Məhkəmə qərarları › İş №2(103)-4917/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4917/2025

02.12.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4917/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı (Maraqlı şəxs müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə Açar sözlər: (kredit müqaviləsinin etibarsız hesab edilməsi) X1 (sədrlik edən və məruzəçi), X11 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı (Maraqlı şəxs müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “kredit müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3996/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasan işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2022-ci il tarixdə həm Maraqlı şəxs, həm də onun arvadı Cavabdeh1 ilə notariat qaydasında iki kredit müqaviləsi bağlamışdır. Həmin müqavilələr reyestrdə müvafiq olaraq 3M-1777 və 3M-1778 nömrə ilə qeyd edilmişdir.

2. Həmin kredit müqavilələrinə əsasən kreditorların hər biri 10.000 manat pulu notariusun bankda açdığı depozit hesabı vasitəsilə borc alana verir, borc alan isə krediti birinci müqavilə üzrə borc verənə xx.xx.2023-cü il tarixədək, ikinci müqavilə üzrə borc verənə isə xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürür.

3. Kredit müqavilələrinin bağlandığı zaman məhkəmənin icraatında iddiaçının qızı X6 və kürəkəni (qızının əri) X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq olaraq 178.2.1, 178.2.2 və 178.2.4-cü və 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi olmuş, cavabdehin əri Maraqlı şəxs həmin cinayət işi üzrə zərər çəkmiş şəxs olmuş və zərər çəkmiş şəxsin təqsirləndirilən şəxs X7 qarşı zərərin əvəzinin ödənilməsi barədə mülki iddiası olmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat ofisinə qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-1778 nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızının əri, yəni onun yeznəsi X10 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmişdir. Məhkəmənin gedişində zərərçəkmiş şəxs olan Maraqlı şəxs (cavabdehin əri) bildirmişdir ki, onun 10.000 manat zərərini ödəsinlər, sonuncu da öz növbəsində şikayətini geri çəkəcəkdir. O isə bildirmişdir ki, onun 10.000 manat pulu yoxdur. Zərərçəkmiş isə cavabında “gedək notariusda borc müqaviləsi imzalayaq. Mən öz 10.000 manat pulumu qoyacam banka, sən də götürüb qaytaracaqsan mənə. Sonra mən ərizə verəcəm ki, yeznənin zərəri ödənilib və onunla barışmışam. Yaranmış “borcu” ayda 1.000 manat olmaqla 10 ay müddətində ödəyəcəksən” sözlərini demişdir. Ancaq bu əməliyyatı aparmaq üçün arvadı da notariusda qol çəkməlidir. Onlar notariusa getmişlər, o, notariusda müqaviləyə qol çəkərək pulu götürmüş və Maraqlı şəxs vermişdir. Cavabdeh1 ilə də, yenidən xx.xx.2022-ci il tarixdə müqavilə imzalamışdır. 1-ci müqavilə ilə 2-ci müqavilə arasında 17 dəqiqə fərq olmuş və müqavilə imzalanmışdır. Yenidən bankdan təkrar həmin pulu qəbul etmiş, təkrar həmin pulu cavabdehin əri İlhama vermişdir. Sonra İlham ona zərərin ödənilməsi barədə və qızının əri ilə barışması barədə ərizə vermişdir və yeznəsini həbsdən buraxmışlar. O, pulu ödəməyə başlamış, sonra ödəmələrində gecikmələr olduğundan, tutma onun əmək haqqına yönəldilmişdir. İcra məmuru ona iki kredit müqaviləsinin olmasını bildirmişdir. İcra məmuru ona bu barədə dedikdən sonra anlamışdır ki, onu aldatmışlar və ona iki borc müqaviləsi imzalatdırmışlar. O, 10.000 manat pula görə borclanmış, artıq borcunu demək olar ki yekunlaşdırmışdır. O, qeyd etmişdir ki, cavabdeh onu aldadaraq kredit müqaviləsi bağlamış və bağlanmış müqavilə bağlandığı andan etibarsız sayılmalıdır.

6. Cavabdeh1 iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etmir və dövlət notariat kontorunda bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir.

7. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iddia tələbinin əsassız olduğunu bildirməklə yanaşı, hazırkı iş üzrə iddiaçının qızı Aksana Ağayevanın və onun əri Firidun Ağayevin ümumilikdə 32.320 manat borclarının olduğunu, məhkəmə tərəfindən mülki iddiaya münasibət bildirilərkən səhvə yol verildiyini əsas gətirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı tərəfindən notariat kontorunda müqavilə bağlanan zaman 20.000 manat məbləğində pul vəsaiti də məhz ona məxsus olmuşdur.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3996/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində 3M-1778 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi etibarsız hesab edilmişdir. (hakim X14).

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının qızı və kürəkəni ilə Maraqlı şəxs arasında borc münasibətlərinin mövcud olmadığı, onların hərəkətlərində məhz dələduzluq əlamətlərinin sübut edildiyi, bu hərəkətlər nəticəsində iddiaçının qızı və kürəkəni tərəfindən Maraqlı şəxs maddi zərərin vurulması qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edilmişdir. Tərəflərin izahatları, həmçinin iş materiallarında olan sənədlərlə təsdiq edilmişdir ki, Maraqlı şəxs vurulan maddi zərərin bir qisminin, yəni 10.000 manatın Maraqlı şəxs ödənilməsi və bunun nəticəsində onun tərəfindən verilmiş şikayətdən imtina edilməsi məqsədilə hazırkı iş üzrə iddiaçı ilə eyni tarixdə 17 dəqiqə fərqlə iki kredit müqaviləsi Bakı şəhəri 32 saylı dövlət notariat kontorunda bağlanmışdır. Bu müqavilələrdən biri Maraqlı şəxs ilə İddiaçı arasında, digər müqavilə isə onun yoldaşı, hazırkı iş üzrə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış və hər iki müqavilənin predmetini 10.000 manat məbləğində pul vəsaitinin borc olaraq verilməsi təşkil etmişdir.

10. Maraqlı şəxs izahatında bildirmişdir ki, 32 saylı notariat ofisində bağlanmış kredit müqaviləsi məhz cinayət nəticəsində vurulmuş maddi ziyanla bağlı olmuş, müqavilələrin predmeti olan 20.000 manat məbləğində pul vəsaiti məhz onun tərəfindən notariat ofisinə təqdim edilmiş, bununla da bir daha təsdiq edilmişdir ki, sözügedən müqavilə formal olaraq bağlanmışdır.

11. Məhkəmə iş materiallarında olan sübutlara əsaslanaraq belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında faktiki borc münasibətləri mövcud olmamış, iddiaçıya cavabdeh tərəfindən hər hansı pul vəsaiti verilməmiş, həmin müqavilə iddiaçının qızı və kürəkəni tərəfindən Maraqlı şəxs vurulmuş maddi zərərin hissə-hissə ödənilməsi ilə bağlı bağlanmış, nəticə etibarı ilə tərəflərin həqiqi iradə ifadəsi borc münasibətləri olmamışdır. Məhkəmə iclasında cavabdeh iddiaçı ilə arasında borc münasibətlərinin real mövcud olmasını təsdiq edə bilməmiş, sübut kimi formal olaraq bağlanmış kredit müqaviləsinin notariat orqanı tərəfindən təsdiq edilməsinə iddianın rədd edilməsi üçün yeganə əsas kimi istinad etmişdir.

12. Məhkəmə mübahisəli borc müqaviləsinin bağlanması ərəfəsində mövcud olan faktiki halları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının qızı və kürəkəni tərəfindən Cavabdeh1 əri Maraqlı şəxs maddi zərər vurulduqdan sonra onun tərəfindən həmin şəxslərin anasına (qayınanasına) yenidən borcun verilməsi ağlabatan deyil, həmin müqavilənin bağlanması məhz iddiaçının qızı və kürəkəni tərəfindən törədilmiş dələduzluq cinayəti nəticəsində cavabdehin ərinə vurulmuş maddi ziyanla bağlı olmuş, ümumiyyətlə cavabdehə iddiaçının qızı və kürəkəni tərəfindən hər hansı bir maddi ziyan dəymədiyi təqdirdə məhz onun adına kredit müqaviləsinin bağlanmasına zərurətin və həqiqi iradə ifadəsinin mövcud olması məhkəmə baxışında sübuta yetirilməmişdir.

13. Cavabdeh tərəfin etiraz ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərmiş olduğu iddia ərizəsinin müqavilə bağlandığı müddətdən 18 ay keçdikdən sonra qaldırılması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı qızı ilə kürəkəni tərəfindən 10.000 manat məbləğində vurulmuş ziyanın ödənilməsi üçün müqavilənin bağlanmasına razılıq vermiş, həmin 10.000 manatı hər ay müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə ödənişlər etməklə, eyni zamanda görülmüş icra tədbirləri nəticəsində ödəmiş, həmin məbləğ tam icra edildikdən sonra icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmiş, bundan sonra icra məmuru tərəfindən çağırılaraq əlavə olaraq 10.000 manat məbləğində Cavabdeh1 ilə kredit müqaviləsinin də mövcud olması barədə məlumatlandırıldıqdan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin borc müqaviləsinin bağlanması ilə bağlı həqiqi iradə ifadəsinin mövcud olmaması, mübahisəli müqavilənin real olaraq bağlanmamasını və icra edilməməsini təsdiq edən kifayət qədər sübutlar iş materiallarında mövcud olduğundan, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi etibarsız hesab edilməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 329.1, 337.1, 337.2, 337.4, 339.2, 339.3, 347.1, 347.2, 340.1, 340.2, 347, 354.2, 389, 390, 739 maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onunla İddiaçı arasında olan borc müqaviləsini 3-cü şəxslərin arasında gedən proseslərlə əlaqələndirərək qanunsuz və əsassız nəticəyə gəlmişdir. Halbuki, əqd tərəflərin iradə ifadəsidir. İddiaçı əqd bağlamağa məcbur edilməyib, ona təzyiq edilməyib, o, öz iradəsinə uyğun olaraq istədiyi şəkildə hərəkət edib, ondan notariusun depozit hesabı vasitəsilə 10.000 manat pul alıb. Burada onu aldadan olmayıb, belə çıxır ki, onda da iddiaçı onu aldadıb, onunla müqavilə bağlayıb, sonra da mübahisələndirir ki, həmin müqavilə etibarsızdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1011/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Namiq Cəfərov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov).

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflərin arasında bağlanmış xx.xx.2022ci il tarixli, 3M-1778 reyestr nömrəli kredit müqaviləsi uydurma əqddir.

20. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit müqaviləsinin bağlandığı zaman məhkəmənin icraatında iddiaçının qızının əri Firudin Ağayevin Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi olub. Cavabdehin əri Maraqlı şəxs isə həmin cinayət işi üzrə zərər çəkmiş şəxs olub, habelə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı zərərin əvəzinin ödənilməsi barədə mülki iddiası olub. Zərərin hələ ödənilmədiyi halda, zərər çəkmiş şəxsin (mülki iddiaçının) arvadının təqsirləndirilən şəxsin (mülki cavabdehin) qayınanasına 10.000 manat borc verməsi ağlabatan deyil. Həmçinin, iddiaçı (borc alan) ilə ər-arvad (borc verənlər) arasında eyni gündə iki kredit müqaviləsi bağlanıb. Kredit müqavilələri ardıcıl bağlanıb, əvvəlcə cavabdehin əri borc verən kimi müqavilə bağlayıb, bunun ardınca isə cavabdehin özü borc verən kimi müqavilə bağlayıb. Müqavilələrin ardıcıl bağlandığını isə onların reyestr nömrələrinin ardıcıllığı təsdiq edir: 3M-1777 və 3M-1778.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ərin 10.000 manat borc verməsindən dərhal sonra arvadın da eyni şəxsə 10.000 manat borc verməsi ağlabatan deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının istinad etdiyi hallar sübut olunur, yəni kredit müqaviləsi uydurma əqddir.

22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində icraat

23. Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.

24. Azərbaycan Respublikasının Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)- 1479/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1011/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır (X12 (məruzəçi), X16 və X5).

25. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin məhkəmələr tərəfindən müəyyən edilən faktiki halları baxımından hazırkı iddianın qanuni əsası kimi Mülki Məcəllənin 340.2-ci maddəsi nəzərdən keçirilə bilər. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisələndirilən kredit müqaviləsi iddiaçının və cavabdehin ailə üzvlərinin cəlb olunduğu cinayət işi ilə bağlı, iddiaçının qızı və kürəkəni tərəfindən cavabdehin ərinə dəymiş maddi ziyanın təminatı kimi rəsmiləşdirilmiş və müqavilədə kreditor kimi Cavabdeh1, borclu kimi isə İddiaçı qeyd olunmuşdur. Burada nəzərə alınmalıdır ki, Cavabdeh1 qeyd edilən cinayət işində hər hansı şəkildə tərəf olmasa da, həmin iş üzrə zərərçəkmiş şəxs olan Maraqlı şəxsla əmlak birliyinə və ümumi əmlak maraqlarına malik olan şəxsdir. Qeyd edilməlidir ki, kredit müqaviləsinin mövcud borcun sənədləşdirilməsi məqsədi ilə bağlanması, bu zaman müqavilə üzrə pul vəsaitinin alınmaması sübuta yetirilirsə, bu hallar əqdin etibarsız sayılmasına deyil, müqavilənin təfsir edilməsinə əsas ola bilər. Başqa sözlə, mövcud borc kredit müqaviləsi kimi sənədləşdirildikdə tərəflər arasında olan münasibətin həqiqi xarakteri əsas götürülməklə həmin müqavilə mücərrəd borcun etirafı kimi qiymətləndirilə bilər. Məlum olduğu kimi, müqavilə təfsir edilərkən təkcə söz və ifadələrin hərfi mənası deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası, habelə müqaviləyə qədərki və ondan sonrakı danışıqlar, hərəkətlər, qarşılıqlı münasibətlərdə yaranmış praktika və işgüzar adətlər nəzərə alınır. Buna baxmayaraq, məhkəmələr mübahisə predmeti olan xx.xx.2022-ci il tarixli borc müqaviləsinin mücərrəd borcun etirafına dair müqavilə kimi təfsir olunması imkanını müzakirə etməmişlər.

26. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Başqa sözlə, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar şəkildə). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Məhz bu səbəbdəndir ki, Mülki Məcəllənin 882-ci maddəsindəki mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Odur ki, borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur. Həmçinin qeyd edilməlidir ki, iddiaçı öz tələbinin faktiki əsası kimi cavabdeh və onun əri tərəfindən aldadıldılaraq, arzulamadığı müqaviləni imzaladığına istinad etmişdir. Lakin işə baxan məhkəmələr bu dəlillə bağlı ətraflı araşdırma aparmamışlar.

27. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı mübahisənin yuxarıda şərh edilən qaydada həlli baxımından bu dəlillərin araşdırılması zəruridir. Bu zaman müqavilənin notariat ofisində notariat hərəkətlərinin aparılması qaydalarına uyğun şəkildə bağlanması (iddiaçı müqavilə bağlanarkən notarius tərəfindən hər hansı pozuntuya yol verildiyinə istinad etməmişdir), həmin müqavilənin bir nüsxəsinin iddiaçıya verilməsi, müqavilə imzalandıqdan sonra cavabdehin ərinin cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq, təqsirləndirilən şəxsə qarşı hər hansı tələb və şikayətinin olmaması barədə ərizə verməsi və həmin ərizədə məhz 20.000 manatla bağlı iddiaçı ilə borc müqaviləsi bağlandığının açıq şəkildə göstərilməsi, bu müqavilənin İddiaçı verilməsini onun özünün iddia ərizəsində etiraf etməsi, həmin ərizənin iddiaçının kürəkəninə cəza təyin edilərkən nəzərə alınması və s. əhəmiyyətli hallar nəzərə alınmalı, hazırkı müqaviləni mübahisələndirərkən iddiaçının vicdanlı davranması məsələsinə də qiymət verilməlidir.

28. Kassasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü, 340-cı, 390-cı, 404-cü, Mülki Prosessual Məcəllənin 14.1-ci, 77.1-ci, 88-ci, 217.1-ci, 217.3-cü, 416.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

31. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.

32. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən, cavabdeh Bakı şəhəri 32 saylı Notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir; 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

37. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

39. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarındakı göstərişlərin Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasını nəzərə alıb, həmin göstərişlərlə razılaşır və mövcud vəziyyətdə apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnaməni tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə hüquqi qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə səhv qənaətə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia rədd edilməlidir.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçının qızı X9 Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü və kürəkəni X4 Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cavabdehin əri, hazırki iş üzrə üçüncü şəxs Maraqlı şəxs (bundan sonra üçüncü şəxs) zərərçəkmiş şəxs kimi tanınmış və həmin icraat çərçivəsində təqsirləndirilən şəxslərə qarşı vurulmuş zərərin geri qaytarılması ilə bağlı mülki iddia qaldırmışdır (X27 Həmidovdan 2018-ci ilin sentyabr-oktyabr aylarında hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 32.320 manat pulu ələ keçirməklə ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunurdu). Cinayət işi üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə onun mülki iddiası qismən təmin edilmiş, təqsirləndirilən şəxslərdən müştərək qaydada onun xeyrinə 17.320 manat pulun və 133 dövlət rüsumunun tutulması hökm edilmişdir. Üçüncü şəxs həmin hökmdən apellyasiya şikayəti vermiş, iddiaçının kürəkəninə 32.320 manat məbləğində, qızına isə 8.000 ABŞ dolları və 5.000 manat məbləğində pul verdiyini iddia etmişdir. Lakin sonradan üçüncü şəxs dəymiş zərərin bir hissəsinin ödənilməsi və qalan hissə ilə bağlı barışıq əldə olunması əsası ilə apellyasiya şikayətindən imtina etmişdir. Belə ki, həmin cinayət işi üzrə apellyasiya baxışı zamanı üçüncü şəxsə 10.000 manat məbləğində nağd şəkildə ödəniş edilmişdir. Eyni zamanda, iddiaçı ilə cavabdeh və üçüncü şəxs arasında eyni tarixdə iki ayrı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin hər birində cavabdeh və üçüncü şəxsin iddiaçıya 10.000 manat məbləğində pulu borc verdiyi göstərilmişdir. İddiaçı üçüncü şəxslə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmış və onun iddiası rədd edilmişdir.

42. Hazırda iddiaçı qeyd edilən cinayət işi üzrə üçüncü şəxsin (zərərçəkmiş şəxs) onun kürəkəni barəsində (iddiaçının qızına təyin edilmiş cəza övladı 14 yaşı çatanadək təxirə salınmışdır) şikayətindən imtina etməsi müqabilində 10.000 manat pulun ona ödənilməsini təklif etdiyini, bu məqsədlə kredit müqaviləsi bağladıqlarını, lakin onun həmin məbləğdə pul vəsaiti olmadığından kredit müqaviləsində göstərilmiş vəsaitin məhz üçüncü şəxs tərəfindən notariusun depozit hesabına qoyulduğunu, həmin tarixdə 17 dəqiqə fasilə ilə həm üçüncü şəxs, həm də onun arvadı ilə (cavabdehlə) ayrı-ayrılıqda 10.000 manat məbləğin borc verilməsi ilə bağlı iki kredit müqaviləsinin bağlandığını, ona ancaq bir müqavilənin bağlanması barədə məlumat verildiyini, nəticədə cavabdeh və üçüncü şəxs tərəfindən aldadıldığını bildirərək, cavabdehlə bağlanmış və xx.xx.2022-ci il tarixli, 3M- 1778 nömrəli reyestrdə qeydə alınmış kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb edir.

43. Cavabdeh iddianı qəbul etmir, iddiaçının kürəkəni tərəfindən vurulmuş zərərin ödənilməsi öhdəliyini iddiaçı öz üzərinə götürdüyündən cinayət işi çərçivəsində apellyasiya şikayətindən imtina edildiyini, xx.xx.2022-ci il tarixli kredit müqavilələrinin məhz bu səbəbdən bağlandığını, iddiaçının notariat kontoruna qızı ilə birlikdə gəldiyini və 2 ayrı kredit müqaviləsini bağlamasından tam məlumatlı olduğunu, onun aldadılmadığını bildirərək iddianın rədd edilməsini xahiş edir.

44. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb vurğulayır ki, iddia edilən müqavilənin etibarsız sayılması üçün buna əsas kimi müəyyən edilmiş şərtlərin hər biri mötəbər sübutlarla təsdiq olunmalıdır. Onlardan birinin sübuta yetirilməməsi iddia edilən tələbin rədd edilməsi üçün əsasdır.

45. Belə ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə həmin müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Bu baxımdan hazırkı işdə tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsinin etibarsız olduğunu sübuta yetirmək vəzifəsi onu iddia edən tərəfə aiddir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Buna baxmayaraq birinci instansiya məhkəməsi yalnız tərəflər arasında kredit (borc) müqaviləsinin formal bağlandığını bildirməklə kifayətlənmiş və iddiaçının qızı və kürəkəni tərəfindən cavabdehin ərinə (üçüncü şəxsə) maddi zərər vurulduqdan sonra onun tərəfindən həmin şəxslərin anasına (qayınanasına) yenidən borcun verilməsinin ağlabatan olmaması, həmin müqavilənin bağlanmasının məhz iddiaçının qızı və kürəkəni tərəfindən törədilmiş dələduzluq cinayəti nəticəsində cavabdehin ərinə vurulmuş maddi ziyanla bağlı olması qənaətinə gələrək, ümumiyyətlə cavabdehə iddiaçının qızı və kürəkəni tərəfindən hər hansı maddi ziyan vurulmadığı halda məhz onun adına kredit müqaviləsinin bağlanmasına zərurətin və həqiqi iradə ifadəsinin mövcud olmasının məhkəmə baxışında sübuta yetirilmədiyini vurğulamışdır. Lakin bu iradənin formalaşmasına və bəyan edilməsinə əsas olmuş şərait və motivi, tərəflər arasındakı həqiqi münasibətləri çəkişmə prinsipi çərçivəsində müəyyən etməmişdir.

47. Halbuki, verilmiş ittihamda göstərilməklə yanaşı üçüncü şəxs özü də iddiaçının kürəkəni Firidun Ağayevə məhz 32.320 manat məbləğində (Aksana Ağayevaya 8.000 ABŞ dolları və 5.000 manat pul verdiyini, ümumilikdə ona 50.900 manat ziyanın vurulduğunu iddia etmişdir) pul verdiyini iddia etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-13/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə (mülki iddiası qismən təmin edilmişdir) təqsirləndirilən şəxslərdən müştərək qaydada onun xeyrinə 17.320 manat pulun tutulmasından narazı qalaraq (təqsirləndirilən şəxslər özləri də üçüncü şəxsdən 32.320 manat pulun alındığını etiraf etmişlər, lakin qaytarıldığını bildirmişdilər), həmin hökmdən apellyasiya şikayəti vermişdir. Lakin işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında üçüncü şəxs məhkəməyə ərizə təqdim edərək, ona olan 32.300 manat məbləğində borcdan 10.000 manat hissəsinin ödənildiyini, qalan borcun hissə-hissə ona ödəniləcəyini bildirərək, verdiyi apellyasiya şikayətindən imtina etmişdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının həmin tarixli xx.xx.2022-ci il tarixli qərarı ilə onun şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilmişdir. İş materiallarında olan həmin iclasın protokolunun surətindən görünür ki, üçüncü şəxs təqsirləndirilən şəxs Firidun Ağayevin ona olan 32.300 manat borcundan 10.000 manat hissəsini ödədiyini, qalan 22.300 manat borcunu isə hər ay 1.000 manat olmaqla 20 ay müddətində ödəməyi öhdəsinə götürdüyünü, ona görə apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Əhməd Fərhadov bu məlumatı, o cümlədən təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs (üçüncü şəxs) qarşısında belə bir öhdəlik götürdüyünü təsdiq etmiş və yüngül cəzanın təyin edilməsini xahiş etmişdir.

48. İş materiallarında olan və üçüncü şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizənin (1-ci cild, i.v. 11) surətinə əsasən üçüncü şəxs ona 32.320 manat borcu olan X2 qaynanası vasitəsi ilə 10.000 manat aldığını, qalan 20.000 manatın ödənilməsi ilə bağlı qaynanası İddiaçı ilə notarial qaydada borc müqaviləsi bağladıqlarını, ona görə onun X8 qarşı şikayət və tələbinin olmadığını, gələcəkdə də heç bir tələbinin olmayacağını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli yazılı iltizamda (1-ci cild, i.v. 12) isə iddiaçının borc müqaviləsinə əsasən Ağayev Firidun və Ağayeva Aksananın borcu üzrə xx.xx.2023-cü il tarixdə 800 manat verdiyi, üçüncü şəxsin isə 200 manat pulun xx.xx.2023-cü il tarixdə ödənilməsi şərti ilə ona olan borcdan həmin 800 manatı aldığı qeyd edilmişdir. İltizama əsasən iddiaçı fevral ayında üçüncü şəxsə ümumilikdə 1.000 manat məbləğində pul ödəməli idi. Nəzərə alınmalıdır ki, hər iki sənəd (ərizə və iltizam) məhz iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmişdir.

49. Bununla belə, 47-48-ci bəndlərdə göstərilən hallar, o cümlədən tərəflərin xx.xx.2022-ci il tarixli müqaviləyə qədərki və sonrakı danışıqları və yazışmaları, habelə hərəkətləri belə qənaətə gəlməyə əsas verir ki, mübahisələndirilən kredit müqaviləsi qeyd edilən cinayət işi ilə bağlı iddiaçının qızı və kürəkəni tərəfindən cavabdehin ərinə (hazırki iş üzrə üçüncü şəxsə) vurulmuş maddi ziyanın ödənilməsinin təminatı kimi rəsmiləşdirilmiş və müqavilədə kreditor kimi cavabdeh, borclu kimi isə iddiaçı qeyd olunmuşdur. Həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya hər hansı məbləğdə pul kredit (borc) qismində verilməmiş, hüquqi nəticə etibarı ilə həmin müqavilə cinayət işi çərçivəsində iddiaçının kürəkənin üçüncü şəxsə vurduğu zərərin (mövcud olan borcun) etirafının sənədləşdirilməsi məqsədi ilə bağlanmışdır.

50. Hər bir halda, həm Firidun Ağayev, həm də üçüncü şəxs 20.000 manatın hissəhissə ödənilməsi ilə bağlı razılığa gəldiklərini bildirir, lakin onların arasında borcun ödənilməsi ilə bağlı hər hansı yazılı razılaşmanın tərtib edildiyi, habelə kredit müqavilənin bağlandığı müəyyən edilmir. Belə olan halda, üçüncü şəxsin onun etibarından sui-istifadə edərək, ondan 32.320 manat pulu alan və sonradan qaytarmayan, buna görə barəsində cinayət işi qaldırılan şəxsin adi sözünə (vədinə) inanaraq, şikayətindən imtina etməsi nəinki inandırıcı deyil, ümumiyyətlə həmin vaxt mövcud olan vəziyyətə görə onların arasında belə bir razılığın olması mümkün deyil. Təqsirləndirilən şəxsin verdiyi vəd birmənalı şəkildə üçüncü şəxsə münasibətdə təminat altına alınmalı idi. Mübahisələndirilən kredit müqaviləsinin xx.xx.2022-ci il tarixdə bağlanması, məhz bundan sonra cinayət işi üzrə üçüncü şəxsin və təqsirləndirilən şəxsin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında razılığa gəlmələri barədə mövqe bildirməsi, həmin razılıq çərçivəsində təqsirləndirilən şəxs tərəfindən üçüncü şəxsə ödənilməli olan borcun ümumi məbləğinin, habelə məhz iddiaçı tərəfindən təqdim edilmiş üçüncü şəxsin ərizəsinin məzmununun və tarixinin (47-48-ci bəndlər) kredit müqaviləsinin (hər iki müqavilə əsas götürülməklə) məbləği və tarixi ilə eynilik təşkil etməsi, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qəbzin isə razılaşdırılmış məbləğin ödənilməsi müddəti və məbləğini təsdiq etməsi (hər ay 1.000 manat) belə qənaətə gəlməyə əsas verir ki, xx.xx.2022-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi təqsirləndirilən şəxsin etirafına uyğun olaraq üçüncü şəxsə olan borcunun 10.000 manat hissəsini təminat altına almaq məqsədi ilə bağlanmışdır.

51. Huquqi nəticə etibarı ilə qeyd edilən müqavilə ilə təqsirləndiriən şəxs razlaşma yolu ilə etiraf etdiyi borcun icrası öhdəliyini aralarında olan razılığa və üçüncü şəxsin (kreditorun) icazəsi ilə iddiaçıya vermiş, bu münasibətlərdə iddiaçı əvvəlki borclunu, yəni kürəkəni olan təqsirləndirilən şəxsi əvəz etmişdir.

52. Təcrübədən bəlli olduğu kimi, mülki dövriyyənin iştirakçıları bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bu müxtəlif səbəblərdən irəli gələ bilər: tərəflərin şifahi razılaşmanı kifayət hesab etməsi, qarşı tərəfin razılaşma şərtlərinə və formalaşmış işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan güvən, hüquqi sənədləşmə ilə bağlı tərəflərə göstərilən xidmətin keyfiyyətsiz olması, borcun etirafı kimi əqdlərin rəsmi qaydada bağlanması ilə bağlı çətinliklər və s. Bəzi hallarda tərəflərin başqa hüquq münasibətlərindən əmələ gəlmiş pul öhdəliyinin varlığını və icra vaxtını notarial qaydada təsdiqlənən “kredit müqaviləsi” ilə rəsmiləşdirmək təcrübəsinə rast gəlinir.

53. Nəzərə alınmalıdır ki, qanunvericilikdə öhdəliyin üçüncü şəxs tərəfindən icra edilməsi də mümkün hesab edilmiş və bu hal kreditorun razılığından asılı edilərək faktiki olaraq öhdəliyi icra edən üçüncü şəxsin borclunu əvəz etmiş şəxs kimi çıxış etməsi qeyd edilmişdir. Başqa sözlə, bu tələblər pozulmamışdır.

54. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, cavabdeh birbaşa olaraq cinayət işi üzrə tərəf kimi çıxış etməsə də və ona birbaşa olaraq iddiaçının qızı və kürəkəni tərəfindən zərər yetirilməsə də, o, üçüncü şəxslə birgə nikah münasibətlərində olduğundan və birgə təsərrüfat apardığından onun da üçüncü şəxslə birgə əmlak maraqlarının olduğu və bu baxımdan birgə kreditor kimi çıxış etməsinin mümkünlüyü nəzərə alınmalıdır.

55. Bununla belə, mübahisəli kredit müqaviləsi bağlanarkən tərəflər (iddiaçı və cavabdeh) təqsirləndirilən şəxs Firidun Ağayevin üçüncü şəxsə yaranmış (aralarında yaranmış münasibətlərdən irəli gələn və onun etibarından sui-istifadə etməsi nəticəsində vurduğu maddi zərər həcmində) borcunu sənədləşdirmək düşüncəsi ilə hərəkət etmişlər, yəni notariat ofisində kredit müqaviləsinin təsdiqlənməsi ilə əslində mövcud borcun icrası öhdəliyinin üçüncü şəxsə (iddiaçıya) verilməsinin sənədləşdirilməsi həyata keçirilmişdir. Bu hal həmin əqdin etibarsız hesab edilməsinə deyil, müqavilənin təfsir edilməsinə əsas ola bilər. Başqa sözlə, tərəflər arasında olan münasibətin həqiqi xarakteri əsas götürülməklə, həmin müqavilə mövcud borcun icrası öhdəliyinin üçüncü şəxsə verilməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan tərəflərin sərbəst iradə ifadəsi arasında bağladıqları xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarsızlığını şərtləndirən hər hansı hal müəyyən olunmur. Qeyd edilənlər öz növbəsində iddianın rədd edilməsini şərtləndirir.

56. Məhkəmə kollegiyası hazırki müqavilə ilə yanaşı iddiaçının başqa icraatda onunla üçüncü şəxs arasında eyni tarixdə bağlanmış müqavilənin də etibarsızlığını mübahisələndirdiyini, hər iki iddia arasında olan ziddiyyətli fikirləri (hazırki iş üzrə iddiada bir müqavilə bağladığını və 10.000 manat pula görə borclandığını, hazırki müqaviləni aldatma nəticəsində imzaladığını iddia edir, lakin başqa bir icraatda digər müqavilənin də etibarsızlığını mübahisələndirir) nəzərə alıb, xüsusilə o halı da vurğulayır ki, iddiaçı kürəkəninə yüngül cəza verilməsinə nail olduqdan sonra hazırki iddiası ilə buna əsas olmuş kredit müqaviləsinin etibarsızlığını mübahisələndirməklə hüquqi nəticə etibarı ilə vicdanlıq prinsipinə zidd hərəkət edərək, hüquqdan sui-istifadə edir ki, bu da yolverilməzdir.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3996/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia rədd edilməlidir. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3996/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar