Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-486/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “avtomobilin qaytarılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "avtomobilin qaytarılması") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-362/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “avtomobilin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında 26 yanvar 2022-ci il tarixdə yazılı lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC əvvəlcədən lizinq vermək məqsədi ilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan, cavabdehlə satıcı arasında bağlanılan alqı-satqı müqaviləsinə əsasən, «Chevrolet Cruze» markalı avtomobili Cavabdeh MMC ilə bağladıqları müqavilənin şərtlərinə uyğun olaraq, avtomobili müvəqqəti sahiblik və istifadə üçün ona vermişdir. Buna müvafiq olaraq ilkin ödəniş kimi 9.200 manat pul məbləğini və müqaviləyə uyğun olaraq fevral ayında şərtləşdirilmiş aylıq muzdu ödəmişdir, lakin Cavabdeh MMC mart və aprel aylarının qaimələrini vermədiyi üçün növbəti ayların ödənişini etməmişdir və bildirmişdir ki, o, ödənişi yalnız qanuni formada etmək istəyir. Sonra aralarındakı şifahi razılığa əsasən, Cavabdeh MMC avtomobili başqasına satmağı və onun ödədiyi ilkin ödəniş olan 9.200 manat pulu və əlavə ödədiyi aylıq pulları ona qaytarmağı öz öhdələrinə götürmüşlər. O da bununla razılaşmışdır. Bu şifahi razılığa görə də o, məcbur qalaraq, avtomobilinin iyul və avqust aylarının ödənişlərini də etmişdir. Lakin sonradan məlum olmuşdur ki, avtomobil həmin şirkətin Bakı şəhərində yerləşən avtomobil kirayə salonunda istifadə edilir və satışa çıxarılmayıb. Bu səbəbdən də, o, avtomobilin cavabdehdən alınaraq, ona qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-362/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Əfsanə Heydərova) ilə iddia tələbi təmin edilməmişdir.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Belə ki, cavabdehlə lizinq müqaviləsinə əsasən iddiaçı 9.200 manat ödəməklə avtomobili müvəqqəti olaraq öz sahibliyinə və istifadəsinə qəbul etmiş, hətta əlavə aylıq muzd da ödəmişdir. Mart-aprel aylarında qaimələr iddiaçıya verilmədiyi üçün növbəti ayın ödənişini edə bilməmişdir. Şifahi razılığa görə avtomobil başqa şəxsə verilməli, iddiaçının ödədiyi məğbləğ geri qaytarılmadı idi. Lakin sonradan avtomobilin kirayə salonunda istifadə edildiyini öyrənmişlər.
8. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, elektron kabinet vasitəsi ilə verdikləri ərizədə, apellyasiya şikayətinə etiraz olaraq bildirmişdir ki, şikayət əsassızdır belə ki, həmin şəxslə müəssisə arasında yaranmış münasibətlər müqavilə ilə tənzimlənir həmin müqaviləyə tərəflərin razılığı ilə xitam verilmişdir, iddiaçı avtomobili öz mülkiyyətçisinə təhvil vermişdir, yenidən avtomobilin həmin şəxsə qaytarılması mövcud qanunvericiliyə əsasən mümkün deyildir. Qətnamənin çıxarılması zamanı əlavə edilmiş sənədlərin nəzərə alınmasını xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. Tərəflər arasında bağlanmış 00/0049/LZ saylı, 26 yanvar 2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, Cavabdeh MMC (lizinq verən) ilə İddiaçı (lizinq alan) arasında daxili maliyyə lizinqi müqaviləsi bağlanmış, lizinq verən əvvəlcədən lizinq vermək məqsədi ilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya «lizinq alan» tərəfindən seçilmiş, «lizinq verən»lə «satıcı» arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd 2013-cü il buraxılışlı, ban və mühərrik nömrələri müqavilədə qeyd olunan «Chevrolet Cruze» markalı nəqliyyat vasitəsini «lizinq alan»ın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürmüş, «lizinq alan» isə bu müqavilənin şərtlərinə uyğun olaran lizinq obyektindən istifadəyə görə «lizinq verən»ə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər arasında imzalanmış maliyyə lizinqi müqaviləsinin predmeti bir ədəd «Chevrolet Cruze» markalı nəqliyyat vasitəsidir. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırki maliyyə lizinqi müqaviləsi 36 ay müddətinə bağlanmaq şərti ilə lizinq obyektinin «lizinq alan»a təhvil-təslim aktının imzalanmaqla təhvil verildiyi andan hüquqi qüvvəyə minir və 27 yanvar 2025-ci il tarixədək qüvvədədir. Müqavilənin 4.4.1-ci bəndinə əsasən «lizinq alan» maliyyə lizinqi müqaviləsinə 01 saylı əlavə olan ödəniş qrafikinə əsasən dövri olaraq müəyyənləşdirilmiş lizinq ödənişlərini vaxtında və tam şəkildə icra etməlidir. Müqavilənin 5.3-cü bəndinə görə maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin verilməsi və «Lizinq alan»ın «Lizinq verən» qarşısında mövcud olan digər bütün öhdəlikləri icra edildikdən sonra «Lizinq alan»a keçir. Müqavilənin 5-ci bəndinə əsasən «Lizinq alan»ın müvəqqəti sahiblik və istifadəsinə verilmiş lizinq obyekti «Lizinq verən»in mülkiyyətindədir. Lizinq obyekti özrə sahiblik və ondan istifadə hüququ «Lizinq alan»a tam həcmdə keçir. Maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin edilməsi və «lizinq alanın «Lizinq verən» qarşısında mövcud olan digər bütün öhdəlikləri icra edildikdən sonra «Lizinq alan»a keçir. Həmçinin daxili maliyyə lizinqi müqaviləsinin 11-ci bəndində, lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar, müqaviləyə birtərəfli qaydada xitam verilməsi, lizinq obyektinin mübahisəsiz qaydada geri götürülməsi və satışı şərtləri müəyyən edilmişdir. Lizinq verənin maliyyə lizinq müqaviləsini «Lizinq alan»ın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun olmadıqda, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirərsə və ya lizinq obyektini digər şəkildə özgəninkiləşdirməyə yönəlmiş hərəkətlər etdikdə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya iki dəfədən artıq ödənişləri gecikdirirsə, lizinq alan müqavilənin şərtləri ilə nəzərdə tutulmuş məlumatı təqdiq elməyib və ya biləbilə yalan və və ya natamam məlumat təqdim etdikdə və müqavilədə müəyyən edilmiş digər hallarda vaxtından əvvəl ləğv etmək və lizinq obyektini geri almaq hüququ vardır.
10. Elektron qaimələrdən göründüyü kimi, iddiaçı, lizinq alan İddiaçı ona təqdim edilmiş elektron qaimələr üzrə ödənişləri: xx.xx.2022-ci il tarixdə (11.500 manat); xx.xx.2022-ci il tarixdə (345 manat 26 qəpik); xx.xx.2022-ci il tarixdə (352 manat 61 qəpik); xx.xx.2022-ci il tarixdə (312 manat 59 qəpik) icra etmişdir. Elektron qaimələr üzrə cəmi ödənilən məbləğ 12.510 manat 46 qəpik təşkil edir. Yuxarıda qeyd olunan müqavilənin 9.4-cü bəndinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişləri cəmi 18.963 manat təşkil etməlidir. Həmin məbləğdən 11.500 manatı əmtəənin dəyəri, 7.463 manat isə mükafatdır.
11. Cavabdeh tərəfindən elektron kabinet vasitəsi ilə verilmiş, Cavabdeh MMC (lizinq verən) ilə İddiaçı (lizinq alan) arasında 18 may 2022-ci il tarixli 00/0049/LZ saylı maliyyə lizinqi müqaviləsinin xitamına dair sazişdən görünür ki, “lizinq alan” “lizinq verən”ə lizinq obyekti olan «Chevrolet Cruze» markalı nəqliyyat vasitəsini təhvil verir, “lizinq alan” hazırkı müqavilənin xitamı ilə bağlı gələcəkdə “lizinq verən”ə heç bir iddiasının olmayacağını öhdəsinə götürür, “lizinq verən” isə “lizinq alan”ın lizinq obyektini təhvil verməsi şərtilə cari tarixə olan borc məbləğini güzəşt edir və lizinq obyektini təhvil almağı öhdəsinə götürür. Müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflər arasında bağlanmış 00/0049/LZ saylı, 26 yanvar 2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Maddə 748.3. Lizinq müqaviləsində tərəflərin öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır. Maddə 748-1.9. Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Maddə 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: Maddə 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
12. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
13. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Tərəflər arasında bağlanmış 00/0049/LZ saylı, 26 yanvar 2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinin 11.1.4-cü bəndinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya iki dəfədən artıq ödənişləri gecikdirirsə, lizinq verəni lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektini geri almaq hüququ vardır. Cavabdeh MMC (lizinq verən) ilə İddiaçı (lizinq alan) arasında 18 may 2022-ci il tarixli 00/0049/LZ saylı maliyyə lizinqi müqaviləsinin xitamına dair sazişdən görünür ki, “lizinq alan” “lizinq verən”ə lizinq obyekti olan «Chevrolet Cruze» markalı nəqliyyat vasitəsini təhvil verir, “lizinq alan” hazırkı müqavilənin xitamı ilə bağlı gələcəkdə “lizinq verən”ə heç bir iddiasının olmayacağını öhdəsinə götürür, “lizinq verən” isə “lizinq alan”ın lizinq obyektini təhvil verməsi şərtilə cari tarixə olan borc məbləğini güzəşt edir və lizinq obyektini təhvil almağı öhdəsinə götürür. Müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflər arasında bağlanmış 00/0049/LZ saylı, 26 yanvar 2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilir. İddiaçı hazırkı iddia tələbində bildirmişdir ki, o, 26 yanvar 2022-ci il tarixli daxili maliyyə lizinq müqaviləsinə uyğun olaraq ödənişləri etsə də, ona qaimə verilmədiyi üçün ödənişləri dayandırmışdır, eyni zamanda bildirir ki, o avtomobilin, yəni lizinq obyektinin başqasına satılması, bundan sonra onun ilkin ödəniş kimi ödədiyi 9200 manat və aylıq etdiyi ödənişlərin ona qaytarılması şərti ilə şifahi qaydada cavabdehlə olan razılığa əsasən, avtomobili qaytarmışdır. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
14. Beləliklə, Kollegiya hesab edir ki, iddiaçı qeyd etdiyi həmin hallarla bağlı, yəni lizinq obyektinin başqasına satılması, bundan sonra onun ödədiyi 9200 manat və aylıq etdiyi ödənişlərin ona qaytarılması şərti ilə avtomobili qaytarmasına dair şifahi qaydada cavabdehlə olan razılığa dair sübut təqdim edə bilməmişdir. Əksinə, cavabdeh tərəfindən elektron kabinet vasitəsi ilə verilmiş, Cavabdeh MMC (lizinq verən) ilə İddiaçı (lizinq alan) arasında 18 may 2022-ci il tarixli 00/0049/LZ saylı maliyyə lizinqi müqaviləsinin xitamına dair sazişdən görünür ki, “lizinq alan” “lizinq verən”ə lizinq obyekti olan «Chevrolet Cruze» markalı nəqliyyat vasitəsini təhvil verməyi, “lizinq alan” hazırkı müqavilənin xitamı ilə bağlı gələcəkdə “lizinq verən”ə heç bir iddiasının olmayacağını, “lizinq verən” isə “lizinq alan”ın lizinq obyektini təhvil verməsi şərtilə cari tarixə olan borc məbləğini güzəşt etməyi və lizinq obyektini təhvil almağı öhdəsinə götürmüş, müqavilə imzalandığı gündən qüvvəyə minərək, tərəflər arasında bağlanmış 00/0049/LZ saylı, 26 yanvar 2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilmişdir.
15. Beləliklə, iddiaçının apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamış, bunun əksinə Cavabdeh MMC (lizinq verən) ilə İddiaçı (lizinq alan) arasında 18 may 2022-ci il tarixli 00/0049/LZ saylı maliyyə lizinqi müqaviləsinin xitamına dair sazişə əsasən, iddiaçının avtomobili cavabdehə öz iradəsi ilə təhvil verməsi, cavabdehin isə lizinq obyektinin qaytarılması şərtilə cari tarixə olan borcu güzəşt etməsi, həmin müqavilə ilə tərəflərin 00/0049/LZ saylı, 26 yanvar 2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilməsi barədə razılığa gəlməsi müəyyən edilmişdir.
16. Bundan başqa, iddiaçı tələbində avtomobilin ona qaytarılmasını xahiş edir. Mülki iş materiallarında olan, həmçinin iddiaçının təqdim etdiyi sübutlardan və tərəflər arasında bağlanmış lizinq müqaviləsindən də göründüyü kimi, tələb olunan avtomobil Cavabdeh MMC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgənin qanunsuz sahibliyindən tələb edə bilər. İddiaçı isə həmin avtomobilin mülkiyyətçisi deyildir.
17. Belə olan halda məlum olur ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.
18. Bununla belə, Kollegiya qeyd edir ki, iddiaçının avtomobilə görə, 9200 manat ilkin ödəniş etməsi mübahisəsiz qaydada müəyyən edildiyindən, iddiaçıya müvafiq tələblə cavabdehə qarşı ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Nəticə:
19. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. MPM-in 385.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
21. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
22. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-362/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Kamran Əkbərov