Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4868/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi X11, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Heydərova qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-786/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 “Hərracın yekunları barədə” xx xxxxxx 2019-cu il tarixli 106 nömrəli protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(004)-598/2017 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 iddia ərizəsi təmin edilərək, cavabdeh X3 75.837 (yetmiş beş min səkkiz yüz otuz yeddi) ABŞ dolları, X4 14.000 (on dörd min) ABŞ dolları, İddiaçı Kekavus oğlu və X6 müştərək qaydada 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi qət olunmuşdur. Həmin qərtnamədən onun tərəfindən ardıcıl olaraq apelyasiya və daha sonra kassasiya şikayətləri verilmişdir. Həmin məhkəmələrdə şikayətləri təmin olunmamış, müvafiq qətnamə qüvvədə qalmışdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(004)-598/2017 nömrəli qətnaməsində həmçinin digər instansiyaların qərarlarında borc tələbinin, “tələbin ipoteka predmetinə yönəldilməsinə” dair heç bir tələb olmamışdır. Həmin qətnamə əsasında icra sənədi verilmişdir. Lakin icra sənədində qanunsuz olaraq guya Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-598/2017 nömrəli qətnaməsində tələbin ipotekaya yönəldilməsi və əmlakın açıq hərracda satılması qət olunması qeyd olunub, halbuki mənzil nə ipotekaya qoyulub, nə də qətnamədə hər hansı tutulma göstərilibdir, bu qanunsuz icra qeydi icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. Həmin hərracdaəmlak tam qanunsuz saxta sənədlər əsasında satılmış və hərracın yekunların barədə protokol tərtib olunmuşdur. Qeyd edilməlidir ki, həmin keçirilmiş hərraclardan onun ümumiyyətlə xəbəri olmamışdır. Belə bir şeyin olma ehtimalını belə fikirləşməmişdir. Belə ki, əssasız olaraq satılmış həmin əmlak onun və ailəsinin yeganə yaşayış sahəsidir. Həmçinin, həmin əmlak nə onun, nə də ki, ailə üzvləri tərəfindən heç vaxt girov qoyulmamışdır. Göstərilənlərə əsasən, hərracın nəticələri Cavabdeh1 və hərracı udmuş Cavabdeh2 tərəfindən imzalanmış xx xxxxxx 2019-cu il tarixli, 106 nömrəli hərracın yekunları barədə protokol etibarsız hesab edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-786/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44C ünvanda yerləşən yaşayış binasının B girişinin 12-ci mərtəbəsində yerləşən 112 nömrəli mənzili ilə bağlı Cavabdeh1 “Hərracın yekunları barədə” xx xxxxxx 2019-cu il tarixli 106 nömrəli protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh2 onun ləğv və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasları barədə ona bildiriş göndərilməmiş və onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Həmçinin hərracın təşkilatçısı tərəfindən hərracın tam qanuni keçirilməsinə baxmyaraq birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbini təmin etmişdir. Həmçinin iddiaçı özü notarial təsdiqli ərizələrlə mənzilin borc əvəzində tələbkar Cavabdeh2 verilməsinə razılığını bildirmişdir. Həmçinin məhkəmənin mübahisəli əmlakın iddiaçının mülkiyyətində olmamasına istinad etməsini də qanunsuz hesab edir. Belə ki, hazırki işdə ipoteka yüklülüyü deyil, icra hərəktələri üzrə borclunun müəyyən edilmiş əmlakının üzərinə həbsin yönəldilərək harracda satılmasıdır. Həmçinin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsassız mübahisəli mənzilin iddiaçının mülkiyyətində olmaması nəticəsinə gəlmişdir. Belə ki, mübahisəli mənzil “xxxxxxxxx” MTKya məxsusdur və iddiaçı həmin mənzilin dəyərini tam ödəyərək həmin mənzildə yaşamaqdadır. Həmçinin qətnamədə məhkəmə hərracın 3 dəfə keçirilməsinin qanunsuz olduğunu vurğulamaqla digər qanunvericilik aktlarını nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən apelyatorlar apelyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdeh məhkəmə iclasına məhkəməyə gəlməmiş, işə həmin proses iştirakçısının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir (MPM-in 376.2-ci maddəsinə əsasən). Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü birinci instansiya məhkəməsi iddiaçının iddiasını qismən təmin etmiş olsa da o, qətnaməni mübahisələndirməmiş, cavabdehlər isə şikayətlərində qətnamənin ləğv edilməsini xahiş etsələr də, şikayətlərin məzmunundan onların qətnaməni yalnız iddia tələbinin qismən təmin olunan hissəsində mübahisələndirdiyi aydın olur. Başqa sözlə qətnamənin, iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya izahatları bu kontekstdə dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017ci il tarixli 2(004)-598/2017 nömrəli qətnaməsinin məzmunundan görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər X9, İddiaçı və X8 qarşı “pul tələbi”nə dair iddia ərizəsi təmin edilərək, cavabdeh X3 75.837 (yetmiş beş min səkkiz yüz otuz yeddi) ABŞ dolları, X5 14.000 (on dörd min) ABŞ dolları, İddiaçı Kekavus oğlundan və X5 müştərək qaydada 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla) tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-1119/2018 nömrəli qətnaməsinin məzmunundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(004)-598/2017 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(102)-4321/2018 nömrəli qərarının məzmunundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-1119/2018 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “xxxxxxxxx” Mənzil-Tikinti Kooperativi-kooperativi ilə İddiaçıpayçı arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilənin surətindən və məzmunundan görünür ki, kooperativ Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşmiş “xxxxxxxxx” Mənzil-Tikinti Kooperativinin tikilməkdə olan binasında 112 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür (1-ci bənd). Göstərilən mənzil 1 (bir) otaqdan ibarətdir (2-ci bənd). Mənzilin ümumi sahəsi 55,56 kv.metr olmaqla B blokunda yerləşir. Göstərilən mənzilin ümumi dəyəri 14.700 (on dörd min yeddi yüz) ABŞ dolları məbləğində müəyyən edilmişdir (3-cü bənd). Müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqqı ödənilir. Payçı pulun qalan hissəsini kooperativə bərabər hissələrlə olmaqla, ümumi qiymətin 30% məbləğində hər ayın 20-30 arasında ödəməyi öhdəsinə götürmüşdür. Tikinti etapı ilə payçı tanışdır (4-cü bənd). İş materiallarında olan “Qiymətləndirmə Xidməti Mərkəzi 2” X1 Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 ünvanında inşa edilən B blokunun 12-ci mərtəbəsində yerləşən mənzilin xx xxxxxx 2018-ci il tarixə bazar dəyəri 90.007 (doxsan min yeddi) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Azər Heydərovun Cavabdeh1nə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli 16996-171585/18-5-9 nömrəli sifariş məktubunun məzmunundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(004)-598/2017 nömrəli icra vərəqəsinin icrası ilə bağlı müvafiq hərracın keçirilməsi ilə bağlı qanuna müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. İş materiallarında olan “xxxxxxxxx” Mənzil-Tikinti Kooperativinin xx xxxxxx 2019-cu il tarixli 12 nömrəli arayışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44C ünvanda yerləşən yaşayış binası “xxxxxxxxx” Mənzil-Tikinti Kooperativinə məxsusdur. İddiaçı qeyd edilən binanın B girişi, 13-cü mərtəbə, 112 nömrəli mənzildə 2008-ci ildən ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. Ailə tərkibi üç nəfərdən ibarətdir: 1964-cü il təvəllüdlü həyat yoldaşı X10 və 1987-ci il təvəllüdlü X12. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin Cavabdeh1nə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli 2841-171585/18-5-9 nömrəli məktubunun məzmunundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(004)-598/2017 nömrəli icra vərəqəsinin icrası ilə bağlı hərracın keçirilməsinin dayandırılması xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh1 xx xxxx 2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə, Cavabdeh2 və İddiaçı ünvanladığı açıq hərracın keçirilməsinə dair 03/170-1 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 ünvanında inşa edilən B blokunun 12-ci mərtəbəsində yerləşən mənzilin 81.006,03 (səksən bir min altı manat üç qəpik) manat qiymətinə (90.007 (doxsan min yeddi) manat ilkin satış qiymətindən 10% endirimli satış qiyməti) xx xxxx 2019-cu il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmişdir. Müvafiq bildiriş İddiaçı göndərilmiş və xx xxxx 2019-cu il tarixdə rəsmi qaydada imza etməklə qəbul etmişdir. Müvafiq məlumat “Kaspi” qəzetinin xx xxxx 2019-cu il tarixli 100 (3698) nömrəli buraxılışında yerləşdirilmişdir. İş materiallarında olan Cavabdeh1 xx xxxx 2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə, Cavabdeh2 və İddiaçı ünvanladığı açıq hərracın keçirilməsinə dair 03/170-1-2 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 ünvanında inşa edilən B blokunun 12-ci mərtəbəsində yerləşən mənzilin 72.005,60 (yetmiş iki min beş manat altmış qəpik) manat qiymətinə (90.007 (doxsan min yeddi) manat ilkin satış qiymətindən 20% endirimli satış qiyməti) xx xxxx 2019-cu il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılması barədə məlumat verilmişdir. Müvafiq bildiriş İddiaçı göndərilmişdir. Müvafiq məlumat “Kaspi” qəzetinin xx xxxx 2019-cu il tarixli 112 (3710) nömrəli buraxılışında yerləşdirilmişdir. İş materiallarında olan Cavabdeh1 xx xxxx 2019-cu il tarixli Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə, Cavabdeh2 və İddiaçı ünvanladığı açıq hərracın keçirilməsinə dair 03/170-1-2-3 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 ünvanında inşa edilən B blokunun 12-ci mərtəbəsində yerləşən mənzilin 63.004,90 (altmış üç min dörd manat doxsan qəpik) manat qiymətinə (90.007 (doxsan min yeddi) manat ilkin satış qiymətindən 20% endirimli satış qiyməti olan 72.005,60 (yetmiş iki min beş manat altmış qəpik) manat məbləğindən 30% aşağı endirimli qiymət) xx xxxxxx 2019-cu il tarixdə saat 11:00-da açıq auksion formasında təkrar satışa çıxarılması barədə məlumat verilmişdir. Müvafiq bildiriş İddiaçı göndərilmiş və xx xxxx 2019-cu il tarixdə həmin bildirişi rəsmi qaydada imza etməklə qəbul etmişdir. Müvafiq məlumat “Kaspi” qəzetinin xx xxxx 2019-cu il tarixli 126 (3724) nömrəli buraxılışında yerləşdirilmişdir. İş materiallarında olan Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli 106 nömrəli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 ünvanında inşa edilən B blokunun 12-ci mərtəbəsində yerləşən 112 nömrəli mənzilin tam dəyəri 90.007 (doxsan min yeddi) manat qiymətə açıq hərraca çıxarılmış və 63.004,90 (altmış üç min dörd manat doxsan qəpik) manat qiymətə Cavabdeh2 satılmışdır. İşin müəyyən olunan hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(004)-598/2017 nömrəli qətnaməsi ilə cavabdeh X3 75.837 (yetmiş beş min səkkiz yüz otuz yeddi) ABŞ dolları, X5 14.000 (on dörd min) ABŞ dolları, İddiaçı Kekavus oğlundan və X5 müştərək qaydada 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla) tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)- 1119/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(102)-4321/2018 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək dəyişdirilmədən saxlanılmışdır. “xxxxxxxxx” Mənzil-Tikinti Kooperativi-kooperativi ilə İddiaçı-payçı arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilə əsasında kooperativ Bakı şəhəri, Nəsimi rayonu, 3007- ci məhəllə, Tbilisi prospekti 44C ünvanında yerləşmiş “xxxxxxxxx” Mənzil-Tikinti Kooperativinin tikilməkdə olan binasında 112 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 55,56 kv.metr olmaqla B blokunda 13-cü mərtəbədə yerləşir və göstərilən mənzilin ümumi dəyəri 14.700 (on dörd min yeddi yüz) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(004)- 598/2017 nömrəli icra vərəqəsi üzrə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Azər Heydərovun Cavabdeh1nə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli 16996-171585/18-5-9 nömrəli sifariş məktubu əsasında müvafiq icra vərəqəsinin icrası ilə bağlı hərracın keçirilməsinə dair qanuna müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. Qeyd edilən mənzil “Qiymətləndirmə Xidməti Mərkəzi 2” X1 müvafiq rəyi ilə xx xxxxxx 2018-ci il tarixə bazar dəyəri 90.007 (doxsan min yeddi) manat məbləğində müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 ünvanında inşa edilən B blokunun 12-ci mərtəbəsində yerləşən mənzilin 81.006,03 (səksən bir min altı manat üç qəpik) manat qiymətinə (90.007 (doxsan min yeddi) manat ilkin satış qiymətindən 10% endirimli satış qiyməti) xx xxxx 2019-cu il tarixdə saat 11:00-da açıq auksion formasında satışa çıxarılmışdır. Həmin mənzil 72.005,60 (yetmiş iki min beş manat altmış qəpik) manat qiymətinə (90.007 (doxsan min yeddi) manat ilkin satış qiymətindən 20% endirimli satış qiyməti) xx xxxx 2019-cu il tarixdə saat 11:00-da ikinci dəfə açıq auksion formasında satışa çıxarılmışdır. Qeyd edilən mənzil 63.004,90 (altmış üç min dörd manat doxsan qəpik) manat qiymətinə (90.007 (doxsan min yeddi) manat ilkin satış qiymətindən 20% endirimli satış qiyməti olan 72.005,60 (yetmiş iki min beş manat altmış qəpik) manat məbləğindən 30% aşağı endirimli qiymət) xx xxxxxx 2019-cu il tarixdə saat 11:00-da açıq auksion formasında təkrar satışa çıxarılmışdır. Hər bir hərrac barədə bildiriş İddiaçı göndərilmiş və sonuncu şəxsən məlumatlandırılmışdır. Qeyd edilən məlumatlar “Kaspi” qəzetinin müvafiq nömrəli buraxılışlarında yerləşdirilmişdir. Cavabdeh1 xx xxxxxx 2019- cu il tarixli 106 nömrəli hərracın yekunları barədə protokola əsasən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007 ünvanında inşa edilən B blokunun 12-ci mərtəbəsində yerləşən 112 nömrəli mənzilin tam dəyəri 90.007 (doxsan min yeddi) manat qiymətə açıq hərraca çıxarılmış və 63.004,90 (altmış üç min dörd manat doxsan qəpik) manat qiymətə Cavabdeh2 satılmışdır. İddiaçı, icra məmurunun qanunsuz hərəkətləri nəticəsində yeganə yaşayış yerinə tələbin yönəldildiyini, əmlakın ipoteka ilə yüklü edilmədiyini və hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi həm də, hərracın ona məlumat verilmədən keçirildiyinə istinad etmişdir. Kollegiya ilk növbədə onu qeyd edir ki, apellyasiya şikayətləri oxşar məzmunlu olduğunun hər iki apellyasiya şikayətinə birlikdə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası, ilk növbədə iddiaçının “tələbin yeganə yaşayış yerinə yönəldilməsi” ilə bağlı dəlilinə qiymət verərək onun əsaslı olduğunu vurğulayır; belə ki, “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 49.2-ci maddəsində isə, fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” x xxxx 2002-ci il tarixli 89 nömrəli Qərarı ilə bəhs edilən məsələyə dair dəqiq siyahı verilmiş, icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzilə, evə və ya onun ayrı-ayrı hissələrinə, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmədiyi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, icra hərəkətləri zamanı iddiaçının tələbin yönəldilməsi mümkün olan hər hansı başqa əmlakının olduğu müəyyən edilməmişdir, həmçinin iş materiallarında da buna dair hər hansı sübut mövcud deyildir. Kollegiyanın qənaətinə görə, xx xxxxxx 2018-ci il tarixli ərizədə mübahisəli mənzilin hərracda satılmasına etiraz edilmədiyinin göstərilmiş olması da tələbin həmin mənzilə yönəldilməsinə haqq qazandırmır; belə ki, həmin mənzildə onunla yanaşı ailə üzvləri – X10 (arvadı) və X12 (oğlu) olmaqla daimi yaşamaqdadırlar (mənzilin əldə edildiyi tarixdən bəri). Bu mənada kollegiya hesab edir ki, mübahisəli mənzilin tələbin yönəldilə bilmədiyi əmlak olması özü-özlüyündə ona dair keçirilmiş hərrac(lar)ın qanunsuz olduğunu ehtiva edir. Bununla yanaşı kollegiya həmçinin qeyd edir ki, hətta sözügedən mənzil tələbin yönəldilə bildiyi əmlak hesab olunsa idi belə, aşağıdakılara əsasən yenə də fərqli nəticəyə gəlmək – yəni, mübahisəli mənzillə bağlı hərrac(lar)ın qanuna uyğun keçirilmiş olduğu qənaətinə gəlmək mümkün olmayacaqdı. Belə ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia tələbi mübahisəli əmlaka dair keçirilmiş hərracın nəticələrinin (hərracın nəticəsində tərtib edilmiş hərrac protokolunun) etibarsız hesab edilməsi barəsindədir və bu mənada yuxarıda qeyd olunan prinsipə görə sözügedən hərracın mülki qanunvericiliyin tələblərinə uyğun keçirilib-keçirilmədiyini müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Həmin Qanunun 61.1-ci və 61.2-ci maddələrinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Qanunun 62.1-ci və 62.2-ci maddələrinə görə isə, icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Şərh edilənlərdən göründüyü kimi, tələbkarın tələblərinin ödənilməsi məqsədilə üzərinə həbs qoyulmuş borcluya məxsus olan əmlak ilkin olaraq tələbkara təklif olunur, sonuncu, üzərinə həbs qoyulmuş borcluya məxsus əmlakı almağa razılıq verdikdə məhz onunla alqı-satqı müqaviləsi bağlanır; əks halda isə - yəni o (tələbkar), üzərinə həbs qoyulmuş borcluya məxsus əmlakı almaqdan imtina etdikdə, imtina edilən gündən üç ay müddətində əmlak hərrac yolu ilə satılmalıdır. Əmlak satılmadıqda, təkrarən tələbkara təklif olunur, bu dəfə də imtina edildikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Kollegiya həmçinin qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Həmin Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan RespublikasınınMülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Lakin buna baxmayaraq, müvafiq əmlaka borc tələbinin yönəldilməsi ilə bağlı qeyd edilən icra vərəqəsində heç bir qeyd öz əksini tapmamışdır. Müvafiq icra vərəqəsindən də göründüyü kimi məhkəmə tərəfindən müəyyən edilmiş borc məbləğinin cavabdeh şəxslərdən tutulması müəyyən edilmişdir. Qeyd edilən borc məbləğinin cavabdehlərdən hansısa birinin mülkiyyətində olan əmlaka yönəldilməsi müvafiq icra vərəqəsində öz əksini tapmamışdır. Buradan da görünür ki, icra vərəqəsi üzrə nəzərdə tutulmayan əmlaka borc məbləğinin yönəldilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon İcra və probasiya Şöbəsinin böyük icra məmuru Azər Heydərov tərəfindən əsassız və qanunsuz sifariş məktubu verilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3007-ci məhəllə, Tbilisi prospekti, 44C ünvanda yerləşən yaşayış binası “xxxxxxxxx” Mənzil-Tikinti Kooperativinə məxsusdur, İddiaçı qeyd edilən binanın B girişi, 13-cü mərtəbə, 112 nömrəli mənzildə 2008-ci ildən ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. Qeyd edilən bina dövlət qeydiyyatından keçməmiş və həmin mənzilə dair İddiaçı tərəfindən mülkiyyət hüququ əldə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; həmin məcəllənin 416.2-ci maddəsinə görə isə, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Kollegiya apellyatorların məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir; belə ki, iş materiallarından onun məhkəməyə məlum olan ünvanına bildirişlər göndərildiyi aydın olur - məhkəməyə məlum olan ünvanda yaşamaması səbəbindən məhkəmə prosesi barədə məlumat əldə etməməsinin məsuliyyətini isə cavabdeh özü daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinə görə ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-786/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4868/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4868/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver