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-457/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, “Mercedes-Benz E 220D” markalı, **-XS-*** (hazırda **-CY-***) dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı, BAN: W1K2130041A952465, qara metallik rəngli nəqliyyat vasitəsinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi və nəqliyyat vasitəsinin cavabdehdən alınaraq onun mülkiyyətinə və faktiki sahibliyinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, pul vəsaitinə şəxsi ehtiyacı yarandığı üçün mülkiyyətində olan “Mercedes-Benz E 220D” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satmaq qərarına gəlmiş və elanları turbo.az saytında yerləşdirmişdir. Elan yerləşdiriləndən sonra bir nəfər zəng vurmuş, nəqliyyat vasitəsini almaq üçün gəlmiş və atasının da baxmasını bildirmişdir. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün 30 avqust 2022-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilmişdir. BB242164 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan “Mercedes-Benz E 220D” markalı, 99-XS666 dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı, BAN: W1K2130041A952465, qara metallik rəngli nəqliyyat vasitəsi tərəfindən xx.xx.2022ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmişdir. Rəsmiləşdirmə imzalandıqdan sonra cavabdeh alınmış nəqliyyat vasitəsinə görə ona ödənilməli olan pulu verməmişdir. Bu səbəbdən də dərhal alğı-satqının dayandırılmasını tələb etmiş və bununla bağlı 102 xidmətinə zəng vurmuşdur. Həmin vaxt nəqliyyat vasitəsini də həmin şəxslər götürüb getmişlər. O, onlara nəqliyyat vasitəsini verməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə tərəfindən şikayət verilmişdir. Araşdırma aparılmış və nəqliyyat vasitəsinə görə ödənilməli olan məbləğin ona verilmədiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-457/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz tağıyeva) iddia təmin edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, sübutlara düzgün, obyektiv və hərtəfli hüquqi qiymət verilməməsi, iddiaçı tərəfindən pul alındıqdan sonra alqı-satqı müqaviləsinin bağlanması, pulun Nicat adlı şəxsə təqdim olunması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun eyni məzmunda izahat vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun eyni məzmunda izahat vermişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Nəqliyyat vasitəsinin BB242164 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E220D” markalı, 2021-ci il buraxılışlı, **-XS-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində İddiaçı adına qeydə alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin surətindən görünür ki, “Mercedes Benz E220D” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən Cavabdeh 65000 ABŞ dolları müqabilində satılmışdır. İşdə olan “Mercedes Benz E220CDİ” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, İddiaçı mülkiyyətində olan “Mercedes Benz E220D” markalı, 2021-ci il buraxılışlı, **-XS-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində sonuncunun adından alğı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılaraq Cavabdeh adına qeydiyyata alınmış və nəqliyyat vasitəsinə yeni – 77- CY-750 dövlət qeydiyyat nişanı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2022-ci il tarixli 003-22787/222 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə “102” xidmətinə zəng edərək, Nicat Rəhimov tərəfindən aldadılaraq özünə məxsus “Mercedes” markalı Az 77- CY-750 dövlət qeydiyyat nömrəli avtomobilinin Cavabdeh satılması və pulunun ələ keçirilməsi barədə məlumat vermişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli 007-17232-1222 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) xx.xx.2022-ci il tarixdə cinayət işi başlanılaraq iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli xx.xx.1993-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X11 istintaq orqanından gizləndiyindən onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə qiyabi olaraq həbs qətimkan tədbiri seçilib beynəlxalq axtarış elan edilmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-6/2-4934/23 nömrəli məktubu ilə İdarədə istintaq olunan cinayət işi üzrə İddiaçı, X2, X1 və X3 yazılı izahatlarının təsdiq edilmiş surətləri iş materiallarına əlavə olunmuşdur. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliyin ixtiyarlı şəxsə icra edildiyini təsdiq edən hər hansı subut təqdim olunmamış və iş materialları ilə həmin halın (ixtiyarlı şəxsə icra edilməsi halının) öz təsdiqini tapmadığından iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyini nəticəni əsaslı hesab edərək, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin faktiki hallarına əsasən - iddiaçının adına dövlət qeydiyyatına alınmış “Mercedes Benz E220D” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi əsasında İddiaçı tərəfindən Cavabdeh satılmış, elə həmin tarixdə nəqliyyat vasitəsi Cavabdeh adına qeydiyyata alınmış və nəqliyyat vasitəsinə yeni, **-CY-*** dövlət qeydiyyat nişanı verilmişdir. Lakin, qeyd edilən nəqliyyat vasitəsinin satılması ilə bağlı razılaşdırılmış pul vəsaiti bilavasitə iddiaçıya ödənilməmişdir (bu hal mübahisələndirilmir). Cavabdeh tərəfindən etirazına görə, müvafiq pul vəsaiti iddiaçının özünə verilməsə də, sonuncunun göstərişinə əsasən X6 təqdim olunmuşdur. Lakin, cavabdeh tərəf X5 iddiaçının ixtiyarlı şəxsi olması, pul vəsaitinin məhz iddiaçının razılığı ilə Nicat Rəhimova verilməsi və s. bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, işdə olan digər sübutlardan, eləcə də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-6/2-4934/23 nömrəli məktubu ilə İdarədə istintaq olunan cinayət işi üzrə İddiaçı, X2, X1 və X3 yazılı izahatlarından da, X5 məhz iddiaçının ixtiyarlı şəxsi olması müəyyən olunmur. Əksinə, izahatlara əsasən iddiaçı tərəfindən mübahisəli nəqliyyat vasitəsinin satılması üçün “Turbo.az” saytında elan yerləşdirildikdən sonra X11 əlaqə saxlamış, avtomobili almaq istədiyini bildirmiş, cavabdeh tərəfi qohumu kimi qələmə vermiş, avtomobilə baxış keçirilmiş, rəsmiləşdirmənin cavabdehin adına olacağını demiş, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanandan sonra isə iddiaçıya cavabdeh tərəfindən hər hansı pul vəsaiti verilməmiş, cavabdeh pulun X6 verdiyini göstərmişdir. Cavabdeh və onun atası X7 isə izahatlarında - X8 iddiaçının qohumu kimi tanıdıqlarını, bu səbəbdən də iddiaçının göstərişinə əsasən pulu həmin şəxsə verdiklərini göstərmişlər. Lakin, yuxarıda da qeyd edildiyi kimi, cavabdeh tərəf qeyd edələn xüsusatları təsdiq edən hər hansı sübutu (xüsusilə, pulun X6 verilməli olması ilə bağlı iddiaçının göstərişini) məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin qeyd edilməlidir ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması (alqı-satqı zamanı birlikdə olmaları), həmin vaxtı pulun cavabdehdə olması durumunda, pulun nəyə görə bilavasitə iddiaçıya deyil, kənar şəxsə verilməsi sadə məntiqə sığmamaqla, əsaslandırılmamışdır. Eyni zamanda, tərəflərin əvvəllər bir-birini tanıması, aralarında etibarlı münasibətlərin olması halı da müəyyən olunmur (tərəflər bu halı mübahisələndirmirlər). Cavabdeh tərəfin sübut kimi birinci instansiya məhkəməsinə təqdim etdiyi şahid X4 ifadəsindən də X5 məhz iddiaçının ixtiyarlı şəxsi olması, müvafiq pul vəsaitinin ona ödənilməli olması və s. bu kimi xüsusatlar birmənalı müəyyən olunmur. Şahid nəqliyyat vasitəsinin ilkin yoxlanılmasından sonrakı mərhələlərdən (eləcə də, alqı-satqı mərhələsindən) məlumatının olmamasını, bundan məhz cavabdehin ona bildirməsindən məlumatlı olmasını qeyd etmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi həmin şahidin ifadəsinə tənqidi yanaşaraq göstərmişdir ki, şahid X10 avtosalonda Cavabdeh atası Şirinov Ramizin 200 dollar behi maşını satan şəxsə verdiyini gördüyünü və həmin vaxt orada olduğunu bildirsə də, ilk hazırlıq iclaslarında cavabdehin özünün təqdim etdiyi CD diskdə əks olunmuş video görüntü ilə və iddiaçının izahatları ilə həmin hal təkzib olunur. Belə ki, vediogörüntüdən görünür ki, salonda Cavabdeh, Şirinov Ramiz və Rəhimov Nicat olmuş, beh isə Nicata verilmişdir. Həmçinin şahid beh verilən şəxsin maşını satan şəxs olduğunu bildirsə də, məhkəmə iclasında iddaçını və ya onun nümayəndəsi olan oğlunu tanımamışdır. Göründüyü kimi şahid ifadəsi ziddiyyətli olduğundan məhkəmə onu mötəbər sübut kimi qəbul edə bilməz. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işin məhkəmə araşdırılması zamanı məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili ziddiyyətli ifadələr verərək, gah pulun iddiaçıya verildiyini, gah da Nicata verildiyini, Nicatın isə Xanlara verdiyini iddia etmişdir. Həmçinin qeyd edilməlidir ki, hazırki işin halları, cinayət işi üzrə alınmış izahatlarla təsdiq olunmuş və öhdəliyin icra edildiyi bildirilən Nicat ilə Cavabdeh tanışlıq əlaqələri, bir-birlərini daha əvvəldən tanımaları, cavabdehin maşın satışı ilə məşğul olması (bu səbəbdən maşının satılması ilə bağlı qaydaları daha yaxşı bilməli olması) kimi hallar diqqətçəkən məqamlardır. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. Yazılı əqdin bağlanmasında ən başlıca şərtlərdən biri tərəflərin onu imzalaması, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı isə müqavilənin (əqdin) həmçinin, notariat qaydasında təsdiqlənməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki qanunvericilikdə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqısı müqaviləsidir. MM-in 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-nin 598.1 və 598.2-ci maddələrinə uyğun olaraq, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. MM-nin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Nəzərə alınmalıdır ki, MM-nin 433.1-ci maddəsinə görə, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. MM-nin 433.2 və 433.3-cü maddələrinə əsasən isə əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Göründüyü kimi, öhdəlik və ondan doğan tələblər üzrə öhdəliyin icrası əsasən kreditora icra olunmalıdır. Lakin, bu hal məcburi xarakter daşımır. Borcu öhdəliyinin icrasını həmin icranı qəbul etməyə səlahiyyəti çatan ixtiyarlı şəxs qarşısında da icra edə bilər. Həmin səlahiyyət isə qanunla (etibarnamə, vəkalət və sair qanuni təmsilçilik əsasında) və ya məhkəmə qərarı əsasında olmalıdır. Həmçinin, qeyd onun normanın tələblərindən aydın olur ki, öhdəlik ixtiyarı çatan şəxsə icra edilməlidir və icranı qəbul edən şəxsin ixtiyarlı şəxs olub-olmasını araşdırmaq vəzifəsi borclunun üzərinə düşür. Belə ki, borclu öhdəliyi başqa şəxsə icra edərkən onun ixtiyarlı olub-olmamasını təsdiq edən sübutları (məsələn, şəxsin icranı qəbul etməyə ixtiyarlı olması haqqında sənəd, yəni etibarnamə, vəkalət və s.) tələb etməlidir. Borclu öhdəliyi ixtiyarlı şəxsə icra etmədiyi halda bunun riskini də məhz özü daşıyır. Belə ki, borclu öhdəliyi onu qəbul etməyə ixtiyarı olmayan şəxsə icra edərsə, öhdəlik icra edilməmiş sayılır və kreditorun onun icrasını tələb etmək hüququ qüvvədə qalır. İşin hallarından göründüyü kimi, cavabdeh öhdəliyi Nicat Rəhimova icra etməsinə baxmayaraq, sonuncunun icranı qəbul etməsinə ixtiyarlı olması istiqamətində də iddiaçıdan müvafiq sübutları tələb etməmişdir. Eyni zamanda, iddiaçının öhdəliyin icrasının məhz Nicat Rəhimovun (ixtiyarsız şəxsin) qəbul etməsinə razılıq verməsi və ya iddiaçının bu icradan fayda götürməsi halı da mötəbər sübutlarla müəyyən olunmur. Cavabdeh tərəfin izahatı isə özü-özlüyündə etirazın əsaslı olması (yəni, öhdəliyin icrasının məhz Nicat Rəhimovun qəbul etməsinə iddiaçının razılıq verməsi və s.) üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Cavabdeh tərəfin digər etirazına əsasən - iddiaçı xx.xx.2022-ci il tarixdə “102” xidmətinə zəng edərək, məhz Nicat Rəhimov tərəfindən aldadılmasını özünə məxsus “Mercedes” markalı Az **-CY-*** dövlət qeydiyyat nömrəli avtomobilinin Cavabdeh satılması və pulunun ələ keçirilməsi barədə məlumat vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hal özü-özlüyündə yuxarıda göstərilənləri təkzib etmir. Bununla yanaşı, iddiaçının dərhal, yəni alqı-satqı günü satdığı əşyanın dəyərinin ona ödənilmədiyini anladığı andan polisə müraciət etməsi, ilk gündən məhz Nicat Rəhimovun avtomobilin alınması üçün müraciət etməsi, özünü cavabdeh tərəfin qohumu kimi tanıtdırması və s. bu kimi hallar nəzərə alınmaqla, şikayətdə onun da adının göstərilməsi anlaşılandır. Cavabdehin apellyasiya şikayətinin digər dəlilinə görə - iddiaçı alqı-satqı müqaviləsini imzalamışdır və bu hal özü-özlüyündə müqavilədə nəzərdə tutulmuş pulun iddiaçı tərəfindən alınmasını sübut edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmır. Çünki, əqdin bağlanması özü-özlüyündə müvafiq pul vəsaitinin ödənilməsi anlamına gələ bilməz. Mübahisə halında alıcı aldığı əşyanın dəyərini satıcıya ödəmək halını sübut etməlidir. Eyni zamanda, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normaları alqı-satqı müqaviləsi bağlandıqdan sonra, əşyanın dəyənin hansı qaydada ödənilməli olmasını tənzimləmişdir. Xüsusilə qeyd olunmalıdır ki, apellyasiya şikayətinin qeyd edilən dəlili cavabdeh tərəfin mövqeyinin ziddiyyətli olması ilə nəticələnir. Çünki, cavabdeh tərəf bir tərəfdən müvafiq pul vəsaitinin bilavasitə iddiaçıya təqdim olunmadığını bildirir, digər tərəfdən isə iddiaçının müqaviləni imzalamaqla pul vəsaitini aldığını bildirir. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən öhdəliyin iddiaçının bilavasitə özünə və ya ixtiyarlı şəxsə icra edildiyi müəyyən olunmamışdır. Belə olan halda isə iddiaçı alqı-satqı müqaviləsindən imtina edərək, avtomobilini geri tələb etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəmə təqdim edə bilməmiş, etirazı formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi, tərəf yalnız qanunla nəzərdə tutulmuş qaydada sübutlar təqdim etməklə, tələbini və etirazlarını əsaslandırmalıdır. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında müqaviləyə xitam, ləğvetmə və müqavilədən imtina anlayışlarına aydınlıq gətirərək vurğulamışdır ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında həmçinin qeyd etmişdir ki, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Aşağıdakı hallarda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: - bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; - öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; - xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (Mülki Məcəllənin 447.2-ci maddəsi). Həmçinin, birinci instansiya məhkəməsi müqavilənin ləğvi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda şərh edilən Qərarında gəldiyi nəticəyə görə, Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq müqavilədən imtina birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Belə ki, iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İddiaçı nəqliyyat vasitəsinin pulu ona çatmadığından alğısatqı müqaviləsi bağlandıqdan sonra həmin gün maşının qaytarılmasını, alğı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etməklə birtərəfli iradə ifadəsini bildirmiş hesab edilir. Bu isə, müqavilənin həmin andan ləğv edilmiş olduğu mənasına gəlir. Qeyd olunan qanunvericilik normalarından çıxış edərək məhkəmə hesab edir ki, iddiaçı iddiasında müqavilənin ləğv edilməsini xahiş etsə də, qarşı tərəfə iradə ifadəsi bildirildiyi andan müqavilə ləğv edilmiş hesab olunduğundan, göstərilən hallar müqavilənin ləğv edilmiş hesab edilməsi, yəni müqavilədən imtina edilməklə xitam verilməsi barədə qətnamənin çıxarılmasına əsas verir və bu xüsusat iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, iddiaçının iddia tələbi, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbinin digər hissəsi,nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətinə qaytarılması tələbi üzrə geniş əsaslandırma aparılmasına zərurət yoxdur. Belə ki, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin ləğv edilmiş hesab edilməsi həmin tələbdən törəmə digər tələblərin də, yəni iddianın nəqliyyat vasitəsinin Cavabdeh alınaraq iddiaçının mülkiyyətinə və faktiki sahibliyinə verilməsi hissəsində də əsaslı olduğunu göstərir. Məhkəmə “iddia tələbinə bağlılıq” prinsipini qəbul etsə də, hüququ pozulmuş şəxsin hüquqlarının bərpasının zəruriliyi, qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının mümkünlüyü, prosessual qənaət prinsiplərini nəzərə alaraq hesab edir ki, xitam verilmiş müqavilənin hüquqi nəticələri aradan qaldırılmalı, yəni cavabdehin adına verilmiş şəhadətnamə ləğv edilməli və nəqliyyat vasitəsi iddiaçının mülkiyyətinə qaytarılmalıdır. Beləliklə, işin faktiki halları, qanunvericiliyin qeyd edilən normaları və Konstitusiya Məhkəməsinin qərarlarındakı hüquqi mövqeyi nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Həmçinin qeyd edilməldiir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı). MM-nin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-nin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. MM-nin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə)“müqavilənin ləğv edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-457/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-457/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar