Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4874/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş (Açar sözlər: «elektrik enerjisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçılar İddiaçı1, Mahmudov X4 Elşən Mansur oğlu və İddiaçı4 nümayəndəsi və vəkili, İddiaçı2 isə vəkili Vəkil və cavabdeh "xxxx" ASC-nin nümayəndələri X1, X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1415/2024 saylı, 13 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. "xxxx" MTK tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışda göstərilir ki, İddiaçı1, İddiaçı2, Mahmudov X4 Elşən Mansur oğlu və İddiaçı4 Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 112 saylı binada yaşayırlar.
2. "xxxx" ASC tərəfindən verilmiş hesab ödəniş vərəqinə görə "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixə 39783,35 manat borcu vardır
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə "xxxx" ASCnin üzərinə "xxxx" MTK-ya hesablanmış 47941 manat məbləğində borcun silinməsi vəzifəsi qoyulmuşdur.
4. Həmin kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, "xxxx" MTK-ya hesablanmış 8517.25 manat borcun silinməsi vəzifəsi "xxxx" ASC-nin üzərinə qoyulmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçılar İddiaçı1, İddiaçı2, Mahmudov X4 Elşən Mansur oğlu və İddiaçı4 cavabdeh "xxxx" ASC-yə qarşı istehlakçıların hüquqlarının müdafiəsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 112 saylı binaya gələn içməli suyun verlişini təmin edən elektrik enerjisi ilə işləyən mühərrikin və binanın liftinin hərəkətini təmin edən elektrik enerjisinin fasiləsiz və dayanıqlı verilməsinin təmin edilməsi öhdəliyinin “Azərişıq"' Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Tələbdə göstərilir ki, iddiaçılar Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 112 saylı çoxmərtəbəli binanın sakinləridirlər və həmin binada yaşayırlar. Kommunal xidmətlərdən, o cümlədən elektrik enerjisindən istifadəyə görə aidiyyəti qurumlara, həmçinin, "xxxx" ASCyə və onun yerli qurumu olan Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinə heç bir borcları yoxdur. Lakin mütəmadi olaraq (sonuncu dəfə xx.xx.2023-cü il tarixdə) cavabdeh "xxxx" ASC və onun yerli qurumu olan Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən binaya gələn içməli suyun binaya verlişini təmin edən elektrik enerjisi ilə işləyən mühərrikin və binanın liftinin hərəkətini təmin edən elektrik enerjisi qanunsuz olaraq dayandırırlar. Nəticədə, cavabdehlər bina sakinlərini içməli sudan və liftdən istifadədən məhrum edilirlər. Hər bir sakinin evində yaşlı, xəstə insanlar var, azyaşlı uşaqlar var, məktəbə gedənlər var, insanlar işə gedirlər. Cavabdeh tərəfindən elektrik enerjisinin qanunsuz kəsilməsi liftin hərəkətinin və içməli suyun dayandırılmasına səbəb olur. Binada fəlakətli vəziyyət yaranır, bina sakinləri fəlakətli vəziyyətdən ciddi ziyan çəkirlər. İçməli su dayandırıldığından sakinlər hər gün su ehtiyaclarını qarşılamaq üçün əlavə nə qədər xərc çəkərək su almalı olurlar. Bu qanunsuz hərəkətlər cavabdeh tərəfindən dəfələrlədir ki, təkrarlanır, mütəmadi xarakter daşıyır, cavabdehin bu cür hərəkətləri istehlakçı kimi onların hüquqlarını pozur. Bina sakinlərindən heç kəsin cavabdehlərə borcu yoxdur, elektrik enerjisindən istifadəyə görə aylıq ödənişlərini edirlər. Cavabdehin bu cür qanunsuz hərəkətlər etməsinin səbəbi isə odur ki, "xxxx" ASC ilə yaşadıqları binanı vaxtilə inşa etmiş üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi arasında 6-7 il əvvələ olan borc münasibətidir. "xxxx" MTK özü fəaliyyətini dayandırıb, binanın su mühərriki və lifti isə "xxxx" MTK-nın balansında qalıb, həmin su mühərrikindən və liftdən "xxxx" MTK istifadə etmir, onlardan bina sakinləri istifadə edir, "xxxx" ASC "xxxx" MTK-ya xeyli məbləğdə əsası olmayan, yəni sayğacla hesablanmayan borc yazmışdır. Ona görə də onların arasında köhnə borcla bağlı hazırda da məhkəmə çəkişmələri davam edir. Su mühərriki və liftdən onlar bina sakinləri istifadə edir, istifadə nəticəsində təbii ki, elektrik enerjisi sərf olunur, həmin sərfiyyat "xxxx" MTK-nın adından hər ay ödənilir. "xxxx" MTK-nın hazırki dövrdə, yəni 2022-ci il, 2023-cü ilə “Azərişığ”a heç bir borcu yoxdur. Belə olan halda, yəni su mühərrikinin və liftin sərf etdiyi elektrik enerjisinin dəyərini istehlakçı kimi "xxxx" MTK-nın adından ödədiklərinə görə cavabdehlərin həmin enerjini dayandırmağa hüququ yoxdur, əksinə, cavabdehlər sözügedən mühərrikə və liftə gələn enerjinin davamlı təmin edilməsinə görə cavabdehlik daşıyırlar, bu onların öhdəliyidir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1415/2024 saylı, 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbinin təmin edilərək "xxxx" ASC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi 112 saylı binaya gələn içməli suyun verilməsini təmin edən mühərrikə və binanın liftinə elektrik enerjisinin fasiləsiz və dayanıqlı verilməsi öhdəliyinin qoyulması; "xxxx" ASC-dən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, "xxxx" ASC ilə "xxxx" MTK arasında mövcud münasibətlər hazırki iddianın predmeti olmamaqla, bu mübahisə üçüncü şəxslərin mənafeyinə ziyan gətirməməlidir. Belə ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Hər bir şəxs öz ehtiyaclarını təmin etmək üçün su istehlak etmək hüququna malikdir. Bu hüququnun məhdudlaşdırılması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb ola bilər. Cavabdeh binaya elektrik enerjisinin verilməsini dayandırmaqla sakinlərin içməli su ilə təmin edilməsinə maneə yaratmış, onların təbii ehtiyaclarını qarşılamalarında çətiklik törətmişdir. Eyni zamanda yaşayış binasının sərnişin lifti birdən çox sərnişinin daşınmasına xidmət etməklə eyni zamanda yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə (istifadəçilərinə, sakinlərinə və s.) mənsubdur. Elektrik enerjisinin kəsilməsi liftdən istifadə edən şəxslərin yaşayış binasının pilləkənlərini piyada qalxmalarına məcbur edilmələri deməkdir. Lift hər bir şəxsin mənzilinə rahat şəkildə qalxmasına xidmət edir. Kifayət qədər əsas və zərurət olmadan hər hansı bir şəxsin onun zəruri ehtiyaclarını ödəməyə xidmət edən vasitədən məhrum edilməsi isə yolverilməzdir. İş materiallarında da göründüyü kimi, sakinlər tərəflərindən binaya su təmin edən müəhərrikin və liftin istifadəsinə görə enerji sərfiyatına dair ödənişlər edirlər.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə tam təmin edilməməsini xahiş edib şikayətində göstərib ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndinə əsasən, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. “Təbii inhisar subyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 19 iyul 2003-cü il tarixli 189 saylı tarixli qərarına əsasən "xxxx" ASC təbii inhisar subyektlərinin sırasında yer almışdır. Hazırki iş üzrə cavabdeh "xxxx" ASC təbii inhisar subyekti hesab edildiyindən və iddia tələbi (elektrik enerjisinin fasiləsiz və dayanmadan verilməsinin təmin edilməsi öhdəliyinin cavbdehin üzərinə qoyulması) "xxxx" ASC-nin, yəni təbii inhisar subyektinin hərəkət və ya hərəkətsizliyindən irəli gələn tələb olduğu üçün hazırki işə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmə tərəfindən baxılmalıdır. Tərəfindən qeyd olunanlarla bağlı məhkəməyə ərizə verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi bu hallara düzgün hüquqi qiymət verməmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MTK-ya ünvanlanan xəbərdarlıqdan və abunə haqqında məlumatdan görünür ki, MTK-nın istifadə edilmiş elektrik enerjisinin sərfiyyatına görə 39483 manat məbləğində debitor borcu vardır və məhz həmin borca əsasən binaya elektrik enerjisinin verilməsi dayandırılmışdır. Enerjinin alqı-satqısına dair müqavilə üzrə abonentin "xxxx" MTK olmasını, həmçinin elektrik enerjisinin məhz MTK tərəfindən yaranmış borca görə kəsilməsini nəzərə aldıqda, hazırki iddia tələbini, yəni elektrik enerjisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürməyə subyektiv hüququ olan şəxs iddiaçılar yox, "xxxx" MTK olmalıdır. Qeyd olunanlara əsasən hesab edirik ki, hazırki iş üzrə iddiaçıların iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüquqa malik omadığına görə iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməli idi. Lakin məhkəmə istinad etdiyi maddi hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 və X5 ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv edilib iddianın təmin edilməməsini xahiş etdilər.
11. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, Mahmudov X4 Elşən Mansur oğlu və İddiaçı4 nümayəndəsi və vəkili, İddiaçı2 isə vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 17.1. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”
Bənd 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar. Bənd 8.20. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır. Bənd 8.25. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyaclan və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizatı müəssisəsi ilə hesablaşır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi(obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğudan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
22. Birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir. Belə ki, apellyasiya baxışı zamanı da müəyyən edildi ki, iddiaçılar çoxmənzilli yaşayış binasının sakinləri olduğundan hazırkı iddianı da istehlakçı olaraq irəli sürmüşlər.
23. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, cavabdeh "xxxx" ASC təbii inhisar subyekti olsa da iddia tələbi (elektrik enerjisinin fasiləsiz və dayanmadan verilməsinin təmin edilməsi öhdəliyinin cavbdehin üzərinə qoyulması) onun hərəkət və ya hərəkətsizliyindən irəli gələn tələb olduğu üçün hazırki işə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmə tərəfindən baxıla bilməz. Əvvəla ona görə ki, hazırkı tələb istehlakçı hüquqlarının pozulması ilə bağlı irəli sürülüb və tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallarla əlaqədar olmuşdur. Bununla yanaşı, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndinə 9 oktyabr 2024-cü ildə edilmiş dəyişikliyə əsasən həmin bəndin üçüncü abzasında göstərilib ki,... Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülkihüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, hazırkı mübahisə də mülki-hüquqi xarakter daşımasına baxmayaraq Ali məhkəmənin Plenumunun adı çəkilən Qərarının 14-cü bəndinə yeni məzmunda dəyişiklik edilməsi də bu cür iddialar üzrə məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə faktiki olaraq son qoydu. Ona görə də apellyasiya şikayətinin bu dəlilinin də əhəmiyyəti qalmadı.
24. Apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd olunur ki, "xxxx" MTK-nın "xxxx" ASC-yə istifadə edilmiş elektrik enerjisinin sərfiyyatına görə 39483 manat məbləğində debitor borcu olması həqiqi olsa belə məhz həmin borca əsasən binaya elektrik enerjisinin verilməsi dayandırıla bilməzdi. Əvvəla ona görə ki, "xxxx" MTK ilə "xxxx" ASC arasında kommersiya mübahiəsi olmuş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-2(103)-988/2021 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-80/2020 saylı qətnaməsi qismən ləğv edilmiş, "xxxx" MTK-ya hesablanmış 8517.25 manat borcun silinməsi vəzifəsi "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Baxmayaraq hazırkı iddianın və icraatın predmetinə aid deyil qanuni qüvvəyə minmiş məhkəmə aktlarında "xxxx" MTK-nın "xxxx" ASC-yə 39483 manat məbləğində debitor borcu olması müəyyən edilməmişdir.
25. Enerjinin alqı-satqısına dair müqavilə üzrə abonentin "xxxx" MTK olması da elektrik enerjisinin məhz MTK tərəfindən yaranmış borca görə kəsilməsi üçün əsas olmamalı idi. Çünki "xxxx" MTK abonent kimi qeyd olunsa da faktiki olaraq elektrik enerjisi iddiaçılar və digər bina sakinləri tərəfindən iddiada göstərilən məqsədlər üçün istehlak olunur. Buna görə də hazırki iddia tələbini, yəni elektrik enerjisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürməyə subyektiv hüququ olan şəxs(lər)in sırasında iddiaçıların da olması düzgün olmuşdur. Ən azından Mülki Məcəllənin 227.1 və Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən liftlər,... binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq (çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olduğuna görə də iddiaçıların hazırkı iddianı irəli sürməyə subyektiv hüquqları olmuşdur. Əks halda çoxmənzilli yüksək mərtəbəli binada lifti hərəkətə gətirən və suyun verilməsini təmin edən elektrik enerjisi olmadan iddiaçıların və digər bina sakinlərinin yaşamalarının davam etməsi mümkünsüz hala düşər. Ona görə də bu iddia üzrə iddiaçıların subyektiv hüquqlarının olmaması barədə dəlillər də əsassız olmuşdur.
26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1415/2024 saylı, 13 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1415/2024 saylı, 13 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.