Məhkəmə qərarları › İş №2(103)-4845/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4845/2022

09.09.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4845/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqının, əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödəncin, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin və ezamiyyə xərcinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı 2 əmək münasibətində olub. 1-ci, iddiaçı xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək cavabdeh təşkilatda Nəqliyyat məsələləri üzrə müşavir vəzifəsində işləyib. Onunla olan əmək müqaviləsinə işəgötürənin xx.xx.2019-cu il tarixli, 84 №-li əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilib. 2-ci, iddiaçı xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək cavabdeh təşkilatın Gürcüstan nümayəndəliyində “Akkord Georgiya” Layihəsinin “Kutaisi bypasş yolunun modernləşdirilməsi” layihəsində nəqliyyat şöbəsində nəqliyyat müdiri vəzifəsində işləyib. Onunla olan əmək müqaviləsinə işəgötürənin xx.xx.2021-ci il tarixli, 080121-1 №-li əmrinə əsasən Gürcüstan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsinə görə) xitam verilib. 2-ci əmək münasibəti 1-ci əmək münasibətinə xitam verildikdən sonra yaranıb. Tələb və onun həlli: İddia ərizəsində irəli sürülən tələblər 2-ci əmək münasibətinə aiddir. Belə ki, iddia ərizəsində tələb olunub: 1) 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün 14.000 manat əmək haqqı; 2) əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hər gecikdirilən gün üçün 1 faizlə hesablanmaqla 2020-ci ilin sentyabr ayı üçün 8.015 manat, oktyabr ayı üçün 6.930 manat, noyabr ayı üçün 5.880 manat, dekabr ayı üçün 4.795 manat, cəmi 25.620 manat gecikmə faizi; 3) 2021-ci ilin yanvar ayı üçün iş günlərinə görə əmək haqqı və həmin ay üçün əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hər gecikdirilən gün üçün 1 faizlə hesablanmaqla 206,11 manat gecikmə faizi; 4) 2020-2021-ci illərdə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi; 5) xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək iddiaçının cavabdeh təşkilatda Nəqliyyat məsələləri üzrə müşavir vəzifəsində işlədiyi müddət ərzində 4 ay ezamiyyə xərci. Qətnamə ilə iddia qismən təmin olunub, cavabdeh tərəfindən iddiaçının xeyrinə ödənilməsi qət olunub: 1) 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün əmək haqqı; 2) 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekbar ayları üçün iddianın verildiyi günədək 1 faizlə hesablamış gecikmə faizi; 3) 2021-ci ilin yanvar ayı üçün iş günlərinə görə əmək haqqı və iddianın verildiyi günədək gecikmə faizi; 4) 2020-2021-ci illər üçün istifadə edilməmiş məzuniyyət pulu; 5) xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək iddiaçının cavabdeh təşkilatda müşavir vəzifəsində işlədiyi müddət ərzində 4 ay ezamiyyə xərci. İddianın qalan hissəsi rədd olunub. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş, cavabdehin nümayəndəsi Zeynəb İsayeva apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. O, sonuncu məhkəmə iclasına gəlməmişdir. Qətnamənin yoxlanılması: Yuxarıda qeyd olunduğu kimi 2-ci əmək müqaviləsi Gürcüstan ərazisində bağlanıb, iddiaçı əmək vəzifələrini həmin dövlətin ərazisində icra edib, əmək müqaviləsinə həmin dövlətin Əmək Məcəlləsinin 47-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsinə görə) xitam verilib. Lakin bu hal hazırkı mübahisənin Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll edilməsinə mane olmur. Belə ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh isə xarici hüquqi şəxs deyil. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 2.0.2-ci maddəsinə görə, xarici hüquqi şəxs - Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsdir. Cavabdeh Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmayıb. Cavabdeh təşkilatın Gürcüstan nümayəndəliyi Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılsa da, nümayəndəlik hüquqi şəxs sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.3-cü maddəsinə görə, nümayəndəlik hüquqi şəxs deyil. Gürcüstan nümayəndəliyinin rəhbəri işəgötürən kimi iddiaçı (işçi) ilə əmək müqaviləsini bağlasa da, hazırkı işdə irəli sürülən iddia mahiyyətcə pul tələbidir, pul isə hüquqi şəxs tərəfindən ödənilməlidir. Əgər iddia işə bərpa barədə olsayıdı, belə halda tələbin xüsusiyyətinə görə ona Azərbaycan Respublikasının məhkəmələri baxa bilməzdi. Ona görə də Azərbaycan Respublikası məhkəmələrinin hazırkı iddiaya baxmaqdan imtina etməsi və iddiaçının Gürcüstan məhkəmələrinə müraciət etməyə məcbur edilməsi məqsədəmüvafiq deyil. Digər tərəfdən, əgər Gürcüstan məhkəmələri həmin pulun tutulması barədə qətnamə qəbul etsə, qətnamə Azərbaycan Respublikasında icra olunmalıdır, çünki hüquqi şəxs Azərbaycan Respublikasında yerləşir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsindən görünür ki, əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab, yəni istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr sonuncu iş günü işçiyə verilməlidir. Son haqq-hesaba iddiaçı göstərilənləri aid edib: 1) əmək haqqı; 2) əmək haqqının gecikdirilməsinə görə ödənc; 3) istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi; 4) ezamiyyə xərci. Məhkəmə həmin tələblər barədə ardıcıllıqla aşağıdakıları qeyd edir: Əmək haqqı barədə: İddiaçı 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr aylarına görə, habelə 2021-ci ilin yanvar ayı üçün iş günlərinə görə əmək haqqının ödənilməsini tələb edir. Həmin aylar üçün əmək haqqının verildiyini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür, lakin cavabdeh məhkəməyə bu barədə heç bir sübut təqdim etməyib. Ona görə məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12 və 154-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq göstərilən aylar üçün əmək haqqının verilməsini qət edib. Əmək haqqının gecikdirilməsinə görə ödənc barədə: İddiaçı yuxarıda göstərilən aylar üçün əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödənc tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172ci maddəsinin 5-ci hissəsinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməlidir. Əmək haqqının verilməsinin gecikdirilməsində təsqiri olmadığını cavabdeh sübut etməlidir, lakin cavabdeh məhkəməyə bu barədə heç bir sübut təqdim etməyib. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödəncin verilməsini qət edib. İstifadə edilməmiş məzuniyyətə görə pul əvəzi barədə: İddiaçı 2020-2021-ci illərdə məzuniyyətdən istifadə etmədiyini bildirir və buna görə pul əvəzi tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Cavabdeh iddiaçının həmin illərdə məzuniyyətdən istifadə etdiyini təsdiq edən sübut təqdim etməyib, bu isə onu təsdiq edir ki, iddiaçı həmin illərdə məzuniyyətdən istifadə etməyib. Həmin illər üçün istifadə edilməmiş məsuniyyətə görə iddiaçıya pul əvəzinin verildiyini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür, lakin cavabdeh məhkəməyə bu barədə heç bir sübut təqdim etməyib. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin verilməsini qət edib. Ezamiyyə xərci barədə: İddiaçı ezamiyyətə göndərilməsi barədə heç bir sübut təqdim etməyib. Ona görə də məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 181-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, qətnamə həmin tələbə aid hissədə ləğv edilməli və tələb rədd olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ödəniləcək əmək haqqının, əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödəncin və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin miqdarı qətnamədə qeyd olunmayıb. Bu hal qətnamənin ləğvinə əsas ola bilməz. Çünki mübahisə həmin ödənişlərin miqdarı barədə deyil, ödənişlərin verilib-verilməməsi barədədir. Cavabdeh ödənişləri vermək vəzifəsinin olmadığını, iddiaçı isə belə vəzifənin olduğunu və icra edilmədiyini bildirir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ezamiyyə xərcinin tutulmasına aid olan hissədə ləğv edilsin və həmin tələb rədd olunsun. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar