Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4905/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsnin 12 aprel 2022-ci il tarixli, 2(006)-811/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 43 saylı Notariat Ofisi cəlb edilməklə) «miras payının müəyyən edilməsi və vərəsəlik şəhadətnamələrinin verilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Həmçinin, Cavabdehlər İddiaçı2, İddiaçı3 və İddiaçı1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 43 saylı Notariat Ofisi cəlb edilməklə) «vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras əmlakda vərəsələrin paylarının müəyyən edilməsi tələbinə dair» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsnin 12 aprel 2022-ci il tarixli, 2(006)-811/2022 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin ilk iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsini imzalamaq kimi iradə ifadəsinə və imzalamaq kimi fiziki cəhətdən qabiliyyətli olmasına şübhə ilə yanaşması əsassızdır. Əvvəla o, ilkin iddia ərizəsi üzrə deyil, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçıdır. Fəaliyyət qabiliyyəti var, fəaliyyət qabiliyyətinin olmaması barədə mütəxəssis rəyi olmadan məhkəmə əsassız bu nəticəyə gəlmişdir. Qarşılıqlı iddia ərizəsini şəxsən özü imzalamışdır. Verdiyi qarşlıqlı iddia ərizəsi qanuna uyğun formada və qaydada məhkəməyə vəkili vasitəsilə təqdim edilmiş, səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmamışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə qarşılıqlı iddia ərizəsini baxılmamış saxlamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən məhkəmə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia ərizəsindəki imzanın Cavabdeh məxsus olub-olmaması, imzanın onun tərəfindən icra edilib-edilməməsi aydınlaşdırılmadan, bunun üçün müvafiq ekspertiza tədqiqatı aparılmadan birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, X1 iddia ərizəsini imzalamaq kimi iradə ifadəsinin və imzalamaq kimi fiziki cəhətdən qabiliyyətinin olmasına əsaslı şübhələr mövcuddur. Halbuki, həmin məsələlərin aydınlaşdırılması xüsusi bilik tələb edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsinin 7-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı, mülki iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(006)-811/2022 nömrəli qərardadı ləğv edilsin və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş həmin Məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4905/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4905/2022
04.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver