Məhkəmə qərarları › İş №2(103)-4915/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4915/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4915/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçılar X1 və İddiaçı1 Cavabdehnə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(004)-416/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar X1 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzillərinə dair 2 noyabr 2015-ci il tarixli və 15 dekabr 2015-ci il tarixli alqı-satqı müqavilələrində ölçüsü bilavasitə əks olunmayan, lakin Ali Məhkəmənin qərarına əsasən müqavilədə göstərilən yardımçı sahəyə aid edilən və subyektiv hüquqları olan zirzəminin dəyərinin, yəni 210.000 manat pulun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(004)- 416/2021 saylı qərardadı ilə iddiaçılar X1 və İddiaçı1 Cavabdehnə qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmiş, iddiaçılara hazırki iddia ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur. Həmin qərardaddan iddiaçıların verdiyi şikayət, məhkəmənin 19.04.2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq, baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə görə məhkəmə tərəfindən qanunsuz və əsassız qərardad qəbul edilmişdir, məhkəmə daha əvvəl iddianın icraata qəbulundan imtina etmiş, sonra həmin qərardaddan verilmiş şikayəti təmin edərək, iddia ərizəsini icraata qəbul etmiş, hazırda isə mülki işin icraatına xitam vermişdir. Hazırki iddianın predmetini müqavilə münasibətləri təşkil edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər, Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə isə, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 7.1-ci bəndində vurğulanmışdır ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırki iddia tələbləri inzibati orqan olan Cavabdeh hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiya ilə əlaqədar olduğundan və aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iş üzrə icraata xitam verilməli və hazırki iddia ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mülki iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçıların şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(004)-416/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar