Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4901/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X5 iştirakı ilə İddiaçı Cavabdeh1 MMC-nə və X2 qarşı “cəmiyyətin təsisçilərinin ümumi yığıncağında iştiraka və cəmiyyətin fəaliyyətinə aid sənədlərin təqdim olunmasına məcbur edilmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qətnaməsindən Rövşən Tanrıverdiyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-nə və X2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, nizamnamə kapitalının 3/5 payı ona, 2/5 payı Rövşən Tanrıverdiyevə məxsus olan MMC-nin nizamnaməsinin 4.1-ci bəndinə əsasən X7 orqanının təsisçilərin ildə azı bir dəfə çağırılan ümumi yığıncağı olduğunu, uzun müddətdir cəmiyyətin ümumi yığıncağının keçirilmədiyini, tərəfindən cavabdehə bildiriş göndərildiyini və Cəmiyyətin ümumi yığıncağının 29 mart 2019-cu il tarixdə saat 15:00-da Xırdalan şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi 3 ünvanında keçirilməsinin təklif edildiyini, lakin təklifə cavab verilmədiyini, bundan əlavə, tərəfindən X1 mobil telefonuna sms məlumat göndərilərək, növbəti iclasın 12.04.2019-cu il tarixə saat 15:00-a təyin edilməsi barədə məlumat verildiyini, cavabdehin bu təklifə də məhəl qoymadığını, bundan sonra cavabdehə 15.04.2019-cu il tarixdə təkrar bildiriş göndərdiyini və ümumi yığıncağın 22.04.2019-cu il tarixdə saat 15:00-da keçirilməsi barədə məlumat verilməklə gündəliyə konkret məsələlərin salınması təklifi edildiyini, cavabdehin bu bildirişə də əhəmiyyət vermədiyini, cəmiyyətin ümumi yığıncağının çağırılmasına munasibət bildirmədiyini və yığıncağın iclasına gəlmədiyini bildirmiş, buna görə də MMC-nin iştirakçılarının ümumi yığıncağının çağırılması, MMC-nin son beş il üzrə maliyyə-təsərrüfat fəaliyyətinə aid sənədlərin, bağlanmış bütün müqavilələrin, bütün bank tranzaksiyalarının surətlərinin, gömrük əməliyyatlarına aid sənədlərin, vergi orqanlarına təqdim edilmiş hesabatların sürətlərinin ümumi yığıncağa təqdim edilməsi vəzifəsinin cəmiyyətin direktoruna həvalə edilməsi, MMC-nin 2/5 pay hissəsi ilə iştirakçı olan X1 ümumi yığıncaqda iştirak etməyə məcbur olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh1 MMC-nin ümumi yığıncağının çağırılması və ümumi yığıncağa Cavabdeh1 MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinə aid sənədlərin, bağlanmış müqavilələrin, bank tranzaksiyalarının surətlərinin, gömrük əməliyyatlarında aid sənədlərin, vergi orqanlarına təqdim edilmiş hesabatlarının təqdim edilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin direktoru X2 həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. X4 apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı və məhkəmənin heç bir araşdırma aparmadan qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 MMC nümayəndəsini məhkəməyə göndərməmiş, onun qanuni təmsilçisi olan digər cavabdeh Rövşən Tanrıverdiyevə göndərilmiş bildiriş məhkəməyə məlum olan ünvanda yaşamadığı barədə qeyd yazılmaqla geri qaytarılmış, iddiaçının nümayəndəsi (vəkili) Muxtar Mustafayev isə şikayətin əsassız olduğunu bildirərək və iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilməsinə dair hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamə ilə iddiaçının iddia tələbləri qismən təmin edilsə də o, qətnaməni ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh Rövşən Tanrıverdiyev isə vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğvini və iddianın rəddini xahiş etsə də, iradə ifadəsi faktiki olaraq qətnamənin həmin hissəsinin ləğvinə yönəlmişdir. Başqa sözlə, iddia tələblərinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. İşin müəyyən olunmuş hallarına görə, təsisçiləri nizamnamə kapitalındakı 2 payla Rövşən Tanrıverdiyev, 3 payla İddiaçı olan Cavabdeh1 MMC-nin ali idarəetmə orqanı təsisçilərin azı ildə bir dəfə çağırılan ümumi yığıncağdır hər bir təsisçinin növbəti və növbədənkənar çağrılan ümumi yığıncaqda iştirak etmək, Cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq hüququ vardır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Rövşən Tanrıverdiyev MMCnin qanuni təmsilçisidir və İddiaçı tərəfindən ona 18.03.2019-cu il tarixdə bildiriş göndərilərək 2018-ci il üzrə Cavabdeh1 MMC-nin Ümumi yığıncağı çağırılmadığından, 29 mart 2019-cu il tarixdə saat 15:00-da Xırdalan şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi 3 ünvanında cəmiyyətin ümumi yığıncağının çağırılması və ümumi yığıncağın gündəliyinə son beş il üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin, bank, gömrük əməliyyatlarının, vergi və digər orqanlara verilmiş hesabatların dəqiqliyinin müzakirə edilməsi və Cəmiyyətin direktorunun həmin dövr üzrə hesabatının dinlənilməsi, həmçinin cəmiyyətin yeni direktorunun təyin edilməsi məsələlərin daxil edilməsini təklif edilmiş, lakin ümumi yığıncaq çağırılmamışdır. İşin müəyyən olunan digər halına görə, İddiaçı Rövşən Tanrıverdiyevə 11.04.2019cu il tarixində də eyni məzmunlu təkrar bildiriş göndərməsinə baxmayaraq ümumi yığıncaq çağırılmamış, beləliklə də ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin müzakirəsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cəmiyyətinin iştirakçıları bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin idarə olunmasında iştirak edə bilər, nizamnamədə müəyyənləşdirilmiş qaydada cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər, mənfəət bölgüsündə iştirak edə bilər, ortaqlığın və ya cəmiyyətin ləğv edildiyi halda kreditorlar ilə hesablaşmalardan sonra əmlakdan qalan hissəni və ya onun dəyərini ala bilərlər. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır; 91.1-1-ci maddəsinə görə isə, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Göstərilənlərə əsasən kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, X3 hüquqlarından sui-sitifadə etmiş, onun, Cavabdeh1 MMC-nin ümumi yığıncağının çağırılması və təşkilinə dair cəmiyyətin Nizamnaməsində müəyyən edilmiş vəzifələrini yerinə yetirməməsi, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Kollegiya apellyatorun, işə iştirakı olmadan baxıldığı arqumentinə də münasibət bildirərək qeyd edir ki, iş materiallarından onun məhkəməyə məlum olan (qeydiyyatda olduğu) ünvanına bildirişlər göndərildiyi, bildirişlərin “köçüb” və “bu ünvanda yaşamır” qeydləri yazılmaqla geri qaytarıldığı aydın olur – cavabdehin məhkəməyə məlum olan ünvanda yaşamamasının, yaxud ünvanın səhv göstərilməsinin məsuliyyəti isə məhkəməyə aid deyildir və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6628/2019 saylı iş üzrə 25 oktyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği X2 aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4901/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4901/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver