Məhkəmə qərarları › İş №2(103)-4881/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4881/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4881/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bank "xxxx" ASC və “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs cəlb edilməklə Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin həyata keçirilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin həyata keçirilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi İsmailova Leilinin iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2350/2024 nömrəli 11 iyun 2024cü il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan xx.xx.2020-ci il tarixli MİDA-392/20 nömrəli Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan Bank "xxxx" ASC, alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu və satıcı "xxxx" MMC arasında üç tərəfli müqavilə bağlanmışdır.

2. İş materiallarında olan xx.xx.2020-ci il tarixli MİDA-392/20 nömrəli Kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC tərəfindən Həsənov Rövşən Mais oğluna illik 4% dərəcəsi ilə 168 ay müddətinə 26900 manat məbləğində ipoteka krediti verilmişdir. Kredit müqaviləsinə əlavə (ödəniş qrafiki) müqviləyə əlavə edilmişdir.

3. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Sığorta şəhadətnaməsinə əsasən müəyyən edilir ki, sığortalı/sığorta olunan Həsənov Rövşən Mais oğlu ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında MLİ-BTB-M-0000544 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsinə əsasən, sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində sığorta olunanın, yəni Həsənov Rövşən Mais oğlunun ölməsi, xəstəli və ya bədbəxt hadisə nəticəsində müvafiq dərəcədə əlilliyin təyin edilməsi hallarından sığortalanması nəzərdə tutulmuşdur. Sığorta məbləği olaraq sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 26900 manat təşkil edir.

4. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, İddiaçı1 və Həsənli X2 Rövşən Mais oğlunun vərəsələridirlər və miras əmlakı ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzildən ½ hissədə pay almışlar.

5. İş materiallarına əlavə edilmiş çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 Həsənov Rövşən Mais oğlunun mülkiyyətində olmuşdur. İş materiallarına əlavə edilmiş sığortalı/sığorta olunan Həsənov Rövşən Mais oğlu tərəfindən imzalanmış Həyat sığortası üzrə ərizə formasına 1 saylı Əlavənin (Tibbi məlumat) 1-ci hissəsinin “a” bəndinə əsasən müəyyən edilir ki, sığortalı ürək xəstəliyi və (və ya) ürəyin fəaliyyətinin pozulması, yüksək arterial təzyiq, qan damarlarının xəstəlikləri, qan dövranının pozulması, insult xəstəliyindən əziyyət çəkmir.

6. İş materiallarına əlavə edilmiş sığortalı/sığorta olunan Həsənov Rövşən Mais oğlu tərəfindən imzalanmış ərizəyə əsasən müəyyən edilir ki, ........ tibbi müayinədən keçmədiyinə görə və ya yanlış və natamam məlumatların təqdim olunması, həmçinin məlumatları təqdim etməkdən imtina, baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas ola bilər.

7. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ölüm haqqında tibbi şəhadətnamənin 1-ci hissəsinin “a” bəndinə əsasən müəyyən edilir ki, Həsənov Rövşən Mais oğlunun ölümünün səbəbi “beyindaxili beyin kötüyünə qansızma” (1 saat), əvvəlcə mövcud olan səbəb isə “essensial (birincili) hipertenziya” (15 il) çıxış edir. Lakin, müəyyən edilir ki, müvafiq şəhadətnaməyə səlahiyyətli qurum tərəfindən düzəliş edilmiş və əvvəlcə mövcud olan səbəb isə “essensial (birincili) hipertenziya” (15 il) 5 gün ilə əvəz edilmiş və bu barədə vizual gözlə görülən müvafiq texniki düzəliş aparılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bank "xxxx" ASC və “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs cəlb edilməklə Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə ipoteka saxlayan Bank "xxxx" ASC, alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu və satıcı "xxxx" MMC arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilədə mənzilin satış qiyməti 29949 manat vəsaitin 3049 manat hissəsi alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu tərəfindən, 26900 manat hissəsi isə illik 4% dərəcəsi ilə 168 ay müddətinə kreditor-ipoteka saxlayan Bank "xxxx" ASC və alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli MİDA-392/2020 nömrəli kredit müqaviləsinə əsasən kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmişdir. xx.xx.2020-ci il tarixdə sığortalı/sığorta olunan Həsənov Rövşən Mais oğlu ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında MLİ-BTB-M-0000544 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsi bağlanaraq sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində sığorta olunanın, yəni Həsənov Rövşən Mais oğlunun ölməsi, xəstəli və ya bədbəxt hadisə nəticəsində müvafiq dərəcədə əlilliyin təyin edilməsi hallarından sığortalanması nəzərdə tutulmuşdur. Sığorta məbləği olaraq sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 26900 manat təşkil edir. Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, Həsənov Rövşən Mais oğlu xx.xx.2021-ci il tarixdə “beyindaxili beyin kötüyünə qansızma” səbəbindən vəfat etmişdir. Göyçay rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-202 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı1 və Həsənli X2 Rövşən Mais oğlunun vərəsələridirlər və miras əmlakı ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzildən ½ hissədə pay almışlar. Həsənov Rövşən Mais oğlunun vəfat etməsinə və nəticədə sığorta müqaviləsi sığorta hadisəsinin baş verməsinə baxmayaraq Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən iddiaçılara münasibətdə sığorta ödənişi həyata keçirilməmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2350/2024 nömrəli 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddianın təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 911.2, 924.1, 935.1.6, 935.1.8-ci maddələrinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və Qaydaları”nın 5.3-cü bəndinə, “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 2.0.11, 4.3-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.2-ci maddəsinə əsasən, bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Bu maddənin tələbindən də göründüyü kimi, iş üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin sığortalıya müvafiq sığorta müqaviləsi əsasında üzərinə götürdüyü sığorta ödənişinin ödənilməsinə dair öhdəliyini icra etməkdən imtina etdiyi zaman gətirdiyi səbəb qanuni səbəb ola bilməz. Birinci instansiya məhkəməsi qətnaməsində yanlış mövqeyə gələrək göstərmişdir ki,“... Beləliklə, araşdırma nəticəsində müəyyən olunur ki, sığortalı Həsənov Rövşən Mais oğlu sığorta müqaviləsi bağlanarkən ürək-damar xəstəliklərindən əziyyət çəkdiyini sığortaçıya bəyan etməmiş, nəticədə isə məhz ürək-damar xəstəliyindən vəfat etmişdir”. Birinci instansiya məhkəməsinin hansı hüquqi əsasa görə və hansı mötəbər sübutlar əsasında məhz sığorta müqaviləsi bağlanarkən sığortalı Həsənov Rövşən Mais oğlunun ürək-damar xəstəliklərindən əziyyət çəkdiyini müəyyən etməsi şübhə doğurur. Ümumiyyətlə, mövcud iddia tələbi ilə bağlı işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan hər hansı bir halın araşdırılması istiqamətində demək olar ki, tədqiqat aparılmayıb. O cümlədən tərəfimizdən məhkəməyə “2(004)-2350/2024 saylı mülki iş üzrə üçüncü şəxs “Göyçay rayon Mərkəzi X əstəxanası” PHŞ-nə müvafiq məhkəmə sorğusu göndərməklə “Göyçay rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən 14 oktyabr 2021-ci il tarixində vəfat etmiş xx.xx.1969-cu il təvəllüdlü Həsənov Rövşən Mais oğlunun ölüm səbəbinin aydınlaşdırılması məqsədilə beyindaxili beyin kötüyünə qansızmaya səbəb olmuş xəstəliklər (olduğu halda), mərhumun ölüm tarixinədək keçirtdiyi xəstəliklər və buna səbəb olmuş hallar barədə, ölüm tarixinədək hansı xəstəlik və ya xəstəliklərin mərhum Həsənov Rövşən Mais oğlunda aşkar edildiyi, Həsənov Rövşən Mais oğlu tərəfindən həmin xəstəliklərlə bağlı məhz hansı tarixlərdə “Göyçay rayon Mərkəzi X əstəxanası” PHŞ-nə rəsmi qaydada müraciət edildiyi, aşkar edilmiş xəstəlik və ya xəstəliklər üzrə Həsənov Rövşən Mais oğlunun hansı tarixlərdə müayinə və ya müalicə edildiyi barədə ətraflı Arayışın, o cümlədən sadalanan halları təsdiq edən məlumatlarla bağlı mərkəzi xəstəxanada saxlanılan arxiv sənədlərinin məhkəməyə təqdim edilməsinin təmin edilməsi” barədə təqdim etdiyimiz vəsatət də hər hansı bir formada əsaslandırılmadan təmin edilməmişdir. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər hüquqi əsaslar və faktlar olmadan tərəflər arasında sığorta müqaviləsindən irəli gəlmiş mülki mübahisəyə yanlış olaraq Mülki Məcəllənin 935.1.6 və 935.1.8-ci maddələrini tətbiq etməkdə haqlı olmaması nəticədə sığortalı Həsənov Rövşən Mais oğlunun hüquqi varislərini/qanun üzrə vərəsələrini (iş üzrə iddiaçıları) Cavabdeh Sığorta Şirkəti ASC-dən müvafiq sığorta ödənişini almaq hüququndan məhrum etmişdir. İş üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin sığortalıya sığorta ödənişinin ödənilməsindən imtina etməsinin yeganə səbəbi kimi istinad etdiyi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Göyçay rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamədə əvvəlcə 15 il, sonradan baş vermiş texniki səhvin düzəldilərək 5 gün göstərilməsinə dair qeydinə əsaslanaraq, məhz bu əsasla sığorta müqaviləsi üzrə əsas öhdəliyi olan sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin sığortalıya ödənilməsindən imtinası mülki qanunvericiliyin və sığorta haqqında qanunun tələblərinə zidd olmaqla, həmin imtina qanuni və əsaslı sayıla bilməz. Əlavə olaraq bildirək ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Göyçay rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən cavabdehə onun müraciəti əsasında təqdim edilmiş məktublarda və eləcə də publik hüquqi şəxsin nümayəndəsinin xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə baxış iclası zamanı verdiyi izahatında PHŞ tərəfindən sığortalının adına verilmiş ölüm haqqında tibbi şəhadətnamədə 15 il deyil, əslində 5 gün göstərilməli olduğunu bir daha təsdiq etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İsmailova Leili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bank "xxxx" ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Bank "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19. 911.2-ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.

20. 924.1-ci maddəsinə əsasən, sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir.

21. 935.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.

22. 935.1.8-ci maddəsinə əsasən, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 218.3 hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2350/2024 nömrəli 11 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Mülki işin mübahisəsiz hallarına əsasən, “xx.xx.2020-ci il tarixdə ipoteka saxlayan Bank "xxxx" ASC, alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu və satıcı "xxxx" MMC arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilədə mənzilin satış qiyməti 29949 manat vəsaitin 3049 manat hissəsi alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu tərəfindən, 26900 manat hissəsi isə illik 4% dərəcəsi ilə 168 ay müddətinə kreditor-ipoteka saxlayan Bank "xxxx" ASC və alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli MİDA-392/2020 nömrəli kredit müqaviləsinə əsasən kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmişdir. xx.xx.2020-ci il tarixdə sığortalı/sığorta olunan Həsənov Rövşən Mais oğlu ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında MLİ-BTB-M-0000544 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsi bağlanaraq sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində sığorta olunanın, yəni Həsənov Rövşən Mais oğlunun ölməsi, xəstəli və ya bədbəxt hadisə nəticəsində müvafiq dərəcədə əlilliyin təyin edilməsi hallarından sığortalanması nəzərdə tutulmuşdur. Sığorta məbləği olaraq sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 26900 manat təşkil edir. Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, Həsənov Rövşən Mais oğlu xx.xx.2021-ci il tarixdə “beyindaxili beyin kötüyünə qansızma” səbəbindən vəfat etmişdir. Göyçay rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-202 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı1 və Həsənli X2 Rövşən Mais oğlunun vərəsələridirlər və miras əmlakı ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzildən ½ hissədə pay almışlar. Həsənov Rövşən Mais oğlunun vəfat etməsinə və nəticədə sığorta müqaviləsi sığorta hadisəsinin baş verməsinə baxmayaraq Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən iddiaçılara münasibətdə sığorta ödənişi həyata keçirilməmişdir”. Bu barədə müvafiq materiallar iddia ərizəsinə əlavə edilmişdir.

36. Mülki Məcəllənin 911.2-ci maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Həmin Məcəllənin 924.1-ci maddəsinə əsasən, sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir.

37. Həmin Məcəllənin 935.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.

38. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.

39. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və Qaydaları”nın 5.3-cü bəndinə əsasən tibbi şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli halları məhkəmə qaydasında müəyyən edilir.

40. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 2.0.11-ci maddəsinə əsasən sığorta hadisəsi sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

41. Həmin Qaydaların 4.3-cü maddəsinin müvafiq bəndlərinə əsasən sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda ......... xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrlə...... sığorta müqaviləsi bağlanmır.

42. Kollegiya işin araşdırılmış hallarına əsasən qeyd edir ki, sığortalı Həsənov Rövşən Mais oğlu sığorta müqaviləsi bağlanarkən ürək-damar xəstəliklərindən əziyyət çəkdiyini sığortaçıya bəyan etməmiş, nəticədə isə məhz ürək-damar xəstəliyindən vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ölüm haqqında tibbi şəhadətnamənin 1-ci hissəsinin “a” bəndinə əsasən müəyyən edilir ki, Həsənov Rövşən Mais oğlunun ölümünün səbəbi “beyindaxili beyin kötüyünə qansızma” (1 saat), əvvəlcə mövcud olan səbəb isə “essensial (birincili) hipertenziya” (15 il) çıxış edir. Lakin, müəyyən edilir ki, müvafiq şəhadətnaməyə səlahiyyətli qurum tərəfindən texniki düzəliş edilmiş və əvvəlcə mövcud olan səbəb üzrə “essensial (birincili) hipertenziya” 15 il qeydi 5 gün ilə əvəz edilmiş və bu barədə vizual gözlə görülən müvafiq texniki düzəliş aparılmışdır. Lakin, sözügedən düzəliş yuxarıda qeyd olunan normativ tələblər əsas götürülməklə yalnız məhkəmə qaydasında aparıla bilər. Həmin düzəlişin məhz sığorta ödənişinin alınması məqsədilə formal əsaslarla aparılması yüksək ehtimalını kollegiya nəzərə alır. Bu səbəbdən, cavabdeh sığortaçı tərəfindən məhz tərəflər arasında bağlanmış sığorta razılaşması şərtləri nöqteyi-nəzərdən sığorta ödənişindən imtina edilməsi əsaslı hesab edilir.

43. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia əsassızdır və təmin edilə bilməz.

44. Kollegiya həmçinin qeyd edir ki, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Həsənov Rövşən Mais oğlu barəsində müvafiq qərarını məhkəmə qaydasında (inzibati məhkəmə) mübahisələndirmək hüquqları vardır. Həmin iddia tələbinin təmin edilməsi halında hazırki iddianın perspektivi müzakirə oluna bilər.

45. Kollegiya apellyasiya şikayəti ilə bağlı hesab edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayəti formal mülahizələrdən ibarətdir.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2350/2024 nömrəli 11 iyun 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar