Məhkəmə qərarları › İş №2(103)-489/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-489/2025

09.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-489/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1na qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-489/2025 (Açar sözlər: müqavilələrin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X11 və X9 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı1, onun nümayəndəsi və vəkili X10, digər İddiaçı2, Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh5 nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1na qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-339/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 09 aprel 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1na qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh4 arasında Cavabdeh2 bağlanmış xx.xx.2015-ci il tarixli ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin tam hissədə bağışlanması müqaviləsinin, həmçinin Cavabdeh4 və Cavabdeh5 arasında Cavabdeh1 bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ № ******* saylı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin 48 kv.m hissəsinin alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və Cavabdeh3 xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.1993-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.1997-ci il təvəllüdlü İddiaçı3 Qasqay oğlu dünyaya gəlmişlər. Tərəflər nikah bağlandıqdan sonra ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini almış, ora köçmüş və birgə yaşadıqları vaxtda yaşayış sahəsinin sol hissəsini və ikinci mərtəbəsini tikdirməklə artırmalar etmişlər. Həmin artırmalar tərəflərin birgə nikah dövründə edilmiş, İddiaçı1 və Cavabdeh3 ümumi birgə mülkiyyəti olmuşdur. Daha sonra həmin yaşayış sahəsinin bütövlükdə birinci mərtəbəsi cavabdeh X6 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2007-ci il tarixdə qeydə alınsa da, həmin əmlak birgə nikah dövründə birgə gəlir hesabına tikildiyindən İddiaçı1 həmin əmlaka dair mülkiyyət hüquqları mövcuddur. Bundan əlavə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 bu günədək həmin ünvanda qeydiyyatdadırlar və faktiki olaraq yaşayırlar. Cavabdeh3 dəfələrlə yaşayış sahəsini satmaq istədiyini bildirsə də, İddiaçı1 buna razı olmamış, qəti etiraz etmişdir. Odur ki, Cavabdeh3 iddiaçıları aldatmış, iddiaçılara demədən, onların razılığını almadan, iştirakı olmadan yaşayış sahəsini özgəninkiləşdirmişdir. Belə ki, Cavabdeh3 və onun bacısı Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 84.8 kv.m (yaşayış sahəsi 59.1 kv.m, yardımçı sahəsi 25.7 kv.m) olan mənzil tam şəkildə Cavabdeh4 hədiyyə edilmişdir. Mənzilin dəyəri 200000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh4 dərhal sözügedən mənzilə dair xx.xx.2015-ci il tarixdə ******* nömrəli DƏDRX-dən Çıxarış almışdır. Daha sonra Cavabdeh4 Cavabdeh5 ilə xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlayaraq, ünvan 3 ünvanında yerləşən həmin yaşayış sahəsinin 48 kv.m hissəsini (qiyməti 60000 manat dəyərləndirilmişdir) Cavabdeh5 satmışdır. Hesab edir ki, aşağıdakılara əsasən sözügedən hər iki müqavilə bağlandığı andan etibarsız hesab edilməlidir. İlk növbədə, həmin müqavilələr iddiaçılara heç bir məlumat verilmədən, iddiaçıların iştirakı və ya razılıq ərizəsi olmadan bağlanmış və bununla da İddiaçı1 və onun övladlarının mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Sözügedən yaşayış evi İddiaçı1 ilə onun həyat yoldaşı cavabdeh X6 birgə nikah dövründə tikildiyindən və bu müddətdə evə dair çıxarış alındığından tərəflərin ümumi birgə mülkiyyəti hesab olunur. Cavabdeh3 iddiaçıları aldadaraq ailəni dolandırmaq üçün evin birinci mərtəbəsini kirayəyə verdiyini bildirmişdir. Halbuki yaşayış sahəsinin aşağı hissəsində olan kirayəçi iddiaçılara bildirmişdir ki, onun tanıdığı və aybaay ödəniş etdiyi şəxs Cavabdeh3 deyil, Nəhayət adlı bir xanımdır. O, mülkiyyətçi olaraq onu tanıyır və ödənişləri də ona edir. Məsələni aydınlaşdırmaq və həqiqəti üzə çıxarmaq üçün iddiaçılar vəkilə müraciət etmiş və vəkil tərəfindən müvafiq sorğular göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 9 saylı Notariat Ofisindən alınan Notariat işinin materiallarından məlum olmuşdur ki, Cavabdeh3 tərəfindən xx.xx.2015-ci il tarixdə Cavabdeh4 adına daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. İş materiallarında İddiaçı1 və İddiaçı2 adından “etibarnamə” adı altında saxta sənədlər hazırlanmış və bununla da müqavilə bağlanmışdır. Həmin sənədlər iddiaçılar tərəfindən guya onlar Ukrayna Respublikasında olduqları zaman verilmiş və bağışlama müqaviləsinin bağlanmasına etiraz etmədiklərini əks etdirmişdir. Halbuki iddiaçıların heç biri nəinki Ukraynada, ümumiyyətlə, ölkə xaricində olmamışlar, dövlət sərhədini keçməmişlər, bağışlamanın həyata keçirilməsi barədə xəbərsiz olmuşlar, əgər xəbərləri olsaydı, yeganə yaşayış sahələrinin bağışlanmasına qəti etiraz edərdilər. İddiaçı1 və İddiaçı2 adından “etibarnamə” adı altında tərtib edilmiş saxta sənəddə isə imzalar onlara məxsus deyil. Həmin sənədlər istər forma, istər məzmun baxımından saxtadır. Bu saxta sənədləri hazırlayanlar cinayət törətmiş və cinayət məsuliyyətinə cəlb edilməlidirlər. İddiaçılar ümumiyyətlə baş verənlərdən xəbərsiz olmuşlar. Cavabdeh3 iddiaçıları aldatmış, onlara yaşayış sahəsini kirayə verdiyini bildirmişdir. Əslində isə saxta sənədlərlə bağışlama müqaviləsi bağlayaraq yaşayış evini bacısı Cavabdeh4 adına keçirmişdir. Bununla da, Cavabdeh3 əsl niyyətini, yəni yaşayış sahəsini sataraq pulları mənimsəmək niyyətini gizlətmiş, iddiaçıları yeganə yaşayış sahəsinə dair hüquqlardan məhrum etmişdir. Digər tərəfdən, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 21 saylı Notariat Ofisindən alınmış Notariat işinin materiallarından məlum olmuşdur ki, Cavabdeh4 və Cavabdeh5 arasında xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandığı zaman da iddiaçıların adından saxta sənədlər tərtib edilmiş və bunun əsasında müqavilə bağlanmışdır. Belə ki, iş materiallarında olan guya Ukrayna Respublikasının Xarkov şəhərindəki notariat ofisindən verilmiş xx.xx.2017-ci il tarixli “Razılıq” adı altında tərtib edilmiş ərizələr aşkardır ki, tamamilə saxtadır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ölkə xaricində heç vaxt olmamışlar, belə bir razılıq ərizəsi verməmişlər. Onların baş verənlərdən ümumiyyətlə xəbərləri olmamışdır. Həmin ərizələrdə olan imzalar onlara məxsus deyildir. İddiaçılar bu müqavilənin bağlanmasından da xəbərsiz olmuşlar. Cavabdeh5 isə ümumiyyətlə tanımırlar və görməyiblər. Göründüyü kimi, iddiaçıların adından sözügedən saxta sənədlər hazırlanmış, imzalar saxtalaşdırılmış və bu saxta sənədlərlə onların iradəsi xaricində alqısatqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən xx.xx.2015-ci il tarixdə müqavilə bağlanarkən, Bakı şahəri 21 saylı Notariat Ofisi tərəfindən isə xx.xx.2017-ci il tarixdə alqı-satqı müqavilələri bağlandığı zaman, təqdim olunan sənədlərin saxta olduğu aşkar edilməli, iddiaçıların şəxsi iştirakı və ya ölkə xaricində olduqlarına dair sübut təqdim edilməsi tələb edilməli idi. Göründüyü kimi, notariat ofisləri tərəfindən saxta sənədlər əsasında müqavilələrin bağlanmasi qanunsuz olaraq rəsmiləşdirilmişdir. İddiaçılara onların adından saxta sənədlərin hazırlanması, əvvəlcə bağışlanma, daha sonra alqı-satqı müqavilələrinin bağlanması və bununla da mülkiyyət hüquqlarından məhrum edilmələri xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə, müvafiq notariat işinin materialları əldə edildiyi zaman məlum olmuşdur. Odur ki, hüquqların bərpa edilməsi üçün qanunvericilikdə nəzərə tutulmuş müddət ötürülmədiyindən sözügedən müqavilələr etibarsız hesab edilməli və onun yaratdığı hüquqi nəticələr ləğv edilməlidir

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-339/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbinın qismən təmin edilməsi, Cavabdeh3 və Cavabdeh4 arasında Cavabdeh2 bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə49 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən yaşayış evinin tam hissədə bağışlanması müqaviləsinin etibarsız sayılması, iddiaçılara ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin 48 kv.m hissəsinin özgəninkiləşdirilməsi nəticəsində vurulmuş ziyanı tələb etmək kimi hüquqlarının olmasının izah edilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 140, 149.2, 152.1, 178.1, 182.1, 225.1, 225.6, 337.1, 337.5, 354.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

5. İddiaçı1 qətnamədən apellyasiya şikayəti, o cümlədən “Məlumat” başlığı altında şikayətin dəlillərinə dair izahat verərək, qətnamənin dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh X1 əmlakın vicdanlı alıcısı hesab edilə bilməz. Cavabdeh5 o halda vicdanlı alıcı hesab oluna bilərdi ki, o, Cavabdeh4 çıxarışının saxta sənədlər əsasında tərtib edildiyini bilmirdi və bunu bilməli deyildi. Lakin özünün bağladığı müqavilə qüvvədə olan qanunvericilik normalarına tamamilə uyğun olaraq qanunidir və heç bir qanun pozuntusuna yol verilməmişdir. Lakin məsələ də burasındadır ki, Cavabdeh5 özünün də bağladığı alqı-satqı müqaviləsi iddiaçıların adından tərtib edilmiş 3 saxta sənəd (razılıq ərizələri) əsasında tamamilə qanunsuz olaraq bağlanmışdır. Belə olan halda, hesab edir ki, Cavabdeh5 vicdanlı alıcı hesab oluna bilməz. Onun bağladığı müqavilə tamamilə etibarsızdır. İkincisi, Bakı şəhəri 9 saylı Notariat Ofisində bağlanmış xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsindən göründüyü kimi, Cavabdeh3 tərəfindən bağışlanan 84.8 kv.m sahəsi olan bütöv əmlakın ümumi dəyəri 200.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin əmlakın yarısından çox hissəsini təşkil edən, 48 kv.m hissəsinin iki ildən sonra, yəni xx.xx.2017-ci il tarixdə cəmi 60.000 manat qiymətinə satılması əmlakın real bazar qiymətini əks etdirmir. Bunu təsdiq etmək üçün "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş № 386/E saylı mütəxəssis rəyi əldə edilmişdir. Həmin rəydə göstərilmişdir ki, əmlakın ümumi dəyəri hələ 2015-ci il üçün 210.000 qiymətləndirilir, əmlakın 48 kv .m hissəsi isə hələ 2017-ci il üçün təxminən 125.000 manat məbləğində qiymətləndirilir. Göründüyü kimi, sözügedən əmlak real bazar qiymətindən xeyli aşağı qiymətə (60.000 manata) satılmışdır. Lakin Cavabdeh5 bu halda əmlakın ucuz qiymətə satılmasından şübhələnməməsi mümkün deyil. Məsələ burasındadır ki, Cavabdeh3 sonradan onlara dediyinə görə Cavabdeh5 (və ya onun qardaşı) əmlakın saxta sənədlər əsasında satılmasından xəbərdar olub, bunun müqabilində əmlakın qiymətinin aşağı salınmasını israr etmişlər ki, nəticədə alqı-satqı müqaviləsi ucuz qiymətə, cəmi 60.000 manat məbləğinə dair bağlanmışdır. Belə olan halda, Cavabdeh5 əmlakın vicdanlı alıcısı qismində müəyyən edilməsi nə işin faktik hallarına, nə qanunvericilik aktlarına, nə də məntiqə uyğun deyil. Cavabdeh5, ümumiyyətlə, əmlakın yerləşdiyi ünvana heç vaxt getməmiş, nə qonşular, nə də iddiaçılar onu heç vaxt görməmişlər, tanımırlar. Necə olur ki, 60.000 manat qiymətinə satılan əmlakı almaq istəyən müştəri əmlakı bir dəfə də olsun gəlib görmür, onun sahəsi, otaq sayı, mərtəbə sayı, kimlərin orada yaşaması və s. barədə maraqlanmır. Əgər Cavabdeh5 həmin əmlakın yerləşdiyi yerə gəlsəydi və əmlakı almaq istədiyini orda yaşayan iddiaçılara bildirsəydi, iddiaçılar əmlakın satılmadığını ona bildirərdilər. Lakin cavabdeh iddiaçılara bu barədə məlumat vermək, onları agah etməmək üçün həmin əmlakın yerləşdiyi yerə getməmişdir. Yalnız əmlakın orda yaşayanların iradəsi ziddinə olaraq saxta razılıq sənədləri əsasında satıldığını bildiyindən əmlakı ucuz qiymətə almaqla kifayətlənmişlər. Bundan əlavə, istənilən notariat ofisində əmlak alqı-satqısı aparıldığı zaman həmin əmlakda qeydiyyatda olanlar barədə məlumat verilir və onların razılıq ərizələri tələb olunur. Necə olur ki, notariat ofisində həmin ərizələr istənildiyi zaman, 3 saxta sənəd təqdim edilir və Cavabdeh5 (və ya müqaviləni onun adından bağlayan qardaşı X4) bundan xəbəri olmur, ən azı həmin şəxslərin, həqiqətən, razılığının olub-olmaması ilə maraqlanmır. Bütün bunlar olduqca absurddur. Cavabdeh5 (və müqaviləni onun adından bağlayan qardaşı X4) həm in əm lakda qeydiyyatda olan, həmçinin orada yaşayan iddiaçılar barədə məlumatlı idi. Lakin həmin şəxslərlə görüşməmiş, onlarla danışmamış, həmin şəxslərə məlumat verməmişlər. Günü bu gün də həmin şəxslər sözügedən əmlakı əldə etsələr də, əmlaka gəlib-getmir, həmin ərazidə ümumiyyətlə, onları görən, tanıyan yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Bakı şəhəri 21 saylı notariat ofisinin xüsusi notariusu Daxil Kərimov tərəfindən apellyasiya şikayətlərinə qarşı etirazı daxil olmuş və şikayətin təmin edilməməsi xahiş edilmişdir. c) Proses iştirakçılarının izahatı

8. Mülki işin apellyasiya baxışı zamanı cavabdeh İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat vermişdir.

9. Mülki işin apellyasiya baxışı zamanı cavabdeh İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat vermişdir.

10. Apellyasiya baxışında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili X12 apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat vermişdir.

11. Mülki işin apellyasiya baxışı zamanı Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri 21 saylı notariat ofisi və ünvan 4 ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 2 15 Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

16. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

17. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

19. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.

20. Maddə 337.3. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

21. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

22. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Maddə 385. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırki halda iddiaçı tərəfindən qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

32. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Cavabdeh3 tam mülkiyyətində olmaqla, İddiaçı1 ilə birgə nikah dövründə əldə olunmuş, Cavabdeh3 sözügedən yaşayış evini xx.xx.2015-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən Cavabdeh4 bağışlamış, Cavabdeh4 isə xx.xx.2017-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin 48 kv.m hissəsini Cavabdeh5 satmışdır. İddiaçılar sözügedən müqavilələrin onların razılığı olmadan bağlandığını və həmin müqavbilələrin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlər.

33. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbinın qismən təmin edilməsi, Cavabdeh3 və Cavabdeh4 arasında Cavabdeh2 bağlanmış xx.xx.2015-ci il tarixli, 4Ə49 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən yaşayış evinin tam hissədə bağışlanması müqaviləsinin etibarsız sayılması, iddianın qalan hissədə, yəni Cavabdeh4 və Cavabdeh5 arasında Cavabdeh1 bağlanmış xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə bağlı hissədə təmin edilməmiş və hazırki apelyasiya baxışının predmetini də məhz həmin təmin edilməyən hissə təşkil edilmişdir. Bu isə o deməkdir ki, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməli olması artıq işin mübahisəsiz halını təşkil etmişdir.

34. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayət ehtimallarının olub-olmamasının yoxlanılması məqsədilə xüsusi qərardad qəbul edilmiş, bu barədə Nərimanov Rayon Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı da həmin qərardad üzrə aparılmış araşdırmanın nəticələri barədə məlumat təqdim edilməsi üçün Nərimanov Rayon Prokurorluğuna müraciət edilmiş, həmin araşdırma nəticəsində verilən izahatlarda da yuxarıda qeyd edilən işin halları öz əksini tapmışdır.

35. Hazırda iddiaçı hesab edir ki, mübahisələndirilən xx.xx.2017-ci il tarixli əqd üzrə Cavabdeh5 Cavabdeh4 adına dövlət reyestrində aparılmış qeydin və nəticədə sözügedən əqdin etibarsız olduğunu həm bilmiş, həm də bilməli olmuş, buna görə də sonuncunun vicdanlı alıcı olması istisna olunmuşdur.

36. Kollegiya sözügedən müqavilənin etibarsızlığına dair dəlillər üzrə hüquqi araşdırma apararkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında şərh edilən mövqeni rəhbər tutaraq vurğulayır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

37. Müqavilənin yuxarıda qeyd edilən hər hansı şərtlərindən birinin pozulması və ya əməl edilməməsi onun etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.

38. Kollegiya vurğulayır ki, etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

39. Bununla belə, kollegiya, cavabdeh Nəhayət Məmmədovanın vicdanlı alıcı olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bununla əlaqədar aşağıdakıları qeyd edir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

41. Konstitusiya Məhkəməsinin sözügedən mövqeyindən belə bir nəticə irəli gəlir ki, əmlakı başqa şəxslərdən əldə edən istənilən şəxs vicdanlı alıcı kimi tanına bilməz, şəxsin vicdanlı alıcı qismində qəbul olunması üçün onda əqdin legitimsizliyi barədə şübhə yaranmaması və üçüncü şəxslərin mümkün iddialarından xəbərinin olmaması şərtdir. Göründüyü kimi, nəinki əmlakı əldə edən şəxsin əqdin legitimsizliyini bilməsi halı, hətta bu barədə şübhənin olması belə, vicdanlılığın istisna edilməsi üçün kifayətdir. Nəzərə alınmalıdır ki, burada “legitimsizlik barədə şübhə” ifadəsinə şəxsin əqdin legitimsizliyini “bilməli idi” və ya “bilə bilirdi” kimi yanaşılmalıdır və bu hal müqavilə bağlananadək mövcud olmuş olmalıdır. Başqa sözlə, şəxsin vicdanlılığı bir neçə halda istisna oluna bilər: üçüncü şəxslərin mümkün iddialarından xəbəri olduqda, əqdin legitimsizliyini bildikdə, bilməli olduqda və ya bilməsi mümkün olduqda.

42. Beləliklə, hazırkı iş üzrə Cavabdeh4 və Cavabdeh5 arasında Cavabdeh1 bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə münasibətdə ilk öncə müqavilə bağlanarkən hər iki tərəfin dürüstlük qaydasına riayət etməsi, satıcının hüquqdan sui-istifadə edərək, mövcud iddialardan yayınmaq məqsədi ilə əmlakı satması və alıcının bunu bilməsi, bilməli olması və ya bilməsinin mümkün olması araşdırılmalıdır.

43. Belə ki, iş materiallarından da görünür ki, Cavabdeh4 və Cavabdeh5 arasında Cavabdeh1 bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə bağlanılarkən Cavabdeh4 mübahisəli mənzilə dair mülkiyyət hüququnun yaranmasının əsasında duran xx.xx.2015-ci il tarixli müqavilə hələ etibarlı olmuş, Cavabdeh5 da Cavabdeh4 adına qeydə alınmış reyestr məlumatlarına etimadı olmuşdur.

44. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

45. Bundan əlavə iddiaçı öz apelyasiya şikayətində alqı-satqı müqaviləsinin dəyərinin mənzilin real qiymətindən xeyli aşağı olması və buna görə də Cavabdeh5 sözügedən əqdin legitimsizliyini bilməli olmasına münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.

46. İlk növbədə kollegiya şikayətinin dəlillərinin faktiki əsasının yoxlanılması məqsədilə mübahisəli əqdin predmeti olmuş ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin 48 kv.m hissəsinin alqı-satqının baş verdiyi 2017-ci il üzrə dəyərinin öyrənilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 0152 saylı, xx.xx.2025-ci il tarixli rəyə əsasən sözügedən qeyri-yaşayış sahəsinin 2017-ci ilə bazar qiymətinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təxminən 150.000 manat olması müəyyən olunmuşdur.

47. Kollegiya qeyd edir ki, hər nə qədər ekspert rəyi ilə göstərilən məbləğ alqı-satqı müqaviləsinin bağlanılması zamanı tərəflər arasında müəyyən olunan 60.000 manat məbləğindən yuxarı olsa da, bu hal əqdin etibarsız hesab olunmasına Cavabdeh5 bu etibarsızlıq üçün şübhəsinin yaranmasına mütləq əsas təşkil edə bilməz. Çünki tələb və təklif bir-birinə nisbətən dəyişəndə əmələ gələn müvazinət qiyməti təyin edir və hər kəs öz iqtisadi durumunun daha yaxşılaşdırılması məqsədilə bu tələb və təklif zəncirinin bir və ya digər tərəfində öz mənafelərini müdafiə edir. Bundan əlavə Cavabdeh5 da öz izahatında həmin əmlakı alarkən onun istismara yararsız olduğunu və öz məqsədləri üçün istifadə etmək məqsədilə xeyli yaxşılaşdırmalar etdiyini də bildirmişdir. Bu halda Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış müqavilə üzrə əmlakın dəyərinin 60.000 manat həcmində qiymətləndirilməsi və tələb-təklif zəncirinin bu cür qurulması sonuncunun əqdin legitimsizliyinə mütləq şübhəsi kimi qiymətləndirilə bilməz.

48. Bundan əlavə iddiaçı öz apelyasiya şikayətində qeyd etmişdir ki, Cavabdeh5 əmlakın yerləşdiyi ünvana heç vaxt getməmiş, nə qonşular, nə də iddiaçılar onu heç vaxt görməmişlər və bu hallar sonuncunun əmlakla bağlı real alıcı olmadığını və əqdin etibarsız formada bağlandığını bilməsini göstərir. Qeyd edilənlərə münasibətdə kollegiya bildirir ki, iddiaçı şikayətində göstərdiyi bu halları təsdiq edəcək hər hansı mötəbər sübutlar təqdim edə bilməmiş, o cümlədən bu barədə hansısa şahid ifadələri də mövcud olmamışdır, əksinə cavabdeh tərəf mütəmadi olaraq ora getdiyi, hətta alanda təmir etdiyini də bildirmişdir.

49. Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir.

50. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə etibarsız hesab edilsə də, Cavabdeh4 və Cavabdeh5 arasında Cavabdeh1 bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin etibarlı olduğundan birinci əqd üzrə alınanların geri qaytarılması (restitusiya) ilə bağlı Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqini hazırda mümkün hesab etmir. Belə ki, Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

51. Buna görə də məhkəmə kollegiyası izah edir ki, xx.xx.2015-ci il tarixli əqdin etibarsızlığı nəticəsində hüquqlarının pozulduğunu hesab edən iddiaçı ona vurulmuş ziyanın ödənilməsi üçün ayrıca qaydada müvafiq məhkəməyə iddia tələbi irəli sürmək hüququna malikdir.

52. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

54. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

56. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

57. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-339/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar