Məhkəmə qərarları › İş №2(103)-4859/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4859/2021

17.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4859/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, cavabdeh “xxxx” MTK-nın sədri X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(006)-273/21 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Mirzəəli oğluna və «Cavabdeh4» Yaşayış Kompleksinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Cavabdeh4» Yaşayış Kompleksi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mirzəəli oğlu arasında Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 34 saylı evin sökülməsinə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(006)-273/21 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Cavabdeh3 Əli oğlu ilə 1999-cu ildə ailə qurarkən sonuncunun yaşadığı Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsində yerləşən 34 saylı evə gəlin köçmüşdür və bundan sonra həmin ünvanda yaşamağa başlamışdır. Cavabdeh3 Əli oğlu ilə onun birgə nikahından 21 avqust 2000-ci il tarixdə X4 və 23 iyun 2009-cu il tarixdə X3 doğulmuşdur. Cavabdeh3 Mirzəəli oğlu ilə bir müddət mehriban yaşasalar da, sonradan cavabdehlərin dözülməz hərəkətləri nəticəsində Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26 aprel 2017-ci il tarixli 2(006)- 870/2017 saylı qətnaməsi ilə nikahları pozulmuşdur və birgə nikahdan doğulmuş uşaqları onun himayəsində saxlanılmışdır. Cavabdeh3 Mirzəəli oğlu ilə nikahının pozulmasına baxmayaraq, o, cavabdehlərin yaşadıqları və özünün də qeydiyyatda olduğu ünvan 1 ünvanda yaşamışdır. Sonradan cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində onun həmin evdə yaşamasında çətinliklər yaranmışdır. Lakin buna baxmayaraq, o və azyaşlı uşaqları həmin evdə yaşamağa çalışmışlar. Çünki, onların başqa yaşayış yerləri yox idi. Lakin cavabdehlər onu və azyaşlı uşaqlarını döyərək, həmin mənzildən qovmuşlar, amma buna baxmayaraq onlar qeyd olunan evə gedib-gəlmişlər. Çünki, həmin evdə ona məxsus bir sıra əşyalar var idi. Həmin əşyalar ona görə həmin evdə idilər ki, həmin əşyaları yığmağa başqa yeri yox idi. Həmçinin, cavabdehlərin onu Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 34 saylı evə buraxmamalarına baxmayaraq, o, həmin evdən istifadə etmək və yaşamaq istəmişdir. Elə buna görə də, özünə məxsus əşyaları həmin evdən çıxarmamışdır. Bir müddət öncə o, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 34 saylı evə yaşamaq məqsədi ilə gələrkən, gördüklərinə inana bilməmişdir. Belə ki, həmin vaxt ona məlum olmuşdur ki, cavabdehlərlə həmin evin sökülməsinə qeyri-qanuni olaraq «Cavabdeh4» Yaşayış Kompleksi arasında müqavilə bağlanmışdır. Həmin yaşayış kompleksi isə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 34 saylı evi sökmüşdür. Bundan sonra o, «Cavabdeh4» Yaşayış Kompleksinin Bakı şəhəri Nəsimi rayonu Nəsib bəy Yusifbəyli və Abbas Səhhət küçələrinin kəsişməsində (Tibb Universiteti ilə üzbə-üz) olan ofisinə getmişdir. Həmin ofisdə olarkən o, «Cavabdeh4» Yaşayış Kompleksinin işçilərinə bildirmişdir ki, sonuncular onun məlumatı olmadan hansı əsasa görə Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 34 saylı evin sökülməsinə dair digər cavabdehlərlə razılığa gəlmişlər? Bu zaman həmin yaşayış kompleksinin Məcid adlı işçisi ona bildirmişdir ki, o, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 34 saylı evə heç bir aidiyyəti yoxdur, çünki o, həmin evdə qeydiyyatda deyil. Bu zaman sonuncu ona hətta saxta sənəd də təqdim edərək göstərmişdir ki, onun bu evdə qeydiyyatı yoxdur. Hətta həmin Məcid adlı şəxs ona “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş sənədi də göstərərək demişdir ki, həmin sənəd “ASAN xidmət” mərkəzi tərəfindən verilmişdir, həmin sənədlə də təsdiq olunur ki, o, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi 34 saylı evdə qeydiyyatda deyil. Həmin şəxsin bu sözlərindən sonra o, “ASAN xidmət” mərkəzinə gedərək, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayış almışdır. Həmin arayışa diqqət yetirdikdə görmüşdür ki, 22 mart 2002-ci il tarixdən hal-hazıradək o, ünvan 1 ünvanda qeydiyyatdadır. Bundan sonra o, «Cavabdeh4» Yaşayış Kompleksinin yerləşdiyi ünvana gedərək, həmin arayışı oranın işçilərinə göstərmişdir. Bu zaman da, orada olan Məcid adlı şəxs ona çox aqressiv və kobud şəkildə bildirmişdir ki, onun aldığı sənəd saxtadır. Bundan sonra, onlardan müqavilənin surətini istədikdə həmin şəxslər ona müqavilənin surətini verməməklə yanaşı onu kobud surətdə oradan uzaqlaşdırdılar. Bundan sonra isə vəkili tərəfindən verilmiş sorğuların qəbul edilməsindən “Cavabdeh4” Yaşayış Kompleksinin əməkdaşları tərəfindən ardıcıl imtina edilmiş, poçt vasitəsi ilə göndərilən sorğulara isə heç bir cavab verilməmişdir. Məhkəmə işə baxaraq qətnamə çıxararkən onun iddianın əsası kimi qeyd etdiyi mühüm halları araşdırmamış, əsasən iddiaçı olaraq onların iddaya dair sübutları, yəni müvafiq halda mübahisələndirilən müqavilənin surətini təqdim edə bilməməyi faktına istinad etməklə iddianın rədd edilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, məhkəmənin özü belə cavabdehlərdən, xüsusən də cavabdehlərdən “Cavabdeh4" Yaşayış Kompleksindən mübahisələndirilən müqavilənin surətini onların vəsatəti əsasında sorğu ilə tələb etsə də, cavabdehlər bu müqavilənin surətini məhkəməyə təqdim etməkdən imtina etməklə məhkəməyə qarşı saymamazlıq nümayiş etdirmiş, nə işdə iştirak etməmələri ilə bağlı, nədə sübutu təqdim edə bilməmələri ilə bağlı heç bir məlumat verməmişlər. Belə olan halda onlar həmin müqavilənin surətini haradan əldə edə bilərdilər. Elə bir fikir formalaşır ki, məhkəmə “Cavabdeh4” Yaşayış Kompleksinin qarşısında hansısa səbəbdən acizlik nümayiş etdirməklə müqavilənin surətini onlardan ala bilməmişdir. Baxmayaraq ki, onun iddiası əsaslıdır və təmin olunacağı halda cavabdehlərdən “Cavabdeh4” Yaşayış Kompleksinə heç bir zərər vurulmur. Məhkəmənini özü belə bu sübutu əldə edə bilmədiyi halda bu əsasla onun iddianı rədd etməsi sadəcə olaraq ədalətli və düzgün hesab edilə bilməz. Müvafiq halda mübahisələndirilən müqavilənin cavabdehlərdən heç birində, xüsusən də “Cavabdeh4” Yaşayış Kompleksində saxlanılmaması real sayıla bilməz. Sadəcə olaraq artıq qeyd etdiyi kimi, cavabdehlər məhkəmənin sorğusu əsasında həmin müqaviləni məhkəməyə təqdim etməməklə məhkəməyə hörmətsizlik və saymamazlıq nümayiş etdirmişlər ki, məhkəmə isə onlara məlum olmayan hansısa səbəbdən bu hala sadəcə olaraq göz yummuşdur. Bu isə iş üzrə qanunsuz və ədalətsiz qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Həmçinin birinci instansiya məhkəməsi zamanı onun ünvan 2 ünvanda yerləşən evdə qeydiyyatda olduğunu təsdiq edən bir neçə arayışları təqdim etsə də, məhkəmə öz qətnaməsində rəsmi dövlət qurumları tərəfindən verilmiş bu arayışların adı belə çəkilməmiş, onlara istinad edilməmiş, yalnız nikahları pozulması barədə qətnaməyə və evin hüquqi rejimi barədə DƏDRX-in arayışına istinad etməklə işini bitmiş hesab etmişdir. Bu səbəbdən də həmin arayışlaın iş materiallarında mövcud olmaya biləcəyini düşünərək 4 vərəqədən ibarət həmin 3 arayışın surətlərini apellyasiya şikayətinə əlavə edir. Ona görə də işə apellyasiya qaydasında baxılarkən mütləq qaydada bu əsas hal nəzərə alınmalı, iddianın əsasını təşkil edən müqavilənin tələb olunaraq iş materiallarına əlavə edilməsi təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil2 şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında “xxxx” MTK-nın nümayəndəsi X2 bildirdi ki, iddiaçı onları «Cavabdeh4» Yaşayış Kompleksi kimi göstərsə də bu MTK-nın adı deyil, yaşayış kompleksinin adıdır, MTK-nın adı isə “xxxx” adlanır və onun qanuni təmsilçisidir. Mübahisə gedən ünvanla bağlı Cavabdeh2 ilə həqiqətən 11 dekabr 2019-cu il tarixdə müqavilə bağlamışlar. Çünki, Cavabdeh2 həmin evin mülkiyyətçisi olması barədə və orada yalnız özünün qeydiyyatda olması barədə sənəd təqdim etmişdir. Həmin evdə qeydiyyatda olan yaxud istifadə hüququ olan şəxslərə görə Cavabdeh2 mülkiyyətçi kimi məsuliyyət daşıyır. MTK-nın burada heç bir təqsiri yoxdur. Çünki, mülkiyyətçinin razılığı ilə evi sökmüşlər və lazımi əşyalar da məhz Nigar Muradova tərəfindən götürülmüşdür. İşə baxılması vaxtı və yeri barədə işdə iştirak etməli olan digər şəxslərə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya instansiyası məhkəməsi işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, məhkəmə iddiaçı tərəfin vəsatətinə əsasən cavabdeh «Cavabdeh4» Yaşayış Kompleksinə sorğu ünvanlasa da, sorğu məktubları «ünvan tam deyil» qeydi ilə geri qaytarılmışdır. Tərəflərin verdiyi şifahi məlumata əsasən müqavilə 2018-ci ildə bağlanmışdır. Göründüyü kimi, müqavilə bağlanan dövrdə tərəflər nikahda olmamışlar. İddia ərizəsində adı qeyd olunan yaşayış sahəsi öncələr iddiaçının keçmiş qayınatasına məxsus olmuşdur. Sonradan həmin yaşayış sahəsi vərəsəlik hüququ üzrə iddiaçının keçmiş baldızının mülkiyyətinə keçmişdir. İddiaçı məhkəməyə müqavilə bağlanan tarixdə mənzildən istifadə hüququnun olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin ləğvi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamələr mübahisələndirilən hissələrdə yoxlanılır. Hazırki iş üzrə, iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, işdən görünür ki, iddiaçı cavabdehlərdən Cavabdeh3 Mirzəli oğlu 30 oktyabr 1999cu ildə nikah bağlamış, birgə nikahlarından 21.08.2000-ci il təvəllüdlü X4 və 23.06.2009-cu il təvəllüdlü X3 doğulmuşdur. Tərəflərin nikahı birinci dəfə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06 iyun 2003-cü il tarixli 2-1153/2003 saylı qətnaməsi ilə pozulmuş, sonradan yenə də 10 oktyabr 2009-cu ildə nikah bağlamışlar və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26 aprel 2017-ci il tarixli 2(006)-870/2017 saylı qətnaməsi ilə 10 oktyabr 2009-cu il tarixdə bağlanmış nikahları da pozulmuş, 21.08.2000-ci il təvəllüdlü X4 və 23.06.2009-cu il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılmış, Cavabdeh3 Mirzəəli oğlundan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 12 dekabr 2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə 137 manat, cəmi 274 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı Bakı şəhəri Nəsimi rayonu Nəsibbəy Yusifbəyli küçəsindəki 58 kv. metrdən ibarət 34 nömrəli evdə yaşamış və qeydiyyatda olmuşdur. Həmin evə 17.03.2017-ci il tarixdə Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh2 ilə “xxxx” MTK arasında 11 dekabr 2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu Nəsibbəy Yusifbəyli küçəsindəki 58 kv. metrdən ibarət 34 nömrəli ev qəzalı vəziyyətdə olduğundan MTK tərəfindən əlavə güzəşt edilməklə yaşayış binasının “C” blokunun 2 və 4-cü mərtəbəsində 2 ədəd, 55.7 kv. m sahəsi olan təmirsiz mənzilləri verməyi, Cavabdeh2 isə qəzalı vəziyyətdə olan həmin evi sökülmüş vəziyyətdə MTK-ya verməyi, eyni zamanda MTK mülkiyyətçiyə 19200 manat kirayə haqqı, 16500 manat təmir üçün nəzərdə tutulmuş məbləğ və əlavə olaraq 7150 manat kompensasiya, ümumilikdə 42850 manat bu müqavilə əsasında mülkiyyətçinin bank hesabına köçürməyi öhdəsinə götürmüş, mülkiyyətçi isə həmin məbləğlə və iki ədəd mənzillə razılaşaraq bununla bağlı heç bir şikayət və etirazının olmadığını bildirmişdir. Müqavilənin 2.1.4-cü maddəsinə əsasən mənzildə qeydiyyatda olan və ya olmayan 18 yaşı tamam olmuş şəxslərin mülkiyyətçiyə məxsus qeyd olunan mənzilə dair “xxxx” MTK ilə bağlanmış müqaviləyə heç bir etirazının olmadığı, etiraz və iddiaları olduğu halda məsuliyyəti mülkiyyətçinin daşıdığı, əgər etiraz və iddialar olarsa mülkiyyətçi ona verilmiş mənzillər və kompensasiya əsasında mübahisəni həll etməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı cavabdehlərdən MTK-nın adını düzgün qeyd etməsə də mübahisəli evə dair cavabdehlər arasında bağlanmış həmin müqavilənin etibarsızlığını tələb etmiş, əsas kimi iddia ərizəsindəki və apellyasiya şikayətindəkiləri göstərmişdir. Mübahisəli ev artıq mövcud deyil və sökülmüş, bunun əvəzində isə evin mülkiyyətçisinə 2 təmirsiz mənzil və kirayə haqqı, təmir və əlavə kompensasiya kimi ümumilikdə 42850 manat verilmişdir. İddiaçının sökülmüş həmin evlə bağlı hansısa hüquqları olsa belə, o ev artıq mövcud deyil. Bu evə dair bağlanmış müqavilənin etibarsız olması üçün əsas olsa belə, yenə də iddiaçı bunun nəticəsində yekun istəyinə və məqsədinə nail ola bilməyəcəkdir. Çünki , qeyd olunduğu kimi, həmin ev mövcud olmadığı üçün iddiaçının həmin evdən istifadə etmək imkanı da olmayacaqdır. Ancaq iddiaçı hesab edirsə ki, həmin sökülmüş evlə bağlı hansısa hüquqları, o cümlədən istifadə hüququ olmuşdur, bununla bağlı, yəni evin sökülməsi nəticəsində əldə edilmiş yeni mənzillərlə və pul vəsaiti ilə bağlı qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada yeni əsaslarla məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(006)- 273/21 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar