Məhkəmə qərarları › İş №2(103)-4842/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4842/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4842/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş Maraqlı şəxs1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın yenidən qiymətləndirilməsi və hərracdan satılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 10.05.2018-ci il tarixli qətnaməsinə əsasən 47 303,54 manatın “xxxx” MMC-dən tutulmasının, tutmanın ünvan 1 ünvanda yerləşən əmlaka yönəldilməsinin, mənzilin açıq hərracda satılmasının və satışdan əldə edilmiş vəsaitin Maraqlı şəxs1 ASC-nə (bank) ödənilməsinin qət ediliyini, icra məmuru tərəfindən icraata başlanılsa da göstərilən tələbin könüllü icrası haqqında ona bildirş təqdim olunmadığını və nəticə etibarilə “İcra Haqqında” Qanunun 8.2-ci və 44.1.3-cü maddələrinin tələblərinin kobud şəkildə pozulduğunu, qanun pozuntularının davamı olaraq icra məmuru tərəfindən mənzilin qiymtələndirlməsi üçün mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul edildiyini və həmin qərarın icra olunması üçün “xxxx” MMC-nə göndərildiyini, ona bu barədə də məlumat verilmədiyini, mənzilin onun iştirakı olmadan və fikri öyrənilmədən 31237,50 manat məbləğində qiymətləndirildiyini, real bazar qiyməti 70000-100000 manat olan mənzilin 31 237,50 manata tələbkar banka satıldığını, hərracın keçirldiyi vaxt və yer barədə məlumatlandırılmadığını bildirmiş, buna görə də MMC-nin “Hərracın yekunları barədə” 16 iyul 2019-cu il tarixli 33/03 saylı protokolunun etibarsız hesab olunaraq ləğv edilməsi, bankla bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilərək fərdi yaşayış evinin mülkiyyətinə qaytarılması, banka verilmiş 21.08.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi, əmlakın yenidən qiymətləndirilməsi, hərrac yolu ilə satışının təşkil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğvini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edən iddiaçı, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununda qeyd edilən halları vurğulamaqla belə əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması, işin faktiki hallarının araşdırılmaması ilə qəbul edilmiş, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan normanı tətbiq etməmişdir. İşə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəməyə gəlməmiş, “xxxx” MMC nümayəndəsini göndərməmiş, məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 ASC-nin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. İşin halları və şikayətə toplanmış materiallar əsasında baxılmasının mümkünlüyü də nəzərə alınmaqla işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı, əmlakının real qiymətindən daha aşağı qiymətlə hərraca çıxarıldığını və hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi həm də, hərracın ona məlumat verilmədən keçirildiyinə istinad etmişdir. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qətnaməsi ilə 27.02.2014-cü il tarixli K/X-03 saylı kredit müqaviləsi üzrə 39 978,01 manat əsas, 8 852,52 manat faiz, 30 manat cərimə olmaqla cəmi 48 860,53 manatın “xxxx” MMC-dən tutulub Maraqlı şəxs1 ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 164 saylı evin 56 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 49 000 manat müəyyən edilməsi qət olunmuş, “xxxx” MMC-nin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 10 may 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək qətnamə borcun məbləği ilə bağlı hissədə dəyişdirilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icraya yönəldilmiş, “xxxx” MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 164 saylı evin 56 nömrəli mənzili 49 000 manat ilkin satış qiyməti ilə 10.06.2019-cu il tarixində hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, “İpoteka haqqında” Qanunun 43.5-cü maddəsinə əsasən ilkin satış qiyməti 15% endirilərək 41 650 manat olmaqla 01.07.2019-cu il tarixində təkrar hərrac keçirilmiş, təkrar hərrac da baş tutmadığından, həmin mənzil Maraqlı şəxs1 ASC-nə təklif olunmuş, 16.07.2019-cu il tarixində Maraqlı şəxs1 ASC tərəfindən “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı qiyməti 25% endirilməklə 31 237,50 manata alınmış və bu barədə 16.07.2019-cu il tarixdə 33/03 №-li “Hərracın yekunları barədə protokol” tərtib olunaraq elə həmin tarixdə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İşin müəyyən edilən halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 164 saylı evin 56 nömrəli mənzili 21.08.2019-cu il tarixdə Maraqlı şəxs1 ASC-nin adına qeydiyyatdan keçmiş və hal-hazırda onun mülkiyyətindədir. Göründüyü kimi, iddiaçıya məxsus olmuş əmlak bilavasitə məhkəmə qətnaməsi əsasında müəyyənləşdirilmiş ilkin satış qiyməti ilə açıq hərraca çıxarılmışdır və bu səbəblə də kollegiya, onun əmlakın düzgün qiymətləndirilmədiyi barədə irəli sürdüyü arqumentlərə qiymət verməyi zəruri hesab etmir. Keçirilmiş hərracın və bunun nəticəsində mənzilinin banka satılmasının qanunsuzluğu ilə əlaqədar iddiaçının irəli sürdüyü arqumentlərlə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, “xxxx” MMC tərəfindən əmlakın satış qiyməti və hərracların keçirilmə vaxtı və yeri göstərilməklə İddiaçı məlum olan ünvanına, həmçinin “xxxx” MMC-nə bildirişlər göndərilmiş, İddiaçı göndərilən bildirişlər “ünvan sökülüb” qeydi yazılmaqla geri qaytarılsa da, bildirişlər “xxxx” MMC-nə çatdırılmış, “Birja yenilikləri” qəzetinin müvafiq buraxılışlarında ilkin və təkrar hərraclar barədə elanlar dərc edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, mənzilinin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-577/2020 saylı iş üzrə 14 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar