Məhkəmə qərarları › İş №2(103)-4850/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4850/2022

02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4850/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “zəmanət öhdəliyinin icra edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(004)-2724/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “zəmanət öhdəliyinin icra edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh MMC tərəfindən iddiaçıya “Kuppersberg” NRB17761/T939B07Bronz markalı yeni mikrodalğalı soba verilməsi və mənəvi zərərə görə 200 manat pulun, həmçinin hüquqi yardıma görə vəkilə ödənilmiş 111 manat xidmət haqqının Cavabdeh MMC-dən tutlaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Heydər Əliyev prospekti 78 ünvandakı mağazadan “Kuppersberg” NRB17761/T939B07Bronz markalı mikrodalğalı soba sifariş edərək sobanın dəyərini təşkil edən 2489 manatı cavabdehə ödəmiş, cihaz xx.xx.2019-cu il tarixdə onun ünvanında quraşdırılmış və cavabdeh tərəfindən həmin cihaza dair 2 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək zəmanət verilmişdir. 2021-ci ilin avqust ayında cihaz işləmədiyindən, iddiaçı, zəmanət talonunda qeyd olunmuş “***-***-**-**” mobil nömrəsi vasitəsilə əlaqə saxlayaraq, zəmanətin icra olunmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə cavabdehin göndərdiyi əməkdaş cihazı götürmüş, xx.xx.2021-ci il tarixdə yenidən iddiaçının ünvanına quraşdırarkən yerində yoxlamış və cihazın işlək vəziyyətdə olmadığı təkrar məlum olmuşdur. Bundan sonra cihaz cavabdehin əməkdaşı tərəfindən təkrar götürülmüş, xx.xx.2021-ci ildə iddiaçı ilə əlaqə saxlanılaraq, zəmanət müddəti bitdiyi üçün cihazı təmir etmək öhdəliyinin olmadığı bildirilmişdir. İddiaçı, zəmanət talonunu “WhatsApp” mobil tətbiqi vasitəsilə həmin nömrəyə göndərmiş və zəmanətin hələ xx.xx.2021-ci il tarixdə bitəcəyini, cihazın işlək vəziyyətdə olmadığı barədə məlumatın isə avqust ayında verildiyini bildirmişdir. “WhatsApp” tətbiqi üzərindən talonun xx.xx.2021-ci il tarixdə göndərildiyi, ərizəyə əlavə edilmiş fotoşəkildən görünür. Mikrodalğalı sobanın cavabdeh tərəfindən qarantiya müddəti daxilində götürülmüş olması, iddiaçının cavabdehin nümayəndəsinə “WhatsApp” mobil tətbiqi üzərindən qarantiya talonunun şəklinin göndərilməsi ilə təsdiq olunur. Həmin cihaz hal-hazırda da cavabdehdədir. Cavabdeh, iddiaçının ərizəsi əsasında aparılmış araşdırma ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı məktubunda, həmin cihazın təmir edilməsi, yəni cihazın platasının dəyişdirilməsi üçün 490 manat vəsait tələb olunduğunu və həmin vəsaitin iddiaçı tərəfindən ödənilməli olduğunu bildirmişdir. İşin hallarına və Mülki Məcəllənin qeyd olunan normalarına görə, cavabdeh iddiaçıya eyni marka və modeldən yeni əşya verməlidir. Cavabdeh, öhdəliyinin icrasından boyun qaçırıldığı və bir neçə ay müddətində iddiaçını zəruri məişət cihazından məhrum etdiyi, bununla da iddiaçının gərginlik və iztirab keçirməsinə səbəbkar olduğu üçün, ona mənəvi zərərlə bağlı kompensasiya ödəməlidir. İddia ərizəsinə əlavə edilmiş qaimənin 2-ci sətirindən görünür ki, mübahisə predmetini təşkil edən əmlakın bazar qiyməti 2489 manat manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(004)- 2724/2022 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, iddianın təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı əşyanı zəmanət müddətində cavabdehə təhvil verən zamanı bu barədə hər hansı rəsmiləşdirmə aparılmamışdır. Lakin, iddiaçı zəmanət talonunu “WhatsApp” mobil tətbiqi vasitəsilə cavabdehin əməkdaşına göndərmişdir. Hesab edir ki, iddia əsaslıdır. Lakin birinci instansiya məhkəməsi tam və ətraflı araşdırma aparmamış, əsassız olaraq iddianı rədd etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan satış qaiməsindən görünür ki, İddiaçı Cavabdeh MMC-dən qiyməti 2489 manat olan “Kuppersberg” NRB17761/T939B07 Bronz markalı mikrodalğalı sobanı almışdır. İşdə olan 26 sentyabr 2019-cu il tarixli zəmanət talonunun surətindən görünür ki, əşya istehlakçıya ötürüldüyü gündən 2 illik zəmanət müddəti müəyən edilmişdir. Zəmanət talonun məzmunundan görünür ki, elektrik, qaz və ya su təchizatı parametrlərinin nominal dəyərlərindən normativdən artıq kənara çıxmaları səbəbindən texnikanın zədələnməsi və ya onun normal işinin pozulması halına zəmanət şamil edilmir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 27 yanvar 2022-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı mikrodalğalı sobanın qüsurlu olması haqqında müraciətinə əsasən aparılmış araşdırma zamanı "xxxx" MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış 20 yanvar 2022-ci il tarixli məktubda məhsulun daha öncə təmirdə olmadığı və 27 oktyabr 2021-ci il tarixdə zəmanət müddəti bitdikdən sonra servisə müraciət edildiyi qeyd olunmuşdur. Sobada aşkar edilmiş qüsurun istehsal xarakterli deyil, enerjinin sabit olmamasından qaynaqlandığı, bu səbəbdən 490 manat ödəniş müqabilində İddiaçı yeni plata təklif olunsa da, bununla razılaşmadığı bildirilmişdir. Daha sonra isə İddiaçı 150 manat ödəniş müqabilində platanın təmirinə razılıq verdiyi və platanın hazırda təmirdə olduğu, 14 gün müddətində isə təmirin yekunlaşacağı barədə məlumat verilmiş, həmçinin müayinə sənədinin surəti Dövlət Xidmətinə təqdim edilmişdir. Həmin məktubla mübahisə ilə bağlı iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında qiyməti 2489 manat olan “Kuppersberg” NRB17761/T939B07 Bronz markalı mikrodalğalı sobanın alqı-satqısı və həmin əşyaya 2 illik zəmanət (əşya istehlakçıya ötürüldüyü gündən) verilməsi mübahisələndirlmir. İddiaçı hazırki iddiasında cavabdehdən aldığı həmin əşyanın 26 sentyabr 2019-cu il tarixdə ona çatdırılmasını, həmin tarixdən etibarən 2 illik zəmanət müddətinin başlanmasını, lakin zamanət müddəti bitməmiş, yəni 2021-ci ilin avqust ayında əşyada qüsur yaranmasını, bu barədə cavabdehə məlumat verməsini, lakin qüsurun aradan qaldırıldmaması iddia edərək, hazırki tələbini irəli sürmüşdür. Cavabdeh isə iddia etiraz edərək, iddiaçının zəmanət müddəti ərzində müraciət etməməsini, eyni zamanda satılmış məhsulun yanmasının səbəbinin elektrikin sabit olmaması, zəmanətin isə məhsulun istehsal xarakterli qüsurları üçün verilməsini, enerjinin sabit olmaması səbəbindən əşyanın platasının yanmasını və s. göstərmişdir. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən göstərmişdir ki, əvvəla iddiaçı cihazda qüsurunun qarantiya müddətində aşkar edildiyini və bu müddətdə cavabdehə müraciət edildiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Zəmanət talonun isə “WhatsApp” vasitəsilə xx.xx.2021ci il tarixdə satıcıya göndərilməsi cihazda qüsurun qarantiya müddətində aşkar edilməsini və bununla bağlı istehsalçıya müraciət edildiyini təsdiq etmir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkildən zəmanət talonunun cavabdehin nümayəndəsinə nə məqsədlə göndərildiyi müəyyən edilmir. Bundan başqa, iddiaçı sobanın işləməməsi səbəbindən Cavabdeh MMC-yə müraciət etmiş, servis tərəfindən cihaza baxış keçirilmiş, cihazda aşkar edilmiş problemin istehsal xarakterli deyil, enerjinin sabit olmamasından qaynaqlandığı müəyyən edilmişdir. Müayinə sənədinin surəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilmişdir. İddiaçı 150 manat ödəniş müqabilində platanın təmirinə razılıq vermiş və plata hazırda təmirdədir. Zəmanət talonunda isə elektrik, qaz və ya su təchizatı parametrlərinin nominal dəyərlərindən normativdən artıq kənara çıxmaları səbəbindən texnikanın zədələnməsi və ya onun normal işinin pozulması halına zəmanət şamil edilmədiyi göstərilmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, tələbin əsas hissəsi təmin əsassız olduğundan ondan doğan törəmə tələb də təmin edilə bilməz. Çünki, maddi və mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkətlər və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin bu hallar hansısa mötəbər sübutlarla təsdiq edilmir. Buna görə də iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi də inandırıcı deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi “zəmanət öhdəliyinin icra edilməsi və mənəvi zərərin ödənilməsi” hissəsində təmin təmin edilmədiyindən hüquqi yardım üçün vəkilə ödənilmiş xərcin tutulması hissəsində də təmin edilə bilməz. Məhkəmə kollegiyası iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Mülki Məcəllənin 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Mülki Məcəllənin 583.1-ci maddəsinə əsasən qarantiya müddətinin axımı, əgər alğısatqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. Mülki Məcəllənin 589.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Mülki Məcəllənin 589.3-ci maddəsinə əsasən, əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: - lazımi keyfiyyətli mala dəyişdirməyi, - satış qiymətini uyğun məbləğdə azaltmağı, - malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, - malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, - müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin maddənin 2-ci bəndinə əsasən isə, satıcı (icraçı) istehlakçıdan lazımı keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İşin hallarından və qanunvericiliyin qeyd edilən normalarının müqayisəli təhlilindən göründüyü kimi, alıcı əşyanın qüsurları ilə bağlı tələblərini həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. iddiaçı isə bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının özünün bildirməsinə əsasən qüsurlar əşyanın ona təqdim olunduğu gündən təqribən 23 ay sonra, qarantiya müddətinin bitməsinə 1 ay qalmış aşkara çıxmış, həmin vaxtı cavabdehə müraciət etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı cihazda qüsurunun qarantiya müddətində aşkar edildiyini və bu müddətdə cavabdehə müraciət edildiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Zəmanət talonun isə “WhatsApp” vasitəsilə xx.xx.2021-ci il tarixdə satıcıya göndərilməsi cihazda qüsurun qarantiya müddətində aşkar edilməsini və bununla bağlı istehsalçıya müraciət edildiyini təsdiq etmir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkildən zəmanət talonunun cavabdehin nümayəndəsinə nə məqsədlə göndərildiyi müəyyən edilmir. Göründüyü kimi, iddiaçı əşyanın qüsurlarını qarantiya müddəti ərzində aşkara çıxardığını və həmin müddət çərçivəsində cavabdehə müraciət etməsinə dair mötəbər sübutları təqdim edə bilmədiyindən iddia özü-özlüyündə əsassızdır. Bununla yanaşı, əşyada aşkar olunmuş qüsurlar məhz zəmanət verilmiş hallarla bağlı olmalıdır. İddiaçının özünün bildirməsinə görə əşya ona təqdim olunduqdan sonra 23 ay müddət ərzində istifadə olunmuş və bu müddətdə hər hansı qüsur aşkar olunmamışdır. İddiaçının sonradan müraciətinə əsasən servis tərəfindən cihaza baxış keçirildikdə isə, cihazda aşkar edilmiş problemin istehsal xarakterli deyil, enerjinin sabit olmamasından qaynaqlandığı müəyyən edilmişdir. Müayinə sənədinin surəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilmişdir. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddia əsas tələblə bağlı hissədə əsassız olduğundan mənəvi zərərin ödənilməsi və s. hissələrdə də təmin oluna bilməz. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İddiaçı tərəfin izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İddia ərizəsindən göründüyü kimi, iddianın qiyməti beş min manatdan azdır (belə ki, mübahisə ümumi dəyəri 2489 manat manat təşkil əşya ilə bağlıdır). Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “zəmanət öhdəliyinin icra edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e-2(004)-2724/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, e- 2(004)-2724/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar