Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4875/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X13, X14, X9 və və Bakı şəhəri 19 saylı notariat ofisi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: miras əmlakda payın müəyyən olunması X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X8 və X10 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X13, X14, X9 və Bakı şəhəri 19 saylı notariat ofisi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “miras əmlakda payın müəyyən olunması” tələbinə dair iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-2840/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X11 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 21 saylı evin, 16 saylı mənzili X6 mülkiyyətindədir. İddiaçı, X13, X14, X9 və Cavabdeh onun övladlarıdır. İddiaçı (bundan sonra iddiaçı) xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 21 saylı evin 16 saylı mənzilinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin miras qoyanın adına hər hansı daşınar və ya daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, habelə vərəsələr arasında mübahisə olduğundan xx.xx.2024-cü il tarixdə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia, sonradan Bakı şəhəri 19 saylı notariat ofisini də mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə iddia tələbinə əlavə barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X5 miras qalmış Bakı şəhəri, Mirəli Seyidov küçəsində yerləşən 21 saylı evin, 16 saylı mənzilindən payının müəyyən olunmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini işin faktiki halları ilə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, atasının ölümündən sonra bu hadisə ilə bağlı təşkil edilmiş 3, 7, 40 və il mərasimlərində iştirak etmiş, atasından miras qalmış əmlakın bir hissəsini faktiki olaraq qəbul etmiş və istifadə etmişdir. Cavabdeh atasından miras qalmış mənzildən istifadə etməyə imkan vermir. Həmin miras əmlaka dair o, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Bakı şəhəri 19 saylı notariat ofisinə müraciət etmişdir. Lakin, Bakı şəhəri 19 saylı xüsusi notariusu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla vərəsələr arasında mübahisə olduğundan ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur.
4. Cavabdeh iddiaya qarşı iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı 12 ilə yaxın müddət keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının atası xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. O zamandan iddiaçı mirası faktiki və ya notariat orqanına ərizə verməklə qəbul etməmişdir. Onun iddia ərizəsində göstərdikəri isə həqiqət deyil və hər hansı sübuta da söykənmir. Bunun əksinə olaraq o, miras əmlakı faktiki qəbul edərək atasının ölümündən sonra həmin əmlaka sahiblik etmiş, bu əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Beləliklə də, iddiaçı vərəsə kimi qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməyə yönələn heç bir hərəkət etməmiş, bununla müddəti ötürmüşdür. Göstərilənləri nəzərə alaraq iddia ərizəsi üzrə iddia müddətinin tətbiq olunmasını və iddiadan rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Bundan sonra X13, X14 və X9 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdilər.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 2840/2025 saylı qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim: X12).
7. Məhkəmə iddia tələbini rədd edərkən qeyd etmişdir ki, İddiaçı atası X11 xx.xx.2013-cü il tarixdə vəfat etdikdən sonra onun heç bir övladı qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat ofisinə müraciət etməmiş və faktiki olaraq müddəti ötürmüşlər. Belə ki, iddiaçı yalnız xx.xx.2024-cü il tarixdə notariat ofisinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində atasından qalan əmək alətlərinin onda olmasını əsas gətirərək mirasın bir hissəsini qəbul etdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, fotoşəkilləri elektron sistemə əlavə edilmiş alətlərin mərhuma məxsus olması, eləcə də mərhuma aid olsa belə, həmin əşyaların miras əmlak olması iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. Belə ki, əşyanın miras əmlak olması üçün ölümündən sonra iddiaçı tərəfindən qəbulu müəyyən edilməlidir. Belə ki, həmin əşyalar mərhumun sağlığında iddiaçıya verilmiş ola da bilərdi. İddiaçı bu barədə sübutetməni həyata keçirə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, İddiaçı miras üçün müəyyən edilmiş müddət ərzində notariat qaydasında rəsmiləşdirilməsi üçün müraciət etməmiş və bununla da həmin müddəti ötürülmüş sayılır. Eləcə də mirası faktiki olaraq qəbul etməmişdir.
8. Məhkəmə tərəflərin izahatlarına və şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, iddiaçı atasının ölümündən qabaq evlənib evdən daimi çıxıb getmişdir. Cavabdeh atasının vəfatından əvvəl və vəfat etdiyi gündən sonra bugünədək mübahisəli mənzildə yaşadığından o miras əmlaka şəksiz sahiblik etmiş, faktiki olaraq mirası qəbul etmiş və istifadə etmişdir. İddiaçı tərəfdən çıxış edən şahidlər mərhumun vəfatından sonra iddiaçının daimi orada yaşaması ilə bağlı dəqiq məlumat verə bilməmişlər. Hətta atasının vəfatından sonra şahidin iddiaçının həmin mənzildən çıxıb bir neçə dəfə işə getdiyini görməsi - daimi olaraq onun həmin mənzilə sahiblik etməsi və faktiki olaraq mirası qəbul etməsi anlamına gəlmir. Əmlaka daimi olaraq sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras qəbul edilmiş sayılır.
9. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, vərəsəlik münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarından əvvələ aid edildiyindən və həmin müddətdə iş məhkəmənin icraatında olmadığından, sözügedən qərar hazırki işə şamil edilməməlidir.
10. Məhkəmə hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü, 1145-ci, 1151-ci, 1159-cu, 1243-cü, 1246-1248-ci, 1255-ci, Azərbaycan Respublikası Prosessual Mülki Məcəllənin 14.2-ci, 77.1-ci, 119-cu maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və ödənilmiş dövlət rüsumlarının, habelə vəkil xərclərinin cavabdehdən alınıb ona verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apelyasiya şikayətini iddia tələbinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, atasının xalça və məişşət əşyalarından başqa mirası yoxdur. O, atası rəhmətə getdiyi vaxtdan 2015-ci ilədək miras qalmış evdə yaşamış, onun yoldaşı isə 2013-cü ildən anasıgildə qalırdı. 2015-ci ildə həyat yoldaşı ilə qardaşı arasında mübahisə olduğuna görə o, müvəqqəti olaraq miras qalmış evdən çıxıb kirayədə yaşamağa başlamışdır. Ailəsi kirayədə yaşasa da, o, atasının evində tək yaşamışdır. Atası vəfat edən günü o işi ilə əlaqədar rayonda idi. O evdə yaşadığı dövrdə evin müəyyən xərclərini də ödəyirdi. İndiyədək iddia qaldırmamağının səbəbi qardaşının ona hədə-qorxu gəlməsi olmuşdur. O, şahid ifadələri ilə tam subut etmişdir ki, miras əmlakdan atasıın vəfatından sonra mənzildən 2 ildən çox bir zaman ərzində istifadə etmişdir. Lakin digər vərəsi olan cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin mənzili müvəqqəti tərk etməli olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.
15. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X14 apellyasiya şikayətini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, sonuncu olaraq mübahisəli mənzildən ailə quraraq o, çıxmışdır. Atasının yas mərasimi vaxtı evə qayıtmışdır. Həmin vaxt da mənzildə bacısı və onun övladları yaşayırdı. Ümumiyyətlə atası vəfat etdikdən sonra mübahisəli mənzildə daimi əsaslarla bacısı və onun övladları yaşayıbdır. Atası da vəfat etməzdən öncə ona bildirmişdi ki, mənzil bacısının və onun uşaqlarınındır.
17. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 apellyasiya şikayətini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisəli mənzil bacısına məxsusdur. Həmin mənzildə daim bacısı yaşayıbdır. Həmin mənzildən iddiaçıya heç bir pay düşmür. Onların arasında pay bölgüsü ilə bağlı ümumiyyətlə hər hansı danışıq aparılmamışdır. Bu barədə iddiaçı tərəfin bildirdiyi fikirlər həqiqəti əks etdirmir. Mərhum atası həmin mənzili sağlığında bacısına vermişdir.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X9 məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri 19 saylı notariat ofisi isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə kollegiyası işə qeyd edilən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; əvvəlki redaksiyada 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; əvvəlki redaksiyada 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; mübahisəli münasibətlər yaranan vaxt qüvvədə olan 1246-cı maddəyə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; mübahisəli münasibətlər yaranan vaxt qüvvədə olan 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər;
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırda apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak etmiş tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan apellyasiya şikayətinin hər hansı formada təmin edilməsinə və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın tam və ya qismən təmin edilməsinə hər hansı əsas yoxdur.
26. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçının atası X11 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 21 saylı evin, 16 saylı mənzili X6 mülkiyyətində olmuşdur. X2 iddiaçı da daxil olmaqla 5 övladı var. Hazırda iddiaçı mərhum atasından həmin mənzilin və əmək alətlərinin miras qaldığını, atasından miras qalmış əmək alətlərinə faktiki sahiblik etdiyini, miras əmlakın bir hissəsinə faktiki sahiblik etdiyindən mənzilə münasibətdə də atasının vərəsəsi kimi pay hüququnun tanınmasını tələb edir. Cavabdeh isə iddianın əsassız olduğunu və ümumiyyətlə hazırki tələblə çıxış etmək üçün iddiaçının müddəti ötürdüyünü bildirir və iddianın rədd edilməsini xahiş edir.
27. Məhkəmə kollegiyası bu baxımdan xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının atası xx.xx.2013-cü il tarixdə vəfat etsə də, vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı mərhumun vərəsələri tərəfindən qanunvericilikdə müəyyən edilmiş müddət ərzində notariat ofisə müraciət edilməmişdir. Belə ki, iddiaçı hazırki mübahisə predmetini təşkil edən mənzillə bağlı yalnız xx.xx.2024-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, miras qoyanın adına hər hansı daşınar və ya daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, vərəsələr arasında mübahisə olduğundan xx.xx.2024-cü il tarixdə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı miras əmlakın qəbulu və vərəsəlik şəhadətnaməsinin təqdim edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Digər tərəfdən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarında sərgilənmiş hüquqi mövqelər hazırki mübahisəyə şamil oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə tətbiq oluna biləcəyi mövqeyindən çıxış etmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı atasından miras qalmış mənzili faktiki qəbul etdiyini bildirsə də, bu halı təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, şahid ifadələri də iddiaçının miras əmlaka faktiki sahibliyini təsdiq etmir. Nəticə etibarı ilə nikaha daxil olduqdan sonra iddiaçının mübahisəli mənzildə yaşamasını təsdiq edən hər hansı sübut mövcud deyil. Bununla yanaşı, iddiaçı özü də apellyasiya şikayətində yoldaşı ilə qardaşının münasibətlərinin gərgin olması səbəbindən mübahisəli mənzildən çıxıb kirayə əsaslarla başqa ünvanda yaşadığını bildirmişdir. Halbuki, 2013-cü ildən anasının evində qalan və iddiaçıdan ayrı yaşayan həyat yoldaşının iddiaçının qardaşı ilə hansı şəraitdə mübahisə etməsi, habelə nikahları pozulmadığı və münasibətlərinin həmin vaxtdan bugünədək normal olduğu (uşaqları da var) bir halda, iddiaçı ilə onun həyat yoldaşının 2013-2015-ci illərdə ayrı-ayrı ünvanlarda yaşaması və yalnız 2015-ci ildə kirayə əsaslarla bir yerdə yaşamağa davam etməsi anlaşılmazdır və heç bir halda inandırıcı hesab edilə bilməz. İddiaçının bu fikirləri bilavasitə miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi təəssüratının yaradılmasına yönəlmişdir. Hər bir halda, 2013-cü ildə mirası faktiki qəbul etmiş və kirayədə yaşamaq məcburiyyətində qalmış iddiaçı, mirasdan pay əldə etmək üçün 11 il gözləmiş olmazdı.
30. Məhkəmə kollegiyası əmək alətlərinin atasından miras qalmış əmlak kimi faktiki qəbul edilməsi ilə bağlı iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı bunun təsdiqi kimi fotoşəkillər təqdim etmiş olsa da, əmək alətlərinin mərhuma məxsusluğu və ondan miras qalması da öz təsdiqini tapmır. Bundan başqa, mərhumun digər vərəsəsi iddiaçının qardaşı X14 həmin fotoşəkildəki alətlərin atasına məxsus alətlərə bənzəmədiyini bildirmişdir. Bununla belə iddiaçının qardaşlarının ona qərəzli münasibəti olduğundan bu mövqedən çıxış etməsinə dair dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı üçüncü şəxslərin qardaşı, cavabdehin isə bacılarıdır və üçüncü şəxslər hazırda həmin mənzildə yaşamırlar. Başqa sözlə, hər iki tərəf qan bağı olaraq üçüncü şəxslərə eyni yaxınlıqda olduğundan və hazırki mübahisəli əmlakla bağlı tələbləri olmadığından iddiaçının bu qəbildən dəlilləri də əsassız hesab edilməlidir.
31. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 2840/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.