Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4895/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X3 və Cavabdeh3 qarşı "razılaşmaya xitam verilməsi" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: razılaşmaya xitam verilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2062/2024 nömrəli 30 may 2024cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilən 18 avqust 2022-ci il tarixli, Cavabdeh1 ASC (birinci tərəf), Cavabdeh3 (ikinci tərəf) və İddiaçı (üçüncü tərəf) arasında bağlanan Razılaşmadan (borcun hissə-hissə ödənilməsi barədə) görünür ki, bu razılaşmaya əsasən İddiaçı (borcuödəyən) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-154/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh3 (borclu) Cavabdeh1 ASC-yə (Bank) olan 180157.57 manat borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Razılaşmanın 3-cü bəndinə əsasən borcuödəyən bu razılaşmanın 2- ci bəndi ilə müəyyən olunan borc məbləğini təşkil edən pul vəsaitini 2022-ci ilin sentyabr ayından başlayaraq, hər ay 5.000 manatdan az olmamaqla 36 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Razılaşmanın 5-ci bəndinə əsasən Bank borcödəyən tərəfindən borcun ödənilməsi müqabilində Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 154/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin dayandırılmasını öz üzərinə götürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X3 və Cavabdeh3 qarşı "razılaşmaya xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılımışdır ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh3 arasında 18 avqust 2022-ci il tarixli, reyestrdə 3M-2411 № ilə qeyd edilmiş “Razılaşma” (Borcun hissə-hissə ödənilməsi barədə) imzalanmışdır. Razılaşmaya əsasən İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-154/2009 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh3 “X9” ASC-yə olan 180157.57 manat borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Pul vəsaitləri 2022-ci ilin sentyabr ayından başlayaraq, hər ay 5.000 manatdan az olmamaqla ödənilməlidir. Razılaşmanın 5- ci bəndinə əsasən bank borcun ödənilməsi müqabilində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-154/2009 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən icra vərəqəsi üzrə icra hərəkətlərinin dayandırılmasını öz üzərinə götürmüşdür. Razılaşmanın 6-cı bəndinə əsasən İddiaçı tərəfindən 2 dəfədən çox gecikdirildiyi halda ödənişin ondan tutulmalı olması qeyd edilmiş, 5-ci bəndinə əsasən 5%-lik dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Razılaşmanın 9-cu bəndinə əsasən İddiaçı bankın razılığı ilə borcun ödənilməsini istənilən fiziki və hüquqi şəxsə ötürülməsi nəzərdə tutulmuşdur. Bildirilir ki, İddiaçı Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında olan münasibətlər üzrə öhdəlik daşımamış, borclu və ya zamin olmamışdır, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra sənədi üzrə borclu olan Cavabdeh3 yerinə yetirməli olduğu vəzifələr üçün heç bir məsuliyyət daşımır. Bu səbəbdən də İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə həm Cavabdeh1 ASC-yə, həm də Cavabdeh3 bildiriş göndərilərək, qanunazidd razılaşmaya xitam verilməsi və məhkəmə qətnaməsi üzrə ödənilməli olan borcun tutulmasına dair icra sənədi üzrə borclu olan Cavabdeh3 ötürülməsi qeyd edilmişdir. Həmin bildirişlə bağlı bugünədək hər hansı hərəkət edilməmişdir. Cavabdeh1 ASC tərəfindən bildiriş xx.xx.2024-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. Bildirişin Cavabdeh3 çatdırılması üçün “Azari Express” kuryer xidmətinin kuryeri tərəfindən Cavabdeh3 ünvanına gedilmiş qapını açan olmadığından bildirişin çatdırılması mümkün olmamışdır. Mülki qanunvericilikdə tələbin güzəşti anlayışı olsa da, öhdəliyin (borcun) güzəşti anlayışı yoxdur. Göstərilənlərə əsasən İddiaçı ilə cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh3 arasında imzalanmış 18 avqust 2022-ci il tarixli, reyestrdə 3M-2411 № ilə qeyd edilən Razılaşmaya (Borcun hissə-hissə ödənilməsi barədə) xitam verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2062/2024 nömrəli 30 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddianın rədd edilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 385.1, 386.1, 390.1, 425, 430.1, 431.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 81, 89.3, 119.1, 217.3, 217.4-cü maddələrinə, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında olan münasibətlər üzrə öhdəlik daşımamış, borclu və ya zamin olmamışdır, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra sənədi üzrə borclu olan Cavabdeh3 yerinə yetirməli olduğu vəzifələr üçün heç bir məsuliyyət daşımır. Bu səbəbdən də İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə həm Cavabdeh1 ASC-yə, həm də Cavabdeh3 bildiriş göndərilərək, qanunazidd razılaşmaya xitam verilməsi və məhkəmə qətnaməsi üzrə ödənilməli olan borcun tutulmasına dair icra sənədi üzrə borclu olan Cavabdeh3 ötürülməsi qeyd edilmişdir. Lakin, razılıq əldə edilmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki qanunvericilikdə tələbin güzəşti anlayışı olsa da, öhdəliyin (borcun) güzəşti anayışı yoxdur. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə üzərinə vəzifə qoyulmuş borclu özünün şəxsən yerinə yetirməli olduğu vəzifəni digər üçüncü şəxsə güzəştə gedə bilməzdi. Bu hal, qanunvericiliyin tələblərinə kəskin şəkildə ziddiyyət təşkil edir. MM-nin 194-cü maddəsindən tam aydındır ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyi tələbin güzəşti anlayışını tanıyır, amma məhkəmə qətnaməsi ilə borclunun şəxsən yerinə yetirməli olduğu vəzifənin digər üçüncü şəxsə güzəşti konseptinə yer vermir. Məhkəmənin mövqeyindən belə çıxır ki, vəzifənin güzəşti ilə bağlı müqavilənin bağlanması MM-nin 390.1-ci maddəsinin son cümləsindəki “bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr” hissəsinin əhatə dairəsinə düşmür. Lakin, məhkəmə nəzərə almamışdır ki, mövcud mübahisənin predmeti olan razılaşma Azərbaycan Respublikasının Mülki qanunvericiliyinin tələblərinə birbaşa olaraq ziddir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmadan iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Qanunverici tərəfindən məhkəmələrin üzərinə vəzifə olaraq qoyulmuşdur ki, ədalət mühakiməsini həyata keçirərkən tərəflərə bərabər şəkildə yanaşsın, onlar tərəfindən təqdim edilən hər bir sübutu, edilən hər bir etirazı bərabər şəkildə , işin bütün faktiki hallarını lazımi dərəcədə və diqqətlə qiymətləndirsin. Birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən qeyd edilən məqamlara ciddi və diqqətli şəkildə yanaşmamışdır. Əgər yanaşsa idi, maddi hüquq normaları ilə əlaqədar olaraq yuxarıda təsbit edilən faktiki hallarla bağlı doğru nəticəyə gələrdi. Məhkəmə iddiaçının razılaşma üzrə ödənişlər etməsi, həmçinin onun şərtlərindən xəbərdar olub-olmaması kimi halların razılaşmanın qanunauyğunluğunun müəyyənləşdirilməsində əhəmiyyət kəsb etməməsini nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X3 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki qeyd edilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
12. 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
13. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
14. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
17. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
18. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2062/2024 nömrəli 30 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.
29. Kollegiya hesab edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 18 avqust 2022-ci il tarixdə İddiaçı, cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh3 arasında razılaşma imzalanmış, həmin razılaşma əsasında iddiaçı Cavabdeh3 Banka olan 180157.57 manat məbləğində borcunu hissə-hissə, ayda 5.000 manatdan az olmamaqla ödəməyi, Bank isə borcun ödənilməsi müqabilində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-154/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin dayandırılmasını öhdələrinə götürmüşlər. Hazırda İddiaçı Cavabdeh3 Bank qarşısında öhdəliyi üçün məsuliyyət daşımadığını, sözügedən razılaşmanın qanunazidd olduğunu iddia edərək, həmin razılaşmaya xitam verilməsini tələb edir.
30. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
31. Hazırda iş üzrə Cavabdeh3 digər Cavabdeh1 ASC-yə borcunun olması və bununla bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-154/2019 saylı, xx.xx.2019cu il tarixli icra vərəqəsinin verilməsi işin mübahisəsiz halıdır. Həmin qeyd edilən icra vərəqəsi əsasında Cavabdeh3 digər Cavabdeh1 ASC-yə olan borcunun hazırki iş üzrə İddiaçı tərəfindən hissə-hissə ödənilməsi barədə tərəflər arasında bağlanan razılaşma hazırda iddiaçı tərəfindən mübahisələndirilir.
32. Qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə qanunvericiliyə zidd olmayan müqavilələr bağlamaqda iradə sərbəstliyinə malikdirlər. Qanunvericilik eyni zamanda tərəflərə təkcə Mülki Məcəllədə nəzərdə tutulan müqavilənin bağlanmasını yox, həmçinin Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilənin bağlanması hüququnun verildiyini də nəzərdə tutur.
33. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iş materiallarında olan və hazırda iddianın predmeti olan xx.xx.2022-ci il tarixli Razılaşma hər üç tərəfin iradə ifadəsi əsasında bağlanılmış, hər üç tərəf Razılaşmanı imzalamış və həmin Razılaşma notarial qaydada təsdiq edilmişdir. Həmin Razılaşma əsasında da İddiaçı öz iradə sərbəstliyi əsasında Cavabdeh3 digər Cavabdeh1 ASC qarşısında olan öhdəliyini hissə-hissə icra edilməsini öz üzərinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən razılaşmanın icra edilməməsinə görə cavabdeh Bank tərəfindən icra qeydi verilmişdir.
34. Kollegiya apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçı hazırda qanunvericilikdə öhdəliyin güzəşti anlayışının olmamasını əsas gətirib xx.xx.2022-ci il tarixdə bağlanan razılaşmanın qanunazidd olmasını iddia edərək, həmin razılaşmaya xitam verilməsini tələb etsə də, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən həmin razılaşmanın qanunazidd olması və ya razılaşmanın qanunvericiliyin tələbləri pozulmaqla bağlanılması halları müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən də həmin razılaşmanın qanunazidd olmasını təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmiş və qeyd edilən üç tərəfli razılaşma müqaviləsi mülki hüququn əsas prinsiplərinə uyğun olaraq qarşılıqlı razılıq əsasənda sərbəst şəkildə öz iradələrinə uyğun olaraq və Mülki Məcəlləyə zidd olmayan tərzdə bağlanmışdır. Bundan başqa mülki iş üzrə icraat zamanı müəyyən edilmişdir ki, hazırki iddiaçı qeyd edilən razılaşma müqaviləsi bağlandıqdan sonra götürdüyü öhdəlik üzrə borc olaraq banka müəyyən ödənişlər də həyata keçirmişdir ki, bu da onun müqavilə şərtlərini bildiyini və razılaşaraq ödəniş etdiyini ehtiva edir.
35. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
36. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
37. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). 27. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
38. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
39. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2062/2024 nömrəli 30 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.