Məhkəmə qərarları › İş №2(103)-4895/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4895/2025

15.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4895/2025 15.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: barışıq müqaviləsinin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı barışıq müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-1254/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 1735/2022 nömrəli qətnaməsi ilə ilkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixində Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 438 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X9 atası Cavabdeh, xx.xx.2011-ci il təvəllüdlü X4 isə anası İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay bir uşağa 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.

2. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-214 reyestr nömrəli "Barışıq müqavilə"sinə əsasən, razılığa gəlmişlər: Cavabdeh birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması və digər xərclər üçün İddiaçı hər ay sabit pul məbləğində 300 (üç yüz) manat məbləğində pul vəsaiti ödənilməsini öhdəsinə götürür. Tərəflər razılığa gəlir ki, onların hər biri hazırkı mülki iş üzrə bütün iddia tələblərindən imtina etməyi və gələcəkdə hazırkı iddianın predmeti olmuş birgə nikah dövründə əldə edilmiş əmlaklara dair heç bir tələbinin olmayacağını öhdəsinə götürür və həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz.

3. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1578/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair ilk iddiası üzrə iddiaçının iddiadan imtinasının qəbul edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı "birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü, əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsaitin bölünməsi” qarşılıqlı iddia tələbinə dair iddiadan imtinasının qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı "birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı "birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü, əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsaitin bölünməsi” qarşılıqlı iddia tələbinə dair işin məhkəmə baxışına hazırlanmasına xitam verilməsi qərara alınmışdır.

4. İddiaçı tərəfindən Cavabdeh üvanlanmış xx.xx.2024-cü il tarixli “Barışıq müqaviləsində dəyişiklik edilməsi” barədə təklifdən görünür ki, İddiaçı Cavabdeh barışıq müqaviləsində öz razılıqları ilə dəyişiklik edilməsini təklif etmişdir.

5. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı Cavabdeh barışıq müqaviləsi üzrə öhdəliklərin icra edilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 3M-214 reyestr nömrəli xx.xx.2022-ci ildə bağlanmış "Barışıq müqavilə"sinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1735/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh ilə arasında xx.xx.2006-cı il tarixdə bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra keçmiş əri Cavabdeh və onun vəkili Vəkil ona bildirdilər ki, “alimenti vaxtı-vaxtında ödəyəcəyəm, sən əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət etmə, birgə nikah dövründə əldə etdikləri ümumi mülkiyyətdə olan əmlakları (ünvan 1 ünvanda yerləşən mənzili, "VAZ-21074" markalı **-CX-*** Dövlət nömrə nişanlı, "Mersedes C-240" markalı **-FK-*** Dövlət nömrə nişanlı və "Mersedes C-180” markalı **-ZZ-*** nömrə nişanlı avtomobilləri öz aralarında ədalətli qaydada bölüşdürəcəklər, notarial qaydada barışıq müqaviləsi bağlayaq, heç nədən narahat olma, sən mənim balalarımın anasısan”. O da onun verdiyi yalan vədlərə inanaraq xx.xx.2022-ci il tarixdə Cavabdehla 5 saylı ASAN Xidmətdə 3M-214 reyestr nömrəli "Barışıq müqaviləsi" imzalamışdır. Barışıq müqaviləsini imzaladıqları tarixdən 2 ildən artıq bir müddət keçməsinə baxmayaraq, Cavabdeh verdiyi vədlərə əməl etmir, ancaq azyaşlı oğluna alimentin ödənilməsi kifayətlənir. O, aldadıldığını başa düşdüyü üçün həmin barışıq müqaviləsinin ləğv olunması barədə aidiyyəti qurumlara müraciət etdi, lakin cavab məktublarında ona bildirildi ki, bu işə məhkəmə qaydasında baxılmalıdır. Bununla əlaqədar iki dəfə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində Cavabdeh təklif göndərdi ki, könüllü olaraq "Barışıq müqavilə"sinə əsasən öz aralarında olan mübahisəni həll etsinlər, məhkəməyə müraciət etməsin, o, azyaşlı oğlu ilə kirayədə, darısqal bir mənzildə yaşayır, cüzi əmək haqqı ilə dolanırlar. Lakin Cavabdeh onun təkliflərinə nə yazılı, nə də şifahi cavab verməmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2022-ci iidə Suraxanı Rayon Məhkəməsinin icraatında iki mülki iş olmuşdur: - hakim Səlimə Miriyevanın icraatında olan 2(010)- 1578/2022 saylı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair və hakim Leyla Talıbovanın icraatında olan e-2(010)-1735/2022 saylı “nikahın pozulması” tələbinə dair iş. Həmin işlər məhkəmənin icraatında olarkən tərəflər arasında 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin Xüsusi notariusu tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 3M-214 nömrəsi ilə qeyd edilmiş, hazırkı mübahisənin predmeti olan “Barışıq müqaviləsi” bağlanmışdır. Həmin “Barışıq müqaviləsi”nin şərtlərinə görə: “Suraxanı rayon Məhkəməsinin (sədrlik edən: hakim Səlimə Miriyeva) icraatında olan 2(010)- 1578/2022 saylı iş üzrə İddiaçı tərəfindən Cavabdeh qarşı «İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş və Cavabdeh mülkiyyətində olan Bakı şəh., Suraxanı ray., Yeni Günəşli Y/M, “V” massivi, 3 saylı evin, 35 saylı mənzilinin üzərində tərəflərin 1/2 hissədə payının müəyyən edilməsi, - tərəflərin birgə nikah dövründə əldə edilmiş “VAZ21074” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı, “Mercedes C240” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı və “Mercedes C180” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində tərəflərin ½ hissədə payının müəyyən edilərək, avtomobillərin alqı-satqı müqavilələrində qeyd olunan alqı-satqı olunduğu məbləğlərə uyğun olaraq ½ hissəsinin bərabər şəkildə bölünməsi» tələbinə dair ilk iddia qaldırılmışdır. Eyni zamanda iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı qarşı - İddiaçı ilə Cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş və Cavabdeh mülkiyyətində olan Bakı şəh., Suraxanı ray., Yeni Günəşli Y/M, “V” massivi, 3 saylı evin, 35 saylı mənzilinin üzərində 1/3 hissədə İddiaçı, 2/3 hissədə Cavabdeh payının müəyyən edilməsi, - İddiaçı ilə Cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş və xx.xx.2019-cu il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı mülkiyyətində olan 2012-ci il buraxılışlı “KİA CADENZA” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/3 hissədə İddiaçı, 2/3 hissədə Cavabdeh payının müəyyən edilməsi, “KİA CADENZA” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin 1/3 hissəsinin İddiaçı, 2/3 hissəsinin Cavabdeh verilməsi barədə qarşılıqlı iddia qaldırılmışdır. Həmin iş üzrə Tərəflər bu sazişi aşağıdakı şərtlərlə bağladılar: 1. Bu sazişin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin məzmunu tərəflərə izah edilmişdir və həmin normalara uyğun olaraq bu sazişi imzalamaqla öz aralarında hüquqlar və iddialar barəsində həmin iş üzrə mübahisələri qarşılıqlı güzəştlər yolu ilə aşağıdakı bəndlərdə göstərilən qaydada həll etməyi öhdələrinə götürürlər. 2. Tərəflər razılığa gəlir ki, Cavabdeh birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması və digər xərclər üçün İddiaçı hər ay sabit pul məbləğində 300 (üç yüz) manat məbləğində pul vəsaiti ödənilməsini öhdəsinə götürür. 3. Tərəflər razılığa gəlir ki, Birinci tərəf hazırkı mülki iş üzrə bütün iddia tələblərindən imtina etməyi və gələcəkdə hazırkı iddianın predmeti olmuş birgə nikah dövründə əldə edilmiş əmlaklara dair heç bir tələbinin olmayacağını öhdəsinə götürür və həmin məsələlər gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməz”. Həmin “Barışıq müqaviləsi”nin nüsxəsi həm həmin iş üzrə, həm də tərəflər arasında nikahın pozulmasına dair iş üzrə Məhkəməyə təqdim edilmişdir. Bundan sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X10, həm də e-2(010)-1735/2022 saylı “nikahın pozulması” tələbinə dair iş üzrə bildirmişdir ki, həmin iş üzrə tərəflər öz aralarında razılığa gəlmişlər, odur ki, qeyd olunanlara əsasən ilkin iddianın və qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda 2(010)-1578/2022 saylı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair iş üzrə həm ilk, həm də qarşılıqlı iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ayrıayrı ərizələrlə müraciət edərək, tərəflər arasındakı mübahisənin məhkəmədənkar qaydada həll olunduğunu bildirib, iddiadan imtina etmiş, məhkəmədən həm ilk, həm də qarşılıqlı iddiadan imtinaların qəbul edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Nəticədə: - Suraxanı rayon Məhkəməsinin (sədrlik edən: hakim Leyla Talıbova) e- 2(010)- 1735/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İlkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixində Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 438 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, Nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X9 atası Cavabdeh, xx.xx.2011-ci il təvəllüdlü X4 isə anası İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay bir uşağa 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. - Suraxanı rayon Məhkəməsinin (sədrlik edən: hakim Səlimə Miriyeva) 2(010)- 1578/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair ilk iddiası üzrə iddiaçının iddiadan imtinası qəbul edilmiş, İddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü, əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsaitin bölünməsi” qarşılıqlı iddia tələbinə dair qarşılıqlı iddiadan imtinası qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü, əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş vəsaitin bölünməsi” qarşılıqlı iddia tələbinə dair işin məhkəmə baxışına hazırlanmasına xitam verilmiş, Həm ilk, həm də qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları rüsumu ödəmiş tərəfə aid edilmiş, Tərəflərə izah edilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin məhkəmə qərarlarından şikayət verilməmiş, nəticədə tərəflər arasında hər iki məhkəmə aktı qanuni qüvvəsini almışdır. Həmin tarixdən sonra bu günə qədər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Barışıq müqaviləsi”nin şərtlərinə uyğun olaraq Cavabdeh birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması və digər xərclər üçün İddiaçı hər ay sabit pul məbləğində 300 manat məbləğində pul vəsaitini KapitalBank kartı vasitəsilə vaxtlıvaxtında ödənilməsini təmin etmişdir və heç bir borcu yoxdur. Həmin faktı iddiaçı özü də etiraf edir. Belə olan halda, həmin “Barışıq müqaviləsi”nin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. İddianın dəlillərindən biri də odur ki, guya İddiaçı həmin “Barışıq müqaviləsi” bağlanan zaman Cavabdeh və onun vəkili tərəfindən aldadılmışdır. Həmin hal da əsassızdır. Belə ki, əvvəla İddiaçı Cavabdeh nümayəndəsini (vəkili) heç vaxt görməmiş və heç bir əlaqəsi olmamışdır. İkincisi, həmin “Barışıq müqaviləsi” bağlanan zaman 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində yalnız İddiaçı, onun nümayəndəsi (vəkili) və bir də Cavabdeh olmuş, Cavabdeh nümayəndəsi (vəkili) isə orada olmamışdır. Nəhayət, işin həqiqi hallarından göründüyü kimi, “Barışıq müqaviləsi” bağlanan zaman razılaşdırılmış şərtlər Cavabdeh tərəfindən ona aid hissədə tam icra olunmuşdur. Belə olan halda, iddianın həmin “Barışıq müqaviləsi” bağlanan zaman Cavabdeh və onun vəkili tərəfindən iddiaçının aldadılması barədə dəlilləri tamamilə əsassızdır. Bundan başqa, iddianın dəlillərindən biri də odur ki, İddiaçı ödənilən 300 manat vəsait onun özü və yetkinlik yaşına çatmayan oğlu X1 üçün yetərli deyildir. Həmin xüsusat da əsassızdır. Belə ki, əvvəla həmin “Barışıq müqaviləsi” bağlanan zaman tərəflər şərtləri razılaşdırmış və həmin şərtlər Cavabdeh tərəfindən ona aid hissədə tam icra olunur. İkincisi, Cavabdeh yetkinlik yaşına çatmayan oğlu X1 üçün həmin “Barışıq müqaviləsi”ndə razılaşdırılmış məbləğdən əlavə digər xərcləri də təmin edir. Zərurət yaranarsa, bu halı müəyyən etmək üçün X3 məhkəmədə valideynlərinin iştirakı ilə dindirmək də olar. Üçüncüsü, həmin “Barışıq müqaviləsi”nin iddiaçı ilə razılaşdırılmasının səbəblərində biri də o idi ki, nikahın pozulması işinə baxılarkən tərəflərin birgə nikahından olan uşaqları - xx.xx.2006- cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X9 ataları Cavabdeh yanında olduqlarını, nikah pozulduqdan sonra da onun yanında qalacaqlarını bildirmiş, bu gün də atalarının yanındadırlar və təbii ki, onların bütün xərclərini ata qarşılayır. Nəhayət, əgər həmin “Barışıq müqaviləsi”nə əsasən ona ödənilən 300 manat vəsait İddiaçı yetərli deyildirsə, o halda Cavabdeh yetkinlik yaşına çatmayan oğlu X3 öz himayəsində saxlamağa və bütün xərclərini qarşılamağa hazırdır.

9. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 1254/2025 nömrəli qətnaməsi ilə (hakim T.N.Məmmədov) iddia təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi müqavilənin ləğvi ilə bağlı olsa da, ilk növbədə mübahisələndirilən müqavilənin əhəmiyyətli olub-olmamasına hüquqi qiymət verilməlidir. AR Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən 2 aprel 2021-ci il tarixli Qərarında vurğulanır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. Bu hüquqi mövqeyə əsaslanaraq, məhkəmə ilk öncə ləğv edilməsi xahiş edilən xx.xx.2022-ci il tarixli barışıq müqaviləsinin etibarlı (əhəmiyyətli) olubolmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Ona görə ki, yalnız etibarlı müqavilənin ləğv edilib-edilməməsindən söhbət gedə bilər.

11. Müəyyən edilmişdir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. Ona görə ki, müqavilə qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş və müqavilə tərəfləri üçün məcburi olan qaydalara uyğun gəlir. Mübahisələndirilən müqavilədə bu tip əqdlər üçün zəruri olan subyekt tərkibinə dair şərtlərə əməl edilmişdir. Əqdin məzmununa və tərəflərin iradə sərbəstliyi, iradə ifadəsinin bildirilməsi şərtlərinə də əməl edilmişdir. Belə ki, əqdin məzmunu mülki qanunuvericiliyin tələblərinə uyğun tərtib edilmiş, onda hər hansı qeyrimüəyyənlik və tərəflərin iradə ifadələrinə əks hesab edilə biləcək hallar müəyyən edilmir. Eyni zamanda, müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətlərinin əslində fərqli olmasına dəlalət edən hər hansı bir hal da müəyyən edilmir. Beləliklə müəyyən edilir ki, mübahisələndirilən əqd qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət olunmaqla bağlanmışdır və etibarlıdır.

12. Müqavilənin ləğv edilməsi tələbinə gəldikdə isə, hazırkı işin araşdırılan hallarından və tərəflərin izahatından müəyyən edilmişdir ki, tərəflər arasında yuxarıda qeyd olunan şərtlərlə xx.xx.2022-ci il tarixli barışıq müqaviləsi bağlanmışdır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. İddiaçı tələbində ona əsaslanır ki, həmin müqavilə bağlanarkən cavabdeh ona şifahi olaraq əmlakları aralarında ədalətli bölüşdürəcəkləri barədə vəd vermişdir. Zaman keçdikdən sonra ona bəlli olub ki, cavabdeh vədinə əməl etmir. Lakin mübahisələndirilən barışıq müqaviləsinin məzmunu araşdırılarkən müəyyən olunur ki, həmin sazişdə tərəflər nikahdan anadan olan yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün alinment ödənilməsi barədə razılığa gəlmişlər, hansı ki, tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdeh bununla bağlı öz öhdəliyini hazırda yerinə yetirir. Digər bənd isə ondan ibarət olmuşdur ki, tərəflər gələcəkdə bir-birilərinə qarşı əmlak tələbi ilə çıxış etməyəcəklər. Göründüyü kimi, mübahisələndirilən müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli pozuntusu halı müəyyən edilmir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçı ilə aralarında bağlanmış barışıq müqavilənin ləğvi əsasları ümumiyyətlə mövcud deyildir. Belə ki, müqavilənin ləğvi ilə bağlı mülki qanunvericilik normalarına nəzər saldıqda görünür ki, müqavilənin ləğv edilməsi üçün əsas tərəflərdən birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması halıdır. Beləliklə, iddia tələbi Mülki Məcəllənin 421-ci maddəsinin dispozisiya şərtlərinə cavab vermir. Belə olan halda iddia tələbi təmin edilə bilməz.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2.1, 324.1, 324.2, 324.3, 324.4, 337.1, 337.3, 389.1, 389.3, 390.1, 390.2, 421.1, 421.2, 423.1-ci maddələrinə, AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddəsinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Mülki Məcəlləyə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırda iddiaçıda o vəziyyətdir, çünki səhhəti ilə əlaqədar işləmir, ürək xəstəliyindən əzab çəkir, azyaşlı oğlu ilə kirayələrdə yaşayır, aliment məbləği ilə dolanır. Bundan böyük, əhəmiyyətli dərəcədə zərər olar? Məhkəmə düzgün araşdırma aparmamış, çəkişmə prinsipini pozmuş və onun verdiyi ifadələrə əhəmiyyət vermədən iddianı təmin etməmişdir. Çünki o, məhkəmədə bildirdi ki, Cavabdeh ilə 15 il bir evdə yaşamış, nişanlı olduğu illərdən bəri bu insan həmişə ona şiddət göstərmiş, işgəncələrə məruz qoymuş, uşaqlarına xatir dözmüşdür. Ancaq sonuncu dəfə onun işgəncələrinə dözməyərək evi tərk etmiş və boşanma ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. O, Cavabdeh və onun vəkili Vəkil ilə vəkili X5 onun iştirakı olmadan mənafeyinə zidd bağladığı “Barışıq müqavilə”sinin heç bir bəndi ilə tanış olmamışdır, ikincisi də, onun heç tam orta təhsili belə yoxdur ki, o, bu “Barışıq müqavilə”sinin məzmununu dərk edib etirazını bildirsin. Sonradan biləndə ki, aldadılmışdır və bu “Barışıq müqaviləsi” ilə o, birgə nigah dövründə əldə olunmuş əmlakdan məhrum olur, ona görə də “Barışıq müqavilə”sinin ləğv edilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, lakin məhkəmədə yalançı “Barışıq müqavilə”sinin necə, hansı şəraitdə nə məqsədlə bağlanmasını araşdırmadan, iddianı təmin etməmişdir. Hesab edir ki, məhkəmə işin bütün faktiki hallarını lazımınca araşdırmamışdır. Məhkəmə cavabdehin vəkili və nümayəndəsinin verdiyi həqiqətə uyğun olmayan ifadələrinə əsaslanaraq, iddianı təmin etməmiş, iddiaçının ifadələrinə əhəmiyyət belə verməmişdir. Əgər cavabdehin vəkili və nümayəndəsi ifadəsində bidirir ki, guya iddiaçı uşaqlarına laqeyd olmuş, öz şəxsi həyatıyla məşğul olmuşdur və məhkəmədə onun həqiqətə uyğun olmayan ifadəsinə əsaslanıb belə ədalətsiz Qətnamə çıxarmışdır. Onun vəkili çox gözəl bilir ki, onunla yaşadığı 15 il ərzində ancaq cavabdeh tərəfindən şiddətə, işgəncəyə məruz qalmışdır. Sonuncu dəfə Cavabdeh ona verdiyi amansız işgəncələrə dözməyərək, soyuq hava şəraitində adi bir gödəkçə ilə evi tərk etmiş və bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət etmişdir. Suraxanı RPİ-nin 31-ci polis bölməsində bu barədə araşdırma aparılmışdır. Bunun qarşısında onun vəkilinin çıxışında bildirməsi ki, uşaqlarıa laqeyd olmuş, atıb getmiş, bu əz azından ədalətsizlikdir. Cavabdeh və onun vəkilinin qurduqları plan əsasında, onun savadsızlığından istifadə edərək, Barışıq müqaviləsinin imzalanmasına nail olmuşlar və bununla da onu birgə nigah dövründə əldə etdikləri əmlaklardan məhrum etmək niyyətlərini həyata keçirmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynidir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində iddianın dəlillərinə qarşı etiraz verilmiş, iddianın hər bir dəlilinə qarşı münasibət bildirilmişdir. Digər tərəfdən, apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı xüsusatlara tərəfindən iddia ərizəsinə verilmiş etirazla yanaşı, həm də birinci instansiya məhkəməsi tərəfindən qətnamədə müvafiq münasibət bildirilmişdir. Beləliklə, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla yanaşı, tamamilə əsassızdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlilləri formal xarakterlidir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qətnsamə çıxarılarkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər yoxdur. Apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamaması ilə bağlı məhkəmə iclas protokollarına dair qeydlər verilməmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər əsassızdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər dəlillər yoxdur. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

17. Daha sonra cavabdehin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən Cavabdeh üvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyadan, həmçinin iddia tələbi və apellyasiya şikayətinin dəlillərindən görünür ki, İddiaçı Cavabdeh barışıq müqaviləsi üzrə öhdəliklərin icra edilməməsini əsas gətirərək, iddia tələbi irəli sürmüşdür. Birinci instansiya məhkəməsində, hazırkı işin araşdırılan hallarından və tərəflərin, xüsusilə də iddiaçının özünün izahatından müəyyən edilmişdir ki, tərəflər arasında yuxarıda qeyd olunan şərtlərlə xx.xx.2022-ci il tarixli barışıq müqaviləsi bağlanmış, cavabdeh mübahisələndirilən barışıq müqaviləsinin şərtləri ilə bağlı öz öhdəliyini hazırda yerinə yetirmiş, yəni Cavabdeh birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması və digər xərclər üçün İddiaçı hər ay sabit pul məbləğində 300 manat məbləğində pul vəsaiti ödənilməsini təmin etmiş və iddiaçı bu halı etiraf etmişdir. Bildirir ki, tərəfindən apellyasiya instansiya məhkəməsinə təqdim edilən 9 ədəd qəbzdən göründüyü kimi, Cavabdeh bu il üzrə, yəni yanvar 2025-ci il tarixdən - sentyabr 2025-ci il tarixədək (sentyabr ayı da daxil olmaqla) hər ay 300 manat məbləğində pul vəsaitini vaxtlı-vaxtında İddiaçı kart hesabına ödənilməsini təmin etmişdir. Beləliklə, barışıq müqaviləsinin şərtləri cavabdeh tərəfindən tam icra edilmişdir. Bu fakt da iddia tələbi və apellyasiya şikayətinin dəlillərinin tamamilə qanunsuz və əsassız olmasının göstəricisidir. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X4 hazırda İddiaçı deyil, məhz Cavabdeh yanında yaşamaqla, faktiki himayəsindədir. Belə ki, hazırda iddiaçı özü uşağı cavabdehin himayəsinə vermiş və əvvəllər olduğu kimi, hazırda da hər üç uşaq ata-cavabdehin himayəsində olmaqla, uşaqların ali və orta məktəb xərcləri tam olaraq Cavabdeh tərəfindən təmin edilir. Bir daha qeyd edir ki, birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X4 hazırda Cavabdeh yanında yaşamaqla, faktiki himayəsində olmasına və onun bütün xərclərini, o cümlədən hazırlıq xərclərini cavabdeh-ata özü ödəməsinə baxmayaraq, hər ay 300 manat məbləğində pul vəsaitini İddiaçı kart hesabına ödənilməsini təmin edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək cərrahi əməliyyat keçirdiyindən səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini əsas gətirərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, bununla bağlı hər hansı sənəd əlavə etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili isə eyni tarixdə cinayət işi üzrə başqa məhkəmə iclasında iştirak edəcəyindən hazırki məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, yazılı etirazda və etiraza əlavədə göstərilənləri nəzərə alıb, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. İşdən görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 3M-214 reyestr nömrəli "Barışıq müqavilə"si bağlanmış və Cavabdeh birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması və digər xərclər üçün İddiaçı hər ay sabit pul məbləğində 300 manat məbləğində pul vəsaiti ödənilməsini öhdəsinə götürməsi, eyni zamanda onların hər birinin 2(010)-1578/2022 nömrəli mülki iş üzrə bütün iddia tələblərindən imtina etməyi və gələcəkdə hazırkı iddianın predmeti olmuş birgə nikah dövründə əldə edilmiş əmlaklara dair heç bir tələbinin olmayacağını öhdəsinə götürməsi və həmin məsələlərin gələcəkdə tərəflər arasında və məhkəmədə mübahisə predmeti ola bilməməsi barədə razılığa gəlmişlər.

25. İşdə olan sübutlarla və tərəflərin izahatları ilə də müəyyən edilir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra edərək aliment ödənişlərini həyata keçirir. Yəni onun tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı mövcud deyil.

26. Hazırda iddiaçı, birgə nikah dövründə əldə etdikləri ümumi mülkiyyətdə olan əmlakların öz aralarında ədalətli qaydada bölüşdürüləcəyinə dair cavabdeh tərəfindən ona verilmiş vədlərə inanaraq notarial qaydada mübahisəli barışıq müqaviləsini bağladığına istinad etməklə aldadıldığını qeyd edir və müqavilənin ləğv edilməsini tələb edir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iş üzrə tərəflər arasında bağlanmış barışıq müqaviləsinin ləğvinə əsas ola biləcək hallar müəyyən olunmur.

28. Belə ki, barışıq müqaviləsinin məzmunundan müəyyən olunur ki, həmin sazişdə yalnız cavabdeh tərəfindən aliment ödənilməsi və tərəflərin gələcəkdə birgə nikah dövründə əldə edilmiş əmlaklara dair heç bir tələbinin olmayacağı nəzərdə tutulmuşdur.

29. Göründüyü kimi, sazişdə onun birgə nikah dövründə əldə edilən əmlakların bölüşdürüləcəyi şərti ilə bağlanmasına dair hər hansı müddəa yoxdur.

30. İş materiallarına əsasən tərəflər arasında belə bir razılığın olması da müəyyən edilmir. İddiaçı tərəfindən istinad etdiyi dəlilləri təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

31. O da qeyd edilməlidir ki, iddiaçı müqavilənin məzmununu dərk edib etirazını bildirəcək qədər tam orta təhsili belə olmadığını bildirsə də, işdən görünən odur ki, o, müqavilə bağlanan ərəfədə həmin mülki iş üzrə iddiadan imtina edərkən vəkil ilə təmsil olunmuş, peşəkar hüquqi yardım almışdır.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 1254/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar