Məhkəmə qərarları › İş №2(103)-4861/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4861/2021

06.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4861/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı müqavilə dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ona və digərlərinə qarşı irəli sürdüyü iddia tələbinin Nəsimi Rayon Məhkəməsinin 18.05.2017-ci il tarixli qətnaməsi ilə təmin olunduğunu, nəticədə onunla Cavabdeh arasında 08.04.2015-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında adına verilmiş çıxarışın etibarsız hesab edildiyini, alqı-satqı müqaviləsini bağlayarkən Cavabdeh 214 000 manat ödədiyini və həmin pulun hazırkı dövrədək ona qaytarılmadığını bildirmiş, buna görə də Cavabdeh ödədiyi dövlət rüsumunun əvəzi ilə birlikdə 214 030 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində (Nəsimi Rayon Məhkəməsi) baxılarkən iddiaçının nümayəndəsi iddianın təmini tədbiri barədə ərizə təqdim edərək Cavabdeh adında olan Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küşəsi ev 49, 4 saylı mənzilin və Neftçala rayonu, Bankə qəsəbəsi, İV mərhələ, 6 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulması, mənzillərə dair hər hansı hərəkətlərin edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi, o cümlədən “Mercedes Benz ML350” minik markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili 2006, rəngi: qara metallik, Ban: WDC1641861A009045) və “VAZ-21074” markalı **-GG-*** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2000, Rəngi: Parlaq ağ, mühərrik: 6179217, BAN: XTA210740Y1334056) avtomobillərin üzərinə həbs qoyulmaqla onların cərimə meydançasına yerləşdirilməsi barədə qərardad çıxarılmasını istəmiş, məhkəmənin 10 mart 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin olunaraq Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küşəsi ev 49, 4 saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehə və başqa şəxslərə qadağan edilmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsinin və cavabdehin verdikləri şikayətlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.04.2021-ci və 07.04.2021-ci il tarixli qərardadları ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi şikayətini belə əsaslandırmışdır ki, məhkəmə cavabdehin mülkiyyətində olan digər əmlakların üzərinə həbs qoymamaqla onların özgəninkiləşdirilməsinə, beləliklə də gələcəkdə iddianın təmin olunması halında qətnamənin icrasız qalmasına şərait yaratmış, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh şikayətini belə əsaslandırmışdır ki, məhkəmə eyni predmet, eyni tərəflər və eyni əsasla mübahisəyə əvvəllər baxılmış olduğunu nəzərə almadan iddia ərizəsini icraata götürümüş, eyni zamanda qanunsuz olaraq onun əmlakı üzərinə həbs qoymuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi öz şikayətini müdafiə etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddələrinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, habelə, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan etmək növlərində iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbir olması etibarilə məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardır: gələcəkdə qətnamənin icrasını təmin etmək və bu məqsədlə zəruri hallarda işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaq. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, iddiaçı, cavabdehlə əvvəllər bağladığı müqavilənin məhkəmə tərəfindən etibarsız hesab olunması səbəbilə, həmin müqavilə üzrə cavabdehə verdiyini bildirdiyi pulun geri qaytarılmasını tələb edir və tələbinin hər hansı təminatı mövcud deyildir. Bununla yanaşı qeyd olunmalıdır ki, müvafiq təminat iddia tələbinə mütənasib olmalıdır və əmlak üzərinə həbs qoyularkən mütənasiblik gözlənilməlidir. Bu baxımdan kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının tələbinin təminatı qismində cavabdehə məxsus mənzilin üzərinə həbs qoymaqda, həmin əmlakın dəyərinin tələbə mütənasib olmadığına dair sübutlar təqdim edilmədiyindən isə digər hissədə ərizəni təmin etməməkədə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və Cavabdeh tərəfindən verilmiş şikayətlər təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-456/2021 saylı iş üzrə 10 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar