Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4858/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı kredit müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı kredit müqavilələrinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia əricəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 16 avqust 2019-cu il tarixli və 01 oktyabr 2019-cu il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı arasında Bakı şəhəri 5 saylı Notariat Kontorunda bağlanmış 16.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdeh ona 60.000 manat borc vermiş, iddiaçı isə borcu 01.10.2019-cu il tarixdən başlayaraq hər ayın 1-15 tarixlərində 1250 manat olmaqla 16.08.2023-cü il tarixədək qaytarmağı, həmin məbləği 4 aydan artıq gecikdirməməyi öhdəsinə götürmüşdür. Bundan başqa, Cavabdeh ilə aralarında Bakı şəhəri 5 saylı Notariat Kontorunda bağlanmış 17.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdeh ona 53750 manat borc vermiş, iddiaçı isə borcu 01.11.2019-cu il tarixdən başlayaraq hər ayın 1-5 tarixlərində 1250 manat olmaqla, 17.05.2023-cü il tarixədək qaytarmağı, həmin məbləği 2 aydan artıq gecikdirməməsi öhdəsinə götürmüşdür. Hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun bağlanmamış və müqavilə şərtlərinə cavab vermir. Hazırki iddia ilə mübahisələndirəcəyi kredit müqavilələri ilə tanış olduqda müqavilənin qanunun müvafiq normalarının tələblərinin pozulması ilə bağlandığı müəyyən edilmişdir. Bu hallar da əqdin məhkəmə qaydasında etibarsız hesab edilməsi üçün əsasdır. Belə ki, sözügedən müqavilələr Cavabdeh şikayəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmasından, orada saxlanılmasından sonra bağlanması, onun təzyiq və işgəncələr altında bağlandığı üçün əsas olmuşdur. Buna görə də hesab edir ki, müqavilə etibarsız olmalıdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulmasını və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətlə razılaşmayaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edən cavabdehi və nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Borc verən” qismində Cavabdeh ilə “Borc alan” qismində İddiaçı arasında bağlanılmış 16 avqust 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Fərəcov X2 İmran Əli oğluna 60.000 manat məbləğində borc pul vermiş, İddiaçı krediti 16.08.2023cü il tarixədək Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı həmin məbləği 01.10.2019-cu il tarixdən başlayaraq hər ayın 1-15 tarixlərində 1250 manat olmaq şərti ilə ödəməyi öz öhdəsində götürmüş və İddiaçı həmin məbləği 4 aydan artıq gecikdirərsə qanun qarşısında məsuliyyət daşıyacaqdır. İş materiallarında olan “Borc verən” qismində Cavabdeh ilə “Borc alan” qismində İddiaçı arasında bağlanılmış 17 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Fərəcov X2 İmran Əli oğluna 53750 manat məbləğində borc pul vermiş, İddiaçı krediti 17.05.2023cü il tarixədək Cavabdeh qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı həmin məbləği 01.11.2019-cu il tarixdən başlayaraq hər ayın 1-15 tarixlərində 1250 manat olmaq şərti ilə ödəməyi öz öhdəsində götürmüş və İddiaçı həmin məbləği 4 aydan artıq gecikdirərsə qanun qarşısında məsuliyyət daşıyacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-339.4-cü maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. İş materiallarından göründüyü kimi, iddiaçı 16.08.2019-cu il tarixli və 01.10.2019-cu il tarixli kredit müqavilələrini mübahisələndirərkən əqdin etibarsızlığına dair qanunvericilikdə müəyyən edilmiş və yuxarıda qeyd edilən əsaslara istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda tərəflər arasında bağlanmış əqd o zaman etibarsız sayıla bilər ki, iddiaçının ağır vəziyyətə düşməsi və digər tərəfin, yəni cavabdehin bundan istifadə etməsi nəticəsində iddiaçının özü üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur olduğu və yaxud da əqdi məcburetmə (zorakılıq və ya hədələmə) təsiri altında bağladığı sübuta yetirilsin. Hazırkı mülki işdə isə iddiaçı yuxarıda sadalanan etibarsızlıq şərtlərinə istinad etsə də, kredit müqaviləsinin bağlanılması ilə bağlı iradəsinin təşəkkül etməsinə təsir edən amillərdə cavabdehin məcburetmə hərəkətlərinin mövcud olduğunu, onunla cavabdeh arasında özünün zəifliyindən qaynaqlanan tənasübsüzlük olmasını, cavabdehin bu zəiflikdən istifadə edərək onu qəsdən istismar etməsini və müqavilənin də bunun nəticəsində bağlanıldığını (ağır şərtli əqd) bildirən, habelə sözügedən kredit müqaviləsi bağlanarkən tərəflərin hüquqi nəticə əmələ gətirməmək barədə razılığa gəldiklərini təsdiqləyən mötəbər sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki, kollegiyanın iclasında təqdim edə bilməmişdir. Məhkəmə proseslərinin gedişatı zamanı iddiaçı əqdin etibarsızlığının digər bir əsasına, MM-in 340.1-ci və 340.2-ci maddələrinə istinad etmişdir. Həmin maddələrdə qeyd olunur ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 347.1-ci və 347.2-ci maddələrinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Hazırkı mülki işdə isə iddiaçı kredit müqaviləsi ilə bağlı açıqladığı iradə bəyanının onun düşündüyünə uyğun olmamasını, yaxud müqavilə ilə bağlı iradəsinin təşəkkül etməsinə təsir edən amillərdə yanılmasını göstərən mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir. İşin hallarından görünür ki, cavabdehin nümayəndəsi hazırki iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müracət etmiş və iddia müddətinin keçməsi ilə bağlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçı hazırki tələblə qanunda nəzərdə tutulmuş bir il müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, hətta mübahisə predmeti olan kredit müqavilələri iddiaçının qeyd etdiyi əsaslarla səbəbilə etibarsız olsaydı belə, iddiaçı tərəfindən bu əqdin etibarsızlığını mübahisələndirmə müddəti ötürüldüyündən,(kəsici müddət tətbiq olunduğu üçün 1 illik müddət 01 oktyabr 2019-cu il tarixdən hesablanmalıdır.) tələbinə dair iddiasını, qanuni əsası olmadığından təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiyaya apellyasiya şikayətinin qətnamənin ləğv olunmasına heç bir hüquqi əsaslar olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya QƏ T ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Nəsimi rayon Məhkəməsinin hazırki iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4858/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4858/2021
03.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver