Məhkəmə qərarları › İş №2(103)-4888/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4888/2021

23.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4888/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, tərəflərin iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-692/2021 saylı, 09 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 Sərhad qızı Cavabdeh qarşı paylı mülkiyyətlərində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsindəki 3 saylı evin 8-ci mənzilindən cavabdehə 7500 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil Bakı şəhəri, Xətai rayonu, İ.İsmaylov küçəsində, 3 saylı, 9 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşməklə yaşayış sahəsi 30,14 kv.metr olan 2 otaqlı 8-ci mənzildən ibarətdir və məhkəməyə təqdim olunmuş 08.08.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli, ******* saylı Çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə iddiaçılara- İddiaçı4, İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsusdur. Mənzil iddiaçıların adına paylı mülkiyyət hüququ üzrə sənədləşdirilmiş və payları 1/4 hissədə müəyyənləşdirilmişdir. Cavabdeh К.A.Məmmədxanova ilə İddiaçı4 2001-ci ildə faktiki ailə qurmuş, 07.09.2004-cü il tarixdə İsmayıllı RİHB-nın Qubaxəlilli İƏB üzrə nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə münasibətlərini rəsmiləşdirmişlər. Birgə nikahdan onların 23.04.2002-ci il təvəllüdlü X4, 09.09.2004-cü il təvəllüdlü X6 və 12.03.2014-cü il təvəllüdlü X7 adlı 3 (üç) uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə iddiaçı ilə cavabdehin ailə münasibətləri tədricən pozulmuş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)- 2802/2019 saylı, 08.07.2019-cu il tarixli qətnaməsi ilə aralarında 07.09.2004-cü il tarixdə bağlanmış rəsmi nikahın pozulması, birgə nikahlarından doğulmuş X1, X2 və X3 Cavabdeh yanında qalmaları və uşaqlar yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 08.07.2019-cu il tarixdən başlayaraq İddiaçı4 cavabdehin xeyrinə hər ay hər uşaq üçün 120.00 manat olmaqla, ümumilikdə 360.00 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19.09.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı4 apellyasiya şikayəti təmin edilməmiş və Xətai rayon məhkəməsinin 08.07.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ilə cavabdehin arasında ailə münasibətlərinə xitam verildiyindən hazırda onlar ayrı yaşayırlar və bu səbəbdən iddiaçıların heç birisi mülkiyyətlərində olan mənzildən lazımınca istifadə edə bilmirlər. Birgə yaşadıqları müddət ərzində cavabdeh nə əri ilə, nə də digərləri ilə yola getməmişdir. Cavabdeh hazırda İddiaçı4 ailə üzvü olmadığından iddiaçılar hesab edirlər ki, onun həmin mənzildə onlarla bərabər yaşama haqqı yoxdur. Bu səbəbdən iddiaçılar hesab edirlər ki, cavabdeh X5 7500 manat məbləğində kompensasiya verilməklə onların paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İ.İsmaylov küçəsi, 3 saylı evin 8 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılması qərara alınmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı, iş № 2(011)-692/2021) iddia təmin edilərək Cavabdeh 7500 manat məbləğində kompensasiya verilməklə onun Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsindəki 3 saylı evin 8-ci mənzilindən istifadə hüququna xitam verilməsi, onun həmin mənzildən çıxarılması, ona kompensasiya verilməsi ilə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və çıxarılmalarının eyni vaxtda icra olunması qət edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı tərəflər aralarındakı mübahisəni barışıqla həll etdiklərini bildirərək bağlanmış barışıq sazişini məhkəməyə təqdim etmiş və onun təsdiq olunmasını, mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq olunmalı və bununla bağlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, həmin barışıq sazişi təsdiq olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı3, İddiaçı2 Sərhad qızı və Cavabdeh arasında aşağıdakı şərtlərə bağlanılmış barışıq sazişi təsdiq edilsin:

1. İddiaçılar İddiaçı4, X8, İddiaçı3 Sərdar qızı və X9 Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsindəki 3 saylı evin 8-ci mənzilinin paylı mülkiyyətçiləri kimi, həmin mənzildən istifadə hüququ olan Cavabdeh istifadə hüququnun xitamının əvəzi kimi 10 000 (on min) manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür.

2. Cavabdeh qeyd olunan mənzildən istifadə hüququnun xitamının əvəzi kimi təklif olunan 10 000 (on min) manat pulun alınmasına razıdır və həmin məbləği aldıqdan sonra mənzildən çıxmağı öhdəsinə götürür.

3. Tərəflər razılığa gəlir ki, 10 000 (on min) manat məbləğində kompensasiya ödənilməsi ilə cavabdehin mənzildən çıxarılması eyni vaxtda icra ediləcəkdir. Tərəflərə izah edilsin ki, barışıq sazişi imzalandıqdan sonra tərəflər eyni əsaslarla və eyni predmetlə bağlı bir-birinə qarşı təkrar iddia və ya tələb irəli sürə bilməzlər. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Apellyasiya şikayəti qismən təmin olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Akif İsgəndərov

Hakimlər İlham Kərimli

Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar