Məhkəmə qərarları › İş №2(103)-490/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-490/2022

04.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-490/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdeh X2 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5333/2021 saylı işi üzrə 22.07.2021 -ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 09.03.1993-cü il tarixində rəhmətə getmiş X4 barəsində tərtib olunmuş 21.09.2018-ci il tarixli, ******* nömrəli akt üzrə əsassız olaraq hesablanmış 1944 manat məbləğində cərimə borcunun silinməsi, **********00000 nömrəli abonentin adına qeydiyyata alınmış smart qaz sayğacı üzrə saldoda 07/2012-ci il, habelə 06/2013-cü il və 10/2018-ci il tarixlərində əks olunmuş və yaranma əsası məlum olmayan 126, 164,30 və 2,20 manat məbləğlərində borcların silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə **********00000 saylı abonent kodu ilə Məmmədov Biami qeydiyyata alınmışdır. Həmin ünvanda yerləşən evə quraşdırılmış qaz sayğacı 10.09.2018-ci il tarixdə yenisi ilə əvəz edilmiş və bu barədə ******* saylı akt tərtib edilmişdir.21.09.2018-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğacın çıxış plastmas borusunun deşilməsi ilə bağlı qeyd aparılmış və Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq qaz itkisinin 9720 m3 olması (1944 manat) müəyyən edilmişdir (iş səh.8-11). İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, atası Benyəmin Məmmədova məxsus Fərdi yaşayış evinə cavabdeh tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş və fərdi yaşayış evini də təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G4 markalı İtron tipli qaz sayğacı quraşdırılmışdır. 10.09.2018-ci il tarixində cavabdehin nümayəndələri ata evinə məxsus fərdi yaşayış evindən bir neçə metr aralıda həyətdə quraşdırılmış Smart G4 markalı qaz sayğacını yeni smart qaz sayğacı ilə əvəz edib «qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» ******* nömrəli akt tərtib etmişlər. Atasının adına tərtib olunmuş ("Məmmədov Biami” kimi yazılmış) həmin aktı ailə üzvlərindən Könül Məmmədova imzalamışdır. Həmin akt imzalanmayacağı təqdirdə yaşayış evinə qazın verilməsinin dayandırılacağı bildirilmişdir. Daha sonra, onlara məlum olmuşdur ki, çıxarılmış Smart G4 markalı qaz sayğacı dövlət yoxlamasına (laboratoriyaya) göndərilmiş, dövlət yoxlamasında da sayğacının çıxış plasmas borusunun deşilmiş olması barədə rəy verilmişdir. Sözügedən rəy əsasında ******* nömrəli akt və həmin akt əsasında da 21.09.2018-ci il tarixində tesabat qəbul edilmiş, rəhmətlik atasının adına qeydiyyata alınmış abonent hesabına 1944 manat məbləğində cərimə borcu qeyd edilmişdir. Qaz sayğacının dövlət yoxlamasında onların iştirakı təmin olunmamış, eləcə də qaz sayğacında aşkar olunmuş xətalarda onun heç bir təqsiri olmamışdır. Atasına məxsus evdən bir neçə metr aralıda olan qaz sayğacına həyətdən keçən istənilən şəxs, hətta SOCAR işçisinin də müdaxilə etməsi mümkündür. Həmçinin, qaz sayğacının dövlət yoxlaması zamanı onda müəyyən olunmuş qüsur və xətaların SOCAR işçiləri tərəfindən də törədilmiş olması mümkün ola bilərdi(səh.3). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-5333/2021 saylı işi üzrə 22.07.2021 -ci il tarixli qətnaməsi ilə İddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00000) dair İddiaçı hesablanmış cəmi 2070 manat məbləğində borc silinməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi,30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.2; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1, 448.2; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7, 4.8, 1.3, 4.2, 4.9, 6.5-ci bəndlərinə istinadən qeyd edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. "Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). "Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni "Azəriqaz” İB- nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün "Azəriqaz” İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilən pozuntunun iddiaçının təqsirindən baş verməsini təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi 1944 manat və 126 məbləğində borcun silinməsi hissəsində əsaslıdır. Məhkəmə, həmçinin qeyd edir ki, hesablanmış 126 manat borc abonent saldosunun "qalıq və aktlar” bölməsində əks olunsa da, cavabdeh həmin borcun əsaslı olması, hətta borcun hesablanmasına əsas olmuş aktı məhkəməyə təqdim edə bilməmişdir. iddiaçı yaranma əsası məlum olmayan 164,30 və 2,20 manat məbləğlərində borcların silinməsini tələb etsə də, yuxarda şərh edilənlərdən və işin hallarından da görünür ki, iddiaçının adına olan abonent saldosunun "qalıq və aktlar” bölməsində borc kimi yalnız 1944 manat və 126 manat göstərilmişdir. İddiaçı isə 164,30 və 2,20 manat məbləğlərində borcların silinməsinə əsas ola biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi 164,30 manat və 2,20 manat borcun silinməsi hissəsində təmin edilməməlidir. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.07.2021 -ci il tarixli 2(011)-5333/2021 saylı qətnaməsi iddia tələbinin təmin olunmayan (mübahisələndirilən) hissəsində ləğv edilməsini və İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbi, iddia tələbinin təmin olunmayan (mübahisələndirilən) hissəsində təmin edilməsinə, Cavabdeh İB tərəfindən iddiaçının abonent hesabına (**********00000) hesablanmış 164.30 və 2.20 manat məbləğlərində borc silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.Apellyasiya şikayətində Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1, 77.2, 88, 217.3, 385.1.1, 385.1.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1 , istinadən qeyd edilmişdir ki, yaşadığı ünvanda hazırda quraşdırılmış olan mexanika tipli qaz sayğacı üzrə abonent saldosu məhkəmə tərəfindən tədqiq edilmiş, lakin yaşadığı ünvanda vaxtilə mövcud olmuş smart qaz sayğacı üzrə qeydiyyata alınmış abonent saldosu tədqiq edilməmişdir.Faktiki yaşadığı ünvana quraşdırılmış mexanika tipli qaz sayğacı üzrə abonent hesabına hesablanmış 1944 və 126 manat məbləğində borc məhkəmənin qərarı ilə silinmişdir.Lakin vaxtilə həmin ünvanda mövcud olan smart qaz sayğacı üzrə abonent hesabına hesablanmış 164.30 manat və 2.20 manat məbləğlərində borc silinməmişdir. 164.30 manat məbləğində borc smart qaz sayğacı hesabında 06/2013cıı ildən yaranmışdır.Həmin borcun yaranma əsası cavabdeh təşkilatın nümayəndəsi tərəfindən məhkəməyə bəyan edilməmişdir, hansı əsasla yaranması da müəyyən edilməmişdir. Həmin borcun abonent hesabında yaranmasının da üzərindən 5 ildən artıq vaxt keçmişdir. Mülki Məcəllənin 551.2.1 -ci maddəsinə əsasən 5 (beş) il keçdikdən sonra kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər qüvvəsini itirir.Cavabdeh 'Azəriqaz" İB 03/2013-cü il tarixindən abonent hesabında yaranmış 164.30 manat məbləğində borcu ondan tələb edə bilməz. Tələb qüvvəsini itirdiyi üçün də, həmin borc abonent hesabından silinməlidir. 2.20 manat məbləğində borc smart qaz sayğacı hesabında 10/2018-ci ildən yaranmışdır.Həmin borcun yaranma əsası da cavabdeh təşkilatın nümayəndəsi tərəfindən məhkəməyə bəyan edilməmişdir, hansı əsasla yaranması müəyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-490/2022 saylı işi üzrə, 15.03.2022-ci il tarixli qərardadı ilə, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməklə məhkəməmühasibatlıq ekspertizası aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə- Ekspertizası Mərkəzinin 18 fevral 2022-ci il tarixli 9/7819 №-li ekspert rəyi ilə, İddiaçı qeyd olunan aktlar əsasında, 21.09.2018-ci il tarixli ******* saylı aktlardan cəmi 1944,00 manat Cavabdehnə ziyan dəyməsi, Cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac göstəricisinə əsasən əvvəlki illərdən 292,50 manat (lakin yaranma səbəbi saldo vərəqəsində göstərilməmişdir) borcu qaldığı, qeyd olunan aktlar əsasında və abonentin saldosu cədvəlində olan məlumatlara əsasən İddiaçı tərəfindən ödənilməli olan məbləğ 2236,50 manat təşkil etdiyi, həmin məbləğ Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulmasına görə hesablanmış, qeyd edilən borcun düzgün olub- olmaması məhkəmə tərəfindən qiymətləndirilə biləcəyi müəyyən edilmişdir. Ekspertiza xərci 200,00(iki yüz manat) müəyyən edilmişdir. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi X8 dəymiş ziyanın 1944 manat olduğunu, digər məbləğlərin dəymiş ziyan olmadığını və sərfiyyatın göstəricisi olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 385.1, 442, 454, 1096.1, 1096.2, 1097.1, 1115; Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 279-282, 542; Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80- 82, 89.3, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamənin maddi və prosessual hüquq normalarına uyğun təkzib edilməz ekspertiza rəyi ilə sübuta yetirilən dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Belə ki, qətnamə qəbul edilərkən yalnız ehtimallara istinad edilmiş və apellyasiya icraatı zamanı tələbin tam edilməməsi üçün əsasların olmadığı ekspert rəyi və cavabdehin sübuta yetirilməyən dəlilləri ilə öz təsdiqini tapmışdır.İstehlakçıya qarşı yönələn və onun tərəfindən qəbul edilməyən tələbi sübut etmək yükü cavabdehə aid edilən hissədə sübuta yetirilmədiyindən və iddianı təkzib edən digər hallar müəyyən edilmədiyindən iddia tam təmin edilməli və ekspertiza xərci cavabdehdən tutulmalıdır. Mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kasassiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 384, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-5333/2021 saylı işi üzrə 22.07.2021 -ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00000) dair 21.09.2018-ci il tarixli, ******* nömrəli akt üzrə əsassız olaraq hesablanmış 1944 manat məbləğində, saldoda 07/2012-ci il, habelə 06/2013-cü il və 10/2018-ci il tarixlərində əks olunmuş və yaranma əsası məlum olmayan 126, 164,30 və 2,20 manat məbləğlərində, cəmi 2236,50 (iki min iki yüz otuz altı manat əlli qəpik) manat məbləğində borcun silinməsi Cavabdehnə həvalə edilsin. Ekspert xərci olan 200 (iki yüz ) manat məbləğində pul cavabdeh X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar