Məhkəmə qərarları › İş №e-2(006)-3233/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3233/2025

08.07.2025 · Sair mülki iş - Digər - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3233/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqavilənin ləğv edilməsinə və pul vəsaitinin bank əməliyyat sistemindən silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müqavilənin ləğv edilməsi və pul vəsaitinin bank əməliyyat sistemindən silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 073 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehin 165.101,46 manat pul vəsaitinin İddiaçı tələb edilməsinə yönəlmiş hərəkətlərdən çəkinməsi və həmin pul vəsaitinin bank əməliyyat sistemindən silinməsinə dair cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 073 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı illik 15 faiz ödənilməsi şərti ilə 180 ay müddətinə 165.600 manat məbləğində kredit verilmişdir. Kreditin verilməsinə əsas (müqavilənin 1.3 bəndi) ünvan 1 ünvanında yerləşən B blokunda 89 saylı mənzilinin alınması olmuşdur. Həmçinin "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən icraçı və alıcı tikintisinin razılaşdığı mənzil ünvan 2 ünvanında yerləşən B blokunda 89 saylı mənzilində yerləşməklə ümumi sahəsi 144 kv.m olmaqla 3 otaqdan ibarət olacaq. Mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kv.m üçün 1.150 manat, cəmi 165.600 manat müəyyən edilmişdir. İddiaçı pulu ödəyə bilmədiyindən mənzili MTK-ya təhvil vermişdir. Həmin mənzil "xxxx" MTK tərəfindən xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən digər şəxsə, X1. Bankla İddiaçı bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər xx.xx.2008-ci il tarixdən yaransa da, həmin mənzillə bağlı öhdəliklər xx.xx.2012ci il tarixli müqaviləyə əsasən X2. Ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı qarşı “kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 165.101,46 manat məbləğində əsas borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-141/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı 16.109,34 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-311/2022 nömrəli, 26 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti rədd, iddiaçının apellyasiya şikayəti isə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Sözügedən apellyasiya məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4664/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-311/2022 nömrəli, 26 may 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2023-cü il tarixli 2(103)-754/2023 saylı qətnaməsi ilə ləğv prosesində olan Cavabdeh2 ASC-nin apellyasiya şikayətinin qismən, İddiaçı apellyasiya şikayətinin tam təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(005)-141/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bu qətnamədən Ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2500/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-754/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı qarşı “kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair verilmiş iddia ərizəsi təmin edilməmişdir. Cavabdeh İddiaçı xeyrinə olan qətnamə qanuni qüvvəyə minmişdir. Yəni, qeyd edilənlərə əsasən, ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 165.101,46 manat vəsaiti İddiaçı tələb edə bilməz. Lakin, qanuni qüvvəyə minmiş məhkəmə qərarına zidd olaraq cavabdeh dəfələrlə zəng edərək, xəbərdarlıqlar göndərərək həmin məbləği iddiaçıdan tələb edir. Sonuncu dəfə xəbərdarlıq xx.xx.2025-ci il tarixində göndərilmişdir. Əlavə olaraq bildirmək istəyir ki, ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə 165.101,46 manat kreditin olmaması barədə, həmin məbləğin bank əməliyyat sistemindən silinməsi üçün heç bir hərəkət etməmişdir. Bu səbəbdən, iddiaçı faktiki olaraq heç bir bank xidmətlərindən (kredit, ipoteka və s.) istifadə edə bilmir. Bununla bağlı kredit müqaviləsinin ləğv edilməsi və qeyd edilən məbləğin bank əməliyyat sistemindən silinməsi üçün, İddiaçı xx.xx.2025-ci il tarixində Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişdir. Lakin, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşısında heç bir öhdəliyinin olmadığını bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 073 nömrəli kredit müqaviləsi ləğv edilməli, 165.101,46 manat pul vəsaiti İddiaçı tələb edilməməli və həmin pul vəsaitinin bank əməliyyat sistemindən silinməsi cavabdeh tərəfindən təmin edilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 mübahisənin həllini məhkəmənin səlahiyyətinə həvalə etdiyini və müqavilənin ləğv edilməli olmasını bildirdi.. İş materialları: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-141/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, cavabdeh İddiaçı 16.109,34 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulub iddiaçı ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4664/2022 nömrəli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-311/2022 nömrəli, 26 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 754/2023 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-141/2021 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək, iddiaçı ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2500/2023 nömrəli qərarı ilə iddiaçı ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-754/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış məktubdan görünür ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 073 nömrəli kredit müqaviləsinin ləğv edilməsini və bununla bağlı İddiaçı heç bir borcu olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsini xahiş etmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı sözügeden kredit müqaviləsi üzrə ləğv prosesində olan "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixinə bank əməliyyat sisteminin məlumatlarına əsasən ümumilikdə 165.101,46 manat məbləğində olan borc öhdəliyinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-754/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən bank əməliyyat sistemindən silinməsinə dair ləğv prosesində olan Cavabdeh2 qarşısında heç bir öhdəlik qoyulmadığı bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2021-ci il tarixli № 32/1 qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın: 2.1.1-ci bəndinə əsasən kredit - hesabat tarixinə istənilən valyutada borc verilmiş pul vəsaiti, açılmış kredit xətləri, verilmiş qarantiya və zaminliklər, faktorinq və lizinq əməliyyatları, habelə balansdan silinmiş kreditlər (banklararası kreditlər və bankların xarici filiallarının verdikləri kreditlər istisna olmaqla) anlayışını ehtiva edir. 2.1.2-ci bəndinə əsasən məlumat təchizatçısı - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı anlayışını ehtiva edir. 3.6-cı bəndində əsasən məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. 3.9-cu bəndinə əsasən məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. 3.10-cu bəndinə əsasən MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh bankdan mənzil alması məqsədi ilə kredit götürmüş, lakin sonradan kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri icra edə bilmədiyindən sözügedən mənzili MTK-ya geri qaytarmış, MTK da həmin mənzili başqasına satmışdır. Qeyd edilən hallar tərəflər arasında daha əvvəl baxılmış məhkəmə mübahisəsi zamanı araşdırılmış və qanuni qüvvəyə minmiş məhkəmə aktlarında bununla bağlı faktlar müəyyən edilmişdir. Bu prosesdən sonra cavabdeh bank hazırki iş üzrə iddiaçıya münasibətdə kreditin digər şəxsə keçməsi barədə müvafiq məlumatları bank əməliyyat sistemində qeyd etməmiş, əksinə həmin kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin məhkəmə araşdırmasının yekununda bankın iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Buna baxmayaraq cavabdeh bank yenə də kredit müqaviləsi üzrə borc məbləğini bank əməliyyat sistemindən silməmişdir. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh də yekun məhkəmə aktı ilə onların üzərlərinə məlumatların silinməsinə dair heç bir öhdəlik qoyulmadığını bildirmişdir. Sözügedən kredit müqaviləsi barədə yekun məhkəmə aktının mövcudluğu cavabdeh bankın bir daha məhkəmə qaydasında müqavilə üzrə borcun tələb edilməsini istisna edir. Bununla da artıq kredit müqaviləsi və həmin müqavilə üzrə borc hazırki iş üzrə iddiaçıya münasibətdə öz hüquqi qüvvəsini itirmiş kimi qəbul edilməlidir. Lakin, bank əməliyyat sistemlərində kredit müqaviləsinin aktiv kimi göstərilməsi iddiaçının digər bank xidmətlərindən (kredit, ipoteka və s.) yararlanmasının qarşısını alır. İddiaçı tərəfindən məhkəməyə qədər mərhələdə banka müraciət olunaraq müqavilənin ləğvi və digər hərəkətlərin edilməsi tələb edilsə də, bu tələb bank tərəfindən təmin edilməmişdir. Hazırda iddiaçının hər hansı öhdəlik daşımadığı halda müqavilənin formal mövcudluğu yolverilməzdir. Belə olan halda məhkəmə iddia tələbini əsaslı hesab edir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 073 nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə 165.101,46 manat pul vəsaitinin İddiaçı tələb edilməsinə yönəlmiş hərəkətlərdən çəkinməsi və həmin pul vəsaitinin bank əməliyyat sistemindən silinməsi öhdəliyi qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli 073 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə 165.101,46 (yüz altmış beş min yüz bir manat, qırx altı qəpik) manat pul vəsaitinin İddiaçı tələb edilməsinə yönəlmiş hərəkətlərdən çəkinməsi və həmin pul vəsaitinin bank əməliyyat sistemindən silinməsi öhdəliyi qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar