Məhkəmə qərarları › İş №2(103)-4860/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4860/2022

17.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4860/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh Tarı qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Tarı qızına qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayonu Pivzavod küçəsindəki 24 saylı binanın daşıyıcı divarında cavabdeh tərəfindən qanunsuz açılmış pəncərənin cavabdehin vəsaiti hesabına hörülüb bağlanması, daşıyıcı divarın əvvəlki vəziyyətinin bərpa edilməsi, zirzəminin iddiaçının istifadəsində və sahibliyində olan hissəsinə giriş qapısının arxadan cavabdeh tərəfindən mişar daşı ilə hörülmüş hasarın cavabdehin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi və iddiaçının həmin hissədən istifadəsinə cavabdeh tərəfindən maneənin qadağan edilməsi, yaşayış binasının həyətində cavabdeh tərəfindən qanunsuz tikilmiş taxta hasarın cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülüb təmizlənərək əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı, iş № 2(011)-41/22) iddia qismən təmin edilərək Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsindəki 24 saylı binanın həyətində tikilmiş taxta hasarın Cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülüb təmizlənməklə əvvəlki vəziyyətə gətirilməsi, ekspertiza xərcinin 50 manat hissəsinin İddiaçı, 50 manat hissəsinin isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Hazırda cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 40 ildən artıq bir müddətdir o, mübahisəli ünvanda yaşayır. Cavabdeh binanın daşıyıcı (yüksaxlayan) divarında qanusuz pəncərə açmış, bununla da binanın qəzalı vəziyyətə düşməsinə şərait yaratmışdır. Cavabdeh həmçinin binanın həyətini zəbt edərək hasarlamış və burada bağça salmışdır. Cavabdehin bu özbaşınalığı və qanunsuz əməlləri nəticəsində binanın onsuz da kiçik olan həyəti daha da darısqal vəziyyətə düşmüş, həyətdə hərəkət etmək imkanı məhdudlaşmış, eyni zamanda həyətə giriş-çıxışa məhdudiyyət yaranmışdır. Yaşadıqları binanın zirzəmisi bina sakinlərinin ümumi istifadəsindədir. Belə ki, hər bir sakin binanın zirzəmisinin müəyyən hissəsini arakəsmə yolu ilə bağlayaraq oradan istifadə edir. Cavabdeh və o da həmin binanın zirməsindən qeyd edildiyi kimi istifadə edirlər. Lakin cavabdeh zirzəminin onun istifadəsində olan hissəsindəki giriş qapısını arxadan mişar daşı ilə bağlayaraq onun istifadəsini tam məhdudlaşdırmışdır. Hal-hazırda o, zirzəminin onun istifadəsində olan hissəsinə daxil ola bilmədiyi üçün orada olan ona məxsus əşyalardan da istifadə edə bilmir. Cavabdehin özbaşına, qanunsuz tikdirdiyi hasar yaşayış binasının onun yaşadığı mənzilin olduğu dəhlizinin bilavasitə qarşısında yerləşdiyinə görə, onun mənzilinin girişçıxışına əsaslı şəkildə maneə yaradır, eyni zamanda bina sakinlərinin ümumi birgə istifadəsi üçün nəzərdə tutulmuş həyətdən istifadə etməkdən onu tamamilə məhrum edir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, cavabdehin evinin arxasında qonşu 3 mərtəbəli ev tikib və həmin ev cavabdehin evinə işığın düşməsinə maneə yaradır. Buna görə də, cavabdeh məcbur qalaraq mübahisəli pəncərəni açıb. Həmin pəncərə iddiaçının heç bir hüquqlarını pozmur. Bunu sübut edən məhkəmə qərarları da mövcuddur. Həmin evdə yaşayan əlil və azyaşlıların vəziyyətini də nəzərə almaq lazımdır. Ümumi iddia müddəti 10 ildir, mübahisəli pəncərə isə 15 ildən çoxdur ki mövcuddur. Bu da bir daha həmin pəncərənin iddiaçının hüquqlarını pozmadığını göstərir. Sadəcə tərəflər arasında torpaqla bağlı mübahisə olduğundan iddia qaldırıblar. Binanın qəzalı vəziyyətdə olmasını MİS-dən də bildiriblər ki, bina sökülməlidir. Bu, cavabdehin açdığı pəncərə ilə əlaqəli deyil. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə çıxararkən sökülməsini qət etdiyi həmin taxta hasarın 40 ilə yaxındır mövcud olduğunu nəzərə almamışdır. Həmin hasar binanın hər tərəfində var. Binanın arxası isə ümumiyyətlə taxta hasara alınıb və həmin hasar iddiaçıya aiddir. Taxta hasar sökülərsə ayaqyolu və hamamın qarşısı açıq qalar. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi eyni zamanda apellyasiya baxışı zamanı məhkəmə tikintitexniki ekspertizasının təyin olunması barədə vəsatət verdi, lakin məhkəmə kollegiyası həmin vəsatəti müzakirə edərək əsassız saydı. Məhkəmə kollegiyası bu qənaətə gələrkən birinci instansiya məhkəməsində iş üzrə məhkəmə tikinti-texniki ekspertiza keçirildiyini, işə baxan məhkəmə tərəfindən yerində müayinə aparılmasını və s. nəzərə aldı. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya nəzərə alır ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyi və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, cavabdeh isə qətnaməni iddianın təmin olunan hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər qonşu olmaqla bir binada - Bakı şəhəri Xətai rayonu Pivzavod küçəsindəki 24 saylı evdə yaşayırlar. İddiaçının tələbi yaşadıqları binada cavabdeh tərəfindən qanunsuz açılmış pəncərənin hörülüb bağlanması, daşıyıcı divarın əvvəlki vəziyyətinin bərpa edilməsi, zirzəminin iddiaçının istifadəsində və sahibliyində olan hissəsinə giriş qapısının arxadan cavabdeh tərəfindən mişar daşı ilə hörülmüş hasarın cavabdehin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi və iddiaçının həmin hissədən istifadəsinə cavabdeh tərəfindən maneənin qadağan edilməsi, eləcə də yaşayış binasının həyətində cavabdeh tərəfindən qanunsuz tikilmiş taxta hasarın cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülüb təmizlənərək əvvəlki vəziyyətinə gətirilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən - binanın həyətində tikilmiş taxta hasarın cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülüb təmizlənməklə əvvəlki vəziyyətə gətirilməsi hissəsində əsaslı saymış və yalnız həmin hissədə təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə zamanı müəyyən edilmişdir ki, yaşayış binasının iddiaçı və cavabdehin də yaşadıqları mənzillərin girişinin qarşısında yerləşən torpaq sahəsi taxta hasara alınmış və giriş qapısı cavabdeh tərəfindən bağlanmışdır. Taxta hasarın içərisində hamam yerləşir. Yerində müayinə zamanı cavabdehin nümayəndəsi (Nümayəndə) bildirmişdir ki, hamam onlara məxsusdur və hamamın yerləşdiyi bağçanı əhatə edən taxta hasarın qapısının açarı da onlardadır. Göründüyü kimi, mülkiyyətçilərinin hər birinin istifadə və sahibliyinə haqqı çatan və ümumi istifadə üçün nəzərdə tutulmuş yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bir hissəsi (iddiaçı və cavabdehin də mənzillərinin yerləşdiyi girişə aid hissə) yalnız cavabdeh tərəfindən istifadə edilir və onun sahibliyindədir. Mülki Məcəlləyə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur (maddə 227.1). Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin (maddə 227.2). Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Birinci instansiya məhkəməsi yaşayış binasının sözügedən torpaq sahəsinin hasara alınmaqla yalnız cavabdeh tərəfindən istifadə edilməsinin iddiaçının həmin torpaq sahəsindən istifadə və sahibliklə bağlı hüquqlarının pozulması ilə nəticələndiyi qənaətinə gələrək iddianı həmin hissədə təmin etmişdir. Kollegiya nəzərə alır ki, yaşayış binasının yerləşdiyi torpaq sahəsi həmin binada yaşayan bütün mülkiyyətçilərin ümumi paylı mülkiyyətindədir. Bu həm də o deməkdir ki, binanın yerləşdiyi torpaq sahəsindən bütün mülkiyyətçilər eyni qaydada istifadə edə bilər və həmin torpaq sahəsinə sahibliklərini həyata keçirə bilərlər. İş materiallarında olan 2 saylı MKİS-nin rəisi (R.Əliyev) tərəfindən verilmiş arayışda Yaşayış binasının hər iki tərəfində yerləşən taxta hasarın 1980-cı illərdə inşa edildiyi və həmin hasarın kimlər tərəfindən inşa olunması barədə MKİS-də məlumatın olmadığı göstərilsə də, yerində müayinə zamanı müəyyən edilmişdir ki, həmin taxta hasar və hasarın içərisində qalan torpaq sahəsi, eləcə də orada yerləşən hamam hazırda cavabdehin istifadəsi və sahibliyindədir, həmçinin hasarın giriş qapısının açarı da cavabdehdədir (bu halı yerində müayinə zamanı cavabdehin nümayəndəsi – qardaşı Ravil Tarıyev tərəfindən bildirilmişdir). Ona görə də, Kollegiya birinci instansiya məhkəməsinin taxta hasarın cavabdeh tərəfindən sökülərək təmizlənməsi barədəki mövqeyini əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Tarı qıznını apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar