Məhkəmə qərarları › İş №e-2(006)-2062/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2062/2024

30.05.2024 · Sair mülki iş - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2062/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X2 və Cavabdeh3 qarşı "razılaşmaya xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X2 və Cavabdeh3 qarşı "razılaşmaya xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh3 arasında 18 avqust 2022-ci il tarixli, reyestrdə 3M-2411 № ilə qeyd edilmiş “Razılaşma” (Borcun hissə-hissə ödənilməsi barədə) imzalanmışdır. Razılaşmaya əsasən İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-154/2009 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh3 “X6” ASC-yə olan 180157.57 manat borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Pul vəsaitləri 2022-ci ilin sentyabr ayından başlayaraq, hər ay 5.000 manatdan az olmamaqla ödənilməlidir. Razılaşmanın 5-ci bəndinə əsasən bank borcun ödənilməsi müqabilində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-154/2009 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən icra vərəqəsi üzrə icra hərəkətlərinin dayandırılmasını öz üzərinə götürmüşdür. Razılaşmanın 6-cı bəndinə əsasən İddiaçı tərəfindən 2 dəfədən çox gecikdirildiyi halda ödənişin ondan tutulmalı olması qeyd edilmiş, 5-ci bəndinə əsasən 5%-lik dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Razılaşmanın 9cu bəndinə əsasən İddiaçı bankın razılığı ilə borcun ödənilməsini istənilən fiziki və hüquqi şəxsə ötürülməsi nəzərdə tutulmuşdur. Bildirilir ki, İddiaçı Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında olan münasibətlər üzrə öhdəlik daşımamış, borclu və ya zamin olmamışdır, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı icra sənədi üzrə borclu olan Cavabdeh3 yerinə yetirməli olduğu vəzifələr üçün heç bir məsuliyyət daşımır. Bu səbəbdən də İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə həm Cavabdeh1 ASC-yə, həm də Cavabdeh3 bildiriş göndərilərək, qanunazidd razılaşmaya xitam verilməsi və məhkəmə qətnaməsi üzrə ödənilməli olan borcun tutulmasına dair icra sənədi üzrə borclu olan Cavabdeh3 ötürülməsi qeyd edilmişdir. Həmin bildirişlə bağlı bugünədək hər hansı hərəkət edilməmişdir. Cavabdeh1 ASC tərəfindən bildiriş xx.xx.2024-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. Bildirişin Cavabdeh3 çatdırılması üçün “Azari Express” kuryer xidmətinin kuryeri tərəfindən Cavabdeh3 ünvanına gedilmiş qapını açan olmadığından bildirişin çatdırılması mümkün olmamışdır. Mülki qanunvericilikdə tələbin güzəşti anlayışı olsa da, öhdəliyin (borcun) güzəşti anlayışı yoxdur. Göstərilənlərə əsasən İddiaçı ilə cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh3 arasında imzalanmış 18 avqust 2022-ci il tarixli, reyestrdə 3M-2411 № ilə qeyd edilən Razılaşmaya (Borcun hissə-hissə ödənilməsi barədə) xitam verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında qeyd etmişdir ki, iddiaçı tərəf iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə istinad edib ki, həmin maddənin tələblərinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilə bağlaya və müqavilənin şərtlərini müəyyənləşdirə bilərlər. Onlar həmçinin həmin məcəllədə nəzərdə tutulmayan və ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Belə ki, öhdəliyin ötürülməsinin qanunvericilikdə nəzərdə tutulmaması onunla bağlı bağlanmış müqavilənin qanunazidd olması demək deyildir. Əgər qarşı tərəf bunu iddia edirsə, bunu sübut etməlidir. Hesab edir ki, burada heç bir qanunsuz hərəkətə yol verilməyib. Tərəflər arasında üçtərəfli müqavilə bağlanılıb və notarial qaydada təsdiqlənib. Bundan başqa, qarşı tərəf bildirir ki, öhdəlik borclu tərəfindən şəxsən icra edilməlidir. Lakin adıçəkilən məcəllədə bildirilir ki, öhdəlik digər şəxslər tərəfindən də icra oluna bilər və bunun üçün borclunun razılığı tələb edilmir. Bu əsasdan çıxış edərək iddiaçı borclunun əvəzinə borcu ödəməyi öz öhdəsinə götürüb və onun tərəfindən kifayət qədər yüksək məbləğdə ödənişlər edilib. Hətta hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildikdən sonra belə onun tərəfindən 1000 manat ödəniş edilib. Bundan başqa, həmin razılaşmada qeyd edilib ki, iddiaçı həmin öhdəliyi bankın razılığı olmadan digər şəxslərə ötürə bilməz. İddiaçı da bu şərti qəbul etmişdir. Həmçinin qeyd edilməlidir ki, həmin razılaşma üzrə tərəflərindən icra qeydi alınmışdır. Hazırda da məcburi icra hərəkətləri aparılmaqdadır. Hesab edir ki, hazırki iddianın məqsədi icra hərəkətlərinə mane olmaq məqsədi daşıyır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Mülki iş üzrə cavabdeh Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X2 ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onujn iştirakı olmadan baxılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış digər Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

7. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 18 avqust 2022-ci il tarixdə İddiaçı, cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh3 arasında razılaşma imzalanmış, həmin razılaşma əsasında iddiaçı Cavabdeh3 Banka olan 180157.57 manat məbləğində borcunu hissə-hissə, ayda 5.000 manatdan az olmamaqla ödəməyi, Bank isə borcun ödənilməsi müqabilində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-154/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin dayandırılmasını öhdələrinə götürmüşlər. Hazırda İddiaçı Cavabdeh3 Bank qarşısında öhdəliyi üçün məsuliyyət daşımadığını, sözügedən razılaşmanın qanunazidd olduğunu iddia edərək, həmin razılaşmaya xitam verilməsini tələb edir. b) Mülki işin materialları:

10. Mülki işin materiallarında olan Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilən 18 avqust 2022-ci il tarixli, Cavabdeh1 ASC (birinci tərəf), Cavabdeh3 (ikinci tərəf) və İddiaçı (üçüncü tərəf) arasında bağlanan Razılaşmadan (borcun hissə-hissə ödənilməsi barədə) görünür ki, bu razılaşmaya əsasən İddiaçı (borcuödəyən) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-154/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh3 (borclu) Cavabdeh1 ASC-yə (Bank) olan 180157.57 manat borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Razılaşmanın 3-cü bəndinə əsasən borcuödəyən bu razılaşmanın 2-ci bəndi ilə müəyyən olunan borc məbləğini təşkil edən pul vəsaitini 2022-ci ilin sentyabr ayından başlayaraq, hər ay 5.000 manatdan az olmamaqla 36 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Razılaşmanın 5-ci bəndinə əsasən Bank borcödəyən tərəfindən borcun ödənilməsi müqabilində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-154/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin dayandırılmasını öz üzərinə götürmüşdür.

11. Mülki işin materiallarında olan ********** saylı, xx.xx.2024-cü il tarixli elektron qəbzdən görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

13. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

14. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

18. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

19. Həmin Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.

20. Hazırda iş üzrə Cavabdeh3 digər Cavabdeh1 ASC-yə borcunun olması və bununla bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-154/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin verilməsi işin mübahisəsiz halıdır. Həmin qeyd edilən icra vərəqəsi əsasında Cavabdeh3 digər Cavabdeh1 ASC-yə olan borcunun hazırki iş üzrə İddiaçı tərəfindən hissə-hissə ödənilməsi barədə tərəflər arasında bağlanan razılaşma hazırda iddiaçı tərəfindən mübahisələndirilir.

21. Qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə qanunvericiliyə zidd olmayan müqavilələr bağlamaqda iradə sərbəstliyinə malikdirlər. Qanunvericilik eyni zamanda tərəflərə təkcə Mülki Məcəllədə nəzərdə tutulan müqavilənin bağlanmasını yox, həmçinin Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilənin bağlanması hüququnun verildiyini də nəzərdə tutur.

22. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iş materiallarında olan və hazırda iddianın predmeti olan xx.xx.2022-ci il tarixli Razılaşma hər üç tərəfin iradə ifadəsi əsasında bağlanılmış, hər üç tərəf Razılaşmanı imzalamış və həmin Razılaşma notarial qaydada təsdiq edilmişdir. Həmin Razılaşma əsasında da İddiaçı öz iradə sərbəstliyi əsasında Cavabdeh3 digər Cavabdeh1 ASC qarşısında olan öhdəliyini hissə-hissə icra edilməsini öz üzərinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən razılaşmanın icra edilməməsinə görə cavabdeh Bank tərəfindən icra qeydi verilmişdir.

23. Göründüyü kimi iddiaçı hazırda qanunvericilikdə öhdəliyin güzəşti anlayışının olmamasını əsas gətirib xx.xx.2022-ci il tarixdə bağlanan razılaşmanın qanunazidd olmasını iddia edərək, həmin razılaşmaya xitam verilməsini tələb etsə də, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən həmin razılaşmanın qanunazidd olması və ya razılaşmanın qanunvericiliyin tələbləri pozulmaqla bağlanılması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən də həmin razılaşmanın qanunazidd olmasını təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmiş və qeyd edilən üç tərəfli razılaşma müqaviləsi mülki hüququn əsas prinsiplərinə uyğun olaraq qarşılıqlı razılıq əsasənda sərbəst şəkildə öz iradələrinə uyğun olaraq və Mülki Məcəlləyə zidd olmayan tərzdə bağlanmışdır. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, mülki iş üzrə icraat zamanı müəyyən edilmişdir ki, hazırki iddiaçı qeyd edilən razılaşma müqaviləsi bağlandıqdan sonra götürdüyü öhdəlik üzrə borc olaraq banka müəyyən ödənişlər də həyata keçirmişdir ki, bu da onun müqavilə şərtlərini bildiyini və razılaşaraq ödəniş etdiyini ehtiva edir.

24. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

25. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

26. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

27. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

28. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

29. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

30. Beləliklə də məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X2 və Cavabdeh3 qarşı "razılaşmaya xitam verilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

31. Bundan əlavə məhkəmə bildirir ki, bu halda (iddianın mahiyyətinə uyğun olaraq) subyektiv cavabdehlərin dairəsinin kim olmasının araşdırırlmasına da prosessual qənaət prinsipini nəzərə almaqla zərurət qalmamışdır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

38. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X2 və Cavabdeh3 qarşı "razılaşmaya xitam verilməsi" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar